Alınma sözlərdə sait və sammitlərin yazılışı qaydası müəyyənləşib.
ONA-ın məlumatına görə, bu, Nazirlər Kabinetinin təsdiqlədiyi “Azərbaycan dilinin Orfoqrafiya Normaları”nda əksini tapıb.
Beləliklə, tərkibində o hərfi olan alınma sözlər [a] və ya [o] ilə tələffüz edilməsindən asılı olmayaraq, o ilə yazılır: avtomat, kollec, kollektiv, laborant, Moskva, motor, obyekt, Odessa, poema, poeziya, problem, professor, solist, velosiped və s.
İkinci hecasındakı saiti [i], bəzən də [ü] kimi tələffüz olunan ərəb mənşəli sözlər tarixi-ənənəvi prinsipə əsasən i ilə yazılır: külli, müdir, müdrik, müflis, müxbir, müxlis, münbit, münsif, mürid, mürşid, müsibət və s. Mühüm, müşkül və üfüq sözlərindəki ikinci heca isə ü hərfi ilə yazılır. Mənbə dildə [u] saitli alınma sözlər ü hərfi ilə yazılır: bülleten, büro, jüri, karbürator, kompüter, paraşüt, süjet, şlüz və s.
Mənbə dildə a hərfi ilə bitən alınma sözlər iki cür yazılır:
- aksiom, anket, aptek, atmosfer, diaqram, diaspor, fabrik, fonem, kaset, kayut, konfet, kontor, qəzet, qrafem, qravür, leksem, lent, maşın, perspektiv, planet, proqram, pyes, reklam, rezin, sistem, sistern, sitat, teorem, vitrin və s. kimi sözlərin sonunda a hərfi yazılmır;
- Mənbə dildə tərkibində qoşa b, p, n və m samitləri olan aşağıdakı sözlərin sonunda a ilə yanaşı, qoşa samitlərdən biri də atılır: abreviatur, qrup, ton, diaqram, stenoqram və s.
- botanika, doktrina, forma, kamera, qrammatika, norma, poetika, poeziya, respublika, taktika və s. kimi sözlərin sonunda a yazılır.
Mənbə dildə birhecalı sözlər iki cür yazılır:
- iki saitlə yazılanlar: cisim, eyib, ətir, feil, fəsil, fikir, heyif, isim, izin, qəbir, qədir, qisim, meyil, nəsil, ömür, səbir, sətir, sinif, şeir, şəkil, zehin və s.;
- bir saitlə yazılanlar: cəbr, əmr, həbs, həsr, hökm, hüsn, hüzn, kəsr, qəbz, qəhr, qəsr, nəbz, nəfs, nəsr, sehr, sədr, üzr, üzv, zülm və s.
Alınma sözlərdə samitlərin yazılışına gəlincə, rus dilində tərkibində ц hərfi olan alınma sözlərin yazılışında aşağıdakı qaydalar əsas götürülür:
- ümumi isimlər s hərfi ilə yazılır: aseton, dosent, konsert, lisey, kulminasiya, aksiya, sement, sirk və s. (Metso, vitse morfemləri və blits, ratsiya və s. sözlər istisnadır);
- xüsusi isimlərdə sözün əvvəlində s (Setkin, Siolkovski və s.), sözün ortasında və axırında isə ts (Motsart, Muromets, Vorontsov və s.) yazılır.
Rus dilində tərkibində щ hərfi olan alınma sözlərin yazılışında aşağıdakı qaydalar əsas götürülür:
- sözün əvvəlində və sonunda işlənən щ hərfi əvəzinə ş yazılır: Şedrin, Şerba, Şors, borş və s.;
- ortasında щ hərfi olan sözlər qoşa ş ilə yazılır: meşşan, Vereşşagin və s.
H samiti ilə başlanan alınma sözlər h ilə yazılır: Haaqa, Hamburq, harmoniya, Havana, Hegel, hektar, Heyne, hidrogen, hippodrom, hospital, humanizm və s.
Birinci və ikinci hecasındakı samiti həm [m], həm də [n] kimi tələffüz olunan alınma sözlər n ilə yazılır: anbar, günbəz, İstanbul, qənbər, sünbül, şənbə, tənbəl, zanbaq, zənbil və s.
-iy, -skiy ilə bitən xüsusi isimlərin sonundakı y yazılmır: Qordlevski, Qorki, Mayakovski, Yaroslavski və s.
Kimyəvi element adları əslinə uyğun olaraq yazılır: kalium, maqnezium, natrium və s.
Əsli [c] samitli alınma sözlər c ilə də yazılır: Cek London, cemper, Siciliya və s. Əsli [q] samitli alınma sözlər incə saitli hecalarda g ilə yazılır: biologiya, dialektologiya, general, genezis, geologiya, gigiyena, etimologiya, gitara və s.
Əsli w samitli alınma sözlər v hərfi ilə yazılır: veb-sayt, Vilyam, vörd və s.
Son səsi [kʹ] kimi tələffüz olunan bir qrup alınma sözlər q hərfi ilə yazılır: filoloq, ittifaq, müstəntiq, natiq, şəfəq, üfüq, vərəq və s. Bu qəbildən olan sözlərin sonuna saitlə başlanan şəkilçi qoşulduqda, yazıda heç bir dəyişiklik baş vermir: filoloqa, şəfəqi, üfüqə və s.
Qeyd edək ki, yeni Normaların təsdiqlənməsi ilə əlaqədar ləğv edilən Nazirlər Kabinetinin 2004-cü il 5 avqust tarixli qərarı ilə təsdiqlənmiş “Azərbaycan dilinin orfoqrafiya qaydaları”nda alınma sözlərdə sait və sammitlərin yazılışı qaydası əksini tapmayıb.