“Biz öz maraqlarımızı təmin etmək üçün lazımi addımları atmalıyıq. Zəngəzur dəhlizinin yaradılması bizim milli, tarixi və gələcək maraqlarımıza tam cavab verir. Biz Zəngəzur dəhlizini icra edəcəyik, Ermənistan bunu istəsə də, istəməsə də. İstəsə, daha asan həll edəcəyik, istəməsə də zorla həll edəcəyik. Necə ki, mən müharibədən əvvəl və müharibə dövründə demişdim ki, bizim torpağımızdan öz xoşunuzla rədd olun, yoxsa sizi zorla çıxaracağıq. Belə də oldu. Zəngəzur dəhlizinin taleyi də eyni olacaq”.
Bu sözləri Prezident İlham Əliyev aprelin 20-də Azərbaycan Televiziyasına müsahibəsində deyib.
Dövlət başçısı qeyd edib ki, bizim əsas rəqibimiz zamandır, çünki dəmir yolunun, avtomobil yolunun çəkilişi vaxt tələb edir: “Ona görə bütün güclər səfərbər olunub ki, bu layihə icra edilsin. Beləliklə, Azərbaycan xalqı 101 il bundan əvvəl bizim əlimizdən alınmış Zəngəzura qayıdacaqdır”.
Dövlət başçısı artıq neçənci dəfədir ki, Zəngəzur dəhlizinin yaradılmasının zəruriliyini vurğulayır – özü də təkcə Azərbaycan üçün deyil. Prezident İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının video-konfrans formatında keçirilən qeyri-formal Zirvə görüşündə çıxışı zamanı da qədim Azərbaycan torpağı Zəngəzurun indi türk dünyasının birləşməsi rolunu oynayacağını bildirmişdi. Dövlət başçısı bəyan etmişdi ki, Zəngəzur dəhlizi yalnız Qafqaz üçün deyil, daha geniş anlamda region üçün strateji əhəmiyyətə malik olacaq.
Dəhlizdən ən çox qazanc əldə edəcək, iflic vəziyyətinə düşmüş iqtisadiyyatını dirçəldəcək ölkə isə məhz Ermənistandır. Lakin İrəvan ya bunu anlamır, ya da anlamaq istəmir. Belə olmasaydı, Azərbaycan Prezidentinin Zəngəzur dəhlizi ilə bağlı dediklərini yenə də öz bildiyi kimi təqdim etməzdi. Ermənistan Xarici İşlər Nazirliyi İlham Əliyevin dünənki müsahibəsindən sonra tələm-tələsik açıqlama yayaraq, bu sözləri yanlış olaraq Ermənistanın ərazi bütövlüyünə təhdid kimi qiymətləndirib. Dövlət başçısı Ermənistanla əməkdaşlıq, region ölkələri arasında kommunikasiyaların açılması ilə bağlı mesajlar verir, İrəvan isə bunu təhdid kimi dəyərləndirir. Azərbaycan Xarici İşlər Nazirliyinin bu gün yaydığı açıqlamada deyildiyi kimi, Ermənistan XİN bu dəfə də eşitdiklərini istədiyi şəkildə yozaraq təqdim edir.
“Dövlət başçısı müsahibəsində Azərbaycanın əməkdaşlığa hazır olduğunu söyləyib, Ermənistanın azərbaycanlılara qarşı dövlət səviyyəsində törətdiyi soyqırımı və tarixi, mədəni, dini abidələrimizin dağıdılmasına rəğmən bizim gələcəyə baxmalı olduğumuzu vurğulayıb. Dəfələrlə və ən yüksək səviyyədə bəyan edildiyi kimi, Azərbaycan beynəlxalq hüququn prinsipləri, xüsusilə də dövlətlərin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq sərhədlərin toxunulmazlığı əsasında Ermənistanla münasibətlərin normallaşdırılmasına hazırdır. 10 noyabr 2020 və 11 yanvar 2021-ci ildə imzalanmış üçtərəfli bəyanatların icrası da elə məhz buna xidmət edir. Ermənistan isə təəssüf ki, üçtərəfli bəyanatın icrası əvəzinə, yalan və iftira dolu fikirləri ilə həm öz əhalisini zəhərləyir, həm də beynəlxalq ictimaiyyəti yanıltmağa çalışır", - deyə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Ermənistan XİN-in Azərbaycan Prezidentinin Ermənistana qarşı güc tətbiq etmək təhdidi ilə çıxış etdiyini iddiası ilə bağlı bildirib.
Heç kimə sirr deyil ki, Zəngəzur dəhlizi Azərbaycanla Ermənistan arasında, eləcə də bütün bölgədə kommunikasiyanın bərpası baxımından mühüm əhəmiyyətə malikdir. Kommunikasiyaların açılması məsələsi 10 noyabr bəyanatında da əksini tapıb və Ermənistan sənədə imza ataraq, bununla razılaşdığını təsbit edib. İndi isə İrəvanın həmişə olduğu kimi, yenə də sözündən və imzasından qaçma meyllərini görürük. Bu məsələdə Ermənistandakı revanşist qüvvələrin rolu daha aydın nəzərə çarpır. Zəngəzur dəhlizinin istifadəyə verilməsini yubatmağa çalışanların da məhz bu qüvvələr olduğunu söyləmək olar. Lakin onlar unudurlar ki, buna maneçilik törədilərsə, Azərbaycanın “dəmir yumruğu” işə düşə bilər. Prezident də son müsahibəsində bu mesajı verdi.
Kommunikasiyaların açılmasını əngəlləmək cəhdləri Ermənistanın pozuculuğunu göstərən yeganə hal deyil. Ermənistanın Cenevrə Konvensiyasını və beynəlxalq hüquq normalarını pozduğunu sübuta yetirən kifayət qədər fakt var. Sentyabrın 27-dən bu günə qədər Ermənistanın hərbi-siyasi rəhbərliyi tərəfindən həyata keçirilmiş cinayətlər əsasında dünya ictimaiyyəti, aidiyyəti qurumlar məlumatlandırılıb. Qadağan olunmuş silahlardan istifadə və onun nəticəsində onlarla uşaq və qadının, dinc sakinlərinin həlak olmasına görə günahkar olan Ermənistanın hərbi və siyasi rəhbərliyi beynəlxalq hüquq normaları çərçivəsində məsuliyyətə cəlb edilməsi mümkündür. BMT-nin Təzminat Komissiyasının (UNCC) Təhlükəsizlik Şurası hərbi cinayətlərdə iştirakına görə Ermənistanı Azərbaycana təzminat ödəməyə vadar edə bilər.
Dövlət başçısı sonuncu müsahibəsində vurğuladı ki, Azərbaycan Ermənistanı beynəlxalq məhkəmələrə verməyi planlaşdırır. Prezident bildirib ki, vurulmuş ziyanın hesablanması prosesi davam etdirilir, xarici mütəxəssislər cəlb edilib. “Bildiyiniz kimi, bizim planlarımız Ermənistanı beynəlxalq məhkəmələrə verməkdir. Bunu biz təbii ki, edəcəyik və xarici mütəxəssislər bu sahədə bizə kömək göstərəcəklər. Bizim təbii sərvətlərimizdən qanunsuz istifadə etmiş Ermənistan və onun xarici tərəfdaşları da beynəlxalq məhkəmə ilə üzləşəcəklər. Çünki qızıl yataqlarımızın, mis yataqlarımızın, digər təbii sərvətlərimizin ermənilər tərəfindən talanması, qanunsuz istismarı beynəlxalq cinayət hesab olunur və bu istiqamətdə də hüquqi prosedurlara start verilib. Xarici tərəfdaşlar artıq bu işlərə cəlb olunublar”, - deyə dövlət başçısı vurğulayıb.
Ermənistan istər işğal müddətində, istərsə də, 44 günlük müharibədə törətdiyi müharibə cinayətlərindən doymayıb, müharibə bitdikdən sonra da bu əməllərə davam edir. Qarabağ savaşı bitdikdən sonra da Azərbaycan vətəndaşları Ermənistanın müharibə cinayətlərinin qurbanı olurlar. Ermənistan 30 il işğalda saxladığı bütün əraziləri, hətta hərbi təyinatı olmayan əraziləri belə məqsədli şəkildə minalayıb. Nəticədə bu minalar həm hərbçilərimiz, həm də mülki əhali üçün təhlükə olaraq qalır. Ermənistan minalanmış ərazilərin xəritələri Azərbaycana təhvil verməli idi, lakin bu baş vermədi. İrəvan bununla da normal qonşuluq münasibətlərinə, sülh içində yaşamağa hazır olmadığını göstərir. Ermənistan bununla Azərbaycanın işğaldan azad etdiyi ərazilərə yerli sakinlərin qayıdışını maksimum uzatmaqda maraqlı olduğunu ortaya qoyur. Burada bir əngəl ərazilərin tamamilə dağıdılmasıdırsa, digər mühüm əngəl minalı sahələrin həddən artıq çoxluğudur ki, bu işlər xeyli vaxt aparır. Ermənistan düşmənçilikdən əl çəkməli, revanşizm və faşizm xülyalarından qurtulmalı, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməli, bu və digər addımlarının hansı fəlakəti gətirə biləcəyini ciddi düşünməlidir. Yoxsa “dəmir yumruq” yenə də işə düşməli olacaq...
APA Analytics