• SİYASƏT

    12:22 22 fevral 2023

Xoy şəhəri: Azərbaycançılığın alınmaz qalası və azadlıq səngəri - GÜNEY AZƏRBAYCANI TANI

APA “Güney Azərbaycanı tanı” adlı yeni layihəyə başlayır. Layihənin məqsədi Güney Azərbaycanın tarixi, coğrafiyası, mədəniyyəti, abidələri, əhalisinin həyat tərzi və məişəti haqqında ətraflı məlumat təqdim etməkdir.

APA bu layihə çərçivəsində Məhəmməd Rəhmanifərin Xoy şəhərindən bəhs edən yazısını təqdim edir.

Xoy şəhəri

Xoy şəhəri Qərbi Azərbaycan əyalətinin mərkəzi sayılan Urmiyadan sonra ən böyük və ən sıx məskunlaşan yaşayış məntəqəsidir. Qeyd etmək lazımdır ki, İranda ölkə inzibati ərazi bölgüsünə görə Güney Azərbaycan bölgəsi Qərbi Azərbaycan, Şərqi Azərbaycan, Ərdəbil, Zəncan, Əlburz, Qəzvin və Həmədan əyalətlərinə (ostanlarına) bölünür. Xoy şəhəri əslində Xoy rayonunun (şəhristan) mərkəzində yerləşir və bu rayonun Perə (Firurəq), Dizə Diz, Qotur, Zorava və Evoğlu kimi daha kiçik şəhərləri ilə əhatə olunub. Xoy şəhəri uca dağlarla əhatə olunmuş geniş düzənlikdə yerləşir və bu səbəbdən onu "Xoy Çuxuru" da adlandırırlar.

2017-ci ilin siyahıyaalınmasına əsasən, Xoy şəhərinin əhalisi 198 845 nəfərə, Xoy rayonunun əhalisi isə 348 664 nəfərə bərabərdir. Xoy şəhərinin əhalisinin böyük əksəriyyəti Azərbaycan türkcəsində danışır.

Xoy Azərbaycanın ən qədim şəhərlərindən biri sayılır. Çox güman ki, qədim Urartu sivilizasiyasına aid mənbələrdə adı çəkilən Ulxo həmin Xoy şəhəri olub. İ. M. Diakonova görə, “Sanqi Butu” adlanan Xoy, Qotur və Mərənd bölgəsi Urartu dövlətinin ən abad və ən sıx məskunlaşdığı ərazilərdən biri idi. Bu ərazidə Urartu sivilizasiyasına aid əsərlərin aşkarlanması səbəbsiz deyil. Urartu dövlətinin ən güclü qalalarından biri kimi tanınan Bastam (Basdam/Başdan) qalasının bu ərazidə yerləşməsi bu bölgənin əzəmətli qədim tarixinin sübutudur.

Xoy şəhərinin adının kökəni haqqında uzun zamanlardan bəri ciddi müzakirələr olsa da, bu mövzuda hələ də son söz deyilməyib. Güney Azərbaycan tarixini farslaşdırmağa çalışan İran tarixçiləri Xoy sözü fars dilində heç bir anlam daşımadığı üçün onun kökünü erməni dilinə bağlamağa çalışırlar. Ümumiyyətlə, İran tarixşünaslığı hər hansı bir tarixi məsələnin varlığını farsların keçmişi ilə əlaqələndirə bilmədikdə, Azərbaycan türklərinin tarixi varlığını inkar etmək üçün, onu həmişə erməni, yaxud kürdlərə aid etməyə çalışırlar. Halbuki ermənilərin özləri tarixi qaynaqlarında bu şəhəri Xoy kimi yox, “Hir” kimi qeydə alıblar. Bunu da demək olar ki, hardasa rayonun bütün toponimləri, o cümlədən dağ, çay, düzənlik, kənd adları istisnasız olaraq Azərbaycan türkcəsindədir.

Fikrimizcə, Xoy adının mənasını tapmaq istəyiriksə də, ilk növbədə bu adı Urartu dili əsasında araşdırmaq lazımdır.

Xoyun İpək yolu istiqaməti üzərində yerləşməsi bu şəhərə xüsusi tarixi və iqtisadi status qazandırıb. İbn Hovqəl, Naser Xosrov və Həmdullah Mostofi kimi bir çox səyahətçi və coğrafiyaşünaslar əsərlərində bu şəhərin gözəllik və tərəqqisindən bəhs ediblər. İbn Hovqəl Xoy əhalisi haqqında yazır: “Bu şəhərin mülayim və münasib iqlimi ehtiyac anlarında cəsur və qorxmaz olan mülayim insanlar yetişdirib”.

Həmdullah Mostofi isə yazır: “Onun əhalisi ağ üzlü və Xətayi qılıqlıdır və buna görə Xoy İranın Türküstanı adlanır”.

Azərbaycanın ən adlım şairlərindən olan Xaqani farsca şeirlərinin birində “Qiblə bir olsa da, Xaqani/Rey ilə Xoyu fırlanan qiblə san!”, – yazıb.

Xoy Malazgird döyüşü başlamamışdan əvvəl Səlcuqlu Sultanı Alp Arslanın ordusunun qərargahı idi və əslində Sultan Alp Arslan ​​Roma imperatoru ilə döyüşmək üçün bu nöqtədən Malazgirdə sarı hərəkət etmişdi. Xoy şəhəri bütün tarixi dövrlərdə mühüm rol kəsb etsə də, Səfəvilər dövründə əhəmiyyəti iki dəfə artmışdı. Tarixi sənədlərə görə, Xoy şəhəri Şah İsmayıl Xətainin yay iqamətgahı olub. Hətta bu şəhərdə Şəms Təbrizinin türbəsindəki minarəni bəzəyən buynuzların Şah İsmayılın Xoyda ovladığı qoçların buynuzları olduğu iddia edilir. Bu əhvalatın doğru, yoxsa yalan olması ilə heç bir işimiz yoxdur, amma hər halda bilirik ki, Xoy şəhəri Çaldıranın yaxınlığında yerləşir və Çaldıran döyüşündə Səfəvilərin dəstək mərkəzi olub. Çaldıran savaşında Səfəvilərin məğlubiyyətindən sonra Azərbaycanın bəzi şəhərləri kimi Xoy da bir müddət Osmanlı qüvvələrinin əlində qaldı. Təbii ki, Xoy Səfəvi və Osmanlı imperiyalarının sərhədində yerləşdiyi üçün bir neçə dəfə gah birinin, gah da digərinin tabeliyinə keçib.

Qacarlarla ruslar arasında uzun sürən müharibələr zamanı bu şəhər cəsur Qacar ​​sərkərdəsi Abbas Mirzənin diqqət mərkəzində olub və qeyd olunan dövrdə Abbas Mirzə həm dövlət, həm də müharibə işlərini idarə etmək üçün dəfələrlə Xoyda qalıb, hətta Təbriz şəhərinin rusların əlinə keçməsi xəbərini eşidəndə hələ bu şəhərdə idi. Təəssüf ki, o müharibələr Azərbaycanın ikiyə bölünməsinə səbəb oldu.

Xoyun şair və sənətkarları Cənubi Azərbaycanın digər şəhərlərinin şair və sənətkarları kimi həsrət və ya ayrılıq ədəbiyyatının öncülləri olublar. Əsas mövzusu Azərbaycanın ikiyə bölünməsi olan bu ədəbi nümunələr Cənubi Azərbaycanın Şimali Azərbaycandakı bacı-qardaşlarına olan həsrəti dilə gətirir. Yadımdan çıxmır, yeniyetmə vaxtımda xoylu bir şairin şeiri dillər əzbəriydi:

“Ay şanlı Araz ax ki canım qaldı o tayda

Səs ver səsimə Naxçıvanım qaldı o tayda...”

Bu milli oyanış ruhu son illərdə xeyli yüksəlib və bir çox gənc Azərbaycanın digər şəhərlərindən olan həmyaşıdları kimi, hökumətin bütün maneə və sərtliklərinə baxmayaraq, azərbaycanlı olduqlarını, mədəniyyətlərini, tarixlərini və dillərini qoruyub saxlamağa çalışırlar. Əslində, Xoy həmişə azadlıq səngəri və Azərbaycançılığın alınmaz qalası olub. 1918-ci ildə ermənilər assurlarla birlikdə Urmiya və Salmasda qanlı fəlakətlər törədərək minlərlə günahsız azərbaycanlını qətlə yetirəndə xoylular şiddətli müqavimət göstərib və Andranikin qoşunlarının Xoya girməsinin qarşısını alaraq erməniləri ağır məğlubiyyətə uğratmışdılar. Qeyd etmək lazımdır ki, ermənilər Xoy şəhərini mühasirəyə aldıqlarında Osmanlı ordusu Urmiyanı xilas etmək üçün o şəhərə tərəf hərəkət etməkdəydi, amma mühasirədən xəbər tutanda yollarını Xoy şəhərinə sarı dəyişdilər. Bu əsnada şəhər əhalisi Osmanlılar gələnə qədər əllərində olan azsaylı silahlarla müqavimət göstərdilər. Osmanlı ordusunun gəlişi ilə xalq enerji və ruh yüksəkliyi taparaq Andranikin çoxsaylı qüvvələrini darmadağın etdi. Bu gün də xoylular gözü Azərbaycan ərazisində olan bəzi terrorçu qruplara deyirlər ki, tarixdən dərs alın. Biz eyni millətik ki, Andranikin silahlı qüvvələrini minimum imkanlar və silahlarla dayandırdıq və darmadağın etdik.

Xoy şəhərinin tarixi əsərləri

Bu şəhərin müxtəlif yerlərində yerləşən tarixi abidələr turistik məkan rolunu oynamaqla yanaşı, həm də bu şəhərin tarixinin enişli-yoxuşlu yollarından xəbər verir. Yerli əhalinin “Qala qapısı” adlandırdığı qədim Xoy şəhərinin daş qapısı moğol Elxanları dövründən bu günə qədər müxtəlif tarixi hadisələrin şahidi və müşahidəçisi olub. Ola bilsin ki, bu qapının müasir dövrdə şəhərin tarixi divarının dağıdılmasından əvvəl şahidi olduğu sonuncu hekayə 1918-ci ildə Xoy xalqının ermənilərə qarşı müqavimətinin hekayəsiymiş. Bu hekayə ondan ibarət idi ki, qapılar və şəhər divarı Andranikin qoşunlarının şəhərə daxil olmasına mane oldu.

Xoy həmişə müharibə şəhəri olmayıb. Daha doğrusu, daha əvvəl qeyd edildiyi kimi, bu şəhərin İpək yolu üzərində yerləşməsi bu şəhərin ticarət fonundan xəbər verir. Şanlı Səfəvi və Qacar ​​dövrlərinin yadigarı olan Xoyun üstüörtülü (qapalı) bazarı hələ də şəhərin ticarət mərkəzi hesab olunur. Xoyun üstüörtülü bazarında 5 tarixi karvansara da var ki, bu da şəhərin keçmişdəki iqtisadi tərəqqisindən xəbər verirlər.

Məşhur Azərbaycan sufi alimi Şəmsi Təbrizinin məzarı Xoyun gözəlliklərindən biridir. Bəzi rəvayətlərə görə, məşhur şair Mövlana Cəlaləddin Ruminin ətrafındakı təəssübkeşlər ikinci dəfə Şəms Təbrizini rədd etdikləri zaman o, Xoy şəhərinə tərəf üz tutaraq burada məskunlaşdı. Qoç buynuzları ilə bəzədilmiş minarə bu məşhur sufinin məzarını bəzəyir. Bəzi tarixi sənədlərdə Səfəvilər dövründə bu minarələrin sayının 3 olduğu, Qacar ​​dövrünün ortalarında buranı ziyarət edən avropalı turistlər isə onların sayının iki olduğunu yazıblar. Təəssüf ki, təbiətin əlləri zamanla daha iki minarəni dağıdıb və onlardan yalnız biri bu günə qədər dayana bilib.

Bu şəhərdəki digər görkəmli tarixi əsərlər sırasında Xatun körpüsünü və bəzi məscidləri və tarixi binaları qeyd etmək olar. Bu şəhərin təbii görməli yerləri və mülayim iqlimi ilə yanaşı, çoxsaylı tarixi abidələrin olması turistlərin bu şəhərə cəlb olunması üçün yaxşı zəmin yaradır, təəssüf ki, indiki vəziyyətdə İran hökumətindən bu iş üçün heç bir iradə görünmür.

Adət və ənənələr

Baxmayaraq ki, son yüz ildə İranın mərkəzi hökuməti Güney Azərbaycan xalqını assimilyasiya etməyə çalışıb, Azərbaycanın mədəniyyəti və dili bu şəhərdə və Azərbaycanın digər şəhərlərində hələ də yaşamaqdadır. Azərbaycan rəqsi və musiqisi, azərbaycanlı həvəskarların çıxışları, aşıqların ifaları, bayatılar, Azərbaycan muğamı, çərşənbə mərasimləri, Novruz bayramı, sayaçılar, kosa, təkəmçilər, Çillə gecəsi, “Koroğlu” dastanı kimi adətlər, dəb və ənənələr yaşadıqca demək ki, Azərbaycan hələ də bu şəhərdə yaşayır.

Xoyun rəmzi

Xoy bal, günəbaxan toxumu, qızılgül və gülab istehsalının mərkəzidir. Bundan başqa, kənd təsərrüfatı məhsullarının böyük hissəsi və bütün növ meyvələr bu şəhərin tarla və bağlarında yetişir. Bu şəhərin tarlalarında günəbaxanın bolluğuna görə günəbaxan çiçəyi Xoyun simvolu kimi tanınır. Hətta bu şəhərin hava limanının idarəetmə qülləsi günəbaxan şəklində layihələndirilib və tikilib. Bunlarla yanaşı, Təbriz xalçası ilə birlikdə Xoyun əllə toxunan xalçaları da dünyada məşhurdur.

Yazımı bu cümlə ilə bitirmək istəyirəm ki, Xoyun ən mühüm xüsusiyyəti Azərbaycan mədəniyyətini, kimliyini, tarixini, dilini qoruyub saxlayan gənclərinin olmasıdır. Bu gənclər olduqca Azərbaycana zaval gəlməz!

ONA

Teqlər:

SON XƏBƏRLƏR