“ATƏT Parlament Assambleyasının Lüksemburqda keçirilən son sessiyasında fəaliyyətinə görə nümayəndə heyətimizə dərin təşəkkürümü bildirmək istəyirəm. Azərbaycan üçün ATƏT Parlament Assambleyasının çox gözəl sessiyası keçirildi”.
ONA-nın məlumatına görə, bunu bu gün Milli Məclisin növbədənkənar sessiyasının iclasında spiker Oqtay Əsədov bildirib.
Vitse-spiker, Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Bahar Muradova deyib ki, məqsəd davamlı inkişaf məqsədlərinə həsr olunmuş sessiyanda Dağlıq Qarabağ münaqişəsinin hazırkı durumu və status-kvonun dəyişməsinin zəruriliyi barədə məlumat vermək, illik sessiyanın gündəliyindəki məsələlər barədə təkliflər irəli sürmək, eyni zamanda ATƏT-in rəhbər qurumlara Azərbaycanın nümayəndəsinin seçilməsinə nail olmaq olub: “ATƏT PA-nın yekun Bəyannaməsində Azərbaycanın ərazi bütövlüyü barədə məsələlərin yer almasına nail olmalı idik. Azərbaycanın maraqlarını ifadə edən bir çox məsələ həm məruzədə, həm də məruzə əsasında hazırlanan Bəyannamədə əksini tapmışdı. Düzəliş və təkliflərimiz təqdim olunmuşdu. Geniş dəstək qazanmaq üçün 57 ölkənin nümayəndə heyətinə xüsusi məktublar göndərmiş, dəstək istəmişdik. Xarici işlər Nazirliyi də diplomatik missiyalara müvafiq tapşırıq vermişdi. Aparılan intensiv işin nəticəsi sessiyanın ilk günündə hiss olunmağa başlandı. Sessiyanın birinci iclası Daimi Komitənin iclası idi. Qeyd etdiyim məsələlərə dair istək və tövsiyələrimizi bildirdik. Yekun Bəyannamənin ikinci maddəsində qeyd edilib ki, ATƏT PA və üzv ölkələr ölkələrin suverenliyi, sərhədlərin toxunulmazlığı, münaqişələrin sülh yolu ilə həlli, beynəlxalq hüquqa vicdanla riayət olunmasına çalışmalıdır. Bu Bəyannamədə bütün məsələlər Azərbaycanın maraqları çərçivəsindədir. 10-cu maddədə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sülhün təmin olunması üçün ATƏT-in Minsk Qrupu davamlı səylər göstərməyə çağırılır. 25-ci maddədə isə daxili məcburi köçkün və qaçqınlara öz yaşadıqları yerlərə maneəsiz qayıtmağa çağırış yer alıb. Bir maddə də digərində irəli sürülən məsələləri tamamlayır”.
B. Muradova qeyd edib ki, əsas məsələ Siyasi Komitənin iclasında müzakirə olunan və Bəyannamənin 22-ci maddəsində yer alan məsələdir: “22-ci maddədə ilk dəfə Gürcüstan, Moldova, Ukrayna və Azərbaycandakı münaqişələrə eyni prizmadan yanaşılması əksini tapıb. Hər zaman Dağlıq Qarabağ münaqişəsi ayrı qeyd edilirdi. Ermənistan Dağlıq Qarabağ münaqişəsinin unikal məsələ olduğunu bildirirdi. İlk dəfə bu münaqişələr vahid maddədə toplandı və bir prizmadan qiymətləndirildi. ATƏT PA razılaşdırılmış format daxilində 4 ölkədə münaqişələrdə sülh əldə etmək məqsədilə danışıqları aktivləşdirməyə çağırır. Bu, sessiyadakı Bəyannamə ATƏT-in vahid mövqeyini göstərdi. Budan sonra ATƏT-in bu sənədinə istinad etməyə məcburdurlar. Bu sənəd ATƏT Nazirlər Şurasına təqdim olunub. Burada Dağlıq Qarabağ sözünün olmaması, münaqişə ölkələrinin adının, Azərbaycanın adının göstərilməsi vacib məqamdır. Məruzədə isə hətta işğal altındakı 7 rayonun da adı sadalanır”.
B. Muradova nəzərə çatdırıb ki, ermənilər dəfələrlə Bəyannamədən Azərbaycanın adının çıxarılmasına çalışıblar: “6 ölkə Azərbaycanın adının həmin maddədən çıxarılmasına səs verdi, 47 ölkə isə bunun əleyhinə çıxdı. Mən bu dəstəyə görə hər kəsə təşəkkür etmək istəyirəm. Münaqişələrin ölkələrin ərazi bütövlüyü çərçivəsində həlli istiqamətində artıq Azərbaycanın adını bu siyahıdan çıxarmaq mümkün olmayacaq”.
Vitse-spiker deyib ki, ATƏT PA üzv ölkələri konflikt zonalarında və işğal altındakı ərazilərdə əziyyət çəkən insanların, qaçqın və məcburi köçkünlərin maraqlarını nəzərə almağa çağırır: “Həmçinin işğalçı ölkələri öhdəliklərə diqqət yetirməyə, insan haqlarını pozmamağa da çağırılır. Bu gün Ermənistan tərəfi işğalçı kimi Dağlıq Qarabağdakı ermənilərin hüquqlarının pozulmasına görə də Ermənistan məsuliyyət daşıyır. 67-ci maddədə qeyd edilir ki, qaçqın və məcburi köçkünlərin öz yaşayış yerlərinə könüllü qayıdış hüququ təmin olunmalıdır. Həmin insanların pozulmuş hüquqlarının bərpası tələb olunur. Bu Bəyannaməyə səs verən 57 ölkə Azərbaycanın mövqeyini müdafiə etmiş oldu”.
B. Muradova Azay Quliyevin yenidən ATƏT PA-nın vitse-prezidenti seçilməsinin də böyük uğur olduğunu vurğulyaıb.
Spiker O. Əsədov əldə olunan nailiyyətləri yüksək qiymətləndirib və A. Quliyevi təbrik edib.