• SİYASƏT

    16:19 17 sentyabr 2021

Eldar Namazov: “Qazaxın 7 kəndinin və Kərkinin Azərbaycana qaytarılacağına heç bir şübhəm yoxdur” - MÜSAHİBƏ

Politoloq, 1993-1999-cu illərdə Azərbaycan Respublikası Prezidentinin katibliyinin rəhbəri, Prezidentin köməkçisi olmuş Eldar Namazovun APA-ya müsahibəsi

- Azərbaycan-Ermənistan münasibətlərini indi necə xarakterizə etmək olar?

- Ermənistanın Azərbaycana qarşı təcavüzü baş vermişdi, torpaqlarımız işğal altında idi. Biz uzun müddət danışıqlar aparırdıq, ümid edirdik ki, danışıqlar yolu ilə problemi həll etmək mümkün olacaq. Görəndə ki, işğalçı torpaqlarımızı tərk etmək istəmir, əksinə, yeni torpaqlar ələ keçirmək niyyətindədir, Azərbaycan BMT Nizamnaməsində əks olunan hər bir dövlətin müdafiə hüququndan istifadə edərək torpaqlarımızı azad etdi. Bu, Ermənistan üçün çox ağır məğlubiyyət oldu. Bu zərbədən Ermənistanın bir dövlət kimi bütün sütunları sarsıldı. Ermənistan çox dərin siyasi, iqtisadi, hərbi, demoqrafik böhran içərisindədir. Azərbaycan isə azad olunmuş ərazilərin reabilitasiyası, məcburi köçkünlərin torpaqlarına qayıtması üçün lazımi infrastruktur layihələri həyata keçirir. Orada kiçik bir ərazidə ermənilər yaşayır. Azərbaycan dövləti humanistlik prinsipini əsas götürərək, o hissədə hərbi əməliyyat keçirmədi. Xüsusən də nəzərə aldı ki, erməni tərəfi kapitulyasiya haqqında sənədə imza atdı və qan tökmədən 3 rayonun - Kəlbəcər, Laçın və Ağdamın azad edilməsi təmin olundu. Erməni icmasının da vəziyyəti nəzərə alınaraq, Rusiya sülhməramlıları müvəqqəti olaraq orada yerləşdirilib.

İndi Azərbaycan quruculuq işləri ilə məşğuldur, postkonflikt dövrünün tələblərinə uyğun olaraq qarşımızda yeni vəzifələr durur. Bu vəzifələri Azərbaycan çox sürətlə, uğurla həyata keçirir. Mən Ağdamda, bu yaxınlarda Şuşada da oldum, Azərbaycan dövlətinin necə böyük işlər həyata keçirdiyini öz gözlərimlə görmüşəm. Onlarla yol çəkilir, aeroportlar tikilir, dəmir yolunun çəkilməsi üçün işlər görülür, həm Azərbaycan Ordusu, həm Sərhəd Qoşunları üçün yeni hərbi şəhərciklər salınır. Elə gün olmur ki, bu quruculuq işləri ilə bağlı yeni xəbərlər eşitməyək.

Bununla yanaşı, postkonflikt dövründə yeni çağırışlar da meydana gəlib. Yumşaq desək, Ermənistan tərəfi hələlik üçtərəfli sazişin bütün tələblərini yerinə yetirməyə tələsmir. Xüsusən də sərhədlərin demarkasiya və delimitasiyası, ərazi bütövlüyünün qarşılıqlı tanınması, Naxçıvanı Azərbaycanla birləşdirən koridorun açılması və digər məsələlərdə inadkarlıq göstərir. Azərbaycan tərəfi məcburi olaraq Ermənistanın hərəkətləri ilə bağlı müəyyən addımlar atır. Eyni zamanda bu geopolitik prosesdə öz mövqelərini itirən dövlətlər var. Bunu ilk növbədə ATƏT-in Minsk Qrupundakı dövlətlərə aid etmək olar. Xüsusən də ABŞ və Fransa bu prosesdən kənarda qalıb. Onların on illərlə Qarabağ probleminin həlli, postkonflikt dövrü ilə bağlı hazırladıqları planlar indi tarixin arxivinə gedib. Onlar Azərbaycanın belə möhtəşəm qələbəsini, Ermənistanın da belə ağır duruma düşməsini gözləmirdilər. Onlar Türkiyənin bu prosesdə böyük rol oynamasını və Azərbaycanla hərbi birliyinin yaranmasını da gözləmirdilər. Ona görə də bu prosesdən narahat olan, xarici siyasət maraqları baxımından bu prosesdə özünü uduzmuş sayan dövlətlər var. Onlar prosesə müəyyən əngəllər də yaradır, təxribatçı addımlar da atırlar. Bütün bunları Azərbaycan cəmiyyəti görür, Azərbaycan dövləti də bunların qarşısını almaq üçün bütün münasib addımları atır.

- Ermənistan-Azərbaycan sərhədində zaman-zaman baş verən insidentlər barədə nə deyə bilərsiniz?

- Mən uzun illərdir ki, bu prosesləri izləyir və araşdırıram. Mənim gəldiyim nəticə ondan ibarətdir ki, bunun kökündə çox vacib bir amil dayanır. Ermənistan özü bir dövlət kimi öz mövcudluğunu təsdiq edə bilməyib. Təsəvvür edin ki, bu dövlətin demək olar ki, heç bir atributu yerində deyil. Sərhədlərini özü qorumur, Rusiya qoruyur, müdafiə sistemi Rusiyanın müdafiə sisteminə tabedir. Ermənistan öz gücü ilə nə silah ala, nə ordularını hazırlaya bilir. Bu da öhdəlik kimi Rusiyanın üzərindədir. İqtisadi sahədə əsas sektorlar Rusiya şirkətlərinin nəzarətindədir. Ermənistanın müstəqil xarici siyasəti yoxdur. Dövlətçiliyi təsdiqləyən atributlar baxımından elə bil Ermənistan dövlət deyil, bir geopolitik bir layihədir. Həqiqətən vaxtilə Ermənistan süni olaraq Azərbaycanın qədim torpaqlarında bir geopolitik bir layihə kimi məhz Azərbaycan və Türkiyəyə bir təzyiq, bir alət kimi yaradılıb. İndi də ermənilərin özlərində həmin təfəkkür qalıb. Onların atdıqları bir çox addımlar da beynəlxalq aləmdə müəyyən təəccüb və istehzalarla qarşılanır. Ermənilər başa düşmürlər ki, hər bir dövlətin sərhədi olmalıdır. Onlar bu günə kimi deyirlər ki, biz sovet sərhədlərini tanımırıq, onlar inzibati sərhədlərdir. Halbuki Müstəqil Dövlətlər Birliyinə daxil olanda həm Ermənistan, həm Azərbaycan saziş imzalamışdı. Həmin sazişdə SSRİ-də mövcud olan sərhədlər əsas götürülmüşdü və MDB-yə daxil olan dövlətlər də bir-birinin sərhədlərini, ərazi bütövlüklərini tanımışdı. İndi isə ermənilər deyirlər ki, biz o sərhədləri tanıya bilmərik. Bəs ermənilər nəyin üzərində öz dövlətlərini quracaq? Əgər öz sərhədlərini özləri də tanımırsa, bu halda nəyə əsasən hesab edirlər ki, Göyçə, Zəngəzur onların ərazisindədir?

Ermənilər onu da başa düşmürlər ki, hər bir dövlətin sərhədində sərhədyanı bir zolaq olur, adi vətəndaşların da ora keçməsinə məhdudiyyətlər qoyulur, sərhəd zolağını sərhədçilər qoruyur. Sərhəd zolağına vətəndaşlar xüsusi icazə ilə keçə bilirlər. Ermənilər isə sərhəd zolağında qoyun, inək otarır, ATƏT-ə, BMT-yə şikayət edirlər ki, inəklərimiz Azərbaycan sərhədini keçib, inəklərimizi qaytarmağa icazə vermirlər. Elə bil ki, onların sərhəd, sərhəd zolağı barədə təsəvvürləri yoxdur.

Nəhayət, Ermənistan deyir ki, Azərbaycanla sülh sazişini imzalamağa, Azərbaycanın ərazi bütövlüyünü, sərhədlərini tanımağa hazır deyil. O halda hansı sülhdən danışmaq olar? Bu, faktiki müharibə etməyə bərabər fikirlərdir. Ermənilər deyirlər ki, Zəngəzur koridorunu açmağa razı deyillər, o koridora özləri nəzarət etmək istəyirik, yəni bu, koridor olmasın. Guya Ermənistan o koridora bir dövlət kimi nəzarət etmək istəyir. Dünya isə buna gülür. Çünki 1992-ci ildən bəri Ermənistan sərhədlərini, o cümlədən Zəngəzurda İranla sərhədləri də Rusiyanın sərəncamına verib. Mehridə Rusiya sərhədçilərinin böyük bir bazası var. Üstəlik, 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli sazişdə də qeyd olunub ki, Naxçıvandan Azərbaycana açılan yola Rusiyanın sərhədçiləri nəzarət edəcək. İndi Ermənistan Rusiya ilə sərhədlərin birgə qorunmasına dair sazişdən imtina etmək istəyirsə, bunu açıq desinlər ki, Rusiya sərhədçiləri oradan getməlidir. Üçtərəfli sazişdəki müvafiq bənddən imtina etmək istəyirlərsə, bunu açıq desinlər və bütün dünya da görsün ki, Ermənistan sazişin tələblərini yerinə yetirməkdən boyun qaçırır.

Ermənistanın bütün bəyanatları dünyada təəccüb doğurur. Hətta ən yaxın müttəfiqləri Ermənistana başa salmağa çalışır ki, Azərbaycanla delimitasiya, demarkasiya işlərini sürətlə, tez həyata keçirin. Hətta Rusiya deyir ki, buna kömək etməyə hazırdır. Ermənistan Fransaya şikayət edib ki, Azərbaycanla sərhəddə gərginlikdir. Fransa Prezidenti Emmanuel Makron Nikol Paşinyana zəng edib ki, Azərbaycanla delimitasiya, demarkasiya işlərini tezləşdirin, bu məsələni qurtarın. Ermənistan Gorus-Qafan yolu ilə bağlı İrana şikayət etmişdi. İran da bildirdi ki, Azərbaycanda delimitasiya, demarkasiya işlərini sürətləndirmək lazımdır. O cümlədən Ermənistana yaxın dövlətlər bunların başına ağıl qoymağa çalışırlar. Dövlətlərarası münasibətlərin əlifbası, ilk addım sərhədlərin delimitasiya və demarkasiyasında keçir. Bu mövzudan qaçmaqla başqa mövzulardan danışmaq mənasız olur.

Bütün bunların arxasında o durur ki, ermənilərin 2 min ilə yaxın dövlətləri olmayıb. Onlar özləri haqqında çox fəxrlə danışırlar ki, qədim dövlətləri olub. Hardasa eramızdan əvvəl dövlətləri olub, elə o vaxt da dövlətçiliklərini itiriblər və 2 min ilə yaxın dövlətləri olmayıb. İndi də Azərbaycan ərazisində yaradılmış bir süni dövlətləri var. Bunlar elə bil ki, dövlət qurmurlar, dövlət quruculuğu işlərini onların əvəzinə başqa dövlətlər həyata keçirirlər. İndi də ərköyün, cığal uşaq kimi ortada qalıblar. Ermənilərə ən yaxın olan dövlətlər də başa salmağa çalışır ki, dövlətlərarası münasibətlər var, sərhədləri tanımasan, delimitasiya və demarkasiya həyata keçirməsən, sənin sərhədlərini kim gəlib qoruyacaq? Sən özün öz sərhədini tanımırsansa, necə başqa dövlət gəlib sənin sərhədini qoruyacaq? Ona görə də bu gərginlik var. Ermənistan mətbuatını izləyəndə də görürsən ki, çaşqınlıq içərisindədirlər, yenə də hamını - xarici dövlətləri, Azərbaycanı günahlandırırlar. Ancaq özləri dövlətçilik, sərhəd, beynəlxalq hüquq normaları, dövlətlərarası münasibətlər nədir, bunlardan hələ çox uzaqdırlar. Ona görə də dünyada dövlət kimi elan edilsə də, Ermənistanı özünü doğrultmayan, öz mövcudluqlarını təsdiq edə bilməyən dövlət kimi qəbul edirlər.

Delimitasiya və demarkasiya fonunda Qazaxın 7 kəndi və Naxçıvanın Kərki kəndi ilə bağlı məsələyə də toxunmaq istəyirəm. Əminəm ki, işğal altındakı o kəndlərin taleyi həll olunub və o kəndlər Azərbaycana qaytarılacaq. Təsadüfi deyil ki, üçtərəfli sazişin ilkin layihəsində, hətta o layihəni ermənilər özləri çap etmişdilər, orada həmin kəndlərlə bağlı məsələ göstərilirdi. Yalnız Kremlin təqdim etdiyi son variantda 7 kənd yox idi. Həmin 7 kənd haqqında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da fikirlərini bildirmişdi. Bütün bunlar göstərir ki, bu 7 kəndlə bağlı çox ciddi müzakirələr olub, müəyyən mənada qərarlar də qəbul edilib. Sadəcə, görünür ki, həmin qərarların həyata keçirilməsi vaxtı bir qədər uzadılıb. Təsadüfi deyil ki, Rusiya sərhədçiləri bu yaxınlarda həmin 7 kənd istiqamətində Ermənistan tərəfindən sərhədlər üçün müəyyən dayaq nöqtələri və kazarmalar tikməyə başlayıblar. Hamı başa düşür ki, Rusiya həmin yollara da nəzarəti öz üzərinə götürməyə məcbur olacaq. Qazaxın bir kəndindən digər kəndinə yollar Ermənistan ərazisindən də keçir. Orada rahat gediş-gəlişi təmin etmək üçün yəqin ki, Rusiya sərhədçiləri həmin funksiyanı yerinə yetirəcəklər. 7 kənd və Kərki kəndi hazırlıq işləri görüləndən sonra Azərbaycana qaytarılacaq. Mənim buna heç bir şübhəm yoxdur və buna hazırlıq işlərinin görülməsi göz qabağındadır.

- Azərbaycanın Gorus-Qafan yolunda atdığı addımları necə qiymətləndirirsiniz?

- Bu, çox doğru və zamanında atılmış addımdır. Ümumiyyətlə, mən Azərbaycan dövlətinin bu istiqamətdə apardığı siyasəti çox yüksək qiymətləndirirəm. Azərbaycan iki vacib amili həmişə əsas götürür. Birincisi, haqq, ədalət prinsipidir. Azərbaycan dövləti həmişə çalışır ki, atdığı bütün addımlar beynəlxalq hüquq normaları çərçivəsində olsun. Eyni zamanda dünyada indi elə vəziyyət yaranıb ki, beynəlxalq hüquq normaları işləmir, güc amili daha böyük rol oynayır. Azərbaycan buna da hazırdır, nümayiş etdirir ki, güclü dövlətdir. Nümayiş etdirir ki, beynəlxalq hüquq normaları, qanunlar işləsə, Azərbaycan öz hüquqlarını qanun yolu ilə, həmin qanunlar işləməsə, BMT Nizamnaməsinə uyğun olaraq güc tətbiq edərək bərpa edə bilər.

Qafan-Gorus yolunda da mən bu yanaşmanı görürəm. Azərbaycan tərəfi həm xəbərdarlıq etdi, həm İran səfirinə etiraz notası təqdim olundu. Görəndə ki, bu proses davam edir, İrana məxsus yük maşınları rəsmi Bakının razılığı olmadan Qarabağın dağlıq hissəsinə keçir, o zaman Azərbaycan öz ərazisində həmin yolu bağladı, sanksiyalar tətbiq etməyə başladı. Ancaq bu addımın başqa bir vacib hədəfi var. Bu da onunla bağlıdır ki, erməni tərəfi Zəngəzur koridorunun açılması ilə bağlı gedən danışıqlarda çox qeyri-konstruktiv bir mövqe nümayiş etdirir, heç bir əsası olmadan iddialar irəli sürür. Zəngəzur koridorunun keçəcəyi əraziyə Ermənistan 1992-ci ildən faktiki nəzarət etmir, ora Rusiyanın nəzarətindədir. Üçtərəfli sazişdə də qeyd olunur ki, bu koridora Ermənistan deyil, Rusiya sərhədçiləri nəzarət etməlidir. Ermənistan isə bütün bunlara rəğmən məsələ qaldırır ki, orada hansısa postlar qurmalı, keçən qatarları, maşınları yoxlamalıdırlar. Əslində, Zəngəzur koridoru qısa, 35 km-lik bir yerdir, qatar oranı 20-25 dəqiqəyə keçəcək. Guya ermənilər orada postlar quraraq istəyirlər ki, ora nəzarət etsinlər. Azərbaycan Gorus-Qafan yolunda nümayiş etdirdi ki, təqribən 20 km-lik yol bizim sərəncamımızdadır, biz də burada postlar quraraq həm Azərbaycana girişə, həm də Azərbaycan ərazisindən çıxışdan, yəni 20 km başa çatandan sonra da ikinci bir rüsum tələb edə bilərik. Bu, ermənilərə çox ciddi bir dərs oldu. Nikol Paşinyan da parlamentdə son çıxışında dedi ki, biz dəhlizə nəzarət etməyi tələb edirik, Azərbaycan da cavabında Gorus-Qafan yolunda öz nəzarətini qurdu, İranla ticarət iflic vəziyyətinə düşüb.

Biz həm İran tərəfinə açıq mesaj verdik ki, Azərbaycanın razılığı olmadan İranın yük maşınları Azərbaycanın ərazisinə girə bilməzlər, həm də Ermənilərə çox ciddi mesaj verdik ki, əgər onlar 35 km-lik Zəngəzur koridorunda postlar quraraq Azərbaycanı yük maşınlarına, qatarlarına hansısa maneələr törətmək istəyirlərsə, Ermənistanın Gorus-Qafan yolu, İranla bütün ticarətləri bağlana bilər.

- Siz prosesdən kənarda qalmış ABŞ və Fransanın müəyyən təxribatçı addımlar atdığını qeyd etdiniz. Gündəmdən çıxmış status məsələsini qabartmağa çalışırlar. Bu dövlətlərin məqsədi nədir?

- ABŞ və Fransa xarici siyasət maraqları baxımından bu geopolitik mübarizədə özlərini uduzan tərəf sayır. Onlar bu prosesdə öz yerlərini tuta, təsir imkanlarını artıra bilmədilər, kənarda qaldılar. Burada geopolitik baxımdan udan tərəf Azərbaycan və Türkiyə, sülhməramlı qüvvələri nəzərə alsaq, müəyyən mənada da Rusiyadır. Ancaq Rusiyanın özü də Azərbaycanın belə parlaq qələbəsini gözləmirdi, özünün hərbi müttəfiqinin belə rüsvayçı günə düşməsini istəmirdi. Moskva Azərbaycan-Türkiyə hərbi birliyinin yaranmasını, Türkiyənin prosesdə mühüm rol oynamasını, Qarabağda Monitorinq Mərkəzinin yaranmasını da arzulamırdı. Prosesdən narahat olan dövlətlər sırasına İranı da əlavə edərdim.

ABŞ və Fransanın ikinci başqa bir dərdi də var - Ermənistan uğrunda Rusiya ilə geopolitik savaş aparırlar. Ermənistanda qərbpərəst qüvvələr hakimiyyətə gələndən sonra Rusiya müəyyən ciddi tədbirlər gördü ki, Ermənistan daha çox özünə bağlasın və tabe etsin. Biz Ermənistan daxilində buna müqaviməti də görürük. Ermənistan hakimiyyətinin atdığı addımlar Ermənistanın yenə də elə bil ki, Qərbə inteqrasiyasına şərait yaradan addımlardır. O cümlədən Avropa İttifaqının bu yaxınlarda Ermənistana böyük miqdarda - 2,6 milyard avroluq yardım paketini açıqlaması göstərir ki, başda Fransa olmaqla, kollektiv Qərb çalışır ki, həm iqtisadi, bunun arxasınca isə siyasi, sonra da hərbi cəhətdən Ermənistanı Rusiyanın təsiri altından çıxarsın. Rusiya da təbii ki, bunu və bugünkü Ermənistan hakimiyyətinin ikibaşlı oyununu görür və bunun qarşısını almaq üçün müəyyən tədbirlər həyata keçirir. Həm Fransa, həm ABŞ diplomatlarının bəzi bəyanatları, addımları məhz buna yönəlib. Ermənistanda ictimai şüurda Rusiya ilə geopolitik savaş aparırlar. Göstərmək istəyirlər ki, Ermənistan üçün daha məqbul partnyordurlar, Ermənistan Qərbə inteqrasiya istiqamətində addımlar atsa, Rusiyanın təsiri altından çıxsa, bu, ermənilərin özləri üçün də daha yaxşı olar. Məhz bunu nümayiş etdirmək üçün Fransa və ABŞ diplomatları belə təxribatçı bəyanatlarla çıxış edirlər.

Azərbaycan uğrunda isə belə geopolitik savaş getmir. Ona görə ki, Azərbaycan uzun illər müstəqil geopolitik siyasət yürüdə-yürüdə həm Moskva, həm Vaşinqton, həm Paris, həm də Brüsselə münasibətdə özünü bərabərhüquqlu partnyor kimi apararaq bu statusu qazanıb.

İkinci Qarabağ savaşından sonra Azərbaycanın Türkiyə ilə hərbi birlik yaratmaqla, Türkiyə ilə bütün sahələrdə əlaqələri, inteqrasiyanı gücləndirməklə Azərbaycan artıq bütün dünyaya hansı yolu seçdiyini göstərib. Bu yol nə ABŞ, nə Rusiya, nə də Avropanın təsiri altına keçməkdir. Bu yol müstəqil olaraq əvvəlcə Azərbaycan-Türkiyə regional mərkəzini formalaşdırmaq, daha sonra digər türk dövlətlərini də bu birliyə cəlb etməkdir. Digər türk dövlətləri də bu istiqamətdə addımlar atır. Yaxın zamanlarda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası Türk Dövlətlər Birliyi təşkilatına çevriləcək, hərbi, xarici siyasət sahəsində birgə inteqrasiya proqramları olacaq. Artıq Qazaxıstan və Özbəkistan bu barədə birmənalı qərar verib. Dünyada gedən geopolitik proseslər onları məcbur edir ki, daha bu məsələ ehtiyatlı mövqe yox, aydın və sərt mövqe nümayiş etdirsinlər. Əfqanıstanda baş verən hadisələr Özbəkistan üçün də böyük bir təhlükədir. Bəzi Rusiya deputatlarının Qazaxıstana qarşı ərazi iddiaları ilə çıxış etməsi qazax cəmiyyətində çox böyük narazılıqla qarşılanıb. Mərkəzi Asiyada yerləşən türk dövlətləri İkinci Qarabağ savaşından sonra anlayır ki, Azərbaycan-Türkiyə ittifaqı eyni zamanda təhlükəsizlik qarantı anlamına gəlir. Hamı başa düşür ki, Azərbaycanın belə parlaq qələbəsində Türkiyənin də rolu çox böyük olub. Həm Özbəkistan, həm Qazaxıstan özlərinə qarşı bu təhlükələri hiss edərək can atırlar ki, həm hərbi, həm təhlükəsizlik, həm xarici siyasət məsələlərində Türkiyə və Azərbaycanla daha yaxın olsunlar. Ona görə də həm Moskvada, həm Vaşinqtonda, həm Parisdə də başa düşürlər ki, Azərbaycan geopolitik seçimini edib. Onların Azərbaycanla bağlı düşüncələri daha çox yeni reallıqlarda necə münasibət qurmağa yönəlib. Amma Ermənistan uğrunda savaş gedir. Ermənistan müstəqil güc mərkəzi deyil, mütləq kiminsə himayədarlığı altında olmalıdır. Rusiya Ermənistana himayədarlıq edir, erməniləri də indi patronlarını dəyişmək istəyir. Fikirləşirlər ki, himayədarlığı ABŞ, Fransa, Avropa İttifaqı etsə, bəlkə ermənilərə daha yaxşı olar. Ona görə də Ermənistan cəmiyyətinin xoşuna gəlmək, ictimai rəydə öz rəqiblərini üstələmək üçün hərdənbir Rusiya müəyyən addımlar atır, hərdənbir də ABŞ diplomatları müəyyən bəyanatlar verir. Biz bunların hamısının arxasında nələrin durduğunu çox gözəl başa düşürük və öz yolumuzla gedirik. Bizim indi əsas məqsədimiz Azərbaycan dövlətini, Azərbaycan-Türkiyə birliyini daha da gücləndirmək, Türk Şurasını yenidən qurub, onu Avrasiya məkanında söz sahiblərinə çevirməkdir. Yəni bizim artıq geopolitik yolumuz da, məqsədlərimiz də bəllidir və biz bu yolla kifayət qədər uğurla da gedirik.

- Qarabağdakı Rusiya sülhməramlılarının fəaliyyətinə münasibətiniz necədir?

- Mən Rusiya sülhməramlılarının fəaliyyətini çox mənfi qiymətləndirirəm. Onların atdığı bir çox addım nəinki üçtərəfli sazişə ziddir, eyni zamanda Rusiyanın bu bölgədə gələcək imkanlarını, təsirlərini də sual altında qoyur. Bəzi rus ekspertlər açıq bildirirlər ki, Cənubi Qafqazda yaranmış vəziyyətlə bağlı Rusiya özü müəyyən mənada çətin durumdadır. Çünki Ermənistan uğrunda geopolitik mübarizə aparmaq o deməkdir ki, Azərbaycanda çox ciddi narazılıqla qarşılanan müəyyən addımları atmalı olursan. Azərbaycanı itirmək isə Cənubi Qafqazı itirmək deməkdir. Çünki 4 ildən sonra sülhməramlıların qalıb-qalmayacağı barədə qərarı faktiki Azərbaycan verəcək. Ermənistanın qərarı bəllidir, bütün hallarda buna razı olacaq. Çünki başa düşürlər ki, taleləri Rusiyadan asılıdır. Azərbaycan isə bu məsələdə başqa məsələlərdə olduğu kimi müstəqildir, bütün hallarda öz milli maraqlarını əsas tutacaq. Azərbaycan Rusiya sülhməramlılarının fəaliyyətinə qiymət verib, onunla bağlı qərar qəbul edəcək. Azərbaycan Prezidentinin iradlarını, dəfələrlə sülhməramlıların fəaliyyətinə münasibət bildirməsini, Azərbaycan Müdafiə Nazirliyinin bu yaxınlarda sülhməramlılarla bağlı bəyanatını və məktubla Rusiya Müdafiə Nazirliyinə müraciət etməsini, belə təxribatçı addımların bu gün də davam etdirildiyini nəzərə alsaq, Azərbaycan sülhməramlılarla bağla ciddi addımlar atmalıdır. Əminəm ki, bu addımları atmağa Azərbaycanın imkanı da var. Azərbaycan-Türkiyə birliyi artıq regionda əsas güc mərkəzidir, beynəlxalq hüquq da Azərbaycanın tərəfindədir. Güc və beynəlxalq hüquq amili bizim yanımızda olanda da istəyimizə nail olacağıq.

- Sülhməramlıların statusu barədə sənəd imzalanmalı, bu məsələ gündəmdə olmalıdırmı?

- İndiki halda belə bir sənədə ehtiyac yoxdur. Azərbaycan dövləti haqlı olaraq bu məsələdə hansısa tələsik addımlar atmır, sülhməramlıların fəaliyyətinə ciddi iradlar var. Hətta sülhməramlıların mandatı təsdiq olunmasa belə, üçtərəfli saziş var. Sazişin konkret bəndlərində məhz sülhməramlıların fəaliyyətinin də müəyyən çərçivələri göstərilib. Sülhməramlıların mandatını indi rəsmiləşdirməyə heç bir ehtiyac yoxdur. Əksinə, belə vəziyyətdə sülhməramlıların atdığı addımlar qeyri-legitimdirsə, qoy onların statusu da qeyri-legitim olsun.

- Nikol Paşinyan parlamentdə son çıxışında dedi ki, 3 il ərzində koridorun Laçın şəhərindən kənara çıxması barədə məsələnin reallaşmamasına, koridorun Laçın şəhərindən keçən vəziyyətdə qalmasına çalışırlar və bu barədə Rusiya ilə də danışıqlar aparmaq fikrindədirlər. Bu bəyanatı necə qiymətləndirirsiniz?

- Ermənistan daxilində gedən diskussiyaları tək Azərbaycanda yox, bütün dünyada təəccüb və istehza ilə qarşılayırlar. Laçın şəhəri ilə bağlı məsələ artıq üçtərəfli sazişdə əksini tapıb. Bu, nə müzakirə predmeti ola, nə bu barədə başqa söz demək olar. Həmin koridorun istiqaməti dəyişəcək və azərbaycanlılar Laçın şəhərinə, doğma yurdlarına qayıdacaqlar. İndi Paşinyan da parlamentdə müxalifət nümayəndəsi ona sual verəndə bu fikirləri söyləyib. Paşinyanın cavabı da çox müəmmalı olub, başa düşmək olmur ki, nə demək istəyir. Paşinyan bu barədə Rusiya ilə danışmaq fikrində olduqlarını, ancaq bunun mütləq Azərbaycan tərəfinin razılığı ilə ola biləcəyini bildirir. Azərbaycan tərəfi də bu məsələ ilə bağlı öz qərarını verib, məsələ də üçtərəfli sazişdə əksini tapıb. İndi Ermənistanda nə hakimiyyət hakimiyyət, nə də müxalifət müxalifətdir. Öz aralarında belə diskussiyalar aparanda da bu barədə o qədər də baş sındırmalı deyilik. Bizim ciddi işlərimiz, məqsədlərimiz var, indi Qarabağın reabilitasiyası ilə məşğul oluruq, layihələr həyata keçiririk. Ermənistanda isə Paşinyan və müxalifət qoy parlamentdə öz aralarında belə müəmmalı, anlaşılmayan söz atmaları ilə özlərini əyləndirsinlər.

ONA

Teqlər:

SON XƏBƏRLƏR