Bu gün Bakıda "Kərkükdən Qarabağa - Türk dünyasının gələcəyində Kərkük və Qarabağın yeri: geopolitik çağırışlar və perspektivlər" beynəlxalq simpozium keçirilib.
ONA-nın xəbərinə görə, simpozimu açıq elan edən Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı bildirib ki, tədbirin bu gün keçirilməsi təsadüfi deyil, çünki sabah 3 May - Türklük günüdür: “Türkiyəmiz başda olmaqla türk dövlətləri çox ağrılı bir dövrdən, qloballaşan dünyada baş verən böyük güclərin iqtisadi savaşları içindən keçir. Kərkük və Qarabağ türk dünyasının açarıdır. Kərkük Azərbaycanın özüdür, bizim səsimizdir”.
İraq Türkmən Cəbhəsinin başqanı, Kərkük millət vəkili Ərşad Salihi bildirib ki, bu gün Bakıda olması türk varlığına mesajdır: "Ümidimiz olan zaman biz əsarəti qəbul edə bilmərik. Bunun üçün də bayrağımız yüksələcək".
Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral simpoziumun önəmindən danışıb: "Türk dünyası son yüzilliklərdə böyük ağrılar çəkib və bu acılar hələ də davam edir. Bu acılardan ən böyük ikisi bu simpoziumun mövzusunu təşkil edir. Onlardan biri Kərkük, digəri isə Qarabağdır. Bu iki məsələ ürəyimizdə qalmış bir yaradır. Bu yaraları hər zaman xatırlamaq, sağaltmaq üçün nə etməli olduğumuzu anlatmaq, məsələnin türklərin qəlbindəki yara olduğunu bildirmək, bu yaraların nə olduğunu anlatmaq üçün belə tədbirlərin türk dünyasının hər yerində keçirilməsinin vacib olduğunu düşünürük. Çünki biz keçmişdə yaşadıqlarımızı öyrənməsək, unutsaq gələcəyimizə sahib çıxa bilmərik".
Milli azadlıq hərəkatının liderlərindən Etibar Məmmədov deyib ki, türk coğrafiyasında Kərkükün yerinin dünya miqyasında dünyaya çatdırılması və bunun Qarabağla bir yerdə diqqətə çəkilməsi böyük addımdır: "Bu problemlər bu günün problemi deyil, uzun müddətdir türklərə qarşı bu siyasət aparılır. Bu problemin həlli üçün türk dövlətlərinin ümumi siyasətdə birləşməsinə ehtiyac var. Mən bu təşəbbüsü alqışlayıram. Türklərin yaşadığı yerlərin tərk edilməsinin qarşısı alınmalıdır. Türkiyə və Azərbaycan başqa ölkədə olan türkmənlərin öz yerlərini tərk etməsinin qarşısını almaq üçün işlər görməlidir".
Xalq şairi Sabir Rüstəmxanlı deyib ki, Azərbaycan müstəqillik qazandıqdan sonra dünyanın müxtəlif ölkələrində, az qala bütün qitələrində, xüsusilə də türk ölkələrində Qarabağla bağlı konqreslər keçirilir: "Azərbaycanda da bununla bağlı çoxsaylı tədbirlər keçirilir. Bəziləri buna qeyri-ciddi yanaşır, bunu irqçilik adlandırır, amma bu millətçilikdir. Xüsusən bizim kimi nihilist kosmopolit dövründən çıxan bir toplum üçün millətçiliyi yaşamaq, milli şüurun oyanması son dərəcə önəmlidir".
Rəsmi çıxışdan sonra panel iclasları başlayıb. İraq Türkmən Cəbhəsinin başqanı, Kərkük millət vəkili Ərşad Salihi İraq türkmənlərinin mövcud vəziyyəti və gözləntilər, professorlar Kürşad Zorlu və Qəzənfər Paşayev İraqda türkmənlərin demoqrafik vəziyyəti və gözləntiləri mövzularında çıxış ediblər.
Kürşad Zorlu bildirib ki, 1957-ci ilin rəsmi statistikasına görə, 6,2 milyon İraq əhalisinin 576 minini – 9,2 faizini İraq türkmənləri təşkil edib: “Hazırda türkmən kimliyini rəsmi olaraq bildirən 1,5-1,8 milyon türkmən var. Türkmən dilini danışdığı halda bunu bildirməyənlər 750 min-1 milyondur. Türkmən bölgəsindən kənarda olan və türkmən dilini danışmayan türkmənlərin sayı isə 500 mindir”.