Dövlət Komissiyası mətbuata açıqlamalarında dəfələrlə qeyd edib ki, xüsusilə Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslər barədə əsas məlumatlar Ermənistan tərəfindədir. Çünki ərazi Ermənistan ordusu tərəfindən işğal olunub və 30 il onların nəzarəti altında olub.
Bunu APA-ya Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi, İşçi qrupunun rəhbəri İsmayıl Axundov deyib.
O bildirib ki, həmin dövrdə döyüş zamanı həlak olmuş əsgərlərin, Azərbaycanın yaşayış məntəqələri işğal olunarkən həlak olmuş mülki şəxslərin, eyni zamanda, əsir, girov götürüldükdən sonra beynəlxalq humanitar hüququn norma və prinsiplərinə zidd olaraq işgəncələrlə qətlə yetirilmiş vətəndaşların dəfn yerləri barədə məlumatlar Ermənistan tərəfindədir: “Çünki qeyd etdiyim bu qeyri-insani aktlar Ermənistan hərbçiləri tərəfindən həyata keçirilib. Ermənistanın keçmiş müdafiə nazirinin müavini, hazırkı parlamentin deputatı və hakim partiyanın üzvlərindən biri olan general Qaqik Melkonyan 2021-ci ildə Ermənistan kütləvi informasiya vasitələrinə verdiyi müsahibədə Birinci Qarabağ müharibəsi zamanı həlak olmuş yüzlərlə azərbaycanlının dəfn yeri barədə onda məlumatların olduğunu ifadə etmişdi. Yalnız Qaqik Melkonyanda deyil, onun kimi səhra komandirlərində, həm də həmin dövrdə itkin və əsir-girovların məsələləri ilə məşğul olan rəsmi şəxslərdə bu məlumatlar var. Azərbaycanın yüksək vəzifəli rəsmi şəxsləri, Dövlət Komissiyası və digər aidiyyəti qurumlar dəfələrlə beynəlxalq təşkilatlar vasitəsilə, eyni zamanda, keçirilən beynəlxalq tədbirlərdə və görüşlərdə bu məsələni Ermənistan tərəfinin qarşısında qaldırsa da, təəssüf ki, onlar bu günə qədər bu məlumatları verməkdən imtina edir. Onu da qeyd edim ki, Ermənistanın hərbi təcavüzü nəticəsində itkin düşmüş hər iki tərəfə aid şəxslər barəsində əsas məlumatlar məhz Ermənistan tərəfindədir. Ermənistan tərəfi bu gün münaqişə nəticəsində itkin düşmüş ermənilərin də taleyinin müəyyən olunmasında maraqlı olmalıdır.
Dövlət Komissiyası hər iki tərəfə aid itkin düşmüş şəxslərin axtarışlarının təmin edilməsi sahəsində Ermənistan Respublikasının müvafiq strukturları ilə dəqiqlik, şəffaflıq prinsiplərinə riayət edilməklə və qarşılıqlı etimad mühitində əməkdaşlığa hazır olduğunu bir daha bəyan edir. Hesab edirəm ki, əsas məlumatların Ermənistan tərəfində olduğunu nəzərə alsaq, bu əməkdaşlıq hər iki tərəfə aid itkinlərin taleyinin aydınlaşdırılmasına müsbət töhfə verə bilər”.
İsmayıl Axundov qeyd edib ki, Azərbaycan Respublikası beynəlxalq humanitar hüquq normalarını və 2020-ci ilin noyabr ayının 10-da imzalanmış üçtərəfli Bəyanatın müvafiq müddəalarını rəhbər tutaraq, Rusiya sülhməramlı kontingentinin və Beynəlxalq Qızıl Xaç Komitəsinin yaxından iştirakı ilə Ermənistan tərəfinə hərbi əməliyyatların aparıldığı ərazilərdə axtarış işlərini həyata keçirmək üçün hərtərəfli şərait yaradıb və nəticədə 44 günlük müharibədən sonra 2043 nəfərin meyiti tapılaraq Ermənistana təhvil verilib: “Onlardan 1713 nəfərin meyiti Vətən müharibəsindən sonra, 157 nəfərin meyiti 12-14 sentyabr 2022-ci ildə Ermənistan-Azərbaycan şərti sərhədində baş vermiş hərbi münaqişədən sonra, 173 nəfərin meyiti isə 19-20 sentyabr 2023-cü ildə həyata keçirilmiş antiterror əməliyyatından sonra təhvil verilib”.
İşçi qrupun rəhbəri vurğulayıb ki, Azərbaycan hər zaman humanizm prinsiplərinə sadiqdir: “Ona görə yox ki, beynəlxalq konvensiyalara qoşulmuşuq. Ona görə ki, humanizm bizim xalqın xarakterinə xas olan xüsusiyyətdir. Üçtərəfli bəyanat imzalanandan bu günə qədər 226 nəfər erməni əsilli şəxs azad edilərək qarşı tərəfə qaytarılıb. Onlardan 172 nəfəri hərbçi, 54 nəfəri mülki şəxs olub. Azərbaycan tərəfi mülki şəxsləri tez bir zamanda azad edərək qarşı tərəfə qaytarıb. Bu hər zaman belə olub. Antiterror əməliyyatı zamanı əsgərlərimizdən kömək istəyən qadınlar elə ərazidə azad edilərək qarşı tərəfə təhvil verilib. 5 qadın Vətən müharibəsindən sonrakı dövrdə, 6 qadın isə antiterror tədbirləri zamanı qarşı tərəfə təhvil verilib”.