• TƏHLİL

    12:56 7 aprel 2022

Brüssel prosesi Azərbaycan və Ermənistana sülh müqaviləsi vəd edirmi? - TƏHLİL

Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması istiqamətində Brüssel prosesi öz effektivliyini göstərməkdədir.

ATƏT-in Minsk Qrupunun həmsədrləri - Paris, Moskva və Vaşinqtona münasibətdə Brüssel daha neytraldır.

Bunu Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyanla ikinci üçtərəfli görüşün yekunlarına dair bəyanatının mətnindən açıq-aydın görmək mümkündür.

Brüsselin neytrallığı daha sürətli və effektli nəticələrin əldə edilməsinə imkan verəcək.

Belə ki, Azərbaycanla Ermənistan arasında sülh sazişinə doğru sürətlə irəliləmək istəyi və bu məqsədlə xarici işlər nazirlərinə bütün zəruri məsələləri əhatə edən gələcək sülh müqaviləsinin hazırlanması üzərində işləmək tapşırığının verilməsinin qərara alınması bunun bariz nümunəsidir.

Prezident Şarl Mişel dəmir yolu xətlərinin bərpası istiqamətində atılan addımları alqışlayıb, eyni zamanda Ermənistan və Azərbaycanı avtomobil yollarının bərpası üçün effektiv həll yolları tapmağa çağırıb.

APA-nın əldə etdiyi xəbərə görə, avtomobil yollarının bərpası ilə bağlı Azərbaycan tərəfi razılıq ifadə etsə də, Ermənistanda fikir ayrılıqları var.

Ermənistan Azərbaycana relyefə görə istifadəyə daha yararsız bir yol təklif edir ki, bu, Azərbaycanı qane etmir. Çünki Azərbaycan bu məsələdə “yol xətrinə yol” ideyası ilə razı deyil.

Azərbaycan hələ sovet vaxtı qəbul edilən qərarlara istinad edir. Belə ki, Azərbaycan KP MK-nın birinci katibi işləyərkən Heydər Əliyev ermənilərin bütün təzyiqlərinə baxmayaraq, Moskva qarşısında Azərbaycanın əsas ərazisini Naxçıvanla birləşdirən ən qısa avtomobil yolunun çəkilməsi məsələsini qaldırıb. Uzun illər ermənilərin müqaviməti olsa da, nəhayət, Heydər Əliyev mərkəzin razılığını alıb. Bu yolun ən əlverişli hissəsi isə Zəngilan-Mehri-Ordubad istiqamətində idi. Ermənistan SSR rəhbərliyi bu yolun çəkilməsinə razılıq verməyə məcbur olub. 1974-cü ildə tikintisinə başlanılan yolun çəkilişi 1980-ci ildə başa çatdırılmalı, bu yolun 48 km-i Mehri rayonu ərazisindən keçməli idi. 1977-ci ilin sonuna qədər mərkəzi hakimiyyət orqanları yolun texniki-iqtisadi əsaslandırma variantlarından başqa heç nə təqdim etməmişdilər. Heydər Əliyevin səyləri nəticəsində 1982-ci ilə qədər Zəngilandan Ermənistan sərhədinə qədər olan məsafədə yol çəkilsə də, onun Moskvaya rəhbər vəzifəyə getməsindən sonra ermənilər bu yolun tikintisinə qarşı çıxıblar, yolun Mehri vasitəsilə Naxçıvana deyil, dağlıq ərazidən keçməklə Ermənistanın mərkəzi rayonlarına çəkilməsinə israr etməyə başlayıblar. Heydər Əliyev respublika rəhbərliyindən bu məsələ ilə ciddi məşğul olmağı tələb edib. Eyni zamanda o, Ermənistan rəhbərliyi ilə də bir neçə dəfə bu barədə söhbətlər aparıb, lakin bunun bir nəticə vermədiyini görərək vəziyyəti SSRİ rəhbərliyinə, o cümlədən Nazirlər Sovetinin sədri Nikolay Tixonova çatdırıb.

Heydər Əliyevin təkidi ilə yolun çəkilməsi ilə bağlı məsələ SSRİ hökumətinin iclasında müzakirə edilib, ermənilərin iddiaları rədd edilərək yolun çəkilməsinin davam etdirilməsinə qərar verilib. Lakin 80-ci illərin sonunda ermənilərin separatçı hərəkətləri bu strateji layihəsinin başa çatdırılmasına imkan verməyib.

Görünən kəndə bələdçi lazım olmadığı kimi, bu məsələdə də hər hansı “alternativə” gərək yoxdur.

Hazırda Azərbaycan tarixi sənədlər əsasında məhz istifadə üçün yararlı olan bu yolun çəkilməsini təklf edir.

Bütün hallarda, Ermənistanla Azərbaycan arasında başladılmış Brüssel prosesi və sonuncu danışıqlar artıq yeni mərhələnin əsasını qoyub. Azərbaycan və Ermənistan sülh müqaviləsinin bəndləri üzərində işə başlayır. Eyni zamanda may ayından artıq sərhədlərin delimitasiya və demarkazisiyası ilə bağlı birgə komissiyanın danışıqlara balayacağını da gözləmək olar.

ONA

Teqlər:

SON XƏBƏRLƏR