Artıq xeyli müddətdir, ən çox müzakirə edilən mövzulardan biri Azərbaycan və Ermənistan liderləri arasında görüşün nə vaxt baş tutacağı ilə bağlı idi. Görüş üçün əvvəlcə noyabr ayının ilk ongünlüyü göstərilsə də, məğlub ölkənin başçısı Nikol Paşinyan Azərbaycan lideri İlham Əliyev qarşısına çıxmaqdan çəkindiyinə görə müxtəlif bəhanələrlə vaxtın uzadılması ilə məşğul idi. Paşinyan Rusiya və Qərb arasında çaşqın seçim qarşısında qaldığı və Brüssel görüşünə üstünlük verdiyi halda, hər zaman olduğu kimi, bu dəfə də Azərbaycan lideri üçün belə bir seçim olmadı. Əksinə, görüşün təşəbbüskarı olan beynəlxalq aktorlar ölkəmizin maraqlarını nəzərə alaraq, Azərbaycan və Ermənistan liderləri arasında görüşün mövzularını rəsmi Bakının istəklərinə uyğun qurdu.
Yekun olaraq Rusiyanın təşəbbüsü ilə noyabrın 26-da Soçidə, Avropa İttifaqının təşəbbüsü ilə isə dekabrın 15-də görüşlər nəzərdə tutulur.
Xatırladaq ki, son görüş bu il yanvarın 11-də Moskvada baş tutmuş, tərəflər arasında müəyyən razılaşmalar əldə olunmuşdu. Həmin görüşdən uzun müddət keçməsinə baxmayaraq, Ermənistan tərəfi daha çox əldə edilən razılıqların icrası ilə bağlı vaxtın uzadılması ilə məşğuldur. Lakin son hadisələr də göstərir ki, müharibəyə qədərki dövrdə olduğu kimi, hazırda aparılan siyasət də mütləq şəkildə Azərbaycanın maraqlarının yerinə yetirilməsi ilə nəticələnəcək.
Unutmayaq ki, söhbət kifayət qədər çətin həlli olan və hegemon dövlətlərin özlərinin yaratdıqları problemin həllindən gedirdi. Nəticə etibarilə Azərbaycan Prezidenti İlham Əliyev apardığı praqmatik, rasional siyasət nəticəsində Ermənistan və onun havadarlarına tarix dərsi keçdi, regionda 200 il ərzində mövcud olan geosiyasi konfiqurasiya darmadağın edildi.
Soçi görüşünə məğlub və çarəsiz sifətində yola düşəcək Nikol Paşinyandan fərqli olaraq, Azərbaycanın dövlət başçısı danışıqlara qalib və postmüharibə dövründə mövqeyini daha da möhkəmləndirmiş lider kimi gedir.
Prezident İlham Əliyevin Qarabağ və Zəngəzur zəfəri məqsədyönlü və sistemli şəkildə aparılan daxili və xarici siyasətin nəticəsidir. Son 18 ildə Ulu öndər Heydər Əliyevin siyasi kursunu davam etdirən İlham Əliyev 44 günlük müharibədə Azərbaycan xalqına böyük qələbə bəxş etməklə regionda təxminən 200 il davam edən geosiyasi konfiqurasiyanı darmadağın etdi, Avrasiyanın mərkəzində yeni güc xəttinin əsasını qoydu, eyni zamanda, bu dövr ərzində torpaqlarımız hesabına ərazisini genişləndirən və hər dəfə bununla daha da ruhlanan və azğınlaşan erməni iştahasına son qoydu.
Ötən il əldə olunan böyük Zəfər bütün sahələrdə aparılan genişmiqyaslı işlərin nəticəsi idi. Hərbi, diplomatik, sosial-iqtisadi istiqamətlərdə Azərbaycan liderinin apardığı uzaqgörən siyasət sonda onu məqsədinə çatdırdı.
İlham Əliyev hakimiyyətə gələrkən xalq qarşısında söz verdiyi kimi, problemin həlli istiqamətində Ümummilli lider Heydər Əliyevin başladığı siyasi kursu yüksək peşəkarlıq və uğurla davam etdirdi. Sonda hədəfinə çatdı, ata vəsiyyətini həyata keçirdi, işğal olunmuş Azərbaycan torpaqlarını azad etdi.
Adətən, hakimiyyətə gələn şəxslər xalqa vədlər verir, lakin hakimiyyətləri dövründə bu vədlərin heç yarı faizini belə reallaşdırmağı ya bacarmır, ya da buna cəhd etmirlər. Lakin Prezident İlham Əliyev xalqa verdiyi bütün vədləri yerinə yetirdi, ələlxüsus həlli olduqca mürəkkəb olan və İkinci Dünya müharibəsindən sonra heç bir dövlətin bacara bilmədiyini bacardı, torpaqları geri aldı.
Azərbaycan Prezidenti İlham Əliyev milli məsələlərdə güzəştə getməyən lider olduğunu sübut edərək, bu illər ərzində yorulmadan, bir addım belə geri çəkilməyərək, heç bir güzəştə getmədən Qarabağ məsələsində Ermənistana, onun havadarlarına, supergüclərə qarşı qətiyyətlə mübarizə apardı, Azərbaycanın haqq səsini dünyaya çatdırdı.
44 günlük müharibənin nəticəsi kimi Üçtərəfli Bəyanatın qəbul edilməsi zamanı bütün bəndlərdə ölkəmizin milli maraqlarının yer alması, sözsüz, heç də asan məsələ deyildi (https://president.az/articles/45924). Bəyanatla tanış olduqda münaqişə tərəfləri üçün kifayət qədər ciddi və həssas məqamların Azərbaycanın xeyrinə dəyişdiyini görmüş olarıq. Prezident İlham Əliyev mahir diplomat və strateq kimi çox ustalıqla ermənilərin məkrli planlarını alt-üst etdi.
Sözsüz ki, Bəyanatda yer alan ən əsas məsələlərdən biri, ilk növbədə, Kəlbəcər, Laçın və Ağdamın bir güllə atılmadan Azərbaycana qaytarılması oldu. Sirr deyil ki, erməni tərəfinin hər zaman Kəlbəcər və Laçınla bağlı xüsusi planları var idi, onlar bu iki rayonu Qarabağla Ermənistan arasında həmişəlik koridor kimi nəzərdə tuturdular.
Tarixi Zəfərimizdən keçən bir il ərzində erməni vandalizmi nəticəsində tamamilə dağıdılmış ərazilərdə hazırda misli görünməmiş irimiqyaslı layihələr icra olunur, yeni yollar çəkilir, həmin ərazilərin fasiləsiz elektrik enerjisi ilə təminatı həyata keçirilir, şəhərlərin, kəndlərin baş planları, layihələri hazırlanır, yaşayış binalarının təməlləri qoyulur. Bütün sadalananlar Prezident İlham Əliyevin şəxsən rəhbərliyi altında həyata keçirilir.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva müntəzəm olaraq işğaldan azad edilmiş bölgələrə səfər edərək postmüharibə dövründə həmin bölgələrin gələcəyinin dövlət üçün prioritet olduğunu, bu torpaqların əsl sahibinin kimliyini bütün dünyaya göstərir. Təsəvvür edin, ötən il Üçtərəfli Bəyanatın imzalanmasından cəmi 6 gün sonra, artıq noyabrın 16-da prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarına səfər etdilər (https://president.az/articles/46840).
Dövlət başçısının işğaldan azad edilmiş ərazilərin yenidən qurulması və inkişafına nə dərəcə mühüm əhəmiyyət verdiyini, Azərbaycan dövlətinin 30 il ərzində ermənilər tərəfindən darmadağın və viran edilən torpaqlarda qısa müddət ərzində bir çox nailiyyətlərə imza atdığını misal göstərmək olar. İşğaldan azad edilmiş bütün şəhər və rayonların baş planlarının hazırlanması ilə bağlı Prezidentin tapşırığının icrası hazırda yüksək surətlə davam etməkdədir. Eyni zamanda, işğaldan azad edilmiş rayonlarda “yaşıl enerji” zonasının yaradılması məqsədilə ilkin olaraq pilot layihələr qismində bəzi yerlərdə “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının da tətbiqi baş tutacaq. Bundan başqa, son bir il ərzində Şuşa şəhəri də daxil olmaqla işğaldan azad olunmuş müxtəlif yaşayış məskənlərində dayanıqlı elektrik enerjisinin təmin edilməsi üçün elektrik yarımstansiyaları istifadəyə verilib.
Artıq bir ildir ki, Qarabağ və Şərqi Zəngəzurda işğalçının dağıtdığı, xaraba qoyduğu yaşayış sahələrində genişmiqyası bərpa-quruculuq işləri gedir, bütün torpaqlara həyat qayıdır.
Hazırda bu ərazilərdə infrastrukturun qurulması, vaxtilə mövcud olmuş magistralların bərpası və yeni yolların çəkilməsi mühüm önəm daşıyır. Çünki bu sahənin inkişafı şəhər və kəndlərin salınmasını, məskunlaşmanın gerçəkləşdirilməsini şərtləndirir.
Bu gün Qarabağda avtomobil yolları çəkilir, dəmiryolları tikilir, kommunikasiya stansiyaları qurulur, digər tədbirlər həyata keçirilir. “Zəfər yolu” azad olunmuş ərazilərdəki ən mühüm layihələrdən biri olmaqla Füzuli rayonundan Şuşa şəhərinə kimi uzanır.
Kifayət qədər vacib və strateji əhəmiyyətli infrastruktur sayılan hava limanlarının inşası davam etməkdədir. Artıq onlardan biri, Qarabağın hava qapısı adlandırılan Füzuli Beynəlxalq Hava Limanı istifadəyə verilib. Oktyabrın 26-da Azərbaycan və Türkiyə liderləri İlham Əliyev ilə Rəcəb Tayyip Ərdoğan hava limanının açılışında iştirak ediblər.
İşğaldan azad edilmiş Zəngilan rayonunda ilk “ağıllı kənd”, “Dost Aqropark” layihələri icra edilir. Yaşayış məntəqələrinin salınması ilə bağlı planlar hazırlanır, tikinti-abadlıq işləri aparılır. Qafqazda ilk dəfə olaraq müasir tipli kənd salınır. Prezident İlham Əliyev şəxsən aprelin 26-da bölgəyə səfəri zamanı “ağıllı kənd” standartlarına cavab verəcək Zəngilanın Ağalı kəndində pilot layihənin təməlini qoyub (https://president.az/articles/51295).
Birinci “Ağıllı kəndi” pilot layihəsi Zəngilanın 1-ci, 2-ci, 3-cü Ağalı kəndlərini əhatə edir. Layihənin icrası, əsasən, 5 komponent üzrə aparılacaq: yaşayış, istehsal, sosial xidmətlər, “ağıllı kənd təsərrüfatı” və alternativ enerji sahələri. Ərazidə, ilk olaraq, tam izolyasiya olunmuş və innovativ tikinti materiallarından istifadə olunmaqla 200 fərdi evin tikintisi nəzərdə tutulub.
Əlbəttə ki, istər hərbi, istərsə də böyük qayıdış üçün işğaldan azad olunan rayonların yol infrastrukturu da olduqca vacib amildir. Hazırda Əhmədbəyli-Füzuli-Şuşa magistralı (81.6 km), Toğanalı-Kəlbəcər-İstisu (80.7 km), Kəlbəcər-Laçın (72.3 km), Əhmədbəyli-Horadiz-Mincivan-Ağbənd (123.8 km), Talış-Tapqaraqoyunlu-Qaşaltı (22 km), Xudafərin-Qubadlı-Laçın (83 km), Şükürbəyli-Cəbrayıl-Hadrut (43 km), Füzuli-Hadrut (13 km) və Bərdə-Ağdam (45 km) avtomobil yollarının bir qismi artıq istifadəyə verilib, digər qismi çəkilməkdədir, Bərdə-Ağdam (47,1 km), Horadiz-Zəngilan-Ağbənd (110,4 km) dəmiryolları çəkilir, elektrik enerjisi, su təchizatı sistemləri yenidən qurulur.
2021-ci ildə Qarabağ və Şərqi Zəngəzurda 3 elektrik stansiyası - 8 MVt-lıq “Güləbird” SES (Laçın), 4,8 MVt-lıq “Suqovuşan-1” və 3 MVt-lıq “Suqovuşan-2” KSES-lər yenidən qurulub, 4,4 MVt-lıq “Kəlbəcər-1” KSES-də yenidənqurma işlərinin isə tezliklə tamamlanması nəzərdə tutulub.
Bundan başqa, 110/35/10 kV-luq 9 rəqəmsal yarımstansiya - “Şuşa”, “Füzuli”, “Kəlbəcər”, “Cəbrayıl”, “Zəngilan”, “Qubadlı”, “Ağdam-1”, “Ağdam-2” tikilib və “Şükürbəyli” yarımstansiyası genişləndirilərək tam yenidən qurulub. “Şükürbəyli” yarımstansiyasından iki istiqamətdə - Şuşaya 75, Zəngilana 110 kilometr, Daşkəsəndən Kəlbəcərə 70 kilometr, Xındırıstandan Ağdama isə 35 kilometr məsafədə ikidövrəli olmaqla, 110 kV-luq ötürmə xətti çəkilib.
Yaxın perspektivdə Laçında və digər ərazilərdə 110 kV-luq yarımstansiyaların və əlaqələndirici xətlərin çəkilməsi və Qarabağın dairəvi elektrik təchizat sxeminin gerçəkləşdirilməsi planlaşdırılıb.
Gələcəkdə Cəbrayıla Ağcabədidən 130 kilometr, İmişlidən isə 132 kilometr məsafədə 330 kV-luq xətt çəkilməsi, o cümlədən Cəbrayılda və Naxçıvanda 330 kV-luq yeni yarımstansiyanın tikilməsi nəzərdə tutulub.
İşğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün 2021-ci ildə dövlət büdcəsindən ayrılmış 2.2 milyard manatdan bu ilin 9 ayında 955,2 milyon manatı istifadə edilib.
Bütün bunlarla yanaşı, Azərbaycan Prezidenti İlham Əliyev qələbədə əməyi olan, xalqımızın qəhrəmanlarının özünü və ailələrini də yaddan çıxarmır. Belə ki, ötən 12 ay ərzində bu istiqamətdə də xeyli iş görülüb. Dövlət başçısı fevralın 25-də Bakının Ramana qəsəbəsindəki yaşayış kompleksində şəhid ailələri və müharibə əlillərinə mənzillərin təqdim olunması mərasimində iştirak edib. Dövlət başçısının bu ilin yanvarında imzaladığı Sərəncamla təsdiq olunmuş proqramlara əsasən, 2021-2025-ci illərdə ev şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan 11 mindən çox şəhid ailəsi və müharibə əlili mənzil və fərdi evlə təmin ediləcək. Bundan başqa, şəhid ailələri və qazilərin sosial təminatı ən yüksək səviyyədə həllini tapır. Şəhid ailələri və qazilər bir an belə dövlətin diqqət və qayğısından kənarda qalmır, onların ehtiyacları qarşılanır, qazilərin müalicəsi və reabilitasiyası üçün bütün lazımı addımlar atılır.
Prezident İlham Əliyev sayəsində ölkəmiz Üçtərəfli Bəyanatın imzalanmasından ötən 12 ay ərzindəki danışıqlar prosesində daim sözünə sadiq, məqsədləri və mövqeyi bəlli olan tərəf kimi yadda qaldı. Rəsmi Bakı konkret olaraq tələb və istəklərini Ermənistan başda olmaqla bölgədə marağı olan bütün aktorların diqqətinə çatdırdı. Azərbaycan beynəlxalq hüquqa uyğun olaraq Qarabağı öz ərazisi, oranın gələcəyini qurmağı daxili işi hesab edir, Ermənistanla yeni münasibətlərin başlanılması, sülh sazişinin imzalanması, sərhədlərin delimitasiyası və demarkasiyasında maraqlı olduğunu bildirir və regiona töhfə verəcək 3+3 platforması, hər kəsin maraqlarına cavab verəcək digər iqtisadi layihələri nəzərdən keçirir. Qalib dövlət olan Azərbaycan keçmişdə ölkəmizə qarşı müxtəlif dövlətlərin müxtəlif yanaşmalarına baxmayaraq, ortaya örnək siyasət qoyur və hər kəsi yeni reallıqla barışmağı, mehriban qonşuluq prinsiplərinə əməl etməyə çağırır. Üçtərəfli Bəyanatın həllini tapmayan müxtəlif bölmələrinin reallaşdırılması istiqamətində danışıqların davam etdiyi bir dövrdə rəsmi Bakı Azərbaycan, Rusiya və Ermənistan arasında əldə edilmiş razılıqların tez bir zamanda icrasında israr edir, Ermənistan isə özünü daha da pis vəziyyətə salaraq bir daha öz imzasına hörmət etmədiyini göstərir.
Sabah baş tutacaq Soçi görüşündə sözsüz ki, Azərbaycanın tələblərinin müzakirəsi mərkəzi mövzu olacaq. Rəsmi Bakı ötən aylar ərzində dəfələrlə bəyan edib ki, regionda sülhün möhkəmləndirilməsi üçün bir sıra istiqamətlərdə intensiv iş vacibdir, bunlardan biri də Zəngəzur dəhlizinin açılması, Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası və demarkasiyasıdır. Ermənistan hər nə qədər sözündən qaçmaq, öhdəliklərini yerinə yetirmək istəməsə də, bəlli məsələdir ki, yeni reallıqları gec-tez mütləq şəkildə qəbul etməli olacaq. Azərbaycan Prezidentinin Üçtərəfli Bəyanatdan bir qədər sonra səsləndirdiyi “Ermənistan istəsə də, istəməsə də bu dəhlizi açacaq” bəyanatı və digər çıxışları Paşinyan üçün “yol xəritəsi” olmalıdır.
Beləliklə, ötən 12 ay ərzində postmüharibə dövrü zamanı Azərbaycan liderinin atdığı addımlar nəticəsində işğaldan azad olunmuş yaşayış məntəqələrində görülən böyük abadlaşdırma, yenidənqurma işləri, beynəlxalq arenada Prezidentin Qarabağ məsələsi ətrafında informasiya savaşında konkret mövqeyi, bölgədə marağı olan qüvvələrlə aparılan düşünülmüş, sistemli siyasət Soçi görüşü ərəfəsində də ölkəmizi güclü tərəf edir. Şübhəsizdir ki, sabahkı görüşdə də rəsmi Bakı bir daha öz məqsədlərinə çatacaq və regionda yeni tarixi mərhələnin əsası qoyulacaq.
Həm müharibə zamanı, həm də müharibədən sonra Azərbaycan Prezidentinin rəhbərliyi altında hansı miqyasda işlərin görüldüyü ortadadır. Azərbaycan tərəfi Soçiyə və Brüsselə qalib, güclü dövlət statusunda gedir.
Prezident yanında Dövlət İdarəçilik Akademiyasının müşaviri, Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov