Ermənistan tərəfindən iyulun 12-də başlanan Tovuz istiqamətindəki təxribatdan sonra Paşinyanın başı üzərini alan qara buludlar getdikcə sıxlaşır. Azərbaycan və Ermənistan dövlət sərhədində Ermənistanın gələcək məğlubiyyətinin əsasını qoyan bu təxribat İrəvanın bugünkü vəziyyətini tam çılpaqlığı ilə ortaya qoymuş oldu. Yunan Kiprindən başqa heç bir dövlət və təşkilatdan dəstək almayan İrəvan işğalçılıq siyasətinin acı nəticələrini daha artıq hiss etməyə başlayıb.
Belə ki, hətta Ermənistanın dünənə qədər öz təhlükəsizliyinin qarantı saydığı KTMT belə onların uydurma bəyanatlarına reaksiya vermədi. Əslində, KTMT-nin balansı qorumağa istiqamətlənmiş reaksiyası diplomatik dildə Ermənistana deyil, Azərbaycana dəstək mənasında başa düşülməlidir.
Bu gün Ermənistanın qurulmasının və indiki ərazilərdə mövcud olmasının ən böyük səbəbkarlarından biri Rusiya ilə İrəvandakı hakimiyyət arasında ciddi problemlərin olması indiki halda erməni xalqı üçün faciəvi nəticələnə bilər. Vaxtilə Koçaryan və Sarkisyan tərəfindən ciddi şəkildə dəstəklənmiş və ölkənin vətəndaş cəmiyyəti sektoruna iri addımlarla ayaq basmış Soros və bir sıra digər Qərb fondlarının dəstəyi ilə küçədən hakimiyyətə gələn Nikol Paşinyan, istər müxalifətdə olarkən, istərsə də Baş nazir kürsüsündə əyləşən kimi Rusiyaya qarşı radikal çıxışları və addımları ilə seçildi. Məqsəd bəlli idi. Nəyin bahasına olursa olsun, aldığı təlimatlar əsasında Rusiyanı Cənubi Qafqazdan çıxarmaq, Ermənistan daxilində rusofob mühit yaratmaq. Bu istiqamətdə Moskvanın himayəsində olan rus biznes kampaniyalarına qarşı siyasi təqiblər, Rusiyaya yaxınlığı ilə seçilən ictimai fəallara, siyasi partiyalara və KİV-ə qarşı ciddi pressinqin şahidi olduq.
Yeri gəlmişkən, Soros və Qərb məsələsi üzərində xüsusi dayanmaq lazımdır. Ötən əsrin əvvəllərində Rusiya imperiyasının, sonlarında isə SSRİ-nin zəiflədiyi və ciddi böhran keçirdiyi vaxtlarda Qərb Moskvaya qarşı ümumdünya erməni diasporu və bölgədəki ermənilərin timsalında mühüm silahından istifadə etmişdi. Görünür, hazırda Rusiyaya qarşı Qərbin geosiyasi oyunlarında yenidən “erməni kartı”ndan istifadə edilir.
Erməni cəmiyyətinin və Ermənistanın ayrı-ayrı siyasətçilərinin Rusiyaya qarşı satqın mövqeyi və Moskvaya xəyanətləri ilə tarixin müxtəlif səhifələrində dəfələrlə rastlaşmışıq. Bu gün “Russia Today” kimi nəhəng media qurumunun rəhbəri Marqarita Simonyanın Paşinyanı ittiham etdiyi addımlar Ermənistanda keçmiş hakimiyyətlər tərəfindən həyata keçirilirdi, hazırda da Paşinyan tərəfindən davam etdirilməkdədir. Məsələn, Ermənistanda Rusiyaya qarşı kəskin mövqeləri ilə seçilən QHT-lər Koçaryan dövründən fəaliyyət göstərməyə başlamışdı. Yaxud, Krımın Rusiyanın tərkibinə daxil edilməsi məsələsi Sarkisyan tərəfindən tanınmamışdı. Bundan əvvəl isə Köçaryan Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini tanımamışdı. Rusiyaya qarşı vuruşmuş faşist Qaregin Njdeyə İrəvanda abidə isə Sarkisyanın prezidentliyi dövründə ucaldılmışdı.
Lakin məsələ burasındadır ki, indi Nikol Paşinyan tərəfindən Kremlə qarşı aparılan əsl düşmənçilik siyasəti artıq bütün sərhədləri keçməkdədir. Elə son bir ay ərzində Marqarita Simonyan başda olmaqla, Rusiyadakı tanınmış ermənilərin Nikol Paşinyanın ünvanına səsləndirdikləri ittihamlar, sərt ifadələr onu göstərir ki, Moskva Ermənistanın Baş nazirini bağışlamayacaq. Koçaryan-Simonyan tandemi və Rusiya KİV-ində Paşinyan barəsində yazılan silsilə tənqidi məqalələr, yazılar erməni Baş nazirə son ultimatumdur.
Bəzi ekspertlər ehtimal edir ki, Simonyanın və digər şəxslərin Paşinyanın tutduğu mövqeni kəskin tənqid etməsinin ardınca Ermənistanda rusiyameylli qüvvələr daha da aktivləşəcək, rusiyapərəst çıxışlar və çağırışlar artacaq. Bu isə Paşinyanın onsuz da ağır olan vəziyyətini daha da kritik həddə çatdıracaq.
Beləliklə, Paşinyanın hakimiyyətdən qovulması yaxınlaşır. Kreml üçün arzuolunmaz ölkə rəhbəri olan Nikol Paşinyan təsadüfi deyil ki, bir dəfə də olsun, Rusiyaya rəsmi səfər dəvəti almayıb. Moskva artıq əlini üzüb və ona alternativ axtarışındadır. Hesab edilir ki, Baş nazir ətrafında həlqə kifayət qədər sürətlə daralmaqdadır.
Sözsüz ki, Nikol Paşinyan hökumətinin Moskva ilə soyuq münasibətlərinin qayəsində Soros amili mühüm yer tutur. Onu da unutmaq lazım deyil ki, postsovet məkanında “rəngli inqilablar”ın əsas sponsoru olan Corc Soros və eyni adlı fond çoxdandır Rusiya rəhbərliyini də ciddi narahat edir.
Qeyd etmək yerinə düşər ki, Ermənistanın hakim elitası müntəzəm olaraq Soros və digər Qərb maliyyə fondları tərəfindən “yardımlar” almaqdadır. Hətta qeyri-rəsmi maddi dəstəyi kənara qoyub, yalnız rəsmi statistikaya baxsaq belə, ciddi rəqəmlərlə rastlaşmış olarıq. 2004-2005-ci illərdə Soros fondunun ictimai qurumuna rəhbərlik edən və fonddan rəsmi şəkildə 230 min dollar qrant alan Nikol Paşinyan bu yaxınlarda “koronavirusla mübarizə” üçün Soros fondundan daha 600 milyon dollar almağa nail oldu.
Görünən odur ki, erməni xalqı növbəti dəfə ölkəsinin problemlərini həll etməyən və Ermənistanı uçuruma aparan “lideri” ilə vidalaşmalı olacaq. Nikol Paşinyanı sələflərinin aqibətinin gözlədiyini Azərbaycan prezidenti İlham Əliyev də çıxışlarında dəfələrlə deyib. Əgər Ermənistan normal dövlət kimi öz vətəndaşlarının sosial-iqtisadi problemlərini həll etmək niyyətindədirsə, normal ölkə kimi inkişaf etmək istəyirsə, ilk növbədə, işğala son qoymalıdır. Azərbaycan və Türkiyə ilə münasibətlərini nizama salmayan Ermənistanı gələcəkdə bundan da ağır durum gözləyir.
Zaur Məmmədov
Prezident yanında Dövlət İdarəçilik Akademiyasının baş müəllimi
Bakı Politoloqlar Klubunun sədri