Azərbaycanda əlilliyin qiymətləndirilməsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Alt Sistemi (bundan sonra - altsistem) vasitəsi ilə aparılır.
ONA-nın məlumatına görə, bu, Nazirlər Kabinetinin "Əlilliyin qiymətləndirilməsi Qaydası" barədə qərar layihəsində əksini tapıb. Sənəddə qeyd edilib ki, TSEK-də əlilliyin qiymətləndirilməsi belə olacaq:
Şəxslərin əlilliyinin qiymətləndirilməsi əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi üçün həkim-məsləhət və hərbi-həkim komissiyaları tərəfindən rəsmiləşdirərək "Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri"nə elektron sənəd formasında daxiledilmiş göndərişlər əsasında aparılır.
Göndərişin rəsmiləşdirilməsi barədə məlumat "Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri"nə daxil edildikdən dərhal sonra altsistemə ötürülür.
Altsistemə ötürülmüş göndərişlər sistem tərəfindən qəbul edildikdən dərhal sonra göndərişi verən səhiyyə müəssisəsinin, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısı ilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrəlnərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər, əlilliyin qiymətləndirilməsi məqsədi ilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir.
Qəbul edilmiş qərarların obyektivliyinin təmin edilməsi məqsədi ilə seçmə qaydada eyni göndəriş bir neçə TSEK-ə göndərilə bilər. Müxtəlif TSEK tərəfindən qəbul edilmiş qərarlarda uyğunsuzluq aşkar edildiyi təqdirdə, yekun qərar Xidmət tərəfindən verilir.
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə yaradılmış müvafiq komissiya, Xidmət tərəfindən qəbul edilmiş qərarlardan verilmiş şikayətlərin seçmə qaydada göndəriş üzrə məlumatların yoxlanılması, əsaslı şübhələr yarandıqda isə əlilliyi qiymətləndirilən şəxsi əyani müayinəyə cəlb etməklə qərarın düzgünlüyünün yoxlanılması həyata keçirilir.
TSEK 7 (yeddi) iş günü ərzində göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin təyin olunması və ya səbəblərini göstərməklə əlilliyin təyin olunmamasına dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda TSEK-in müraciəti əsasında bu müddət Xidmət tərəfindən 30 iş gününə qədər uzadıla bilər.
TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır.
TSEK-in sədri və üzvləri əlilliyin düzgün qiymətləndirilməməsinə görə qanunvericilikdə müəyyən edilmiş məsuliyyət daşıyırlar.
Qəbul edilmiş qərar və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir və TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiq edilir (1 nömrəli əlavə).
TSEK-in üzvləri arasında fikir ayrılığı olduğu halda və konsensus əldə olunmadıqda TSEK, əlilliyin qiymətləndirilməsinin nəticələri barədə məlumatları, Xidmət tərəfindən müayinənin keçirilməsini zəruri edən səbəbləri qeyd etməklə, altsistemə daxil edir. Altsistem tərəfindən bu məlumatlar həmin gün Xidmətə ötürülür. Xidmət 3 iş günü ərzində araşdırma aparmaqla qərar qəbul edir və bu barədə məlumatı dərhal gücləndirilmiş elektron imza ilə təsdiq edərək altsistemə daxil edir.
İstehsalat zədəsi və ya peşə xəstəliyi ilə əlaqədar ilkin əlilliyi qiymətləndirilən şəxslər peşə əmək qabiliyyətini itirmə faizinin təyin edilməsi üçün işəgötürənin müraciəti ilə birlikdə istehsalat zədəsinin baş verməsini təsdiq edən aktı və yaxud məhkəmənin qərarını, V.Y.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu tərəfindən verilən sağlamlığın peşə ilə əlaqədar pozulmasını təsdiq edən tibbi sənədi kağız daşıyıcıda və ya elektron formada Xidmətə təqdim edirlər. Xidmət qiymətləndirmə apararaq peşə əmək qabiliyyətinin itirilmə faizini təyin edir və
altsistemə daxil edir.
Göndəriş natamam doldurulduqda, iradlar TSEK tərəfindən altsistemdə xüsusi bölmədə qeyd olunur və göndəriş sistem tərəfindən onu rəsmiləşdirmiş dövlət səhiyyə müəssisəsinə geri qaytarılır.
Əlilliyin təyin olunma tarixi TSEK tərəfindən qərarın qəbul olunduğu tarixdən hesablanır.
Əlillik səbəbinin dəyişdirilməsi Xidmət tərəfindən aşağıdakılardan biri əsasında həyata keçirilir:
Əlillik təyin edildikdən sonra bu qaydanın 1.4-cü bəndində nəzərdə tutulmuş başqa səbəb müəyyən edildikdə;
Əlillik səbəbini təsdiq edən sənədlərin mövcud olmaması, dövlət səhiyyə müəssisəsinin göndərişində əlillik səbəbinin yanlış qeyd olunması və ya əlilliyin həqiqi səbəbinin təyin edilməsinin mümkün olmaması nəticəsində əlillik bu qaydaların 1.4-cü bəndində nəzərdə tutulmuş başqa səbəb əsas götürülməklə təyin edilmiş olduqda.
Əlillik səbəbinin dəyişdirilməsinə əsas verən sənədlər Xidmətin sorğusu əsasında şəxsin özü və ya aidiyyəti orqanlar tərəfindən Xidmətə təqdim olunur. Xidmət daxil olmuş sənədlərə baxaraq 2 iş günü ərzində qərar qəbul edir və altsistemə daxil edərək gücləndirilmiş elektron imza ilə imzalayır.
Xidmətdə fəaliyyət göstərən tibbi-sosial ekspert komissiyasının qərarları sadə səs çoxluğu ilə qəbul edilir.
Sənəd 2020-ci il yanvarın 1-dən qüvvəyə minəcək.