2020-ci ilin yekunları: Prezident İlham Əliyev müşavirədə hansı aktual məsələlərə toxundu?  - [color=red]TƏHLİL[/color]
  • TƏHLİL

  • 12:35 08 Yanvar 2021

2020-ci ilin yekunları: Prezident İlham Əliyev müşavirədə hansı aktual məsələlərə toxundu? - TƏHLİL

Yanvarın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirə keçirilib. Müşavirədə Baş nazir Əli Əsədov, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev, İqtisadiyyat naziri Mikayıl Cabbarov, Baş nazirin müavini Şahin Mustafayev, Maliyyə naziri Samir Şərifov, Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, Kənd təsərrüfatı naziri İnam Kərimov, Energetika naziri Pərviz Şahbazov iştirak ediblər.

Prezident İlham Əliyev müşavirədə geniş nitqlə çıxış edib.

Azərbaycanın ərazi bütövlüyü təmin olunub

 

Giriş nitqində Prezident qeyd edib ki, keçən ilin və nəinki keçən ilin, son 30 ilin əsas yekunu torpaqlarımızın işğaldan azad olunmasıdır: “Azərbaycan 44 gün ərzində tarixi Qələbə qazanaraq öz torpaqlarını azad etdi, düşmənə sarsıdıcı zərbələr endirdi, Ermənistanı məğlub etdi. Bu məğlubiyyət nəticəsində Ermənistan məcbur olub kapitulyasiya aktına imza atıb, təslim olub və biz 3 rayonumuzu bir güllə atmadan, bir şəhid vermədən siyasi yollarla geri qaytardıq. Beləliklə, Ermənistanın 30 il davam edən işğalçılıq siyasətinə son qoyuldu”.

Azərbaycan xalqı müstəqillik qazanandan bəri indiyə qədər Ermənistanın və onun havadarlarının işğalçılıq siyasətindən əziyyət çəkir. Üstəgəl ölkəmiz ermənilərin yeni torpaq iddiaları kimi çağırışlar qarşısında dayanmışdı. Bu illər ərzində beynəlxalq ictimaiyyət, Minsk qrupunun həmsədr dövlətləri tərəfindən Ermənistanın ölkəmizə və xalqımıza qarşı apardığı işğalçılıq siyasətinə faktiki olaraq göz yumulmaqda idi. Ali Baş Komandanın xəbərdarlıqlarına məhəl qoymayan Ermənistanın keçmiş və indiki rəhbərliyi 2020-ci ildə biabırçı məğlubiyyətlə barışaraq Azərbaycan qarşısında diz çökmək məcburiyyətində qaldı. Beləcə, işğalçı ölkənin siyasi və hərbi rəhbərliyi məğlub edildi, onların indiyə qədər qurmuş olduğu “yenilməz ordu” mifi darmadağın edildi.

Həm də darmadağın edilən təkcə erməni siyasi işbazları və onların mifik ordusu olmadı. Qələbə, həm də, erməni kilsəsi və ümumdünya erməni diasporu qarşısında əldə edildi.  Həmin o kilsənin və diasporun ki, Azərbaycan torpaqları hesabına erməni dövlətinin yaradılmasında müstəsna xidmətlər göstəriblər. Hələ XVII əsrin ikinci yarısından etibarən erməni dövlətinin yaradılması istiqamətində erməni kilsəsi və İran və Türkiyədəki ayrı-ayrı erməni icmalar tərəfindən ciddi şəkildə işlər görülməyə başlayıb. XVII əsrin sonlarında Avropa dövlətlərinin dəstəyini qazana bilməyən erməni icması  növbəti əsrin əvvəllərində bu dəfə I Pyotrdan siyasi dəstək ala bilir. Artıq o zaman erməni keşişləri və zəngin şəxsləri uydurduqları “erməni dövlətinin” xəritəsini hazırlayıb Avropanın və Rusiyanın liderlərinə təqdim etmişdilər. Kilsə və xəyanətkar erməni tacirləri, baxmayaraq ki, sayları çox az idi, xristian dövlətlərindən Azərbaycanın qədim İrəvan xanlığında, Zəngəzur, Qarabağ mahallarında, Anadolunun şərq hissəsində erməni dövlətinin yaradılması və himayə olunmasını istəyirdilər. Nəhayət, havadarlarının köməyi ilə Azərbaycan torpaqları hesabına dövlət quran ermənilər azğınlıqlarını sübut edərək 1990-cı illərin əvvəllərində Qarabağı, Zəngəzurun şərq hissəsini işğal etdilər, bu günlərdə isə Qarabağa qonşu olan digər torpaqlarımıza göz dikərək “yeni müharibə -  yeni ərazilər” hədəfini qarşılarına qoymuşdular.

Deməli, Azərbaycan bu tarixi qələbə ilə ermənilərin Qafqazda 300 ildən çox davam edən məkrli planlarını darmadağın edərək, erməni məsələsi adı altında öz dövlət maraqlarını həyata keçirən beynəlxalq aktorlara da sarsıdıcı zərbə endirmiş oldu.

Müşavirədəki çıxışında Prezident İlham Əliyev bu məsələyə toxunaraq aşağıdakıları qeyd edir: “Mən demişdim ki, tarixi Azərbaycan torpaqlarında heç vaxt ikinci erməni dövləti yaradılmayacaq. Mən demişdim ki, heç vaxt Dağlıq Qarabağa müstəqillik verilməyəcək. Mən demişdim ki, Azərbaycan xalqı bu vəziyyətlə heç vaxt barışmayacaq. Demişdim ki, biz bu məsələni istənilən yolla həll edəcəyik və etdik, bütün təzyiqlərə, təhdidlərə baxmayaraq. Baxmayaraq ki, dünyada kifayət qədər güclü erməni lobbisi var. Dünyada bir çox aparıcı dövlətlər Ermənistanı dəstəkləyir”.

Ermənistana xəbərdarlıq

“İndi mənə məlumat verildi ki, Ermənistanın xarici işlər naziri Xankəndiyə gedib. Sənin orada nə işin var? Müharibə onların yadından çıxmasın. Unutmasınlar ki, dəmir yumruq yerindədir. Bu səfərlərə son qoyulmalıdır. Biz xəbərdarlıq edirik, əgər belə təxribat xarakterli addımlar atılacaqsa, Ermənistan daha da peşman olacaq. Ermənistanın xarici işlər naziri, sən kimsən ki, oraya gedirsən? Xəbərdarlıq edirik. Əgər buna oxşar addım təkrarlanarsa, bizim cavabımız çox sərt olacaq. Elə birinci dəfə biz Xarici İşlər Nazirliyi vasitəsilə onlara xəbərdarlıq etdik. Ondan sonra xəbərdarlıq başqa cür veriləcək. Onların ayağı oradan kəsilməlidir. Otursun öz ölkəsində”.

Prezidentin bu xəbərdarlığı, həm Ermənistan, həm də üçtərəfli bəyanatda yer alan digər tərəf olan Rusiya üçün ciddi ismarıcdır. Müharibənin getdiyi vaxtda  dünyanın müxtəlif nöqtələrindəki havadarlarına zəng edərək onların Azərbaycanı durdurmasını yalvaran Baş nazir Nikol Paşinyan yaxşı olar ki, ağlını başına yığaraq Ermənistanın gələcəyini düşünsün. Paşinyan eyni zamanda unutmasın ki, məhz onun da imzaladığı Bəyanata əsasən, Ermənistan işğalçı dövlət olduğunu boynuna alır. Müharibənin dayandırılması fonunda yenə də kimlərəsə arxalanmaq istəyən Ermənistanın hakimiyyətdəki və müxalifətdəki hərbi-siyasi-dini avantüristləri yaxşı olar ki, Üçtərəfli Bəyanatı diqqətlə oxusunlar. Bəyanatın VI bəndində Paşinyan Ermənistanın işğalçı olduğunu etiraf edib: “Ermənistan Respublikası 15 noyabr 2020-ci il tarixinədək Azərbaycan Respublikasına Kəlbəcər rayonunu, 1 dekabr 2020-ci il tarixinədək isə Laçın rayonunu qaytarır”. Diqqət edək: Bəyanatda Kəlbəcərin və Laçının “qondarma respublika” və ya “erməni hərbi birləşmələri” tərəfindən qaytarılması yox, məhz Ermənistan Respublikası tərəfindən qaytarılması yazılıb.

Uzun illər idi, Ermənistan bildirirdi ki, Azərbaycan torpaqlarını işğal etməyib, Dağlıq Qarabağ erməniləri özləri Azərbaycanın tərkibindən çıxıblar və “xalqların öz müqəddəratını təyin etmə” prinsipi qondarma “Dağlıq Qarabağ Respublikası”na şamil olunmalıdır. Yeri gəlmişkən, həftənin əvvəli Xankəndində səfərdə olan Ara Ayvazyan da xalqların öz müqəddəratını təyin etməsi prinsipinə yenidən toxunub. Üçtərəfli Bəyanatın VI bəndində isə Ermənistanın yalanlarını ifşa edilir. Paşinyan müqaviləyə imza ataraq təsdiq edir ki, Azərbaycan torpaqlarını məhz Ermənistan işğal edib. Bu bizim diplomatlarımıza hüquqi əsaslar verən mühüm bənddir.

Ermənistanın yeni təyin olunan XİN rəhbəri Ara Ayvazyan isə yaxşısı budur, sələfi Mnatsakanyanın və ölkəsinin sabiq müdafiə naziri Tonoyanın aqibətlərini yada salsın. Onu bu vəzifəyə təyin edən Nikol Paşinyan və yuxarıda adı qeyd edilən o iki şəxsin 2018-ci ildən bu yana apardığı siyasətin nəticəsi göz qabağındadır. Azərbaycan müharibə yolu ilə sülh danışıqlarında bizə təqdim olunanlardan daha çox “qazanc əldə etdi”. Nəticəsi isə Ermənistanda dərin böhran və dünyanın harasında yaşamasından asılı olmayaraq bütün erməniliyə endirilmiş dərin psixoloji zərbə oldu.

Bununla bağlı Prezident qeyd edir: “Biz döyüş meydanında düşməni çökdürdük. Döyüş meydanında düşmənə elə dərs verdik ki, onlar bu günə qədər bu dərsdən özlərinə gələ bilmirlər. Bu gün Ermənistanı bürümüş böhran onların işğalçılıq siyasətinin nəticəsidir. Gərək bizim torpaqlarımızdan sülh yolu ilə çıxardılar, biz onlara şans vermişdik. Gərək öz xoşu ilə çıxardılar bizim torpaqlarımızdan, amma biz bunun tamamilə əksini görürdük”.

Sülhməramlılara xatırlatma

Azərbaycanın prinsipial mövqeyi noyabrın 10-da imzalanmış üçtərəfli bəyanata əsaslanır. Bu bəyanatda təsbit olunmamış heç bir fəaliyyət həyata keçirilə bilməz. Yaxud Azərbaycanın buna prinsipial icazəsi olmalıdır. Azərbaycan hazırda ərazidə vəziyyəti başa düşür və humanitar məsələlərin həllinə razılıq verib. Lakin bundan sui-istifadə yolverilməzdir.

Prezident İlham Əliyev qeyd edir: “Sülhməramlı qüvvələr. Onların orada funksiyası var. Noyabrın 10-da bu funksiya təsbit edildi. Baxmayaraq ki, indi onlar orada humanitar işlərlə məşğuldurlar, halbuki noyabrın 10-da imzalanmış Bəyanatda bu funksiya təsbit edilməyib, biz buna, necə deyərlər, göz yumuruq. Nə üçün? Çünki başa düşürük ki, orada insanlar yaşayır, başa düşürük ki, indi qış gəlib, hava soyuqdur. Orada müəyyən işlər görülməlidir ki, bu qış orada yaşayan ermənilər üçün problem yaratmasın. Ona görə biz imkan verdik. İndi yüklərin böyük hissəsi oraya Azərbaycan ərazisindən gedir. Biz imkan verdik. Bərdəyə qədər dəmir yolu ilə gedir. Ondan sonra maşınlarla Dağlıq Qarabağa aparılır. Əlbəttə, biz imkan verməyə də bilərdik”.

Burada Prezident tamamilə aydın şəkildə Rusiya tərəfinin diqqətinə çatdırır ki, sülhməramlıların hansı işlərlə məşğul olmasından Azərbaycan tam xəbərdardır və yaxşı olar ki, hərə öz funksiyasını düzgün şəkildə yerinə yetirsin. Prezident sülhməramlıların Laçın dəhlizindəki fəaliyyətinə də toxunaraq, “...Onları (Qarabağda gizlənən terrorçular-Z.M.) əsir götürmüşük. Amma onlar hərbi əsir sayıla bilməz, çünki müharibə qurtarıb. Onlar terrorçudur, diversantdır. Onlar Xocavənd rayonuna Ermənistandan, Ermənistanın Şirak vilayətindən noyabrın 26-dan sonra gəlmişlər. Bunu hər kəs bilsin. Nə üçün gəlmişlər? Kim onları göndərib? Müharibə ayın 10-da qurtarıb, Bəyanat imzalanıb. Kim göndərir onları oraya? Əgər Ermənistan rəhbərliyi bu qanunsuz silahlı birləşmələrə nəzarət edə bilmirsə, bu, onların problemidir. Ona görə burada heç kim bizi ittiham edə bilməz” deyir.

Xatırlatmaq yerinə düşər ki, bir müddət əvvəl Hadrut yüksəkliklərində və Şuşanın cənubunda erməni terrorçu qrupları ilə problem yaşanmışdı. Aparılan əməliyyatlar nəticəsində bir qrup erməni terrorçusu tutulmuşdu. Onların Ermənistanın Şirak rayonundan olduqları bildirilirdi. Qeyd etmək lazımdır ki, Ermənistan və Rusiya mənbələri bu zamana qədər onların yerli sakin olduqları və Üçtərəfli Bəyanatdan sonra bölgəni tərk edərkən meşədə azdıqları iddiasını irəli sürürdü. Lakin həmin hadisələr baş verən zaman məlum idi ki, Şirakdan gələn bu terrorçu qrupların Azərbaycan ərazisinə keçidi yalnız Laçın dəhlizi vasitəsilə baş tuta bilərdi ki, buna da mütləq şəkildə rus sülhməramlıları cavabdehlik daşıyırlar. 

Bütün hallarda şübhəsiz və mübahisəsizdir ki, Azərbaycanın icazəsi olmadan xarici ölkə vətəndaşlarının, rəsmi şəxslərinin, o cümlədən Fransa parlamentarilərinin, Ermənistan XİN rəhbərinin Dağlıq Qarabağa səfərləri yolverilməzdir. Dövlət başçısının vurğuladığı kimi, belə təxribatçı addımlar davam edəcəksə, Azərbaycan sərt cavab verəcək.

Azərbaycan Prezidenti çıxışında Laçın dəhlizi ilə bağlı çox vacib məqama toxunaraq qeyd edib ki, Dağlıq Qarabağa xarici siyasətçilər və beynəlxalq təşkilatların üzvləri belə Azərbaycanın icazəsi olmadan gedə bilməzlər. Bu, əslində, sülhməramlılara xəbərdarlıqdır ki, silahlılarından tutmuş, qalstuklu işbazlara kimi heç bir erməni və ya digər xarici vətəndaş Laçın dəhlizindən keçə bilməz: “Heç bir xarici vətəndaş bizim icazəmiz olmadan o əraziyə gedə bilməz. Heç bir beynəlxalq təşkilat, - ancaq Qırmızı Xaç istisna olmaqla, - oraya gedə bilməz. Bu bizim ərazimizdir. Bütün dünya bu ərazini Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır”.

İşğaldan azad edilmiş ərazilərdə quruculuq işləri

Müşavirənin əsas hissələrindən biri də şübhəsiz işğaldan azad edilmiş ərazilərdə quruculuq məsələləri təşkil edirdi.  

Dövlət başçısı da bildirdi ki, bu istiqamətdə 2021-ci il ərzində Azərbaycan dövləti tərəfindən mühüm işlər görüləcək. Təsadüfi deyil ki, 2021-ci il dövlət büdcəsinin əsas xüsusiyyətlərindən biri işğaldan azad olunan ərazilərdə bərpası və yenidənqurma işlərinin aparılması üçün maliyyə təminatının yaradılmasıdır. Büdcədə işğaldan azad olunan ərazilərin bərpası və yenidən qurulması işlərinin aparılması, sosial-iqtisadi, enerji, kommunal, nəqliyyat infrastrukturunun yaradılması, öz doğma yurdlarına qayıdan vətəndaşlarımızın yaşayışı və işgüzar fəaliyyəti üçün şəraitin təşkil edilməsi kimi şərəfli və məsuliyyətli vəzifələrin icrası üçün maliyyə təminatı nəzərdə tutulur. Bu istiqamətdə 2021-ci ilin dövlət büdcəsindən 2,2 milyard manat vəsait ayrılıb.

Müşavirədə qeyd olundu ki, işğaldan azad edilmiş bütün şəhərlərin, kəndlərin bərpası ilə əlaqədar vahid konsepsiya olmalıdır.  İlk növbədə böyük yaşayış məntəqələri bərpa olunmalıdır. Ərazilərdə infrastruktur, məşğulluq və s. bu kimi məsələlər nəzərə alınmalıdır. Müşavirədə dövlət başçısı bir mühüm məsələni bir daha vurğuladı ki, bu da Ermənistanın işğal nəticəsində Azərbaycana vurduğu ziyana görə təzminat ödəməsidir. Prezident qeyd etdi ki, bu məqsədlə beynəlxalq şirkətlərin işğaldan azad olunmuş ərazilərdə araşdırmalar və hesablamalar aparması üçün şərait yaradılacaq. Eyni zamanda Azərbaycan dövləti özü də bu prosesi aparacaq və Ermənistana qarşı təzminat davası açılacaq.  

Təbii ki, erməni kimi kinli və məkrli qonşun varsa və o qonşu səninlə düşmənçilik də edirsə, müdafiə və təhlükəsizlik tədbirləri yenə də əsas prioritet olmalıdır. Bu məqsədlə müdafiə və təhlükəsizlik sahəsinə ayrılan vəsait artırılaraq, 2021-ci  ilin dövlət büdcəsindən 4,6 milyard manat ayrılması nəzərdə tutulur.

Müşavirədə həm də ölkənin iqtisadi-siyasi durumu haqqında danışıldı. Qeyd edildi ki, ötən il Azərbaycanda islahatlar davam etdi, keçirilmiş son parlament seçkilərində müxalifət nümayəndələri parlamentin rəhbər orqanlarına seçildilər. Ölkədə siyasi dialoq başlandı, siyasi partiyalar ümumi işə dəstək verdilər. Eyni zamanda, struktur, kadr dəyişiklikləri, korrupsiya və rüşvətxorluğa qarşı ciddi mübarizə aparıldı. Digər ölkələrlə müqayisədə Azərbaycan pandemiya ilindən daha az itkilərlə çıxdı. Qeyri-neft sənayesi 11 faiz, orta əmək haqqı və pensiyalar 13-14 faiz, kənd təsərrüfatı 2 faiz  artıb. Neft Fondunun vəsaitləri çoxalıb. Sosial sahədə böyük tədbirlər həyata keçirilib. Bütün bunlar neftin qiymətinin aşağı düşdüyü, pandemiya, müharibə ilində baş verib. Bu, Azərbaycan dövlətinin gücünü və aparılan siyasətin düzgünlüyünü bir daha göstərir.

Prezident yanında Dövlət İdarəçilik Akademiyasının baş müəllimi, Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov

ONA

Teqlər:

OXŞAR XƏBƏRLƏR