• TƏHLİL

    14:04 12 oktyabr 2021

Azərbaycanın Qoşulmama Hərəkatına yeni nəfəs verir - TƏHLİL

Avqustun 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Serbiyanın paytaxtı Belqradda Qoşulmama Hərəkatının 60 illiyinə həsr edilmiş Yüksək Səviyyəli Toplantının rəsmi açılış hissəsinə sədrlik edib. Dövlət başçısı tədbirdə videoformatda çıxış edib və Azərbaycanın QH-yə sədrliyi dövründəki prioritetlərini açıqlayıb.

Azərbaycan Prezidentinin çıxışı üzv dövlətlərin dövlət xadimləri tərəfindən böyük maraqla dinlənilib.

Sirr deyil ki, Hərəkat son on illərdə ən qüdrətli çağını məhz Prezident İlham Əliyevin sədrliyi dönəmində keçirir. Hərəkata sədrliyi dövründə Azərbaycanın Qoşulmama Hərəkatına üçün müfəssəl və ambisiyalı qlobal fəaliyyət planı hazırlaması, COVİD-19 pandemiyasının dünyanı bürüməsi, yeni vəziyyətə Azərbaycanın cəld və adekvat reaksiyası, Azərbaycan pandemiyaya qarşı qlobal səylərin səfərbər edilməsi istiqamətində irəli sürdüyü beynəlxalq təşəbbüslər Prezident İlham Əliyevin dövlətimizin nüfuzunu yüksəlməsi istiqamətində uğuru kimi səciyyələndirilir. Bu məsələ toxunan dövlət başçısı “Dünya 2020-ci ilin əvvəlində COVID-19 pandemiyasına məruz qaldığı dövrdə Azərbaycan Hərəkatda sədrliyinə məsuliyyətlə yanaşmış və pandemiya nəticəsində yaranmış təhdidlərə vaxtında və adekvat cavab verilməsi üçün ciddi səylər göstərmişdir. Azərbaycan pandemiya ilə mübarizədə qlobal səylərin səfərbər edilməsi üçün bir sıra təşəbbüslər irəli sürüb. Biz 2020-ci ilin may ayında Qoşulmama Hərəkatının dövlət və hökumət başçıları səviyyəsində onlayn Zirvə Toplantısının keçirilməsi təşəbbüsünü irəli sürmüş və onu təşkil etmişik. Zirvə Toplantısının praktiki nəticəsi olaraq Qoşulmama Hərəkatına üzv dövlətlərin əsas humanitar və tibbi ehtiyaclarını əhatə edən məlumat bazası yaradılmışdır. Ümumdünya Səhiyyə Təşkilatı pandemiya ilə mübarizədə Qoşulmama Hərəkatına üzv dövlətlərin mövcud ehtiyaclarının təmin edilməsi üçün həmin məlumat bazasından istinad mənbəyi kimi istifadə edir”, - deyə vurğulayıb.

Eyni zamanda Azərbaycan Prezidenti Qoşulmama Hərəkatının hazırkı dünyadakı proseslərdə əhəmiyyətli beynəlxalq platforma olmasının aktuallığından danışaraq, bir sıra təşəbbüslərlə çıxış edib. Prezident İlham Əliyevin pandemiyadan sonrakı dövr üçün Hərəkatın mövqeyinin formalaşdırılması məqsədilə QH-nin yüksək səviyyəli görüşünün təşkil edilməsi, QH-nin COVID-19-dan sonra qlobal bərpa üzrə Yüksək Səviyyəli BMT Panelinin yaradılması, QH-nin təsisatlanması ideyası ilə bağlı məsləhətləşmələrin keçirilməsi, QH üzvlərinin parlamentariləri arasında əməkdaşlığın inkişaf etdirilməsi, QH-nin gənclər şəbəkəsinin formalaşdırılması kimi təşəbbüsləri BMT-dən sonra ən böyük ikinci beynəlxalq platformada yüksək diqqətlə qarşılanıb.

Əlbəttə, beynəlxalq aləmdə baş verən proseslərin məntiqi elədir ki, məhz indiki vaxtda, dünyanın çoxqütblü olduğu, geosiyasi xəritədə yenidən qarşıdurma vəziyyətində olan bloklar və koalisiyalar yarandığı şəraitdə “soyuq müharibə” başa çatandan sonra bir qədər zəifləmiş Qoşulmama Hərəkatının rolu yenidən Prezident İlham Əliyevin apardığı xarici siyasət kursu sayəsində artmaqdadır. Digər tərəfdən, 2011-ci ildə Qoşulmama Hərəkatına daxil olmağımızla bağlı qərar Azərbaycan üçün xarici siyasət davranışında prioritet yeri tutan Ermənistanla münaqişə kontekstində çox vacib idi. Hadisələr göstərdi ki, Prezident İlham Əliyev 10 il əvvəl Azərbaycanı dünyanın ən böyük ikinci təşkilatına üzv etməklə illər sonrakı qələbənin əsasını qoydu.

Budəfəki Zirvə Toplantısındakı çıxışı zamanı da Azərbaycan Prezidenti Ermənistanın 30 il ərzində apardığı işğalçılıq siyasətinə toxundu, bunu BMT və Qoşulmama Hərəkatının Bandunq prinsiplərinə zidd olduğunu qeyd etdi. Eyni zamanda Ermənistanın beynəlxalq platformadakı növbəti ifşası zamanı Azərbaycan Prezidenti işğal dövründə Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində şəhər və kəndləri qəsdən dağıtdığını, bütün mədəni və dini abidələri məhv etdiyini bütün dünyanın diqqətinə çatdırdı.

“Təəssüflər olsun ki, beynəlxalq hüququn normaları və beynəlxalq təşkilatların qərarları ilə bağlı ikili standartlar və selektiv yanaşmanın tətbiqi dünyada münaqişələrin ədalətli həllinə mənfi təsir göstərir. Azərbaycan da son 30 il ərzində belə selektiv yanaşmaya məruz qalıb...Beynəlxalq münasibətlərdə tüğyan edən ikili standartlardan istifadə edən Ermənistan beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq təqribən 30 il ərzində Azərbaycan ərazilərinin 20 faizini işğal altında saxlaya bildi. Həm öz ərazisində, həm də işğal etdiyi Azərbaycan torpaqlarında azərbaycanlılara qarşı etnik təmizləmə həyata keçirdi”, - deyə Azərbaycan Prezidenti çıxışında qeyd etdi.

Azərbaycan Prezidenti rəsmi Bakının özünün bu beynəlxalq hüquq pozuntusunun aradan qaldırdığını, ötən ilin payızında əraziləri işğaldan azad etdiyini bildirdi. 2020-ci ilin payızındakı 44 günlük müharibəyə toxunan Azərbaycan lideri Hərəkata üzv dövlətlərə göstərdikləri mövqeyə görə təşəkkürünü bildirdi. “Vətən müharibəsi zamanı BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvləri olan Qoşulmama Hərəkatının yeddi ölkəsinin bizə verdiyi dəstək olduqca dəyərlidir. Onlar BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi qətnamələrinə istinadın edilmədiyi birtərəfli mətbuat açıqlamasının qəbul edilməsinə imkan vermədilər. Bununla da, həmin ölkələr Qoşulmama Hərəkatının sənədlərindən qaynaqlanan Hərəkatın prinsipial mövqeyinə möhkəm sadiqliyini nümayiş etdirdilər”, - deyə Azərbaycan Prezidenti diqqətə çatdırdı.

Beləliklə, Prezident İlham Əliyev budəfəki çıxış nitqində də ölkəmizə mühüm müsbət imic qazandırdı.

Sirr deyil ki, QH-nin sədri olan Azərbaycanın fəal surətdə çoxtərəfli diplomatiyanı təşviq etməsi dünya birliyi tərəfindən təqdir olunur. Pandemiyanın misli görünməmiş fəsadları qarşısında dünya ölkələrinin əksəriyyətinin özünə qapandığı dövrdə Azərbaycan qlobal liderlik rolunu üzərinə götürməsi, pandemiyanın öhdəsindən gəlmək üçün beynəlxalq həmrəyliyi və əməkdaşlığı təbliğ edən ilk ölkələrdən olması, “peyvənd millətçiliyinə” qarşı çıxması, üzv dövlətlər üçün aktual mövzularının həlli istiqamətində apardığı siyasət sözsüz ki, Azərbaycan dövlətinin nüfuzunun daha da yüksəlməsində mühüm rol oynamaqdadır.

Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatının nüfuzunun artması, beynəlxalq arenada söz sahibinə çevrilməsi hərəkata üzv ölkələrin də diqqətindən qaçmayıb. Məhz bu səbəbdəndir ki, QH-na üzv dövlətlər yekdilliklə Azərbaycanın sədrlik müddətinin daha bir il - 2023-cü ilin sonuna qədər uzadılması barədə qərar qəbul edib. Bu, həm də Prezident İlham Əliyevin dünyadakı nüfuzunun daha bir göstəricisi, QH üzvləri tərəfindən Azərbaycan Prezidentin qlobal liderlik səylərinə verilən yüksək qiymətdir.

Azərbaycan QH-na 2019-cu ildən sədrlik edir. 2021-ci ildə QH üzvləri Azərbaycana müraciət edərək, sədrliyi əlavə bir il müddətinə həyata keçirməyi xahiş edib, Azərbaycan isə bu təkliflə razılaşıb. QH-nin bu ilin iyulunda virtual formatda keçirilmiş Xarici İşlər Nazirlərinin Aralıq Konfransında Hərəkat üzvləri yekdilliklə Azərbaycanın sədrliyinin daha 1 il - 2023-cü ilə qədər uzadılması haqqında qərar verib.

Hərəkat üzvləri tərəfindən Azərbaycanın sədrliyinin bir il uzadılmasına dair qərarın verilməsi təsadüfi deyil, bu, QH üzvlərinin Azərbaycana olan etimadının, inamının növbəti təzahürüdür.

Hərəkat üzvlərinin Azərbaycan sədrliyinin əlavə olaraq bir il müddətinə uzadılması haqqında qərarı həm də Azərbaycanın ədalətə, beynəlxalq hüquqa və multilateralizmə əsaslanan sədrliyinə verilən obyektiv və yüksək qiymətdir. Azərbaycan isə öz növbəsində QH ölkələrinin bu etimadını yüksək qiymətləndir və təşkilata sədrliyini uğurla davam etdirir.

Prezident yanında Dövlət İdarəçilik Akademiyasının müşaviri, Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov

ONA

Teqlər:

SON XƏBƏRLƏR