• SOSİAL

    15:44 3 may 2019

Akkan Süver: "Türkiyədəki miqrantların çoxu oxumaq-yazmaq bilmir"

Bakıda keçirilən “Ayrı-seçkilik, qeyri-bərabərlik və zorakı münaqişəyə qarşı fəaliyyət naminə dialoq quraq” şüarı altında 5-ci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində "Miqrasiya, yerdəyişmə və insan təhlükəsizliyi" mövzusunda panel müzakirəsi keçirilib.

ONA-nın məlumatına görə, paneldə çıxış edən Monteneqronun daxili işlər naziri Mevludin Nuhodzic deyub ki, Monteneqro Qərbi Balkanlarda təhlükəsizliyi təmin edən ölkədir.

Onun sözlərinə görə, ölkəsi hər zaman təhlükəsizliyə və universal bəşəri dəyərlərə xüsusi diqqət yönəldib: “Monteneqronun yeni vətəndaşları bu tələblərə cavab verib. Xaricilərin müdafiəsi ilə bağlı yenin qanun işləmişik. Orada bütün insan haqlarının qorunması əks olunur. Bununla da digər cəmiyyətdən olan insanları cəmiyyətimizə inteqrasiya etməyə çalışırıq. Biz ksenofobiya və dözümsüzlüyü aradan qaldırmaq istəyirik. Monteneqro bu cür siyasətin bariz nümunəsidir. İndiyə kimi qaçqın və məcburi köçkünlərlə bağlı siyasətimiz vacib sayılır. Biz müxtəlif etnik və dini qruplara ev sahibliyi edirik. Monteneqro heterogen ölkədir və dialoqu təşviq edir. Biz miqrantları özgələşdirməməli, onlara qayğı göstərməliyik. Monteneqro səmərəli miqrant siyasətinin idarə olunması ilə bağlı səyləri də dəstəkləyir”.

Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov deyib ki, dünyada indiyə qədər olmadığı qədər miqrant var. O bildirib ki, miqrasiya eyni zamanda inkişafa dəstək verir: "Dünyanın istənilən ölkəsi miqrasiya siyasətindən maksimum yararlanmaq istəyir. Müxtəlif ölkələrdə bu məsələ ilə bağlı bir birinə zidd fikirlər var. Təəssüf ki, indiki dövrdə insanlar doğru istiqamətdə hərəkət etmir. Bütün bu məsələlər müzakirə olunmalı və araşdırmalıdır".

İtaliya Parlamentinin üzvü Maurizio Lupi deyib ki, kiminsə həyatı gündəlik olaraq təhlükəyə məruz qalırsa, bunu həll etmək lazımdır: "Bizim təhlükəsizliyimiz digərlərinin həyatı naminə təmin olmamalıdır. Biz dünya məkanları arasında körpülər yaratmalıyıq. Biz həllə nəzər yetirməliyik".

“Marmara Group Foundation”un Prezidenti Akkan Süver deyib ki, Türkiyə dünyada ən çox miqranta ev sahibliyi edən ölkə rolunu davam etdirir. O bildirib ki Türkiyə 3 milyon 600 min suriyalı və 400 mindən çox digər ölkədən olan miqrantlara ev sahibliyi edir: "Onların əksəriyyəti Suriya ilə sərhəd bölgələrdə yaşayır. Asiyadan Avropaya axına səbəb olan məsələlər miqrantların getdikləri ölkələrdə də öz təsirini göstərir. Miqrant sayının yerli əhaliyə bərabər olduğu Hatay, Kilis, Urfa kimi şəhərlərdə sosial uyğunsuzluqlar gələcəkdə sosial problemlərə səbəb olma potensialındadır. Türkiyəyə bununla bağlı verilən sözlərə əməl olunmalıdır. Ölkəmin demoqrafik strukturu pozula bilər. Gələnlərin təhsilsiz olmaları, qadın və kişi bərabərliyi ilə bağlı məlumatsızlıq və natəmizlik problemlərin önündə gəlir. Bizim ölkədəki miqrantların çoxu oxumaq-yazmaq bilmir. Münaqişələrin və böhranların uzun müddət həll olunmayacağı və olunsa belə, onun yaratdığı psixoloji problemlər səbəbindən həmin insanların geri dönməyəcəyi açıq görünür. Azərbaycan da Ermənistanın işğalı nəticəsində yaranmış 1 milyona yaxın məcburi köçkünə ev sahibliyi edir. Ermənistanın beynəlxalq hüquqa məhəl qoymaması da ayrı bir problemdir".

Afrika Miqrasiya və İnkişaf Siyasəti Mərkəzində Tədqiqat və Məlumat Mərkəzinin direktoru Linda Ouço bildirib ki, miqrasiya heç zaman dayanmayacaq. Onun sözlərinə görə, əsas məsələ bu prosesin öhdəsindən necə gəlmək siyasətidir: "Miqrasiya heç də mənfi ünsür deyil. Biz Afrika regionunda görə bilərik ki, məsələn, Keniya bölgədən çoxsaylı miqrantları qəbul edib. Onların çoxu Somalidəndir".

Panel müzakirələrlə davam edib.

Məlahət

Teqlər:

SON XƏBƏRLƏR