Böyük Britaniya parlamentinin üzvü, Britaniya-Azərbaycan Parlament Qrupunun sədri Bob Bləkmənin (Bob Blackman) ONA-nın London müxbirinə müsahibəsi
- Böyük Britaniya Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi və qeyri-neft sektorunun inkişafına necə kömək edə bilər?
- Mən hesab edirəm ki, Azərbaycan neft və qazdan əldə olunan gəlirlərdən necə istifadə olunması barədə çox düzgün addımlar atır. Məlumdur ki, bir gün neft və qaz tükənəcək. Düzdür, yeni yataqlar kəşf olunur, ancaq Azərbaycanın mədəniyyət, idman, turizm və digər sahələr hesabına edə biləcəyi diversifikasiya çox vacibdir. Əldə olunan gəlirlərdən digər investisiyaların xeyrinə istifadə edildiyi halda Azərbaycanın uzunmüddətli gələcəyinin son dərəcə doğru yolda olduğunu düşünürəm. Mənim dəfələrlə Azərbaycana səfər etmək imkanım olub, açıq şəkildə deyə bilərəm ki, ölkə ilk dəfə ziyarətimdən bu yana xeyli inkişaf edib.
- Ümumilikdə Böyük Britaniya və Azərbaycan arasındakı əlaqələrin hazırkı vəziyyətini necə xarakterizə edərdiniz?
- İki ölkə arasında güclü əlaqələr mövcuddur. "Əsrin müqaviləsi" Azərbaycan və BP arasında yenilənib. “Cənub Qaz Dəhlizi” layihəsi Azərbaycan və digər Avropa tərəfdaşları ilə birgə BP tərəfindən icra edilir. Böyük Britaniyanın Avropa və Amerika İşləri üzrə naziri, parlament üzvü Alan Dunkan Azərbaycanla çox güclü işgüzar əlaqələrə malikdir. Parlament üzvlərindən - həm Lordlar Palatası, həm də İcmalar Palatası tərəfdən - Azərbaycana güclü dəstək var.
- Böyük Britaniyanın Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində mövqeyi necədir?
- Biz Azərbaycan ərazilərinin ermənilər tərəfindən işğal olunmasına dair Bakının qanuni tələblərinin arxasında durur, hər il parlamentdə anım mərasimləri keçiririk. Azərbaycanda hazırda 1 milyondan artıq məcburi köçkün var. Biz bu azərbaycanlıların atalarının yüz illərdir, yaşadıqları evlərinə qayıtmaq istəyini anlayır və haqlı hesab edirik. Bu məsələ artıq 27 ildir, davam edir. Biz ədalətin bərpa olunduğu və Azərbaycan ərazilərinin geri qaytarıldığı günü səbirsizliklə gözləyirik.
- Böyük Britaniyanın mart ayında Avropa İttifaqından çıxmağı gözlənilir. Sizcə, bunun Britaniyaya nə kimi təsirləri olacaq?
- Aydındır ki, “Breksit” müstəqil ticarət edə bilən xalq ola bilmək yolunda Britaniya üçün böyük fürsətdir. Bu o deməkdir ki, biz artıq ticari qaydada Avropa İttifaqına bağlı olmayacağıq. Əsas ideya odur ki, suveren ölkələrlə öz beynəlxalq ticarət sazişlərimizi gerçəkləşdirə biləciyik. Beləliklə, məsələn, biz Azərbaycanla ticarət sazişləri bağlamaq imkanı qazanacağıq, hansı ki, həm Böyük Britaniyanın, həm də Azərbaycanın xeyrinə olacaq. Belə olan halda, bizim Avropa İttifaqının tələbləri ilə artıq heç bir bağlılığımız olmayacaq.
Aytən Abbaslı