Bu gün Bakıda V Dünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Nazirlərin Yüksək Səviyyəli Görüşündə “Dəqiq transformatik fəaliyyət üçün mədəniyyətlərarası dialoqun səfərbər olunması” mövzusunda plenar sessiya keçirilib.
ONA-nın məlumatına görə, iclasa sədrlik edən mədəniyyət naziri Əbülfəs Qarayev BMT baş katibinin Dünya Mədəniyyətlərarası Dialoq Forumun mədəniyyətlərarası dialoq üçün ən mühüm platforma olduğunu bəyan etdiyini xatırladıb.
O, Azərbaycanın mədəniyyətlərarası dialoqa töhfə verməyə davam edəcəyini söyləyib: “Mədəniyyət Şərqlə Qərb, Şimalla Cənubun əlaqə qurmasında mühüm rol oynaya bilər. 21-ci əsrdə insanlar öncəki əsrlərdən fərqli olaraq, bir-birinə daha çox bağlıdır”.
Ə.Qarayev Forumda 100-dən çox ölkənin, 30-dan çox beynəlxalq təşkilatın nümayəndələrinin iştirak etdiyini nəzərə çatdırıb.
BMT Sivilizasiyalararası Alyansının ali nümayəndəsi Migel Angel Moratinos deyib ki, bu alyans siyasi bir alətdir: “BMT baş katibi bu vasitədən istifadə etməyə çalışır. Alyans təhsil və tolerantlığı təbliğ edir. Bakıda keçirilən forumlar, tədbirlər mədəniyyətlərarası vasitəçi rolunu oynaya bilər. Azərbaycan hökuməti ilə bu sahədə əməkdaşlıq etməliyik”.
Avropa Şurası baş katibinin müavini Qabriela Battani-Draqoni mədəniyyətlərarası dialoqun vacib olduğunu vurğulayıb: “Görürük ki, Avropada milli səviyyədə miqrantlara, qaçqınlara yanaşma bərbaddır. Ancaq biz milli və yerli, bələdiyyələr səviyyəsində miqrantlara, qaçqınlara fərqi münasibətin də şahidi oluruq”.
İSESCO-nun baş direktoru Əbdüləziz Osman əl-Tüveyci son illər terrorizmi İslamla əlaqələndirmək cəhdlərinə toxunub: “Ancaq İslam sülh dinidir, ədaləti müdafiə edir. İslama görə, bir insanı öldürən bütün bəşəriyyəti öldürmüş olur. Biz Azərbaycana bu dialoq prosesinin aparılmasına görə minnətdarlığımızı bildirmək istəyirik. Biz siyasətçilərin hamısına etibar edə bilmirik. Dünyanın bir çox yerlərində şəhərlər dağıdılır, insanlar öldürülür, bir çox insan ölkələrini tərk edərək qaçqın durumuna düşürlər. İnkişaf etmiş ölkələrin bu problemləri həll etmək imkanı var. Biz sülh şəraitində yaşamaq üçün bir-birimizə hörmətlə yanaşmalıyıq. Bəzi dəlisov liderlər dünyanı fəlakətə aparırlar. Somalidə, Liviyada vəziyyət göz önündədir. Mən Azərbaycan hökumətinə mədəniyyətlərarası dialoq sahəsində fəaliyyətinə görə qəlbdən minnətdarlıq edirəm”.
Uruqvay xarici işlər naziri Rodolfo Nin Novoa sülh və rifah qarşılıqlı əlaqədədir: “Mədəniyyətlərarası dialoq müzakirələr aparmaqdan daha böyük əhəmiyyət daşıyır. İnnovasiyalar üçün həmişə qapılar açıq olmalıdır”.
Qana Respublikasının xarici işlər naziri Şirli Botçvey ölkədə sülhün bərqərar olması istiqamətində görülən işlərdən danışıb: “Mədəniyyətlərarası dialoqu təşviq etmək istəyiriksə, sosial medianı da unutmamalıyıq. Sosial media amili gənclərə bu yöndə müsbət təsir etməkdə mühüm rol oynayır”.
İran İslam Mədəniyyəti və Əlaqələri Təşkilatının sədri Abuzər İbrahimi Türkmən İran və Azərbaycanın tarixən eyni düşüncəyə malik olduğunu, birgə mədəniyyət yaratdığını vurğulayıb: “Təəssüf ki, bu gün dünyada eyni dinin təmsilçiləri bir-birini qətl edirlər. Şri-Lanka və Yeni Zelandiyada müxtəlif din nümayəndələrinin bir-birindən qisas aldığını görürük. Bu acınacaqlı haldır. Bu gün yüksək inkişaf etmiş texnologiyalar bir sıra ölkələrin iqtisadi və hərbi qüdrəti artırıb, ancaq insanların həyatı üçün təhlükələr yaratmaqdadır. Bu Forumun ölkələrin təcrid edilməsi siyasətinin aradan qaldırılmasına töhfələr verməsini arzulayırıq”.
Monteneqronun mədəniyyət naziri Aleksandar Boqdanoviç ölkəsinin multikultural prinsipləri qoruduğunu söyləyib: “Monteneqro 2016-2020-ci illər üçün Mədəniyyətlərarası İnkişaf Proqramını həyata keçirir. Azərbaycana mədəniyyətlərarası dialoqun təşviqi üçün yaradılmış bu platformaya görə təşəkkür edirik”.
Küveytin informasiya və gənclərlə iş naziri Mohammad Naser Abdullahı Aljabri Azərbaycanın sülh dəyələrinin, birgə yaşayışın təbliğində mühüm rol oynadığını vurğulayıb: “Bu dialoq zorakılıq və ayrı-seçkiliyə qarşı etiraz səslərinin ucaldılmasında böyük rol oynayır. Biz səylərimizi birləşdirməsək, beynəlxalq miqyasda uğur qazana bilmərik. Azərbaycana bu istiqamətdə uğurlar arzulayırıq”.
Pakistan Milli Assambleyasının sədr müavini Qasım Xan Suri ölkəsinin üzləşdiyi problemlərdən danışıb, Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycana dəstəyini ifadə edib.
Əlcəzairin mədəniyyət naziri Meriem Merdaci bəşəriyyətin tolerantlığa arxalanmalı olduğunu vurğulayıb.
Myanmanın təhsil naziri Myo Thein Gyi deyib ki, miqrant tələbələrə dövlət təhsil müəssisələrində təhsil almaq imkanı yaradılıb: “Myanmanın Arakan bölgəsindən olan 18 513 müsəlman tələbə təhsillərini başa vurub, hazırda 49 ilkin və orta təhsil müəssisələrində çalışır. 2095 müsəlman tələbə distant təhsil proqramlarında iştirak edir. 2018-ci ildə 20 min müsəlman tələbə qəbul imtahanlarında iştirak edir”.
Hindistan Mədəniyyət Nazirliyinin beynəlxalq əlaqələr şöbəsinin müdiri Arun Qupta bildirib ki, Hindistanda Azərbaycanda olduğu kimi multikultural cəmiyyət mövcuddur”. A.Qupta deyib ki, Hindistan və Azərbaycan geniş əlaqələrə malikdir: “Azərbaycan telekanallarında Hindistan filmləri nümayiş olunur. Vaxtilə Hindistanda yaranmış yoqa Azərbaycanda hazırda geniş yayılıb. Hindistanda Azərbaycan tələbələri dil kurslarında iştirak edirlər. Bu sahədə əməkdaşlığın genişləndirilməsinin tərəfdarıyıq”.
Hindistan Mədəniyyət Nazirliyinin şöbə müdiri qeyd edib ki, Hindistan Mahatma Qandinin 100 illiyinə hazırlaşır: “Qandi bütün münaqişələrin tolerantlıq və mədəniyyətlərarası dialoqla həll olunduğunu bildirirdi. Hindistanda müxtəlif dinlərin nümayəndələri yaşayır. İstəyərdik ki, mədəniyyətlərarası dialoqda Hindistanın təcrübəsindən də istifadə etsinlər. Biz öz mədəniyyətimizi qorumalı, digər mədəniyyətlərə hörmətlə yanaşmalıyıq”.