İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Aşqabadda keçirilən XV Zirvə Toplantısının ən əhəmiyyətli məqamlarından biri Azərbaycan, İran və Türkmənistan arasında qaz mübadiləsinə dair üçtərəfli sazişin imzalanması oldu.
İmzalanma mərasimində Azərbaycan Prezidenti İlham Əliyev, İran Prezidenti Seyid İbrahim Rəisi və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov iştirak ediblər. Müqaviləyə əsasən, Türkmənistandan İran vasitəsilə Azərbaycana ildə 1,5-2 milyard kubmetrədək qaz göndəriləcək. Müqavilə müddətsizdir və bu ilin dekabrın 22-dən həyata keçirilməsinə başlanılacaq.
İran SWAP müqaviləsi çərçivəsində Türkmənistan təbii qazını Azərbaycana nəql etməklə 5 əyalətinin qaza tələbatını ödəyə biləcək. Daha əvvəl İranın neft naziri bildirmişdi ki, noyabrın 22-də Tehranda Azərbaycan baş nazirinin müavini Şahin Mustafayevlə aparılmış danışıqların yekunları üzrə qonşu ölkələrdən, o cümlədən Türkmənistandan Azərbaycana qaz mübadiləsi haqqında razılıq əldə olunub.
Beləliklə, Türk Dövlətləri Təşkilatına yeni qoşulan Türkmənistanın bu yeni layihə tərkibində fəaliyyəti daha da stimullaşacaq. Tehranın isə regionda tranzit imkanı artır və bu, İranı Azərbaycanla münasibətləri normallaşdırmağa sövq edir. Tehran anlayır ki, Azərbaycan İran üçün bir çox ölkəyə açılan qapı rolunu oynayır. İrana qarşı sanksiyaların sərtləşdirildiyi dövrdə Azərbaycan sanksiyalara qoşulmayaraq, İran mallarının Azərbaycan üzərindən Rusiyaya, Orta Asiya respublikalarına, Baltik ölkələrinə keçməsinə şərait yaradır.
İran tərəfi Rəşt istiqamətində dəmir yolunun yenidən qurulması üçün 500 milyon dollara yaxın kredit xətti ayrılmasına baxmayaraq, bu layihəni gecikdirir. İqtisadi fürsətləri və qazancları ola-ola geosiyasi məsələlərə görə anlaşılmaz şəkildə Azərbaycanla gərginliyin artırılması İranın özü üçün kifayət qədər problemlər yaratmışdı. İran 10 milyonluq Azərbaycan bazarı və Azərbaycan körpüsündən istifadə edib dünyaya çıxmağı seçirsə, Bakı ilə münasibətləri daha da yaxşılaşdırmalıdır.
Ermənistana görə Azərbaycanla münasibətlərin pozulması İrana müsbət perspektiv vəd etmir. Zəngəzur koridorunun açılmasından sonra İranın dünyaya çıxış imkanı daha da genişlənər. Bu baxımdan, Zəngəzur dəhlizinin açılması İran üçün təhlükə yox, yeni fürsətlər deməkdir. Aşqabadda baş tutan görüş də göstərdi ki, İran Zəngəzur dəhlizini qəbul edir və regionda geosiyasi reallıqla barışır. Prezidentlərin görüşü iki ölkə arasında böhrandan çıxış və Tehranın yeni hökuməti ilə əməkdaşlığa dair mərhələnin başlanğıcı sayıla bilər. Azərbaycan İrana dost əlini uzadır, Tehran da bundan sonra Azərbaycana qarşı siyasətində daha diqqətli davranmalıdır.
Reallıq İranı dəyişən regional şərtlərlə barışmağa məcbur edir. Düşünmək olar ki, İran-Ermənistan əlaqələri bundan sonra Azərbaycan əleyhinə formalaşmayacaq. Həmçinin, İran Xəzərin son statusu ilə bağlı qəbul edilən sənədi parlamentdə ratifikasiya edə bilər.
İran qonşu dövlətdir, Azərbaycanla münasibətlər yüksək səviyyədədir, hazırda da tərəfdaşlıq formatında inkişaf edir. İran, həmçinin, müsəlman dövlətidir, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməklə yanaşı, bir sıra beynəlxalq təşkilatlarda bizim xeyrimizə olan qətnamələrin lehinə səs verib. Unutmaq olmaz ki, beynəlxalq praktikada həm də "İslam həmrəyliyi" anlayışı var. İran bunu anlayır və faktiki olaraq etiraf edir ki, Azərbaycan işğala məruz qalan tərəf, günahkar isə Ermənistandır. Azərbaycanın maraqları İran üçün müəyyən mənada yaxın olmalıdır. İran Ermənistanla Azərbaycan arasında seçim etməli olsa, birmənalı olaraq ikinciyə üstünlük verməlidir. Azərbaycan regionda güclü dövlətdir, onun rolunu və mövqeyini düzgün qiymətləndirmək lazımdır. Bundan əlavə, Azərbaycanın İran və Rusiya ilə birgə həyata keçirdiyi və cənub qonşularımıza da böyük fayda verə bilən irimiqyaslı üçtərəfli nəqliyyat layihəsi var.
İran Azərbaycanla sərhədyanı ticarəti də inkişaf etdirməkdə maraqlıdır. Bu məqsədlə İran sərhəddə bir neçə azad ticarət zonası yaradıb. Digər tərəfdən, İran nəhəng qaz ehtiyatlarına malik dövlət kimi özü Avropaya qaz satmaqda maraqlıdır, lakin ABŞ-ın sanksiyaları ucbatından Avropa şirkətləri onunla bu sahədə əməkdaşlıqdan çəkinir, nəticədə İran ehtiyac duyduğu texnologiyaları əldə edə bilmir. Məsələn, Fransanın “Total” şirkəti sanksiya qorxusundan İrandakı Cənubi Pars layihəsində iştirakını dayandırıb. Belə bir şəraitdə İranı oyundankənar vəziyyətdən ancaq Azərbaycan xilas edə bilər.
Rusiya, İran və Qərb arasında rəqabətdə tərəf tutmamaq və açıq seçim etməmək – bu, Azərbaycanın ənənəvi xarici siyasət xəttidir.
İran-Azərbaycan münasibətlərinin gərginləşməsində təbii ki, daha çox Ermənistan maraqlı idi. Son proseslər isə İrəvanın cəhdlərinin iflasa uğraması anlamına gəlir.
Bakı və Tehran arasında siyasi əlaqələrin intensivləşməsi, XİN rəhbərlərinin mütəmadi əlaqələri Bakı və Tehran arasında buzların əriməsinə gətirib çıxardı. Aşqabad görüşü, imzalanan saziş, eləcə də prezidentlərin görüşdən sonra mətbuata verdiyi açıqlamalar iki ölkə arasında münasibətlərin artıq yoluna girdiyini söyləməyə əsas verir.
Ermənistan isə bu dəfə də istəyinə çata bilmədi. Yaxşı olar ki, İrəvan ənənəvi dost, qardaş və qonşu olan İranla Azərbaycanın arasını vurmaqdansa, bunun perspektivsiz olduğunu nəhayət ki, anlasın, məkrli planlarını bir kənara qoyub, kommunikasiyaların, nəqliyyat dəhlizlərinin açılmasında səmimi iştirak etsin, regional layihələrin bir parçası olsun.
APA Analytics