“Ədalət olmayan yerdə dialoq qurmaq çox çətindir. Bu baxımdan təkcə din xadimlərinin deyil, dövlət xadimlərinin, siyasilərin üstünə bu dialoqun baş tutması üçün böyük məsuliyyət düşür. Azərbaycanın 20 faizi işğal olunub, işğal illərdir davam edir”.
ONA-nın xəbərinə görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov Bakıda V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən "Bərabər vətəndaşlıq hüquqlarının dəstəklənməsi üçün daha böyük mənəvi yaxınlaşma istiqamətində irəliləyək" adlı paneldə deyib.
G. İsmayılov bildirib ki, o Ermənistan silahlı bölmələrinin işğal etdiyi Laçın rayonundandır: “Laçın işğal olunanda 10 yaşım var idi, indi isə 37 yaşım var. Əgər mən 27 ildə doğulduğum torpağa qayıda bilməmişəmsə, demək ki, ədalətsizlik davam edir. Biz ədalətsizliyi aradan qaldırmadıqca, dialoqun baş tutması çətin olacaq".
Dövlət Komitəsi sədrinin müavini qeyd edib ki, dövlət başçıları, siyasi xadimlər dinlər, mədəniyyətlərarası dialoqun baş tutmasını istəyirlərsə, Azərbaycan dövlətinin başçısı kimi ədalətli, qəti mövqe nümayiş etdirməlidirlər: “İkili standart olan yerdə ədalət olmur. Bu gün işğala məruz qalmış ölkədə işğalın qurbanı olmuş şəxs dialoqdan danışır. Bu Azərbaycan dövlətinin nə dərəcədə uğurlu siyasət yürütməsinin, nə dərəcədə güclü dövlət olmasının göstəricisidir".