• SİYASƏT

    17:14 18 iyun 2019

Mixail Zabelin: "Rusiya ən azı öz vətəndaşı Dilqəm Əsgərovu azad etmək üçün çalışmalıdır" - MÜSAHİBƏ -

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü, Azərbaycan Rus İcmasının rəhbəri Mixail Zabelinin APA-ya müsahibəsi

- İlk sualımız deputat fəaliyyətinizlə bağlı olacaq. Seçicilərinizlə görüşlər zamanı sizə hansı problemlərlə bağlı müraciət edirlər?

- Seçicilərimlə mütəmadi olaraq görüşlər keçirirəm. Yanvar və fevral ayında keçirdiyim görüşlərdə insanlar evlərində istilik sisteminin işləməməsindən şikayət edirdilər. Bundan savayı, onlar evlərinə yaxın ərazidə parkın salınmasını, yolların təmir edilməsini istəyirdilər. Bu məsələlərlə bağlı biz Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovla görüş keçirdik. İstilik sistemi ilə bağlı məsələ gələn il layihəyə daxil ediləcək. Bildiyiniz kimi, deputatlar hər hansı məişət və ya maliyyə problemlərini həll etmək səlahiyyətinə malik deyillər. Lakin biz lazımi orqanları məlumatlandırırıq. Çalışıram ki, seçicilərimi narahat edən məsələlərlə bağlı onlara kömək edim.

- Milli Məclisin iclaslarında çox az hallarda çıxış edirsiniz. Buna səbəb nədir?

- Mən çox nadir hallarda Milli Məclisdə çıxış edirəm, lakin ehtiyac olduqca təkliflərimi irəli sürürəm. Ümumrusiya Azərbaycan Konqresi bağlananda Milli Məclisin iclaslarında bir neçə dəfə çıxış etmişəm. Ümumiyyətlə, mən, əsasən, komitələrin iclaslarında çıxışlar edirəm. Hesab edirəm ki, əsas elə komitələrin iclaslarında çıxış etməkdir, çünki belə iclaslarda biz kollegial qərarlar qəbul edirik. Sonra isə komitə sədri Milli Məclisə bununla bağlı hesabat verir. Əgər mən hansısa məsələ ilə razı deyiləmsə, öz təklifimi təqdim edirəm. Komitə artıq qərar qəbul edibsə, nəyə görə Milli Məclisin iclasında çıxış etməliyəm? Bununla yanaşı, demək istərdim ki, Azərbaycan dilini bilirəm, ancaq yüksək səviyyədə çıxış edəcək dərəcədə bilmirəm. Azərbaycan dilində ünsiyyət qura bilirəm, amma çıxış etmək mənim üçün bir az çətindir. Bildiyiniz kimi, biz Azərbaycan dilinin saflığına dair qanun qəbul etmişik. Bu səbəbdən mən belə bir orqanda dilin saflığına xələl gətirmək istəmirəm.

- Bir az da Azərbaycan-Rusiya münasibətləri barədə danışmağınızı istərdik…

- Rusiya-Azərbaycan parlamentlərarası işçi qrupu var və onun tərkibi Milli Məclis tərəfindən müəyyənləşdirilir. Hələ ki, Rusiya Dövlət Duması işçi qrupunun tərkibini təsdiqləməyib. Bununla yanaşı, mövcud olan işçi qrup aktiv şəkildə fəaliyyətini davam etdirir. Əgər siz bu qrupun fəaliyyətini izləyirsinizsə, o zaman şahidi olmusunuz ki, biz dəfələrlə maraqlı tədbirlər, konfranslar, dəyirmi masalar təşkil etmişik. Biz belə tədbirlərdə, sadəcə, ikitərəfli əlaqələr məsələsini deyil, Dağlıq Qarabağ münaqişəsini də qaldırırıq. Hesab edirəm ki, son illər bu işçi qrup müəyyən nəticələrə nail olub. Çünki çox sayda rusiyalı siyasətçi, Azərbaycana tez-tez səfər edən deputatlar Dağlıq Qarabağ münaqişəsi haqda daha dolğun məlumat alıblar. Onlar məlumatlandırılıb ki, tək Dağlıq Qarabağ deyil, həmçinin 7 rayon Azərbaycanın tabeliyində deyil, müvəqqəti olaraq ilhaq olunub. Bu il, bildiyiniz kimi, Rusiya deputatları ilə birgə konfrans keçirilib və orada Oksana Puşkina, İrina Rodnina, Rusiya Dövlət Dumasının deputatı, Rusiya tərəfdən dostluq qrupunun sədri Savelyev və digər məşhur simalar iştirak edib. Konfrans başa çatdıqdan bir gün sonra Sergey Markov və digərləri Xocalı faciəsi qurbanlarının heykəli önünə gül qoydular. Bu da təbii ki, Ermənistan rəhbərliyinin hiddətinə səbəb oldu. Bütün media qurumlarında mənim bəyanatım və Ermənistanın Rusiyadakı səfirinə açıq məktubum dərc edildi. Bu, çox vacib faktdır. Çünki əvvəl belə bir şey olmamışdı ki, Rusiya deputatları Xocalı faciəsi qurbanlarının heykəli önünə gül qoysunlar. Ona görə də hesab edirəm ki, bu, ciddi irəliləyişdir.

Ötən il biz Rusiya Dövlət Dumasının deputatları, siyasi analitiklər və siyasətçilərlə Cocuq Mərcanlı kəndində dəyirmi masa keçirdik, sonra onlar Lələtəpəyə qalxdılar. Bu da o deməkdir ki, Rusiya-Azərbaycan dostluq qrupu son illər daha aktiv işləməyə başlayıb. Daha çox rusiyalı Azərbaycana gətirilir və ölkədə mövcud olan multikulturalizm siyasəti ilə tanış edilir. İnsanlar görür ki, Azərbaycan cəmiyyəti necə yüksək səviyyədə multikulturaldır. Rusiyalılarla görüşlərin məqsədi odur ki, onlar görsün ki, Azərbaycan xalqı həmişə bütün millətlərə, dini inanclara dərin hörmətlə yanaşıb. Azərbaycanda yaşayan ermənilər, ruslar, yəhudilər, ləzgilər və digərləri heç vaxt özlərini ikinci dərəcəli vətəndaş kimi hiss etməyiblər, oxuyublar, işləyiblər, yaşayıblar, ünsiyyətdə olublar. Bu çox vacibdir. Buraya müxtəlif ölkələrdən bu qədər insanların dəvət olunmasına şərait yaradılıb. Bizim siyasətimiz konkret ölkələrə qarşı yönəlməyib, çoxşaxəli diplomatiya həyata keçirilir. Biz bütün dövlətlərlə, ölkələrlə dostluq etməyə çalışırıq və onlara Azərbaycana səfər etmələri üçün hər bir imkanı yaradırıq ki, gəlib Azərbaycan xalqının necə yaşamasının, Azərbaycanın çiçəklənməsinin şahidi olsunlar. Mən deputat və Rusiya icmasının sədri kimi tez-tez belə konfranslar və görüşlər keçirirəm. Hər il bizim Bakıda keçirdiyimiz rus dili ilə bağlı konfranslara bir çox ölkədən - Bolqarıstan, Polşa, Almaniya, Misir, Fransa, Rusiya, Qazaxıstan, Türkmənistan, Moldovadan professor-müəllim heyəti gəlir. Onlardan bir çoxu ilk dəfə Bakıya, Azərbaycana səfər edirdi. Biz onları avtobusla Xaçmaza, İsmayıllının İvanovka kəndinə apardıq. Onlar Azərbaycan xalqı, multikulturalizmi haqda çox böyük məlumat aldılar. Təbii ki, biz onlarla görüşlər zamanı Azərbaycan və Ermənistanı qarşı-qarşıya gətirdik, Ermənistanda rusların, rus dilinin və digər xalqların nə vəziyyətdə olduğu haqda məlumat veririk. Göstəririk ki, Ermənistan faktiki olaraq monoetnik dövlətə çevrilib, orada rusları sıxışdırırlar, orada, demək olarsa, bütün rus məktəbləri ləğv edilib, Ermənistan nasizmin carçısı olub. Bunun bariz nümunəsi Ermənistanda Hitlerlə işbirliyində olan Qaregin Njdeyə heykəlin qoyulmasıdır. Bu faktlar da rusiyalıları əmin edir. Təbii ki, biz bütün rusiyalılara məlumat verə bilmərik, lakin buraya gələn rusiyalılar kifayət qədər nüfuzlu şəxslərdir və onlar buradan getdikdən sonra Azərbaycanla bağlı həqiqəti danışa bilər.

- Ermənistan tərəfindən girov götürülən Şahbaz Quliyev və Rusiya vətəndaşı Dilqəm Əsgərovun azad olunması üçün Rusiya rəsmilərinə müraciətiniz olubmu?

- Bu məsələ ilə bağlı müraciət etmişəm, lakin heç bir nəticə əldə olunmayıb. Ombudsman Elmira Süleymanova da müraciət edib. Hələ ki, heç bir irəliləyiş yoxdur. Bu məsələ ilə bağlı Rusiya prezidenti və hökumətinə yox, amma Rusiyanın Ombudsmanı Tatyana Moskalkovaya müraciət etmişəm. O da buraya səfər edəndə bu məsələni müzakirə etmişik. Bildiyim qədərilə, T.Moskalkova bu məsələ ilə əlaqədar Nikol Paşinyanla danışmalı idi. Lakin Ermənistan israrla bu məsələni həll etmək istəmir. Bu, mənim səviyyəmdə həll olunmalı məsələ deyil. Mən bununla əlaqədar əvvəlki səfir Doroxinlə, Ombudsman Moskalkova ilə dəfələrlə danışmışam. Siz düşünürsünüz ki, mən Paşinyana yazsam, o, mənə qulaq asacaq? Bu məsələ ilə Rusiya tərəfi məşğul olmalıdır ki, ən azı öz vətəndaşını azad etsin. Burada səfərdə olan işçi qrupu ilə də danışıqlar apardıq. Gördüyünüz kimi, Tatyana Moskalkova Rusiyanın Ombudsmanı kimi bu məsələni həll etmir. Ona görə mən sizə deyə bilmərəm gələcəkdə necə olacaq. Ümid edirəm ki, gec, ya da tez bu məsələni həll edəcəyik.

- Ermənistanın Baş naziri Nikol Paşinyan iqtidara gəldikdən sonra sələflərindən fərqli olaraq, Rusiyaya münasibəti heç də yaxşı deyil...

- Nikol Paşinyan seçiləndə, biz Rusiyanın bu adamla ciddi danışıqlar aparılmayacağına qərar verəcəyini gözləyirdik, başlanğıcda bu elə belə idi. Paşinyan həm Rusiya, həm də bizim üçün anlaşılan deyildi. O, uzun illər boyu Dağlıq Qarabağ münaqişəsinin həlli üçün aparılan danışıqlar prosesini faktiki olaraq dağıtmağa başladı. İlk növbədə , Azərbaycan tərəfi üçün qəbuledilməz olan Qarabağ separatçıları ilə eyni masa arxasına əyləşmək fikrini irəli sürdü. Digərləri başqa təkliflər irəli sürməyə başladı. Məsələn, referendumun keçirilməsi ilə bağlı. Mən bununla əlaqədar Rusiyadan olan bəzi jurnalistlərə deyirəm ki, bütün azərbaycanlı əhalini qovub, sonra həmin ərazilərdə ermənilər arasında referendum keçirmək gülüncdür və ATƏT-in Minsk Qrupunun həmsədrləri qarşısında bu tip gülünc təkliflər irəli sürmək onu göstərir ki, Ermənistan münaqişənin həllindən boyun qaçırmağa çalışır. Rusiya Dövlət Dumasının deputatı Savelyevin irəli sürdüyü aydın mövqe və məşhur politoloq Sergey Markovun prinsipial mövqeyi mənim çox xoşuma gəlir. Onlar aydın şəkildə bildirirlər ki, münaqişənin həlli üzrə danışıqlar prosesinin irəliyə aparılması üçün öncə Dağlıq Qarabağ ətrafında yerləşən rayonları azad etmək lazımdır. Son zamanlar Paşinyan özü də nümayiş etdirdi ki, bu məsələni sülh yolu ilə həll etmək istəmir. Sözsüz ki, bizim Silahlı Qüvvələrimiz lazımı silahlarla tam təchiz olunub, döyüş ruhu çox yüksəkdir, ələlxüsus da biz Naxçıvanda bəzi əraziləri azad edəndən sonra. Bütün danışıqlar prosesini reallaşdıran Azərbaycanın prezidenti, bu prosesə nəzarət edən Xarici İşlər Nazirliyimiz var. Məncə, danışıqlar dalana dirənsə, bizim prezidentimizin qətiyyəti kifayət qədər yüksəkdir ki, ərazilərimizi hərbi yolla azad edilsin. Lakin biz sülhsevər ölkəyik və çalışırıq ki, bu məsələni tamamilə sülh yolu ilə həll edək. Sözsüz ki, bunun üçün zaman lazımdır.

- Bir az da xaricdəki Azərbaycan diasporunun vəziyyətindən danışaq. Rusiyadakı diaspor təşkilatlarımızın durumu necədir? Sizcə, diaspor təşkilatlarımız üzərinə düşən öhdəlikləri yerinə yetirə bilirmi?

- Məncə, bu sualı bizim diaspor təşkilatlarına, Ümumrusiya Azərbaycan Konqresini faktiki olaraq dağıdanlara və bizim digər təşkilatlara vermək lazımdır. Bizim diasporda o qədər ziddiyyət, o qədər qarşıdurma var ki, Azərbaycanda yaşaya-yaşaya onların işlərini necə qurmaları, Ümumrusiya Azərbaycan Konqresinin fəaliyyətinin bərpa edilməsi və ya hər hansı digər təşkilatı qeydiyyatdan keçirmələri haqda danışmağımız çox çətindir. Sizə deyim ki, Ümumrusiya Azərbaycan Konqresi dağılan zaman mən dəfələrlə Milli Məclisin iclaslarında çıxışlar etdim, Rusiya Prezidenti Vladimir Putinə, həmçinin Rusiya Dövlət Dumasının spikeri, ədliyyə naziri, prokuroruna qədər yüksək səviyyədə məktublar yazdım. Bakıda Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasinlə görüşdüm. O, mənə görüş zamanı dedi ki, Ümumrusiya Azərbaycan Konqresinin fəaliyyətinin bərpa edilməsi mümkün deyil. Mən soruşanda ki, niyə mümkün deyil, o, mənə dedi ki, qoy sizin diasporun Rusiyadakı azərbaycanlı liderləri bu məsələni öz aralarında həll etsinlər. Bu səbəbdən indi kimisə günahlandırmaq, Konqresin bağlanmasına səbəb olan sualtı səbəblər haqda fikir yürütmək mənim üçün çox çətindir. Bu haqda bizim mətbuatda kifayət qədər yazıblar, tənqid ediblər. Sadəcə, mənə çox pis təsir edir ki, belə güclü bir təşkilat bağlandı. Yeri gəlmişkən, bağlanmadan öncə təşkilat bir çox məsələləri həll etmək yolunda irəliləyirdi. O zaman yeni sədr – Ümumrusiya Azərbaycan Konqresinin prezidenti seçilmişdi. Mən əminəm ki, Ümumrusiya Azərbaycan Konqresinin fəaliyyətinin bərpa edilməməsi müəyyən azərbaycanlıların işidir. Bizim problemimiz ondan ibarətdir ki, biz müəyyən məsələləri dostluq şəraitində həll edə bilmədik. İndi mən Azərbaycan diasporunun liderləri ilə daim əlaqədəyəm. Ola bilər ki, yeni təşkilatı qeydiyyatdan keçirmək mümkün olacaq. Baxarıq, gələcək göstərəcək.

- Dəfələrlə deputat həmkarlarınız, təhsil ekspertləri Azərbaycanda orta məktəblərdə rus bölməsində təhsil alan uşaqların sayının çox olmasından şikayətlənirdilər. Hətta orta məktəblərdə rus bölmələrinin sayının azaldılması ilə bağlı çıxış edənlər də vardı. Sizin bu məsələyə münasibətiniz necədir?

- Bu haqda bizim prezidentimiz İlham Əliyev çox gözəl danışıb. O deyib ki, əgər cəmiyyətin ehtiyacı varsa, deməli, bunu təmin etmək lazımdır. Əgər rus dilinin öyrənilməsinə ehtiyac varsa, qoy rus dilini öyrənsinlər. İngilis dilinə ehtiyac varsa, ingilis dilini öyrənsinlər. Prezident bildirib ki, bu, cəmiyyətin ehtiyacıdır. Kimsə uşağını rus bölməsinə qoymaq istəmirsə, qoymayacaq, istəyirsə, qoyacaq. Lakin bu o demək deyil ki, əhali ölkənin dövlət dili olan Azərbaycan dilini bilməməlidir. Mən Kommunist Partiyasında çalışanda, Azərbaycanın rayonlarını kurasiya edəndə, bütün rayonlarda işlər Azərbaycan dilində görülürdü. Ona görə deyəndə ki, o dövrdə Azərbaycanda dövlət dili olan Azərbaycan dili sıxışdırılırdı, bu düzgün deyil. Sadəcə, Bakı, Sumqayıt, Gəncə kimi iri şəhərlərdə partiya orqanlarında iş rusca aparılırdı. Lakin respublikanın bütün rayonlarında iş yalnız Azərbaycan dilində aparılırdı. Rayonlarda konfranslar və iclaslar, bütün işlər Azərbaycan dilində keçirilirdi.

İndi də eyni hal baş verir. Hazırda dövlət dilimiz hər yerdə əsas dil kimi istifadə olunur. Bütün iclaslar, konfranslar Azərbaycan dilində keçirilir. Azərbaycanda bütün dövlət qurumlarında iş azərbaycanca aparılır. Əgər insan biznes və dövlət vəzifələrində irəli getmək istəyirsə, o, çox gözəl anlayır ki, rus və ya ingilis dilində təhsil almasından asılı olmayaraq, Azərbaycan dilini bilməlidir. Baxın, görün bizim necə gəncliyimiz var, onlar Azərbaycan dilini çox gözəl bilirlər, bütün toplantılar azərbaycanca keçirilir. Amma çox gözəl haldır ki, onların əksəriyyəti rus dilini də bilir. Prezident İlham Əliyev özü Azərbaycan, rus, ingilis illərini çox gözəl bilir. Hesab edirəm ki, gənclər nə qədər çox xarici dil bilsələr, onların bilikləri bir o qədər çox olacaq, onlar digər dövlətlərin Azərbaycana qarşı olan münasibətinə daha çox təsir göstərə biləcəklər.

ONA

Teqlər:

SON XƏBƏRLƏR