Azərbaycanda səfərdə olan Xorvatiya Baş nazirin müavini, Xarici İşlər və Avropa məsələləri naziri Mariya Peyçinoviç Buriçin ONA-ya müsahibəsi
- Xorvatiya Prezidenti Kolinda Qrabar-Kitaroviç Azərbaycan Prezidenti İlham Əliyevlə keçən ilki görüşündə Xorvatiyanın Aİ-də Azərbaycanın əsl dostu olaraq qalacağını və Azərbaycanın Aİ ilə fərdi münasibətləri inkişaf etdirmək qərarını dəstəklədiyini bildirmişdi. Hörmətli nazir, Avropa İttifaqı ilə Azərbaycan arasında və Xorvatiya ilə Azərbaycan arasında münasibətləri necə qiymətləndirirsiniz?
- Ölkələrimiz arasında əla dostluq əlaqələrinin olduğunu təsdiqləmək istərdim. Bakıya səfərim 2013-cü ilin Strateji Əməkdaşlıq haqqında Bəyannaməyə uyğun olaraq, genişmiqyaslı məsələləri, o cümlədən iqtisadi əməkdaşlığımızı, qlobal və regional, həmçinin çoxtərəfli formatda əməkdaşlığı müzakirə etmək üçün daha bir fürsətdir. Paytaxtınızda olduğum müddətdə keçiriləcək Biznes Forum iş adamlarımızın əməkdaşlığa olan marağını göstərir.
Biz mövcud iqtisadi əməkdaşlığımızı davam etdirmək üçün daim üsullar axtarırıq. İnanırıq ki, Xorvatiya ilə Azərbaycan arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın ikinci iclasının keçirilməsi mövcud əməkdaşlığı gücləndirəcək, eyni zamanda yeni biznes imkanları yaradacaq.
Burada, həmçinin, Aİ ilə Azərbaycan arasında yeni və iddialı hərtərəfli sazişə dair aparılan danışıqlara dəstəyimi ifadə etmək istərdim. Danışıqlar son mərhələdədir və tamamlanan kimi Aİ ilə əməkdaşlığın yeni çərçivəsini yaradacaq.
Bu saziş, həmçinin, Şərq Tərəfdaşlığı çərçivəsində əməkdaşlıq üçün yeni yollar açacaq. Azərbaycan prezidentinin səfəri zamanı görüşümüzdə bu il 10 illik yubileyini qeyd edən Şərq Tərəfdaşlığının çoxtərəfli çərçivəsini də müzakirə etmək şansımız oldu.
- Xorvatiya və Azərbaycan hansı sahələrdə daha güclü əməkdaşlığa malikdir?
- Bizim enerji sahəsində yaxşı əməkdaşlığımız var və biz bu əməkdaşlığın gələcəkdə daha da güclənməsini gözləyirik. Misal kimi, xorvat transmilli operatoru Plinacro və SOCAR arasında IAP layihəsinin inkişafı üzrə əməkdaşlığını qeyd edə bilərik.
Ötən illərdə informasiya texnologiyaları, kənd təsərrüfatı və idman sahələrində daha sıx əməkdaşlıq, eləcə də Azərbaycanın regionları və şəhərləri ilə Xorvatiya arasında əməkdaşlıq qurulub.
- Prezident Qrabar-Kitaroviç ötən il Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə iki ölkə arasında müdafiə sənayesi əməkdaşlığın dərinləşdirilməsi üçün imkanların olduğunu bildirmişdi. İki ölkə arasında müdafiə sənayesi əməkdaşlığı haqqında nə deyə bilərsiniz?
- Xorvatiyanın müdafiə sənayesi və digər dəstəkləyici sənayelərdə uzun müddətli, dünya miqyasında qəbul edilmiş təcrübəsini nəzərə alaraq, bu sahədə əməkdaşlıq üçün imkanların olduğunu deyə bilərəm. Vurğulamaq istərdim ki, xorvat şirkətləri geniş çeşiddə məhsullar təklif edir. Bunlara minatəmizləmə maşınları, patrul qayıqları, qoruyucu dəbilqələr, hərbi və polis uniformaları, qış ayaqqabıları və topuqluqlar, ballistik jilet və digər ixtisaslaşdırılmış avadanlıq daxildir.
- Xanım Nazir, siz Avropa Şurasının baş katibi vəzifəsinə namizədlər siyahısındasınız. Seçilsəniz prioritetləriniz nə olacaq?
- Baş katib seçiləcəyim təqdirdə mənim birinci və ən vacib öncəliyim Avropa Şurasının standartlarını və dəyərlərini qorumaq, yenidən təsdiq etmək, eyni zamanda üzv dövlətlərdə Avropa Şurasının rolunu gücləndirmək olacaq. Mən bütün səylərimi İnsan Hüquqları üzrə Avropa Konvensiyası sisteminin səmərəliliyinin və davamlılığının təmin edilməsinə və təşkilatın müsbət imicinin gücləndirilməsinə sərf edəcəyəm. İnanıram ki, Avropa Şurası ilə ATƏT, BMT və Aİ kimi digər beynəlxalq təşkilatlar arasında əməkdaşlığın gücləndirilməsi olduqca vacibdir. Mən, həmçinin, vətəndaş cəmiyyəti və gənclər təşkilatları ilə əməkdaşlığı da davam etdirəcəyəm.
Eyni zamanda təşkilatda davam edən islahatlar, Avropa Şurasının uzunmüddətli maliyyə davamlılığının təmin edilməsi və Avropa Şurasının əsas qurumları arasında sinerjinin yaradılması kimi Avropa Şurası ilə bağlı bir sıra problemlər var ki, onlar həll edilməlidir.
- Bu günlərdə Avropa İttifaqının “Brexit”, sağ meylli və populist hərəkatların yaranması kimi bir sıra problemlə üz-üzə qaldığını müşahidə edirik. Avropa İttifaqının üzv dövlətinin Xarici İşlər naziri kimi Sizin bu barədə düşüncələriniz nələrdir?
- Avropa İttifaqı yarandığı tarixdən bir sıra çətinliklə üzləşir. Avropa layihəsinin uğurunun əsas səbəbi üzv dövlətlər arasında birlik, inam və həmrəyliyin olmasındadır. Bizim ortaq dəyərlərimiz bizə Avropanı sülh, rifah və təhlükəsizlik qitəsi etməyə imkan verdi. Sağ meylli və populist cərəyanların inkişafı İkinci Dünya müharibəsindən sonra yaranan və inkişaf edən Avropa layihəsini təhlükə altına qoyur.
Ən uğurlu sülh və tərəqqi layihəsini daha da inkişaf etdirmək üçün biz öz vətəndaşlarımız üçün önəmli olan bir sıra məsələlərə, o cümlədən yeni iş yerlərinin yaradılması, ekstremizm və terrorizm təhlükələrinə qarşı mübarizə və qeyri-qanuni miqrasiya problemlərinin həlli ilə bağlı olan suallara düzgün cavablar tapmalıyıq.
Bunun üçün Avropa Qonşuluq Siyasəti çərçivəsində tərəfdaşlıq etdiyimiz ölkələrlə, o cümlədən Azərbaycanla sıx əməkdaşlıq olduqca vacibdir.
Avropa İttifaqına üzv ölkə kimi düşünürük ki, “Brexit” müəyyən qaydalar əsasında olmalıdır. Belə ki, qarşılıqlı razılaşma olmadan həyata keçəcək “Brexit” hər iki tərəfin vətəndaşları üçün çox ciddi təhlükələr və qeyri-müəyyənliklər yaradacaq. Buna görə də bizim düşüncəmiz ondan ibarətdir ki, hər iki tərəflə razılaşdırılmış, İttifaqdan Çıxış Razılaşmasının əldə olunması Böyük Britaniyanın Avropa İttifaqından qaydalar çərçivəsində çıxışını təmin edəcək. Biz İttifaqdan Çıxış Razılaşmasının yenidən danışıqlara açılmasının qəti əleyhinəyik. Hələ də Böyük Britaniyanın İttifaqdan çıxması ilə bağlı qeyri-müəyyənliklər mövcuddur və Xorvatiya istənilən nəticəyə yönəlik hazırlıqlarını davam etdirir.
- İonik-Adriatik qaz kəmərinin (İAP) layihəsinin həyata keçirilməsi üçün yeni şirkət yaradılmalıydı. Keçən il Xorvatiya, Albaniya, Montenoqro və Azərbaycan qaz boru xətti layihəsi üzrə birgə müəssisə yaradılmasıba dair razılığa gəlmişdi. Bu istiqamətdə hər hansı irəliləyiş varmı?
- Cənubi Qaz Dəhlizinin 5-ci Məşvərət Şurası çərçivəsində İonik-Adriatik qaz kəmərinin (İAP) Layihə İdarə Edilməsi Qrupunun iclası Bakıda bu il fevralın 20-də keçirilib. Tədbirdə Albaniya, Xorvatiya, Monteneqro və SOCAR-ın Balkan ölkələrindəki törəmə şirkətinin ("SOCAR Balkans") nümayəndələri iştirak edib. İclasda İAP Layihəsi Şirkətinin yaranmasında olan inkişaf və layihənin fəaliyyət planının həyata keçirilməsi statusu müzakirə olunub. Belə nəticəyə gəlinib ki, layihə şirkətinin hüquqi prosedurları demək olar ki, tamamlanıb, iştirakçı şirkətlər müvafiq sənədləri aidiyyəti dövlətlərin nazirlərinə təsdiq olunması üçün təqdim edib. Əminəm ki, İAP Layihə Şirkətinin tezliklə Xorvatiyanın Split şəhərində baş qərargahı yaradılacaq.
- Xorvatiya Azərbaycana nə zaman yeni səfir təyin edəcək?
- Bakıya səfərim çərçivəsində səfirliyimizi açırıq və yeni səfirin təyin olunması prosedurları başlayır. Buna görə də inanıram ki, səfir yaxın gələcəkdə təyin olunacaq.