Almaniyanın Xarici İşlər naziri Heiko Maasın atəşkəsə çağırış və Azərbaycana təzyiq göstərilməsi barədə açıqlaması Azərbaycan ictimaiyyətində ciddi təəssüf və təəccüb doğurmaqdadır. İlin günün bu vaxtında Azərbaycan və Ermənistan arasında müharibənin getdiyi məqamda tərəfləri sülhə dəvət edib beynəlxalq hüququn təmin olunmasına çağırış etmək əvəzinə, Almaniya dövlətinin xarici siyasət işlərinə başçılıq edən şəxsin belə bir açıqlama ilə çıxış etməsinin Avropa İttifaqının mərkəzi iki dövlətindən biri sayılan Almaniyanın adına ləkə olduğunu desək, yanılmarıq.
Döyüşlərin getdiyi bir vaxtda, Azərbaycan əsgərindən fərqli olaraq ermənilərin Azərbaycanın mülki şəxslərinə və mülki infrastrukturuna atəş açdığı, döyüşlərin getdiyi bölgələrdən kilometrlərlə uzaqda yerləşən Gəncə, Mingəçevir kimi şəhərlərimizə Ermənistan ərazisindən raketlərin buraxıldığı halda İrəvanla bağlı açıqlama verməyə borclu olan demokratiya, insan haqları, humanizm prinsiplərinə söykənən Avropa İttifaqının lideri sayılan dövlətin Xarici işlər nazirinin bu sayıqlaması bu ölkənin beynəlxalq imicinə zərbədir. Digər tərəfdən, Avropa İttifaqının enerji təhlükəsizliyinin şaxələndirilməsinə ciddi şəkildə töhfə verən və ittifaqın ən əsas enerji və nəqliyyat sahəsindəki tərəfdaşı olan Azərbaycan Respublikası ərazisindəki xüsusi strateji əhəmiyyət daşıyan enerji kəmərlərinə iyul ayında Ermənistan ordusu tərəfindən raket zərbələrinin endirilməsi cəhdi, bir neçə gün əvvəl isə Bakı-Tbilisi-Ceyhan neft kəməri bombalanan zaman Almaniyanın ağzına su alması rəsmi Berlinin əslində bəzi geosiyasi güclərin əlində marionetka olması ilə də izah oluna bilinər.
Təsadüfi deyil ki, bu gün Aİ-nin ümumi maraqlarının qorunmasında Polşa başda olmaqla Baltikyanı dövlətlərin səyləri bir çoxu tərəfindən daha yüksək qiymətləndirilir, nəinki Almaniya və Fransa kimi qocaman Avropa dövlətlərinin. Son vaxtlar qoca qitədə ümumavropa dəyərləri və maraqları ilə bağlı ideoloji qarşıdurma qızışmaqdadır. Heç də təəccüblü deyil ki, son zamanlar Macarıstan, Polşa, Litva, Latviya, Çexiya, Estoniya dövlətləri tərəfindən ümumavropa dəyərlərindən çıxış etməyi unudan fransalı və almaniyalı həmkarları mütəmadi olaraq tənqid olunmaqdadırlar.
Məhz Avropa İttifaqının hegemon dövlətləri sayılan Fransa və Almaniyanın apardığı siyasət nəticəsində bu gün “Şərq Tərəfdaşlığı” ölkələrinin Rusiya və Qərb arasında kifayət qədər kövrək stulda oturduqlarının şahidiyik. Dağılan bipolyar dünya məntiqi ilə hərəkət edən və süni bipolyarlıqla qızışdırılan yeni dövlətlər öz müstəqil suveren siyasətini aparmaq əvəzinə, yenə də əvvəlki kimi, hansı tərəfə qoşulmaq barədə fikirləşməyə başladılar. Bunun əvəzinə, onlar nəhəng oyunçuların maraqlarının toqquşduğu meydana çevrildi, bunun da nəticəsində dünya siyasəti regional xarakter aldı, diskurs bipolyarlıqdan ərazi qüvvələrinin mübarizəsinə keçid aldı. Avropa dəyərlərinə inteqrasiya yolunu seçən bu dövlətlər təəssüflər olsun kİ, Rusiyadan onlara təzyiq şəraitində təklənmiş, Brüssel, Paris və Berlinin apardıqları qorxaq və Kremllə münaqişədən çəkinən siyasəti nəticəsində meydanda təklənərək ərazi bütövlüklərini itirmək təhlükəsi ilə üzləşmişlər.
Bu gün Cənubi Qafqazda Avropa İttifaqının özünün də tanıdığını dəfələrlə bəyan etdiyi Azərbaycanın ərazi bütövlüyü pozulmaqda davam etməkdədir. 30 ildir danışıqların nəticə vermədiyi bir zamanda Ermənistanın Baş nazirinin provokativ addımlarından sonra başlanan müharibədə səbəbkar ovuna çıxan Almaniya yaxşı olardı ki, işğalçı ilə işğala məruz qalanı bir-birindən ayıra bilsin.
Toqquşmaların əsas müstəvisi olan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Berlin və Paris kimi beynəlxalq subyektlər qarşısında iki yol var. Ya onlar həm beynəlxalq hüquq çərçivəsində öz ərazisində hərbi əməliyyatlar aparan, Avropa İttifaqının bölgədəki enerji tərəfdaşı Azərbaycanın yanında olaraq həm ədaləti və beynəlxalq qanunları qoruduqlarını, həm də ümumittifaq maraqlarından çıxış edərək bütün Avropanın maraqlarını qorumalı, ya da münaqişədə bütün beynəlxalq təşkilatlar tərəfindən işğalçı adlandırılan, İttifaqın və NATO-nun əsas rəqibləri ilə eyni hərbi-siyasi-iqtisadi təşkilatda yer alan Ermənistanın yanında yer almalıdırlar. İkinci variantı seçmək Almaniya və Fransanın imicinə böyük zərbə vurmaqla yanaşı, İttifaq daxilində parçalanmanı sürətləndirəcək ən mühüm amilə çevriləcək. Bu gün Avropa İttifaqı, Almaniya, Fransa kimi beynəlxalq subyektlər başda Azərbaycan olmaqla, Ukraynanın, Gürcüstanın, Moldovanın ərazi bütövlüklərinin bərpa edilməsi istiqamətində haqlı mövqelərinə dəstək verməlidir. Almaniya, Fransa kimi dövlətlər bilməlidir ki, Azərbaycan onsuz da kimin nə deməyindən asılı olmayaraq, BMT Nizamnaməsinin 51-ci maddəsi və BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında ərazisini erməni yaraqlılarından təmizləyəcək. Ona görə də yaxşı olardı ki, cənab Heiko Maas Almaniyanın beynəlxalq hüquqa hörmətlə yanaşdığını sübut etsin. Onsuz da tarix və dünya Berlinin ən azı iki dəfə qlobal nizamı vecinə almadığını yaxşı bilir...
Zaur Məmmədov
DİA-nın baş müəllimi, Bakı Politoloqlar Klubunun rəhbəri