Dekabrın 23-də Bakı şəhərinin Qaradağ rayonundan yola salınan növbəti köç karvanı Şuşa şəhərinə çatıb.
ONA xəbər verir ki, bu mərhələdə şəhərə köçürülən 208 nəfərdən ibarət 51 ailəyə mənzillərin açarları təqdim edilib.
Mərasimdə Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri iştirak ediblər. Şuşa daimi yaşayış üçün köçürülən ailələrə yeni tikilmiş binalarda mənzillər verilib.
Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 30 minə yaxın insan yaşayır.