• SOSİAL

    14:05 3 aprel 2019

Tanınmış qəzetlərdən 3-ü dövriliyini dəyişir

Aprelin 1-də Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurası 2019-cu ilin II rübü üzrə KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı elan etdiyi müsabiqə barədə qərar qəbul edib. Qərara əsasən, indiyə qədər gündəlik nəşr olunan 13 qəzetə II kateqoriya - günaşırı, yəni həftədə 3 dəfədən az olmayaraq çap olunan ictimai-siyasi qəzet qismində aylıq 10 min manat ayrılıb. Qəzetlərin rəngli çapı şərti də aradan qaldırılıb.

ONA KİVDF-nin ayırdığı maliyyə yardımı fonunda tanınmış qəzetlərin dövriyyəsini dəyişib-dəyişməyəcəyini araşdırıb.

“Ədalət” qəzetinin təsisçisi Aqil Abbas ONA-ya açıqlamasında bildirib ki, rəhbərlik etdiyi qəzet gündəlik nəşrini davam etdirəcək. Onun sözlərinə görə, KİVDF-nin ayırdığı maliyyə qəzetin gündəlik nəşrinə məhdudiyyəti nəzərdə tutmur və “Ədalət” indiyə qədər olduğu kimi, bundan sonra da gündəlik nəşrini davam etdirəcək.

“525-ci qəzet”in baş redaktoru Rəşad Məcid ONA-ya bildirib ki, artıq qəzet dövrü bitir, qəzet rentabelli deyil, satışında problemlər var: “Fond belə qərar verib, belə məsləhət olub. Mən də düşündüm ki, əvvəlcə həftədə 2 dəfə 24 səhifə qəzet nəşr etdirək. Çünki həftə sonu nəşr olunan 24 səhifəlik nömrəmiz fərqlidir, ziyalılar, siyasətçilər şənbə nömrəsi barədə xüsusi fikirlər bildirirlər. Hətta maliyyə olardısa, mən həmin iki nömrəni rəngli buraxa bilərdim. Amma indiki vəziyyətdə məhdud maliyyə ilə rəngli nəşr mümkün deyil. KİVDF-nin tələbində minimum həftədə 3 dəfə nəşr nəzərdə tutulduğu üçün görünür ki, həftənin 5-ci günü də sadə, 16 səhifəlik qəzet nəşr edəcəyik. Amma çalışıram ki, xüsusən həftənin çərşənbə və şənbə günü 24 səhifə nəşr olunacaq nömrələrin oxunaqlığını, maraqlılığını saxlayaq. Beləliklə, çərşənbə axşamı, cümə axşamı və şənbə günü A3 formatda qəzetin buraxılmasını qərara almışıq. Müvafiq olaraq qəzet növbəti günlərdə satışda olacaq. Bir məqamı da qeyd etmək istəyirəm. Biz vaxtı ilə Azərbaycanda ən çox səhifəli – 96 səhifəli qəzet buraxmışıq. Mənim arzum olub ki, gündə 100 səhifəlik rəngli qəzet buraxaq. Tale elə gətirdi ki, Azərbaycanda qəzet biznes strukturuna çevrilə bilmədi, reklam bazarında qıtlıq yarandı. Ona görə də son illər qəzetlərin sıradan çıxmasının qarşısının alınmasında dövlətin dəstəyi mühüm rol oynadı. Prezident İlham Əliyevlə iki dəfə görüşdə də çıxış etmişəm. Demişəm ki, vaxtilə ümummilli lider, sonra da Siz yazılı mətbuatı məhv olmaqdan xilas etdiniz. Güman edirəm ki, yazılı mətbuatın bir müddət də dövrü var. Bu dövrdən də effektiv istifadə edəcəyik ki, əgər qəzetlər sıradan çıxacaqsa, gələcəkdə heç olmasa “525-ci qəzet” şirin bir xatirə kimi oxucuların yadında qalsın”.

“Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli ONA-ya deyib ki, redaksiya indiyə qədər olan dövrdə KİVDF qarşısında üzərinə götürdüyü öhdəliklərin hamısını yerinə yetirib: “Maksimum tiraj həddi müəyyənləşəndə də o tiraja uyğun fəaliyyətimizi qurmuşuq. Amma indiki şəraitdə hesab edirik ki, bu vəsait, imkanlar çərçivəsində həftədə 3 dəfədən çox çap mətbuatı buraxmaq doğru deyil. İndiki şəraitdə yayımın mövcud problemləri ilə bu prosesi gerçəkləşdirmək olmaz. Hazırda internet resurslarımızın fəaliyyətini də genişləndiririk. Biz optimal yolu seçməyə çalışdıq ki, həm qəzeti yaşada bilək, həm keyfiyyəti artıraq, həm də mövcud standartlara uyğun işimizi quraq. Bütün versiyalar nəzərdən keçirilmişdi, bütün fors-major hallara hazır vəziyyətdə idik. Artıq bu gündən “Xalq cəbhəsi” qəzeti həftədə 3 dəfə nəşrə keçib. Qəzet həftənin çərşənbə axşamı, cümə axşamı və şənbə günləri işıq üzü görəcək. Digər günlərdə qəzetin İnternet resursları – həm “xalqcebhesi.az”, həm də “baymedia.az” internet qəzet kimi fəaliyyətlərini davam etdirir. Amma növbəti aydan daha müasir standartlara uyğun həm də internet qəzet kimi fəaliyyətimizi davam etdiərəcəyik”.

E. Mirzəbəyli hazırda dünyada qəzetin öz mahiyyətini və simasını dəyişdiyini də vurğulayıb: “Hesab edirəm ki, indiki şəraitdə ən ideal variant həftəlik və rəngli 60 səhifədən ibarət bir mətbuat orqanının buraxılmasıdır. Ümumiyyətlə, xəbərdən kənarda qalmaqla sırf oxucunun marağına uyğun, onun diqqətini çəkə biləcək bir mətbuat orqanı optimal variantlardan biridir. Bu, bizim arzularımızdır".

“Palitra” qəzetinin baş redaktoru Namiq Əliyev ONA-ya açıqlamasında bildirib ki, KİVDF Müşahidə Şurasının son qərarı çap mediası üçün müsbət qərardır: “Palitra” 20 ildir ki, işıq üzü görür. Əgər dövlət yardımı dayandırılsaydı, bu, qəzetə ciddi təsir edəcəkdi. Azərbaycan mətbuatı dövlətin dəstəyini çox hiss edir və bu dəstəyin hesabına uzun müddətdir ki, ayaq üstündə durur. Müsabiqə şərtlərindəki dəyişikliklər qəzetlərin fəaliyyətinə mənfi təsir göstərə bilərdi. Amma sonradan məsələ yenidən ciddi şəkildə araşdırıldı, şərtlərə dəyişiklik edildi. Bizim qəzetimizə də son müsabiqədə yardım ayrılıb. Sadəcə artıq “Palitra” həftənin 5 günü yox, həftənin 3 günü nəşr olunacaq. Qalan iki gün də onlayn qəzet kimi fəaliyyət göstərəcəyik. Bu, əslində çox yaxşıdır, çünki biz gələcəkdə onlayn qəzet kimi fəaliyyət göstərməyi planlaşdırırdıq. Çünki internetdə oxucuların sayı daha çoxdur. Qəzetimizin internet saytı da daha çox oxunur. “Palitra” qəzeti bazar ertəsi, çərşənbə axşamı və cümə axşamı dərc ediləcək və çərşənbə axşamı, çərşənbə və cümə satışda olacaq”.

“Şərq” qəzeti isə çərşənbə axşamı, cümə axşamı və şənbə günü satışda olacaq.

Ramiz

Teqlər:

SON XƏBƏRLƏR