Milli Məclisin deputatı, Regional məsələlər və Gənclər və idman komitələrinin üzvü Cavid Osmanovun ONA-ya müsahibəsi
- Cavid müəllim, deputat olmazdan əvvəl Ağdaş Rayon İcra Hakimiyyəti başçısının müavini olmusunuz. Hansı işi özünüzə daha uyğun hesab edirsiniz?
- Bilirsiniz, bunlar fərqli-fərqli qurumlardır. Milli Məclis qanunverici orqandır, icra hakimiyyətləri isə icraedici orqanlardır. Ancaq oxşar cəhətlər ondan ibarətdir ki, hər iki sahədə vətəndaşlarla işləyir, onların problemləri ilə məşğul olursan. Ona görə də mənim üçün ciddi problem yaranmayıb.
- Deputata bəzən yüksək ranqlı məmur kimi yanaşırlar. Seçicilər çox vaxt elə bilir ki, deputat bütün problemləri həll edə bilər. Sizə seçiciləriniz tərəfindən hansı qeyri-adi müraciətlər olur?
- Düşünürəm ki, hər deputata qeyri-adi müraciətlər olur. Seçicilərim tərəfindən mənə də qeyri-adi müraciətlər olub. Məsələn, məndən cehiz almaq üçün maliyyə dəstəyi istəyiblər. Təbii ki, bu, deputatın səlahiyyətinə aid məsələ deyil. Bizim səlahiyyətlərimiz tamamilə başqadır.
- Ümumiyyətlə, müraciət olunan problemlər həllini tapırmı?
- Bilirsiniz, bütün məsələlər həllini tapmaya bilər. Bu aydın məsələdir. Bəzən elə müraciətlər olur ki, onlar dərhal həll olunmur. Bəzən də qeyri-qanuni müraciətlər olunur. Bunu vətəndaşın özü bilmir və ona izah edəndə özü də başa düşür ki, müraciət etdiyi məsələ qeyri-qanunidir. Elə müraciətlər də olur ki, Milli Məclisin deputatının səlahiyyətinə aid deyil. Ancaq ümumilikdə çalışıram ki, müraciət olunan məsələləri qanun çərçivəsində yerindəcə həll edim. Ya da müraciət olunan məsələ ilə bağlı müvafiq dövlət qurumlarına məlumat verirəm. Müraciət etdiyim qurumlar isə demək olar ki, ünvanladığım müraciətlərin hamısına cavab veriblər.
- Milli Məclisin Regional məsələlər komitəsinin üzvüsünüz. Bildiyiniz kimi, bu ilin sonunda bələdiyyə seçkiləri keçiriləcək. Azərbaycanda isə bələdiyyə seçkilərinə çox da böyük maraq yoxdur. Bunun səbəbləri nədir?
- Hər seçkiyə fərqli yanaşmaq lazımdır. Prezident seçkiləri tamamilə fərqlidir, parlament seçkiləri və bələdiyyə seçkiləri tamamilə fərqli. Mən deməzdim ki, bələdiyyə seçkilərinə maraq bir qədər azdır. Prezident və parlament seçkilərində daha az namizəd iştirak edir. Müxalifət də parlament seçkilərində ayrı-ayrı dairələrdən namizədləri irəli sürə bilir. Amma bələdiyyə seçkiləri tamamilə fərqlidir, lokal xarakterlidir. Təkcə rayonu yox, yaşayış məntəqəsini əhatə edir. Ona görə bu məsələyə fərqli yanaşmaq lazımdır. Bizdə müxalifətin o qədər sosial bazası yoxdur ki, bu seçkilərdə iştirak etsin. Düzdür, iştirak edirlər, amma az sayda. Eyni zamanda kənd yaşayış məntəqəsində insanlar bir-birini daha sıx tanıyırlar. Qohumluq, dostluq, tanışlıq dərəcəsi yüksəkdir. Bu baxımdan da bələdiyyə seçkiləri digər seçkilərdən fərqlənir. Düşünürəm ki, əsas səbəblər bunlardan ibarətdir.
- 2019-cu ildə ilk dəfə olaraq dövlət büdcəsindən bələdiyyələrə 1 milyon manat subvensiya ayrılıb. Bu məbləğ hansı bələdiyyələr arasında bölüşdürüləcək?
- Subvensiya ayrılmazdan əvvəl bizim bəzi bələdiyyələrimiz Maliyyə Nazirliyinə bələdiyyə ərazisində hər hansı layihənin həyata keçirilməsi üçün konkret layihələr təqdim etmişdilər. Maliyyə Nazirliyində də bu məsələlərə baxılıb. Həmin o layihələrin içərisində hansı daha çox perspektivlidirsə, həmin bələdiyyələrə də o vəsaitdən ayrılacaq.
- Hər il demək olar ki, bələdiyyə seçkiləri ərəfəsində bir neçə bələdiyyə ləğv olunur və ya birləşdirilir. Bu il də belə hallar yaşana bilərmi?
- Əslində ola bilər. Bu il Azərbaycanda bələdiyyələrin 20 yaşı tamam olur. İlk dəfə ölkəmizdə bələdiyyə seçkiləri 1999-cu ildə keçirilib. O vaxtdan bu yana isə seçkilər zamanı gördük ki, bələdiyyələrin birləşdirilməsi həyata keçirilib. Bu ondan irəli gəlib ki, özünü heç maliyyələşdirə bilməyən bələdiyyələr digər bələdiyyələrlə birləşib. Təbii ki, yaxın ərazilərdə yerləşən bələdiyyələrdən söhbət gedir. Birləşdikdən sonra isə onlara daxil olan vəsaitdən hər hansı işin görülməsinə imkan yaranıb. Hesab edirəm ki, bələdiyyələrin birləşməsi çox yaxşı haldır. Gələcəkdə də belə bir halların olması istisna deyil.
- Səmimi danışaq, təmsil etdiyiniz bölgədə bələdiyyələrin fəaliyyəti necədir? Sizi qane edirmi?
- Mən hər zaman çalışmışam ki, səmimi olum. Siz də məni yaxşı tanıyırsınız. Amma təmsil etdiyim bölgədəki bələdiyyələrin fəaliyyəti məni qane etmir. Elə bələdiyyələr var ki, özünü doğruldur. Eləsi də var, doğrultmur.
- Siz həm də aktiv sosial şəbəkə istifadəçisiniz. Dəfələrlə deputat həmkarlarınız məmurlara sosial şəbəkəyə gəlmək üçün çağırış edib. Məmurların sosial şəbəkələrdə olması vacibdirmi?
- Biz XXI əsrdə yaşayırıq. İstəsək də, istəməsək də gün-gündən inkişaf edən informasiya texnologiyalarından istifadə etməliyik. Mən də düşünürəm ki, hər bir məmur öz fəaliyyətlərini sosial şəbəkələrdə paylaşsa, daha yaxşı olar. Sosial şəbəkələrdə istənilən insanlarla birbaşa ünsiyyət qurmaq olur. İnsanların sosial şəbəkələrdən istifadə etməsinin tərəfdarıyam.
- Parlamentin iclaslarında sosial şəbəkələrə qanunla nəzarət olunması məsələsi də dəfələrlə gündəmə gətirilib. Sizcə, buna ehtiyac varmı?
- Son vaxtlar sosial şəbəkələrdə saxta profillərdən istifadə olunur. Bütün dünyada, o cümlədən Azərbaycanda saxta profillər vasitəsilə insanları təhqir edirlər, ölkədə olmayan hadisələri paylaşırlar. Biz görürük ki, saxta profillər vasitəsilə ölkədə xaos, anarxiya yaratmağa çağırışlar da olurdu. Bunu həm açıq, həm də saxta profillərlə ediblər. Sosial şəbəkələrdə azərbaycançılıq ideyasına sığmayan hərəkətlər də olur. Hətta bəzi Qərb dövlətlərində yerləşən üzdəniraq “azərbaycanlılar” hansısa qüvvələrin vəsaiti müqabilində satqınlıq edərək dövlətimizə, müstəqilliyimizə, xalqımıza qarşı çağırışlar və şər, böhtan, təhqir, söyüş kampaniyası aparırlar. Hesab edirəm ki, sosial şəbəkələrə nəzarət qanunla tənzimlənməlidir. Bu, çox yaxşı olardı. Mən bunun tərəfdarıyam. Çünki heç kimin ixtiyarı yoxdur ki, kimisə təhqir etsin. Bu, qeyri-qanuni əməldir. Xüsusən də Azərbaycan xalqına yaraşmayan şeylərdir. Çünki bizim mənəvi və əxlaqi dəyərlərimiz var. Təəssüflər olsun ki, özlərini satan antimilli qüvvələr sosial şəbəkələrdən bu cür istifadə edirlər.
- Bəzi müxalif qüvvələr iddia edir ki, ölkədə aparılan islahatlar onların mitinqindən sonra daha da geniş vüsət alıb…
- Mən hər zaman demişəm ki, sağlam müxalifətin olması hər bir ölkə, hakimiyyət, cəmiyyət üçün vacibdir. Çox təəssüf ki, bizdəki radikal və dağıdıcı müxalifətdir. Bunlar 1990-cı illərin əvvəllərində hakimiyyətdə olduğu müddətdə ölkənin iqtisadiyyatını talan ediblər, ölkəni xaosa sürükləyiblər. Torpaqlarımız əsasən bunların hakimiyyəti dövründə işğal edilib. Onlar hakimiyyətdə olduğu müddətdə yalan danışmaqlarından bu gün də əl çəkmirlər. Ölkədə aparılan islahatların müxalifətin mitinqindən sonra daha da geniş vüsət alması ilə bağlı fikirlər ağ yalandır. Birincisi, bunların mitinqi 2019-cu ildə keçirilib. Ölkədə isə sonuncu prezident seçkiləri 2018-ci il aprelin 11-də baş tutub. Cənab Prezidentimiz də seçkilərdə qələbə qazandıqdan dərhal sonra elan eləmişdi ki, növbəti dövr Azərbaycanda çoxlu islahatlar dövrü olacaq, insanların sosial rifah halının yaxşılaşdırılması istiqamətində ciddi addımlar atılacaq. Amma üstündən 8-9 ay keçəndən sonra radikal müxalifət əhatəsinə 5-10 nəfər yığıb, yalandan qışqır-bağır edir. Ölkəmizdə Prezidentin rəhbərliyi altında aparılan bu islahatları radikal müxalifətin öz adına çıxması əsassızdır. Biz 2018-ci ildə də ölkəmizdə aparılan islahatların şahidi olmuşuq. Eyni zamanda 2018-ci ildə Milli Məclisdə müzakirə olunan 2019-cu ilin dövlət büdcəsindən aydın görünürdü ki, pensiyalar, müavinətlər, əmək haqları artırılacaq. 2018-ci ildə biz şahidi olduq ki, bəzi dövlət qurumları birləşdirildi, ləğv olundu və hökumətin tərkibində dəyişikliklər baş verdi. İslahatlar elə buradan başlamışdı. Yəni bütün bunlar onların Azərbaycan xalqına yalan danışmasından başqa bir şey deyil.
- Müxalifət mitinq keçirmək üçün dəfələrlə Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib. Amma hər dəfə onların mitinq keçirmək istəyinə müsbət cavab verilməyib. Müxalif düşərgədə olanlar da belə düşünürlər ki, hakimiyyət onların mitinq keçirməyindən narahatdır...
- Bu da növbəti bir yalandır. Biz onların sonuncu mitinqində də gördük ki, böyük bir sosial bazaları yoxdur. Rəsmi açıqlamalarda da gördük ki, orada 2-3 min insan olardı, ya olmazdı. Eyni zamanda onların əli hər şeydən üzüləndən sonra, hər zaman olduğu kimi, hakimiyyət dairələrinə şantaj, yalanlar yağdırmağa başlayırlar. Guya onlar mitinq etməklə nəyəsə nail olacaqlar. Biz görürük ki, onların mitinqinin özündə radikallıq, dağıdıcı mövqelər var. Onlar insanları ölkədə xaosa, anarxiyaya, qardaş qarşıdurmasına çağırırlar. Təbii ki, bunları da özbaşına etmirlər. Onlar Azərbaycanın inkişafını gözü götürməyən, ölkədə hökm sürən əmin-amanlığı, sabitliyi pozmağa çalışan insanlardır. Əminəm ki, radikal müxalifətin arxasında erməni lobbisi və ölkə Prezidentinin nüfuzunu, ölkəmizin artan qüdrətini gözü götürməyən və bəzi dairələr satılmış insanlardır.
- Qanunvericiliyə görə, deputatın silah almaq hüququ var. Heç silah almaq üçün müraciət etmisiniz?
- Mən nəinki müraciət etmişəm, heç ağlımın ucundan da keçirməmişəm. Azərbaycan çox sabit, əmin-aman bir ölkədir. Hesab edirəm ki, üzərimdə silah gəzdirməyə ehtiyacım yoxdur. Mən insanların içərisinə sərbəst çıxıram, piyada gəzməyi çox sevirəm. Doğulub boya-başa çatdığım Ağdaş rayonuna gedəndə də insanlarla görüşürəm, onların arasında oluram.
- Mediadan razısınızmı?
- Desəm ki, mediadan narazıyam və yaxud narazıyam, düz gəlməz. Əvvəllər medianın adından istifadə edib çoxlu sayda təhdid edənlər vardı. Onlar insanları şəxsi mənafelərinə görə qorxudurdular. Ümumilikdə götürdükdə isə Azərbaycan mediası ötən illərlə müqayisədə professionallığa doğru addımlar atır. Amma bu da tam yekun deyil. Yenə də nöqsanlar var. Ümid edirəm ki, bunlar da gələcək illərdə tam aradan qalxacaq.
- Hansı nöqsanları nəzərdə tutursunuz?
- Bəzən kiminsə haqqında mənbəyi olmayan məlumatlar yazılır. Bu, düzgün bir iş deyil. Və yaxud kiminsə hər hansı bir yerdə gizlin şəklin çəkiblər və paylaşırlar. Bunlar qanunla qadağan olunan məsələlərdir. Hər hansı bir vətəndaşın məlumatı olmadan onun haqqında gizlin çəkilişlər edib vermək doğru deyil. Eyni zamanda görürük ki, bizim mənəvi dəyərlərimizə sığmayan bir məsələni xeyli ictimailəşdirirlər. Digər məsələlər də var. Hazırda mənim yadıma düşənlər bunlardır.
- Cəmiyyətdə deputatlara qarşı birmənalı fikirlər var. Bəziləri iddia edir ki, deputatların əksəriyyəti iş adamlarıdır, kimlərləsə yaxın qohumluqları var. Deputatlara qarşı olan bu münasibətlərə səbəb nədir?
- Burada bir neçə amil ola bilər. Yəqin ki, bunu edən qüvvələr də var. Biz görürük ki, radikal müxalifətə aid olan media orqanları belə məsələləri tez-tez gündəmə gətirir və qabardırlar. Kimsə deputat seçilməzdən əvvəl bizneslə məşğul olubsa, bu o demək deyil ki, deputat seçilən kimi biznesini kiməsə bağışlamalıdır. Onun idarəetməsini kiməsə həvalə etməlidir. Qanunla bu tənzimlənir. İnanıram ki, əvvəlcədən bizneslə məşğul olan deputatlar bununla məşğul olublar. Sözün açığı, mən biznesmen olmamışam. Heç bir biznesim də yoxdur. Deputatlarımız çalışır ki, öz üzərilərinə düşən vəzifəni layiqincə yerinə yetirsinlər.