"Türkiyədə 2012-ci ildə, Avropada isə 2014-1015-ci ildə miqrant böhranı yaşanmağa başladı. Ona görə də bu məsələnin həlli yollarının müəyyənləşdirilməsi vacibdir".
ONA-nın məlumatına görə, bunu bu gün ABŞ Dövlət Departamenti, Azərbaycan hökuməti və BMT-nin təşkilatçılığı ilə keçirilən "Azərbaycanda potensialların artırılması və texniki dəstək vasitəsilə insan alverinə qarşı mübarizənin səmərəliliyi üçün əməkdaşlığın gücləndirilməsi - IV faza" layihəsi çərçivəsində beynəlxalq miqrasiya hüququna dair seminarda "Miqrant və qaçqın uşaqlar" mövzusunda çıxış edən Avropa Şurası baş katibinin Miqrasiya və qaçqınlarla iş üzrə xüsusi nümayəndəsi Janeta Hanganu bildirib.
Janeta Hanganu deyib ki, dünyada 30 milyon uşaq müxtəlif səbəblərdən yaşadığı yeri dəyişib: "Onların 10,3 milyon nəfəri uşaqdır. Uşaq olduqları, əqli və fiziki cəhətdən özlərini qorumaq imkanları olmadığı üçün insan alveri qurbanına çevrilmək ehtimalı böyükdür. Buna görə də miqrant və qaçqın uşaqlar üzrə Avropa Şurasının Fəaliyyət Planı 19 may 2017-ci ildə Avropa Şurası Nazirlər Komitəsi tərəfindən qəbul edilib, 17 qurum tərəfindən həyata keçirilir. Fəaliyyət Planı baş katibin Miqrasiya və Qaçqınlarla İş Üzrə Xüsusi Nümayəndəsi tərəfindən koordinasiya edilir. Bu uşaqlar əksər hallarda valideynləri olmadan hərəkət edir. Digər tərəfdən, nəzərə almaq lazımdır ki, o uşaqların müəyyən hissəsinin valideyni olsa da, böyüklərdən fərqli olaraq uşaqlar mütləq himayə olunmalıdır".
AŞ baş katibinin xüsusi nümayəndəsi Azərbaycanın artıq miqrant ailələrdə anadan olan uşaqlara şəhadətnamə verdiyini diqqətə çatdırıb: "Avropa Şurasının miqrant uşaqlarla bağlı xüsusi yerləri yoxdur. Balkan ölkələrində donorların köməyi ilə belə yerlər tikilməyə başlanıb. Ancaq uşaqlar ailələrdən kənarda qalmaq istəmir, bu da onların qurbana çevrilmək ehtimalını artırır. Uşaqlar uyğun olmayan şəraitdə yaşayırlarsa, bu da onların insan alveri, cinsi təcavüzlə üzləşə bilməsi ehtimalını yüksəldir".
J.Hanganu qeyd edib ki, uşaqların risklərdən qorunması üçün müdafiə mexanizmləri ilə bağlı təkliflər verilir: "Miqrant uşaqların bir hissəsi valideyni olmadığından, geri göndərilə bilməz. Valideyni olan uşaqların da bir hissəsi müəyyən səbəblərdən mənşə ölkəyə qayıtmaya bilər. Ona görə də müdafiə mexanizmləri vacibdir. Məsələn, mənşə ölkədə birinci kursda hüquq təhsili alan gəncə gəldiyi ölkədə ikinci, üçüncü və son kursda hüquq təhsili almaq imkanı yaradıla bilər. Bu təcrübə artıq İtaliyada tətbiq olunur".
AŞ baş katibinin xüsusi nümayəndəsi hər bir ölkənin uşaqlara qaçqın və miqrant statusu verilməsində öz qanunvericiliyinə əsaslanmalı olduğunu vurğulayıb: "Avropa Şurasının Konvensiyasında uşaqların bu sahədə hüquqları ilə bağlı xüsusi bölmə yoxdur. Bu yöndə əsasən BMT-nin Uşaq Hüquqları haqqında Konvensiyasına istinad edilir. Avropa İnsan Hüquqları Məhkəməsi də bu Konvensiyanı əsas götürür".
J.Hanganu nəzərə çatdırıb ki, miqrantlar ümumən hərəkətdə olan, qaçqınlar isə məcburən yerini dəyişən insanlardır: "Miqrantlar iş və digər səbəblərdən qeyri-qanuni sərhədləri keçə bilər. Ancaq qaçqınlar məcburən yerlərini dəyişir. Buna görə də miqrantlarla müqayisədə qaçqınlara adətən, müəyyən güzəştlər edilir. Beynəlxalq səviyyədə əsasən 18 yaşından az olanlara uşaqlar sayılır. Biz uşaq yönümlü yanaşma ortaya qoymalıyıq. Ancaq miqrasiya təşkilatlarının əksəriyyəti uşaq miqrasiyasına hazır deyildilər, onlar bunu öyrənməlidirlər. Uşaq var ki, ailəsinə qayıtmaq istəyir, uşaq da var ki, məişət zorakılığı ilə üzləşdiyi üçün valideynlərindən uzaq tutulmalıdır. Xüsusən qız uşaqları belə zorakılıqla üzləşə bilər. Ümumiyyətlə, qaçqın və miqrant uşaqlar yüz, min kilometr təhlükəli yollar keçərək gəlirlər. Onlar uşaq olsalar da, təhlükələrdən keçdikləri üçün qərar verə bilmək bacarığına da malik olurlar. Bu səbəbdən də müvafiq qurumlar uşaqlarla bağlı qərar verərkən uşaqların da qərarlarına diqqətlə yanaşmalıdırlar. Azərbaycanda tətbiq olunmasa da, Fransa, İtaliya kimi ölkələrdə uşaqların uşaq yaşında olduğunu müəyyənləşdirmək üçün tibbi, radioloji testlər keçirilir. Təəssüf ki, bu zaman çox halda uşaqların ləyaqəti qorunmur. Ancaq elmdə elə bir metodologiya yoxdur ki, uşağın dəqiq yaşını müəyyən etsin. Bu testlərdə ən azı 2 il xəta ola bilər. Ona görə kompleks yanaşılmalı, tibbi testlə bərabər psixoloji və digər testlər də aparılmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsinin də uşaqların yaşının müəyyən edilməsi ilə bağlı presedent hüququ yoxdur. Onu da deyim ki, BMT-nin Uşaq Konvensiyası yaşın müəyyən edilməsini qadağan etmir".
Uşaqların yaşının müəyyən edilməsinin yaxın dövrdə aktual məsələyə çevriləcəyini bildirən AŞ baş katibinin xüsusi nümayəndəsi deyib ki, yaş qruplarına görə uşaqlarının saxlanıldığı yerlərin müəyyənləşdirilməsi də vacibdir: "18 yaşına qədər uşaqlara qəyyumun təyin olunması təmin edilməlidir. Qohumlar, mütəxəssislər, könüllülər qəyyum təyin oluna bilər. Qəyyum polis, miqrasiya orqanının əməkdaşı olmamalıdır. Azərbaycanda vəziyyəti bilmirəm, ancaq bir çox ölkələrdə uşaqlar böyüklər üçün saxlama mərkəzlərində saxlanılır. Avropa Şurasının tövsiyəsi odur ki, uşaqlar belə saxlama mərkəzlərində saxlanılmasın, saxlanılırsa da, ən qısa müddətdə saxlanılmalıdır. Xorvatiyada saxlama mərkəzində uşaqlar üçün oyun meydançası tikilib. Əgər uşaq saxlama mərkəzində saxlanırsa, heç olmasa uşaqlar üçün belə oyun meydanının olması yaxşıdır. Avropa İnsan Hüquqları Konvensiyasında uşaqların saxlama mərkəzlərində saxlanılması qadağan edilmir. Ancaq Avropa Məhkəməsinin qərarlarında uşaqların saxlanılması üçün yüksək normalar nəzərdə tutulur. Uşaqlar böyüklərdən ayrı saxlanılmalı, xüsusi rejimlər tətbiq olunmalı, uşaq saxlama mərkəzlərində QHT-lərin monitorinqinə şərait yaradılmalıdır. Avropa Şurası uşaqların saxlanılması məsələləri ilə əlaqədar hakimlər üçün xüsusi kitabça hazırlayır. Dövlətlər uşaqlar üçün alternativ yerlər müəyyənləşdirməlidirlər. Ancaq alternativ yer yoxdursa, hakim miqrant uşaqları valideynləri ilə birlikdə saxlama yerinə göndərməkdən başqa hansı qərarı verə bilər? Ona görə də Avropa Şurası dövlətləri belə alternativ yerlər hazırlamağa çağırır. Uşaq mənşə ölkəsinə qaytarılacaqsa, mənşə ölkəsində rezident statusu verilməli, təhsil almaq hüququ və digər hüquqları təmin olunmalıdır. Uşaqların bu sahədə hüquqlarını müdafiə etmək üçün dövlətlər arasında əməkdaşlıq əsas amillərdən biridir".