Aprel döyüşlərindən 3 il ötür.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən ONA-ya bildirilib ki, 2016-cı ilin aprelin əvvəlində Ermənistan silahlı qüvvələrinin növbəti təxribatına qarşı uğurlu əks-hücum əməliyyatı həyata keçirən Azərbaycan Ordusu minlərlə hektar torpağı işğaldan azad edərək, həmçinin strateji cəhətdən mühüm ərazilərə sahib olub.
Həmin döyüşlərdə həlak olmuş şəhidlərin ailələri, yaralanmış əsgər və zabitlər dövlətin hərtərəfli qayğısı ilə əhatə ediliblər. Dövlət başçısının tapşırığına uyğun olaraq, şəhid ailələri və həmin döyüşlərdə yaralanaraq əlil olmuş hərbçilərlə bağlı mühüm sosial müdafiə tədbirləri həyata keçirilib. Onlara qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq sosial təminat növləri, o cümlədən Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdləri, müavinət və ya əmək pensiyaları, habelə uşaqlarına, eləcə də əmək pensiyası almaq hüququ olmayan şəhid ailəsi üzvlərinə müavinətlər təyin olunub. Şəhid ailələrinə birdəfəlik ödəmələr verilib, onlar üçün Prezidentin aylıq təqaüdünün məbləği mütəmadi olaraq artırılıb.
Cari ildə bu sahədə növbəti mühüm addım kimi 2019-cu il fevralın 1-dən həmin təqaüd 300 manata çatdırılıb. Eləcə də müharibə əlilləri kimi, hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar əlilliyi olanların, o cümlədən aprel döyüşləri ilə əlaqədar əlilliyi olanlar üçün müavinət və təqaüdlər də cari il aprelin 1-dən 100 faizədək artırılıb.
Eyni zamanda, aprel döyüşlərində yaralanmış əsgər və zabitlərin reabilitasiyasına xüsusi qayğı göstərilir. Həmin əsgər və zabitlərin reabilitasiyası sahəsində yüksək səviyyədə işlər aparılıb. Heydər Əliyev Fondunun “2016-cı ilin aprel döyüşlərində yaralanmış əsgər və zabitlərin yüksək texnologiyalı protezlərlə təmin edilməsi” layihəsi çərçivəsində həmin əsgər və zabitlərimiz Almaniya, İslandiya, İngiltərənin dünyada müasir protez istehsalçıları kimi tanınan şirkətlərinin yüksək texnologiyalı reabilitasiya məhsulları ilə təmin ediliblər.
Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığına əsasən, cari ilin fevral ayında 30-dək hərbçidən ibarət daha bir qrup Qarabağ müharibəsi əlili də protezləşməyə cəlb edilib. Onların hər birinin fərdi xüsusiyyətləri, aktivlik dərəcələri, həyat tərzləri nəzərə alınmaqla yüksək texnologiyalı məhsullar seçilərək təmin olunublar. Reabilitasiya vasitələri ilə təmin olunan həmin Qarabağ müharibəsi əlilləri artıq aktiv həyata geri dönərək əmək fəaliyyətlərini davam etdirir, bir qismi hərbi xidmətlərinə davam edir, ayrı-ayrı əlilliyi olan hərbçilər isə paralimpiya idman növləri ilə məşğul olurlar.
Aprel döyüşlərində şəhid olanların ailələrinin, müharibə əlillərinin digər sahələrdə də qayğı ilə təmin olunması üçün müvafiq işlər aparılır.
Qeyd edək ki, Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb.
1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb.
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. Qrup ATƏM (1994-cü ilin dekabrında keçirilmiş Budapeşt sammitindən sonra ATƏT) Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılıb. Qrupun üzvləri Azərbaycan, Ermənistan, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa, İtaliya, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveçdir.
1996-cı ilin dekabrından onun Rusiya, ABŞ və Fransadan ibarət həmsədrlik institutu fəaliyyət göstərir.
Ermənistan qoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qısa fasilələrlə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri, o cümlədən BMT Baş Assambleyası, AŞPA, ATƏT, İƏT və digər təşkilat və qurumların qətnamələri mövcuddur.