“Sosial dəstək bundan sonra da davam etdiriləcək. Bir daha demək istəyirəm ki, bizim bu xəstəliklə bağlı əsas məqsədimiz insanların sağlamlığıdır. Bununla eyni əhəmiyyət daşıyan insanların sosial vəziyyətidir və biz bunu təmin edirik”.
APA-nın xəbərinə görə, bunu Prezident İlham Əliyev bu gün Azərbaycanda koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı videoformatda keçirilən müşavirədə çıxışı zamanı deyib.
Azərbaycan Prezidenti bildirib ki, ondan sonra əhəmiyyət baxımından bizim iqtisadi vəziyyətimiz, iqtisadi inkişafımız, iqtisadiyyatın dayanıqlılığı və biznes dairələrinə göstərilən dəstək, postpandemiya dövrünə hazırlıq gəlir: “Halbuki heç kim deyə bilməz ki, postpandemiya dövrü nə vaxt başlayacaq. Ümumiyyətlə, hesab edirəm ki, indi proqnoz verməyə heç kim cəsarət etməz. Ancaq hər halda, biz buna da hazır olmalıyıq. Yeni fəaliyyətə başlayan biznes sahələri dövlətin dəstəyini nəzərə alaraq gərək artıq öz gələcək planlarını elə qursunlar ki, ölkənin ümumi iqtisadiyyatında canlanma daha da tez baş versin. Mən yenə də qeyd etmək istəyirəm ki, bizim bu sahədə itkilərimiz var. Ancaq bu itkilər daha genişmiqyaslı ola bilərdi. Bizim iqtisadiyyatımız altı ayda cəmi 2,7 faiz aşağı düşüb. Burada, eyni zamanda, neftin qiymətinin aşağı düşməsi də rol oynayıb. Eyni zamanda, OPEC+ çərçivəsində götürdüyümüz öhdəliklər də öz rolunu oynadı. Çünki biz hasilatı ixtisar etdik. İndi bəzi inkişaf etmiş ölkələrdə iqtisadi tənəzzül 10 faiz, 14 faiz, 20 faiz, ondan da çoxdur. Əlbəttə ki, bu ölkələrə baxdıqda bizdə vəziyyət daha yaxşıdır. Ancaq yenə də iqtisadi inkişafımız təmin edilməlidir. Hesab edirəm ki, bu ilin sonuna qədər görüləcək işlər, xüsusilə, sahibkarlıqla bağlı olan işlər, eyni zamanda, dövlət şirkətlərinin idarə edilməsi istiqamətində atılacaq addımlar bu iqtisadi canlanmanı təmin etməlidir, itkiləri azaltmalıdır. Dövlət şirkətlərində itkilər kifayət qədər böyükdür. İndi, baxın, bizim qaz itkiləri, düzdür, son vaxtlar azalıb, ancaq yenə də dözülməz həddədir. Bizim su itkiləri. Su məsələlərinin həlli ilə bağlı xüsusi müşavirə keçirmişdim, Tədbirlər Planı qəbul edilib və artıq icra olunur. Amma itkilər 40-50 faiz səviyyəsindədir. Elektrik xətlərindəki itkilər də, əlbəttə ki, bizi narahat edir. Baxmayaraq ki, son vaxtlar bu sahəyə böyük vəsait qoyulub, müasir infrastruktur yaradılıb, lakin yenə də itkilər var. Amma özəl sektorda əgər itki varsa, bu özəl sektorun subyekti müflisləşir, biznesini bağlayır və heç kim bunun köməyinə gəlmir. Amma dövlət şirkətləri öyrəşiblər ki, onların bütün qüsurları, bütün itkiləri dövlət tərəfindən bağlanacaq. Hətta ölkəmizdə qazlaşdırma dövlət büdcəsi hesabına aparılır. Halbuki bu, Dövlət Neft Şirkətinin bilavasitə vəzifəsidir. Biz bu il dövlət büdcəsində kəndlərin qazlaşdırılması üçün 100 milyon manat vəsait nəzərdə tuturuq. Yaxşı, əgər dövlət bunu edirsə, onda Dövlət Neft Şirkəti nə ilə məşğuldur. Axı, bu, bilavasitə onun işidir, onun vəzifəsidir.