APA “Güney Azərbaycanı tanı” layihəsi çərçivəsində Məhəmməd Rəhmanifərin Salmas şəhərindən bəhs edən yazısını təqdim edir.
Layihənin əvvəlki yazısını buradan oxuya bilərsiniz.
Salmas (Səlmas) şəhəri Qərbi Azərbaycan əyalətinin mərkəzi sayılan Urmiyə (Urmu) şəhərindən, təxminən, 80 km şimalda yerləşir. Salmas şəhəri ilə Təbriz şəhəri arasındakı məsafə isə, təqribi, 160 km-dir. Salmas Xoy şəhərinə daha yaxındır və bu iki şəhər arasındakı məsafə yalnız 45 km-dir. Şəhər Türkiyə sərhədinə çox yaxındır və aralarında yalnız 40 km məsafə var. Qeyd etmək lazımdır ki, İranda ölkə inzibati ərazi bölgüsünə görə Güney Azərbaycan bölgəsi Qərbi Azərbaycan, Şərqi Azərbaycan, Ərdəbil, Zəncan, Əlburz, Qəzvin və Həmədan əyalətlərinə (ostanlarına) bölünür. Salmas şəhəri, əslində, Salmas rayonunun (şəhristan) mərkəzində yerləşir və bu rayonun Təzə şəhər (Köhnə şəhər), Ləkistan (Qara Qışlaq), Təmər, Zola çay, Çəhriq, Küzərəş və Kürəsünnü (Kürəsünlü) kimi daha kiçik şəhər və qəsəbələrlə ilə əhatə olunub.
Salmas düzünün sahəsi 55 min hektara bərabərdir. Salmas düzənliyi qərbdə Türkiyə ilə Qərbi Azərbaycan əyalətinin sərhəd dağlarının yamaclarından Urmiya gölünün kənarlarına qədər uzanır. Başlanğıcını elə həmin dağlardan alan Zolaçay çayı Səlmas düzündən keçərək bu düzənliyin ehtiyac duyduğu suyu təmin edib Urmiya gölünə axır. Ümumiyyətlə, bu şəhərin zəngin su ehtiyatları, yaşıllıqları, bağları, münbit kənd təsərrüfatı torpaqları var.
2017-ci ilin siyahıya alınmasına əsasən, Salmas şəhərinin əhalisi 196 546 nəfərə bərabərdir. Şəhərin əhalisinin əksəriyyəti Azərbaycan türkcəsində danışır. Əhalinin böyük qismi müsəlman və şiə, az qismi isə sünnidir. Burada yaşayan sünni azlığın bir hissəsi kürdcə danışır, amma Kürəsünnü deyilən əhali sünni məzhəbinə inanan türklərdir.
Uzun tarixdə Salmas şəhəri
Ən son qədim tapıntılara görə, Salmas bölgəsində insanların məskunlaşma tarixi 10 min ildən çox əvvələ çatır. Acvac kəndi ətrafında mağarada yaşayan insanların əlamətlərinin aşkar edilməsi də bunlardan biridir. Bu gün elmi araşdırmaların nəticəsində biz Salmas bölgəsində mağaraların məskunlaşma mərhələləri, ilk böyük qədim şəhərlərin yaranma mərhələsi haqqında tam məlumat əldə etmişik. Bu gün bəzi tədqiqatçılar “Qarnı Yarıq”, “Hödər”, “Dərik”, “Zəncir Qala” və Çəhriqdəki daxmaları və Xan Təxtinin müxtəlif əsərlərini, Kazım Daşının “Göyərçin qala” kimi tarixi abidələri Urartu əsərləri kimi hesab edirlər. Urartu hökumətinin eramızdan əvvəl III-I minilliklər arasında Güney Azərbaycan, Doğu Anadolu və Quzey İraqın geniş ərazilərinə nəzarət etdiyini bilirik. Güney Azərbaycanın bir çox şəhərində onların izini görmək mümkündür.
Bəlazəri (ölüm tarixi 892-ci il) hicri 20-ci (641-ci il) ildə Musulun fəthi zamanı Urmiyə və Xoy şəhərləri ilə birlikdə Salmasın adını çəkən qədim coğrafiyaşünasdır. Hicri 368-ci (989) ildə İbn Hovqəl “Yerin surəti” kitabında Salmasdan bəhs etmiş və onu orta, gözəl, firavan və mübarək bir şəhər kimi təsvir etmişdir. Muqəddisi “Əhsən ət-Təqəsim” kitabında hicri 375-ci (996) ildə Səlması çoxlu bazarları olan gözəl bir şəhər kimi təqdim edir və bu şəhərin daşdan tikilmiş böyük məscidini xatırladır. Moğol İlxanlığı dövründə Azərbaycan mərkəzliyi əhəmiyyətinə görə daha da inkişaf etmiş, Səlmas şəhəri də Azərbaycanın digər bölgələri kimi çiçəklənmişdir. Qacarlar dövründə bu şəhər öz əhəmiyyətini itirmiş və əvəzində qədim Səlmasın yaxınlığında yerləşən Dilməqan bölgəsi əlverişli və imtiyazlı təbii-coğrafi mövqeyinə görə inkişaf etməyə və genişlənməyə davam başlamışdır. 1930-cu ildə baş verən şiddətli zəlzələ bu şəhəri tamamilə yerlə-yeksan etmiş və Dilməqan xarabalıqlarının yanında müasir şəhərsalma prinsipləri ilə, yüksək təhlükəsizliklə (damalı küçə xəritəsi) Səlmas şəhəri yenidən qurulmuşdur.
Salmas çağdaş tarixində bəzən qürurverici, bəzən də ağrı-acılı günlər keçirib. Bu şəhər Məşrutə inqilabı zamanı (1905-1911) çoxlu qəhrəmanlılar göstərmişdir. Lakin Məşrutə inqilabından sonrakı illərdə Simkonun başçılıq etdiyi Şəkak kürdlərinin qarət və talan meydanı olmuşdur. Məşrutə inqilabının bir çox görkəmli qəhrəmanları Simkonu və onun silahlı dəstələrini dəfələrlə aradan götürməyə cəhd etsələr də, Simko hər dəfə məğlub olanda qaçıb dağlara sığınıb və bir müddət sonra yenə də dinc əhalini talan etmək üçün hərəkətə keçirdi. Sonunda 1930-cu ildə mərkəzi hökumətin dəstəyi ilə Simko etdiyi zülmlərin cavabını aldı və öldürüldü.
1918-ci ildə iki terror qruplaşması eyni vaxtda bu şəhərdə hökmranlıq etməyə və xəyali ölkə xəritələrini həyata keçirməyə çalışırdı: Marşimonun başçılıq etdiyi Erməni-Assuri (Cilo) çətələri və Simkonun başçılıq etdiyi Şəkak Kürd çətələri. Cilolar (Erməni-Assuri çətələri) Fransa və Britaniya kimi ölkələrdən dəstək görürdülər və məqsədləri Azərbaycan torpaqlarında xristian dövləti qurmaq idi. Onlar ilk başda Urmiyə (Urmu) şəhərini ələ keçirib tarixi qaynaqlara görə 300 000 azərbaycanlını öldürmüşdülər. Urmiyə xalqının qətliamından sonra Ciloların başçısı Marşimon Salmas şəhərini ələ keçirmək fikrinə düşsə də, Simkonu maneə kimi gördüyü üçün onunla danışıqlar aparmağı düşünüb Çəhriq qalasında Simko ilə görüşmüşdür. Ancaq Simko həmən görüşmə əsnasında Marşimonu və adamlarını öldürmüşdür. Cilolar başçılarının öldürülməsinin intiqamını Simkodan yox, Azərbaycanın dinc əhalisindən aldılar və Urmiyədə törətdikləri cinayətlərin mislini Salmasda da törətdilər. Qeyd etmək lazımdır ki, Cilolar Salmasdan sonra Xoy şəhərini ələ keçirmək istəsələr də, buna nail ola bilməmişlər və nəticədə, Osmanlı İslam Ordusunun gəlib çatması ilə onların da xəyalları özləri kimi Azərbaycan torpaqlarında dəfn edilmişdir.
Salmas şəhərində Azərbaycançılığın və Türklük şüuru günü-gündən güclənməkdədir. Ana dilimiz, milli rəqslərimiz, mahnılarımız, şeirlərimiz, adət-ənənələrimiz bu şəhərdə qorunmaqdadır. Bir çox şəhərlərimiz haqqında yazdığımız kimi, Azərbaycan rəqsi və musiqisi, azərbaycanlı həvəskarların çıxışları, aşıqların ifaları, bayatılar, Azərbaycan muğamatı, ilin son çərşənbə axşamı dəbləri, Novruz bayramı dəbləri, sayaçılar, təkəmçilər, çillə gecəsi, Koroğlu dastanı... kimi adətlər, dəblər və ənənələr bu şəhərdə yaşadıqca, demək ki Azərbaycan hələ bu şəhərdə yaşayır və yaşayacaqdır.
Səlmasın tarixi abidələri və görməli yerləri
Xan Təxti
Səlmasın güney-doğu hissəsində Pirçavaş dağlarında yerləşən Xan Təxti petroqlifi Sasanilər dövrünə (eramızın III əsri) aiddir. Qeyd etmək lazımdır ki, Sasanilərdən Azərbaycan torpaqlarında o qədər də tarixi əsər mövcud deyil. Bu baxımdan, demək olar ki, Xan təxti Azərbaycan torpağında o dövrün nadir əsərlərindəndir. Farsların qurduğu Sasanilər imperiyası türklərin yurdu sayılan və Türk Arsaqlar imperiyasına vəfadar qalan Azərbaycan torpağını heç vaxt tam və daimi olaraq öz nəzarətləri altına ala bilməmişdir.
Xan təxti abidəsində Sasani padşahı Ərdəşir və onun vəliəhdi I Şapur qalib sərkərdələr kimi təsvirə çəkiliblər. Lakin, şübhəsiz, bu qələbə keçici bir qələbə olmuş və çox uzun sürməmişdir. Azərbaycan torpaqlarında Sasanilər dövrünə aid olan tarixi abidələrin sayının çox az olduğu da bunun başqa bir sübutudur.
Xan Təxti kəndi Urmiyə istiqamətində Salmas yolunun 15 km-də yerləşir
Çəhriq qalası
Çəhriq qalası eramızdan əvvəl birinci minilliyə aiddir. Bu qala Salmas şəhərindən 25 km aralıda, Yuxarı Çəhriq kəndinin yaxınlığında yerləşir. Çox güman ki, bu qala da Azərbaycandakı ona bənzər qalalar kimi Urartulara məxsus olub. Lakin bu möhkəm tikili müxtəlif tarixi dövrlərdə dəfələrlə istifadə edilmişdir. Bu qala Zolaçayın yaxınında və hündür təpənin üstündə tikilmişdir. Bu qalanın şöhrəti təkcə Urartu dövrü ilə bağlı olmamış, Əfşar və Zəndiyə dövründən etibarən yenidən məşhurlaşmış və həmişə hökmdarların və rəhbərlərin diqqətində olmuşdur.
Çağdaş tarixdə Çəhriq qalası Şəkak kürdlərin sərkərdəsi Simko (İsmayıl) tərəfindən Marşimonun öldürülməsinin bir xatırlatmasıdır. Qeyd edək ki, 1918-ci ildə Urmiyə şəhərinin türk və müsəlman əhalisinə qarşı törədilən ağır qırğından sonra Güney Azərbaycanda Cilo adlanan erməni və assur dəstələrinin başçısı Marşimon Simko ilə danışıqlar aparmaq üçün bu qalaya gəlir. Lakin Simko onu bu qalada öldürür. Bu qala illər boyu Azərbaycanın dinc əhalisini talan edən Simkonun sığınacağı olmuşdur.
Şeyx hamamı
Bu tarixi hamamın tikilməsi o qədər də keçmişə dayanmasa da, hamam ənənəvi memarlığı ilə diqqət çəkir. Əslində, bu hamamın əsası dağıdıcı Salmas zəlzələsindən (1930) sonra qoyulmuşdur. Onun tikintisində mineral daşlardan və qum-əhəng məhlulundan istifadə olunub, divarları “Tbilisi” üslubunda daş və kərpic birləşməsidir. Şeyx hamamının yeddi örtülü günbəzi var ki, onların ən böyüyü hamamın soyunub-geyinmə bölməsində yerləşir.
Salmasın gözəlliyi təkcə tarixi abidələri ilə məhdudlaşmır. Zolaçay çayı sahilləri, İsti-su bulağı, Çəhriq dərəsi, Dərik gəzinti yeri, Xorxorə şəlaləsi... xüsusilə həftə sonları və bayram günlərində turistlərin hər gün dincəldiyi və əyləndiyi yer olaraq Səlmas rayonunun təbii gözəlliklərini nümayiş etdirirlər.
Məhəmməd Rəhmanifər