• SİYASƏT

    18:34 15 iyun 2021

Prezident: “Azərbaycan Türkiyə kimi müttəfiqi olmasından ruhlanaraq İkinci Qarabağ savaşında tarixi missiyanı yerinə yetirdi”

“İkinci Qarabağ müharibəsi tarixdə qaldı, 44 günlük müharibə nəticəsində Ermənistan ordusu tam məhv edildi, Ermənistan diz çökdü, ağ bayraq qaldırdı, təslim oldu və məcbur olub Şuşa alınandan sonra kapitulyasiya aktına imza atdı və digər bizim bölgələrimiz bir atəş açılmadan özümüzə qaytarıldı”.

APA-nın məlumatına görə, bunu Prezident İlham Əliyev bu gün Şuşada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birgə keçirilən mətbuat konfransında deyib.

Dövlət başçısı bildirib ki, 30 ilə yaxın davam edən işğala son qoyulub, Azərbaycan qardaş Türkiyənin dəstəyi ilə buna son qoyub: “30 il ərzində aparılan danışıqlar sıfır nəticə hasil etdi. Bu bir daha onu göstərir ki, iradə, əzmkarlıq, güc olan yerdə və ədalət olan yerdə hər şeyi əldə etmək mümkündür. Əlbəttə, Türkiyə kimi müttəfiqi olan Azərbaycan İkinci Qarabağ savaşında bundan ruhlanaraq tarixi missiyanı yerinə yetirdi, ədaləti bərpa etdi, ərazi bütövlüyünü bərpa etdi. İndi isə yeni dövr başlayır. Əziz qardaşımla bu gün Füzuli şəhərində görüşərək Füzulinin dağılmış mənzərəsini göstərdim. Füzuli şəhəri yoxdur. Orada bir dənə də salamat bina yoxdur. Mənfur düşmən bütün binaları yerlə bir edib. Ağdam da elə vəziyyətdədir. Bizim tarixi abidələrimizi yıxıb söküb və talan ediblər. Şuşa şəhəri görün nə gündədir. Şuşa tarixi şəhərdir. 28 il işğal dövründə burada bir dənə də bina tikilməyib. Mən əziz qardaşıma burada Şuşa valiliyinin binasını göstərirəm. Mənim rəhmətlik atamın dövründə tikilib. Ya onun dövründə tikilib, ya da ki, Pənahəli xan, İbrahimxəlil xan dövründə tikilmişdir. Mənfur düşmən bir daşı daş üstə qoymamışdır. Şuşanın dağıdılmış yerlərini siz görürsünüz. Hələ biz bura əl gəzdirmişik. İlk dəfə biz bura gələndə şəhər tamamilə dağılmış vəziyyətdə idi. Şuşa tarixi Azərbaycan şəhəridir. Çünki 1752-ci ildə Pənahəli xan bu şəhərin təməlini qoyub. Ondan sonra bütün dövrlərdə Şuşada yaşayan əhalinin 98%-i azərbaycanlılar olub. Və 30 işğal altında qalmasına baxmayaraq, Şuşa əyilmədi, öz milli ruhunu qoruya bildi, ləyaqətini qoruya bildi. Biz də gəldik, Şuşanı azad etdik. Bu gün bu tarixi şəhərdə qardaş ölkənin cumhurbaşkanı bizim qonağımızdır və hiss etdiyimiz duyğuları sözlərlə ifadə etmək mümkün deyil. Mən əminəm ki, hər bir gələn insan burada eyni duyğuları hiss edir və bu çox duyğusal günləri yaşadığımız üçün ulu tanrıya minnətdarıq.

Əziz qardaşım, biz Sizi Şuşada səbirsizliklə gözləyirdik. Mən Sizi dəvət etmişdim. Biz iki dövlətin prezidenti olaraq, keçən ilin dekabr ayında birlikdə hərbi paradı qəbul edərkən razılaşdıq ki, növbəti görüş burada olacaq və belə də oldu. Bir daha xoş gəlmişsiniz, doğma vətəninizə xoş gəlmişsiniz, Şuşamıza xoş gəlmisiniz. Türkiyə-Azərbaycan birliyi, qardaşlığı əbədidir”.

ONA

Teqlər:

SON XƏBƏRLƏR