Rəsmi İrəvan aqoniya vəziyyətindədir. Son günlər Ermənistan siyasi hakimiyyətinin yenidən Azərbaycanın ərazi bütövlüyünü təhdid edən bəyanatlarla çıxış etməsi də buna sübutdur. Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyanın səsləndirdiyi absurd bəyanat beynəlxalq hüquqa hörmətsizlik kimi dəyərləndirilə bilər. Erməni diplomatın ardınca, bu ölkənin baş naziri Nikol Paşinyan yenidən Azərbaycanın ərazilərinin işğalı faktına növbəti dəfə bəraət qazandırmaq istəyib.
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Leyla Abdullayeva adıçəkilən bəyanatı sərt tənqid edib: "Ermənistanın Baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) Azərbaycan SSR-dən zor gücü ilə ayrılmasını Azərbaycanın SSRİ-dən çıxması prosesi ilə əsaslandırmaq cəhdi onun hüquqi savadsızlığının və ya yalana əl atmasının sübutudur". L. Abdullayevanın sözlərinə görə, Ermənistanın Baş naziri əgər xalqını barmağına dolamaq istəyirsə, bu onun öz işidir: "Lakin o, xüsusilə də məsələnin hüquqi tərəfinə gəldikdə, dünya birliyini aldatmağa müvəffəq olmayacaq. Belə ki, ilk olaraq, Dağlıq Qarabağın Azərbaycan SSR-in tərkibində muxtar vilayət statusu 1936 və 1977-ci illər SSRİ Konstitusiyalarında təsbit edilib, üstəgəl müttəfiq respublikanın ərazisi onun razılığı olmadan dəyişdirilə bilməzdi. Erməni millətçilərinin DQMV-nin Azərbaycan SSR-dən ayrılmasına yönəlmiş qanunsuz hərəkətləri ilə əlaqədar olaraq, SSRİ Ali Soveti öz qərarlarında mövcud sərhədlərin dəyişdirilməsinin mümkünsüzlüyünü birmənalı şəkildə təsdiq etdi. Beləliklə, Dağlıq Qarabağın Azərbaycan SSR-dən ayrılması cəhdləri SSRİ Konstitusiyasının açıq şəkildə pozulması ilə müşayiət olunurdu və buna görə də heç bir hüquqi nəticə doğurmadı".
L. Abdullayeva onu da vurğulayıb ki, Ermənistan tərəfinin tez-tez istinad etdiyi 1990-cı il 3 aprel tarixli "Müttəfiq respublikanın SSRİ-dən çıxması ilə əlaqədar məsələlərin həlli qaydası haqqında" SSRİ Qanununun məqsədi, müttəfiq respublikaların SSRİ-dən ayrılması halında, SSRİ daxilindəki qarşılıqlı münasibətləri müəyyən prosedur yaratmaqla tənzimləməkdən ibarət idi. Müttəfiq respublikanın SSRİ-dən çıxması yalnız mürəkkəb, çox mərhələli proseduradan keçdikdən və nəticədə SSRİ Xalq Deputatları Qurultayı tərəfindən müvafiq qərar qəbul edildikdən sonra tamamlanmış hesab edilə bilərdi. Lakin qeyd olunan Qanun heç vaxt tətbiq edilmədi və heç bir müttəfiq respublika, o cümlədən Azərbaycan və Ermənistan bu Qanunda nəzərdə tutulmuş ayrılma qaydasından istifadə etmədi.
“SSRİ dağıldıqdan sonra Azərbaycan BMT-yə, eləcə də digər beynəlxalq təşkilatlara SSRİ dövründəki öz inzibati sərhədləri çərçivəsində daxil olub və həmin hüdudlar bütün dünya ictimaiyyəti tərəfindən Azərbaycanın beynəlxalq sərhədləri qismində tanınır. Ermənistanın iddia etdiklərindən fərqli olaraq, Müstəqil Dövlətlər Birliyinin məqsəd və prinsiplərinə dair 21 dekabr 1991-ci il tarixli Almatı Bəyannaməsini imzalayan dövlətlər, o cümlədən Ermənistan, öz üzərilərinə bir-birinin ərazi bütövlüyünü və mövcud sərhədlərin toxunulmazlığını tanımaq və hörmət etmək öhdəliyini götürüblər", - XİN rəsmisi açıqlayıb.
L. Abdullayeva onu da bildirib ki, seçicilərinə qızıl dağlar vəd edən Ermənistan Baş nazirinin iddiaları, mövcud vəziyyətdən konkret çıxış yollarının göstərilməməsi səbəbindən daha çox iflasa uğrayır: "Çünki bu vəziyyətin düzəldilməsi qonşu Azərbaycanla münasibətlər normallaşdırılmadan mümkün deyil. Burada, həmçinin, iqtisadiyyat, demoqrafiya, hərbi və digər faktorları nəzərə almaq lazımdır: “Bununla yanaşı, qeyd etmək istərdik ki, Ermənistanın bu və ya digər rəhbərinin mövqeyindən asılı olmayaraq, Azərbaycan özünün beynəlxalq tanınmış və əzəli torpaqları, o cümlədən Dağlıq Qarabağ bölgəsi üzərində suverenliyini bərpa edəcək, çünki ədalət və hüquq Azərbaycan tərəfindədir. Bu vaxt gəlib çatacaq və bölgədə vəziyyətin inkişafını nəzərə alaraq bu vaxt hər an yetişə bilər".
Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyanın 2019-cu il avqustun 5-də Xankəndidə “Qarabağ Ermənistandır” şüarını səsləndirməsi İrəvanın əsl məqsədinin işğalçılıqdan başqa bir şey olmadığını növbəti dəfə sübuta yetirdi. N. Paşinyan unudur ki, artıq “miatsum” şüarı ilə sosial problemlərdən əziyyət çəkən sadə vətəndaşların rəğbətini qazanmaq imkansızdır. Onu da qeyd etmək lazımdır ki, hazırda iqtisadi inkişafa nail olmaq üçün Ermənistanın özünün resursları yoxdur və daha bir savaş başlayarsa, bu ölkə dünya xəritəsindən silinə bilər. Maraqlısı odur ki, siyasi təcrübəsi olmayan N. Paşinyan “Qarabağ danışıqları”nda özünü necə aparmaq lazım olduğunu bilmir.Ermənistanın Baş naziri diplomatik etiketi pozmaqla yanaşı, insanlıq əleyhinə çağırış bəyanatları ilə münaqişəni daha da dərinləşdirir.
Vurğulayaq ki, N. Paşinyanın baş nazir seçilməsi ilə Qarabağ danışıqlarında "taym-aut" götürüldü. Bir müddət bu münaqişə barədə ümumiyyətlə danışmayan, “mən Ermənistanın başçısıyam, “DQR”-in öz başçısı var” deyən N. Paşinyan ictimai rəydə nüfuzunun düşdüyünü anladı. Yeni Baş nazir yenidən Qarabağ mövzusunda danışmağa başladı və sərt bəyanatlar səsləndirdi. Lakin hər kəsə bəlli idi ki, N. Paşinyanı Qarabağın taleyi az maraqlandırır. Yeni Baş nazirin bir məqsədi var - ölkədə apardığı repressiya siyasətinə haqq qazandırmaq və özünü Qarabağın müdafiəçisi kimi qələmə vermək. N. Paşinyan bəyanatlarında o qədər naşı görünür ki, belə bir təsəvvür formalaşır - o, Qarabağla bağlı hansı addımları atmağın zəruri olduğunu bilmir. Digər tərəfdən, baş nazir erməni cəmiyyətinin ümidlərini doğrultmaqda acizdir. Bu gün Ermənistandakı vəziyyət əvvəlki hakimiyyətin dövründəki vəziyyətdən heç nə ilə fərqlənmir. Ermənistanın savaş ritorikasını yalnız Paşinyanın adına yazmaq dayanlış olardı. Belə ki, Ermənistan siyasi elitası bütövlükdə işğal faktına bəraət qazandırır. Təsadüfü deyil ki, bir qədər öncə Ermənistan Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri Artur Vanetsyan işğal altında olan Dağlıq Qarabağ bölgəsinə gəlib, işğalçılığa bəraət qazandıran bəyanatlar vermişdi. Ermənistan Müdafiə naziri David Tonoyan da dövlət televiziyası ilə çıxışında “Azərbaycana bir qarış da torpaq qaytarmayacağıq”, “yeni ərazilər iddiasındayıq və bunun üçün yeni müharibə lazımdır” kimi təxribatçı açıqlamalarla çıxış etmişdi. Göründüyü kimi, istər N. Paşinyanın, istərsə də Ermənistanın digər yüksək vəzifəli şəxslərinin bu kimi açıqlamaları epizodik hallar olmaqdan xeyli kənara çıxıb.Ermənistan dövlət səviyyəsində işğalçılıq siyasəti yürüdür və bu bəyanatlara görə İrəvan beynəlxalq hüquqi məsuliyyət daşıyır. Nəzərə alsaq ki, müharibəyə səsləyən bəyanatların müəllifi Ermənistanın rəsmi şəxsləridir, bu məsələnin beynəlxalq məhkəmədə həll edilməsi perspektivi də mövcuddur. N. Paşinyan tarixi saxtalaşdırır, müharibənin işğala, etnik təmizləməyə gətirib çıxaran nəticələrini təqdir edir və onları qoruyub saxlamağa çalışır.
Azərbaycanın işğal olunmuş ərazilərinin ilhaqına çağırış etməklə Ermənistan beynəlxalq hüququn norma və prinsiplərini, BMT Nizamnaməsini, Helsinki Yekun Aktını kobudcasına pozur. İrəvan münaqişənin danışıqlar yolu ilə həllinə məsul olan ATƏT-in Minsk qrupunun həmsədrlərinə də total hörmətsizlik nümayiş etdirir. Ermənistan siyasi elitasının səsləndirdiyi bəyanatlar Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçilik etdiyi danışıqlar prosesinə ciddi zərbədir. Bu, ilk növbədə, həmsədr ölkələrə hörmətsizlikdir. Bütün bu baş verənlərdən sonra danışıqlar prosesinin gələcəyi barədə suala ATƏT-in Minsk qrupunun həmsədrləri cavab verməlidir. Onlar da anlamalıdırlar ki, belə vəziyyət uzun müddət davam edə bilməz.
Ermənistan rəhbərliyinin işğala çağıran bəyanatlarına son qoyulmayınca, vəziyyət gərgin olaraq qalacaq. Paşinyan savaşa başlamağı planlaşdırarsa, Bakının “Aprel əməliyyatını” təkrarlamaqdan başqa yolu qalmaya bilər. Savaş başlayacağı təqdirdə isə Paşinyan öz diletant bəyanatları ilə uzun müddət tab gətirə bilməyəcək. Bu baxımdan, onun üçün yeganə yol Bakının və ATƏT-in Minsk qrupu həmsədrlərinin şərtlərini qəbul etməkdən keçir və heç bir populist bəyanat bu reallığı dəyişmək gücündə deyil.
Əslində, Ermənistan ATƏT-in Minsk qrupunun vasitəçiliyi altında ciddi danışıqlar aparmaq əvəzinə Azərbaycanın səbrindən və münaqişənin dinc yolla həlli ilə bağlı üzərinə götürdüyü öhdəliyindən sui-istifadə edir. Ermənistan bütün mümkün vasitələrlə danışıqlar prosesini bloklayır, münaqişənin həlindən yayınır və işğalı, etnik təmizləmənin nəticələrini davam etdirmək, status-kvonu saxlamaq üçün vaxt qazanmağa çalışır.
Paşinyan öz yerində, ancaq onun bu dərəcədə həyasızlaşmasında beynəlxalq qurumların da məsuliyyəti az deyil. Belə ki, münaqişənin sülh yolu ilə tənzimlənməsi ilə bağlı və işğalçıların qoşunlarını işğal edilən ərazilərdən çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 822 (1993), 853 (1993), 874 (1993), 884 (1993) saylı qətnamələri mövcuddur. Helsinki Yekun aktında da sülh danışıqların davam etdirilməsi tələbi var. İrəvan isə bu tələblərə məhəl qoymur, beynəlxalq təşkilatlar da onu cəzalandırmaq barədə düşünmür.
Ermənistan rəsmi şəkildə öz aqressiv siyasətini davam etdirərsə, onu sülhə məcbur etmək və açıq-aşkar ilhaq siyasəti yürütdüyünə görə sanksiyalar tətbiq etmək barədə fikirləşmək lazımdır. “Yuqoslaviya münaqişəsi” ilə qəbul edilən “Deyton sazişi”nə bənzər mexanizmlə İrəvanı da sülhə vadar etmək mümkündür.
Bu gün Ermənistanın özünü beynəlxalq ictimaiyyətə “demokratik ölkə” kimi sırımasının heç bir əsası yoxdur. Ermənistan dövlət səviyyəsində etnik təmizləmə və başqa ölkənin ərazisini işğal etmək siyasətinə haqq qazandırır. Paşinyan və komanda üzvlərinin çağırışları beynəlxalq məhkəmələrdə “insanlıq əleyhinə çağırışlar” kimi dəyərləndirilə bilər.
Paşinyan özü də anlayır ki, Azərbaycanın işğal olunmuş ərazilərini azad etməyənə qədər Ermənistanın heç bir inkişaf perspektivi yoxdur, İrəvan bütün beynəlxalq layihələrdən kənarda qalacaq. Ermənistan Azərbaycan ərazilərinin işğalına son qoyulmayana qədər vəziyyəti gərgin olaraq qalacaq.
Beynəlxalq ictimaiyyət bölgədə yeni savaş arzulamırsa, Ermənistanı aqressiv siyasətindən əl çəkməyə vadar etməlidir. Əks təqdirdə, Bakı öz ərazisində Konstitusiya hüququnu özü bərpa edə bilər. Azərbaycanın hərbi-iqtisadi potensialı, eyni zamanda beynəlxalq hüquq da buna imkan verir.
APA Analytics