"Azərbaycan tarixində ilk dəfə məhkəmələrdə kiçik iddia anlayışı tətbiq olunub. Dəyişikliklərə əsasən, mülki iddianın qiyməti 2 min manatdan, iqtisadi mübahisələr üzrə iddianın qiyməti 10 min manatdan az olan iddialar üzrə işlərə sadələşdirilmiş qaydada baxılır".
ONA xəbər verir ki, bunu jurnalistlərə Ədliyyə Nazirliyi “Elektron məhkəmə” İşçi Qrupunun nümayəndəsi, hakim Ramin Qurbanov deyib.
O bildirib ki, adi qaydada işlərə 3 ay baxılırdısa, indi bu qayda ilə bir ay ərzində baxılacaq: “Tərəflərin təqdim etdiyi sənədlərlə bağlı hakimlər öz qərarını verəcək. Vətəndaş, sahibkar, eyni zamanda hakim və məhkəmə işçiləri üçün də sadələşmə var. Şübhəsiz ki, hər bir proses iştirakçısı üçün bu qərarlardan apelyasiya və daha yüksək məhkəmələrə şikayət etmək hüququ saxlanılıb”.
R.Qurbanov deyib ki, ümumiyyətlə, ədalət mühakiməsinin keyfiyyətinin artırılmasının əsas amillərindən biri məhkəmə sistemində ixtisaslaşmanın artırılmasıdır: "Ölkədə sahibkarlığın inkişafı və onların hüquqlarının müdafiəsi üçün çox ciddi addımlar atılır".
Hakimin sözlərinə görə, inteqrasiya olmayan sistem heç vaxt səmərə verə bilməz: “Bu gün biz bəzi qurumlarla inteqrasiya aparmışıq. Ən böyük sorğularımız daşınmaz əmlakın hüququ vəziyyəti ilə bağlıdır və sorğu verib cavab almaq aylarla davam edir. Estoniyanın təcrübəsinə baxsaq, görərik ki, onlar orda vahid portal yaradıblar və bütün dövlət qurumlarının məlumatı orda toplanıb, mərkəzləşdirilmiş yanaşma var. Amma Azərbaycanda qeyri-müəyyən mərkəzləşdirmə var. Yəni hər bir qurum özü bildiyi standartlara uyğun sistem qurmağa başlayıb. Son tapşırıqlardan da görünür ki, əsas məqsəd odur ki, məlumatlar vahid mərkəzə gətirilsin. Bu dövlət qurumlarının gördüyü işi asanlaşdıracaq”.
R.Qurbanov deyib ki, hazırda "Elektron məhkəmə haqqında” əsasnamə təsdiqə verilib: "Əsasnamədə qoşulacaq qurumların elektron bazaları ilə bağlı siyahını müəyyənləşdirmişik. Bəzi qurumlar özəllə dövləti ayıra bilmirlər, dövlət qurumlarından dövlətin məlumatını almaq üçün bəzən xidmət haqqı istəyirlər. İstənilən dövlət qurumu, dövlət sirri daxil olmaqla bizə daxil olmalıdır, bu konstitusiyada qeyd olunub. Bu sahədə ciddi işlər aparılır ki, biz ilk növbədə ən çox sorğu verdiyimiz qurumları sistemə qoşaq. Bu, Əmlak Məsələləri Dövlət Komitəsi, Dövlət Sosial Müdafiə Fondu, Daxili İşlər Nazirliyidir. Notariat əməliyyatları ilə bağlı nə varsa, hakim bunu elektron sorğu ilə ala biləcək, hazırda biz bu inteqrasiyanı tamamlayırıq. Amma vətəndaşlar üçün bu, şəxsiyyət vəsiqəsinin nömrəsinin alınması, VÖEN-in tapılması sorğular bölməsindədir. Sadəcə, inteqrasiya tamamlanandan sonra vətəndaş iddia ərizəsi verəndə, artıq notarial təsdiq edilmiş sənədini təqdim etməyəcək, sadəcə, sistem nömrəsini qeyd edəcək və sistem onu tapıb hakimə təqdim edəcək. Elektron icranın son nöqtəsi o zaman olacaq ki, biz dövlət qurumlarından elektron sorğu ilə istənilən məlumatı ala bilək".