Təhsil Nazirliyinin Kollegiyası “Peşə təhsili pilləsində təhsilalanların attestasiyasının aparılması Qaydası”nı təsdiqləyib.
ONA-nın məlumatına görə, Qayda peşə təhsili müəssisələrində təhsilə cəlb olunmuş sağlamlıq imkanları məhdud şəxslərin attestasiyasına şamil edilmir.
Qaydaya əsasən, peşə təhsili pilləsində təhsilalanların attestasiyası məqsədi ilə cari, aralıq və yekun qiymətləndirmə (attestasiya) keçirilir. Cari qiymətləndirmə tələbənin təhsil proqramında (kurikulumda) müəyyənləşdirilmiş məzmun standartlarının mənimsənilməsinə yönəlmiş fəaliyyətlərini izləmək, bu prosesdə qarşıya çıxan çətinlikləri müəyyən edib, aradan qaldırmaq məqsədi ilə aparılır. Cari qiymətləndirmə zamanı tapşırıqvermə, müsahibə və müşahidə (tələbələrin yeni mövzuya olan maraq səviyyəsinin müəyyən edilməsi) üsullarından istifadə olunur. Cari qiymətləndirmənin nəticələri jurnalda qeyd olunmur. Bu nəticələr barədə “Tələbə kitabçası”nda və “Müəllimin (təlim ustasının) cari qiymətləndirmə dəftəri”ndə yazılı qeydlər aparılır.
Aralıq qiymətləndirmə təhsil proqramında (kurikulumda) hər bir modul və onun tərkib hissəsi olan təlim nəticələrinin tədrisinin sonunda təhsilalanların əldə etdiyi bilik, bacarıq və səriştələrin müəyyən olunması məqsədilə aparılır. Aralıq qiymətləndirmədə tapşırıqvermə üsulundan istifadə olunur. Aralıq qiymətləndirmə iki hissədən - modulların tərkib hissəsi olan təlim nəticələri üzrə bilik və bacarıqların qiymətləndirilməsi və modulun tədrisi üzrə əldə edilmiş səriştənin qiymətləndirilməsindən ibarətdir. Təlim nəticələri üzrə bilik və bacarıqların qiymətləndirilməsi 1 dərs saatı ərzində aparılır. Modulların tədrisi üzrə əldə edilmiş səriştənin qiymətləndirilməsi təhsil proqramı (kurikulum) üzrə tətbiqi bacarıqları yoxlamağa xidmət edir və istehsalat təliminə ayrılan vaxt hesabına aparılır. Modulların tədrisi üzrə əldə edilmiş səriştənin qiymətləndirilməsi təhsil proqramının (kurikulumun) tərkib hissəsi olan hər bir modulun sonunda peşə təhsili müəssisəsində yaradılan Səriştələrin qiymətləndirilməsi üzrə komissiyanın nəzarəti ilə təhsilverən(lər) tərəfindən aparılır. Səriştələrin qiymətləndirilməsi üzrə komissiya peşə təhsili müəssisəsi tərəfindən tədris-istehsalat işləri üzrə direktor müavininin və yaxud baş ustanın rəhbərliyi ilə işəgötürən müəssisə və təşkilatların 1 nəfər nümayəndəsi, sahə üzrə 1 nəfər mütəxəssis və ixtisas üzrə modulları tədris edən pedaqoji işçilərdən ibarət tərkibdə yaradılır. Səriştələrin qiymətləndirilməsi üzrə komissiyanın tərkibi peşə təhsili müəssisəsinin rəhbəri tərəfindən təsdiq edilir. Modulların tədrisi üzrə əldə edilmiş səriştənin qiymətləndirilməsi üçün tapşırıq təhsilverən tərəfindən hazırlanır, metodiki komissiyada müzakirə edilir və peşə təhsili müəssisəsinin rəhbəri tərəfindən təsdiq edilir. Aralıq qiymətləndirmənin nəticələri 5 ballıq qiymət şkalası (2,3,4,5) ilə ölçülür və qiymətlər jurnala və tələbənin “Tələbə kitabçası”na yazılır. Aralıq qiymətləndirmədə təhsilalanlar tapşırıq üzrə meyarları 20%-dək yerinə yetirdikdə “2”, 20%-60% yerinə yetirdikdə “3”, 60%-80% yerinə yetirdikdə “4”, 80%-100% yerinə yetirdikdə “5”-lə qiymətləndirilir. Aralıq qiymətləndirmədə üzrsüz səbəbdən iştirak etməyən tələbənin həmin qiymətləndirmələr üzrə balı “0” qəbul olunur və o yekun qiymətləndirməyə buraxılmır.
Yekun qiymətləndirmə təhsilalanların peşələr üzrə bilik, bacarıq, səriştə səviyyəsini və müstəqil işə hazırlığını müəyyənləşdirmək məqsədi ilə istehsalat təcrübəsinin sonunda keçirilir. Yekun qiymətləndirmədə tapşırıqvermə üsulundan istifadə olunur. Yekun qiymətləndirmə iki hissədən - ixtisas (sınaq) istehsalat işinin yerinə yetirilməsi və dövlət buraxılış imtahanının keçirilməsindən ibarətdir. İxtisas (sınaq) istehsalat işləri təhsil proqramına (kurikuluma) uyğun olaraq istehsalat təcrübəsinin son ayı ərzində yerinə yetirilir. Bir tələbənin ixtisas sınaq işi ən çox 8 saat ərzində qiymətləndirilir. İxtisas (sınaq) istehsalat işlərinin siyahısı və məzmunu işəgötürənlərlə razılaşdırılmaqla peşə təhsili müəssisəsinin rəhbəri tərəfindən təsdiq olunur. İxtisas (sınaq) istehsalat işlərinin təşkili, keçirilməsi və qiymətləndirilməsi məqsədilə tədris-istehsalat işləri üzrə direktor müavininin rəhbərliyi altında peşə təhsili müəssisəsi tərəfiindən İxtisas (sınaq) istehsalat işləri üzrə komissiya yaradılır. Komissiyanın tərkibinə tələbənin təhsil aldığı peşə təhsili müəssisəsinin tədris-istehsalat işləri üzrə direktor müavini, baş usta, ixtisası tədris edən istehsalat təlimi ustaları, istehsalat təcrübəsi keçirilən müəssisənin 2 nəfər nümayəndəsi daxil edilir. İxtisas (sınaq) istehsalat işləri tədris emalatxanalarında, tədris istehsalat və təsərrüfat sahələrində də yerinə yetirilə bilər. Ixtisas (sınaq) istehsalat işini qiymətləndirərkən tapşırığın yerinə yetirilməsinin son nəticəsi (keyfiyyəti, vaxt normasına əməl edilməsi və başqa göstəricilər), habelə işin planlaşdırılması, iş yerinin təşkili, iş üsullarının düzgün yerinə yetirilməsi, qabaqcıl metodların tətbiqi, avadanlığın sazlanması və nizamlanması, alətlərin istifadəsi, texniki təhlükəsizlik qaydalarına riayət edilməsi, elektrik enerjisinə və materialIara qənaət üzrə təhsilalanların bacarıq və vərdişləri nəzərə alınır. İxtisas (sınaq) istehsalat işinin nəticələri 5 ballıq qiymət şkalası (2,3,4,5) ilə ölçülür və qiymətlər jurnala və tələbənin “Tələbə kitabçası”na yazılır. İxtisas (sınaq) istehsalat işində tapşırıq üzrə meyarları 20%-dək yerinə yetirdikdə “2”, 20%-60% yerinə yetirdikdə “3”, 60%-80% yerinə yetirdikdə “4”, 80%-100% yerinə yetirdikdə “5”-lə qiymətləndirilir.
Dövlət buraxılış imtahanı təhsilalanın ixtisasa dair bilik və bacarıq səviyyəsinin yekun qiymətləndirilməsidir. İmtahan təhsil proqramına (kurikuluma) uyğun olaraq ixtisas (sınaq) istehsalat işinin yerinə yetirilməsindən sonra 2 həftə ərzində keçirilir. İmtahan 3 saat ərzində aparılır. İmtahana təhsil proqramı (kurikulum) üzrə tam kursu bitirmiş və ixtisas (sınaq) istehsalat işini müvəffəqiyyətlə yerinə yetirənlər buraxılır. İmtahan peşə təhsili müəssisəsində Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən yaradılan Dövlət Attestasiya Komissiyası tərəfindən keçirilir. DAK-nın tərkibi peşə təhsili müəssisəsinin direktoru, tədris istehsalat işləri üzrə direktor müavini, müvafiq peşə istiqaməti üzrə 1 nəfər işəgötürənlərin nümayəndəsi, 1 nəfər sahə üzrə mütəxəssis, ixtisası tədris edən ixtisas fənn müəllimlərindən ibarət formalaşdırılır. İşəgötürənlərin nümayəndəsi DAK-ın sədri təyin olunur. DAK-ın tərkibi Agentlik tərəfindən təsdiq edilir. DAK təhsilalanların imtahan suallarına cavabı və yerinə yetirilmiş istehsalat (sınaq) işlərinin qiyməti əsasında təhsilalanları yekun qiymətləndirir. DAK-ın qərarı əsasında məzunlara ixtisas dərəcəsi göstərməklə peşə təhsili haqqında diplom və ya sertifikat verilir. Yekun qiymətləndirmədə iştirak etməyən və ya qeyri-müvəffəq qiymət almış təhsilalanlar bu Qaydaya uyğun olaraq peşə təhsili müəssisəsinin müəyyən etdiyi vaxtlarda ildə 1 dəfə olmaqla növbəti 2 il müddətində keçirilən yekun qiymətləndirmədə iştirak edə bilərlər. Yekun qiymətləndirmədə iştirak etməyənlərə Nazirlər Kabinetinin təsdiq etdiyi “Müxtəlif səbəblərdən təhsilin hər hansı pilləsini və səviyyəsini başa vurmayan şəxslərə arayışın verilməsi Qaydası”na əsasən arayış verilir.