Dünən Ankaranın istəyi ilə Moskvada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı Vladimir Putin arasında “İdlib Zirvəsi” baş tutdu. Əvvəlcə iki prezident öz aralarında, daha sonra isə heyətlərarası görüş keçirdilər. Altı saata yaxın davam edən görüşün nəticəsində İdlibdə atəşkəsə dair razılıq əldə etmək mümkün oldu. Razılaşmayla bağlı əvvəlcə R.T.Ədoğan və V.Putin birgə mətbuat konfransı keçirdilər. Daha sonra isə hər iki dövlətin Xarici İşlər nazirləri Mövlud Çavuşoğlu və Sergey Lavrov Moskva zirvəsində ələ alınan razılaşmanın bəndlərini türk və rus dillərində media mənsublarının diqqətinə çatdırdılar.
Beləliklə, İdlibə dair alınan qərarlar aşağıdakı kimidir;
1. İdlibdə cəbhə xətti boyunca bütün hərbi fəaliyyətlər 6 mart 2020 saat 00:01-dən etibarən dayandırılır və atəşkəs elan edilir.
2. 15 martdan M4 quru yolunun Trumbadan Ain El Havra qədər olan ərazisinə Türkiyə və Rusiyanın patrul xidmətləri nəzarət fəaliyyətinə başlayacaq.
3. M4 magistralının 6 km şimalında, 6 km cənubunda dəhliz qurulacaq və prinsiplər 7 gün ərzində müəyyənləşdiriləcək.
Alınan qərarlardan da göründüyü kimi, hər iki dövlətin lideri İdlibdə və bütövlükdə Suriyada yaşanan dramın qarşısını almaq üçün siyasi iradə ortaya qoya bildilər. Həm Ankara, həm də Moskva Suriyada qarşı-qarşıya gəlmənin bölgə üçün, bütövlükdə dünya üçün ciddi təhlükə yarada biləcəyinin də fərqində olduqlarından, yaranmış gərgin vəziyyətdən çıxış yolunun yalnız sülh ola biləcəyini nümayiş etdirdi.
Məhz bu səbəbdən də Rusiya Prezidenti mətbuat konfransında “hər zaman olduğu kimi, bu dəfə də yaranmış gərgin vəziyyətdə sülhə razılaşa bildik” deməklə, həm də iki ölkənin bölgədə apardığı siyasətin hüzura xidmət etdiyinə işarə vurdu. Eyni zamanda “Moskva razılaşması” “Soçi razılaşması”nın davamı kimi, Türkiyə ilə Rusiyanı Suriyada sülhün hakimi roluna gətirdi. Bu statusdan istifadə edərək, xüsusən də Moskva əldə edilmiş atəşkəslə bağlı ciddi tədbirlər görməli, yenidən Türkiyə-Rusiya münasibətlərinin gərginləşməsinə yol açan addımların qarşısını almalıdır. Çünki Suriya probleminin həll olunmamasında və bunun fonunda türk-rus münasibətlərinin pozulmasında maraqlı olan qüvvələr var. Ona görə də Suriya rejimini çətiri altına alan Kreml qurduğu tavanın dağılmamasında maraqlı olmalı və ya imkan verməməlidir ki, əldə olunan razılaşma pozulsun. Əksinə, dünən əldə olunan sülh razılaşması fonunda həm Moskva, həm də Ankara bütün dünyaya göstərdi ki, hər iki dövlət dərin və böyükdür. Bu baxımdan Putin və Ərdoğan terrorçulara qarşı mübarizədə bir-birinə dəstək verməli, birgə addım atmalıdırlar.
Əgər bu razılaşma yenidən pozularsa, burada hər iki tərəf - həm Türkiyə, həm də Rusiya ciddi itkilərlə üz-üzə qalacaq. Əsasən də, Rusiya qlobal güc mübarizəsində Amerika üzərində Yaxın və Orta Şərqdə əldə etdiyi üstünlüyü itirə bilər. Bu da hazırkı məqamda Rusiyanın qətiyyən işinə yaramır. Çünki SSRİ dağıldıqdan sonra ABŞ demək olar ki, Rusiyanı tamamən bölgədən sıxışdırıb çıxarmışdı. İndi isə V. Putin üçün münbit şərait yaranıb ki, bölgəni xarabalığa çevirən Amerikanın önünə keçsin və Rusiyanın sülh qarantı kimi imicini artıra bilsin. Bu baxımdan son razılaşdırılmış sülhün davamlı olması mütləqdir.
Suriya artıq Orta və Yaxın Şərq üçün deyil, eyni zamanda bütün dünya üçün qeyri-sabitlik mənbəyinə çevrilsə də, görünən budur ki, həm ABŞ, həm də Avropa ölkələri bu məsələdə seyrçi mövqe tutmağa üstünlük verir, ancaq özlərinə qarşı təhlükə hiss edəndə narahat olmağa başlayır. Fevralın 27-də baş verən məlum hadisədən sonra Türkiyənin qaçqınların ölkəsindən getməsinə olan maneəni aradan qaldırması ilə bu münasibət daha aydın şəkildə ortaya çıxdı. Bu addım Türkiyəni mübarizə meydanında tək buraxmış ABŞ-ı və Avropanı ciddi narahat etməyə başladı. Avropa İttifaqının aparıcı dövlətlərinin başçıları R. T. Ərdoğanın bu addımını siyasi təzyiq vasitəsi kimi dəyərləndirərək, qapıların bağlanmasını istədilər. Avropalı siyasilər Ankaranı niyyətindən daşındırmaq üçün Türkiyəyə səfərlərini və siyasi danışıqları da xeyli intensivləşdirdilər.
Lakin avropalıların istək və tələblərə baxmayaraq, Türkiyə prezidenti R.T.Ərdoğan geri addım atmaq niyyətində deyil. O, bununla bölgədə cərəyan edən insanlıq dramını kənarda durub seyr edən dünya birliyinə, o cümlədən Avropa İttifaqı ölkələrinə çatdırır ki, hadisələrə artıq Türkiyə və Suriya prizmasından baxılmamalıdır. Ən azı qaçqın axınının artıq Qərb üçün də təhdid olduğunu dərk etmək, bölgədə yaşananların qarşısını almağa dəstək vermək lazımdır. Təəssüf ki, R. T. Ərdoğanın məlum mesajlarına Aİ ölkələri insani tərəfdən yanaşmır. O cümlədən Yunanıstan qaçqın axınına qarşı sərhədlərini daha da möhkəmlədib. Afina ölümlə üz-üzə qalan və məcburən ölkələrindən qaçıb digər dövlətlərdə sığınmaq istəyən insanları qaz bombası, o cümlədən də öldürücü silahlarla qarşılayır. Aİ isə Yunanıstanın bu hərəkətinə dəstək ifadə etməklə, bir daha Türkiyəni qapıları açmaqda qınayır. O cümlədən dünən Aİ ölkələrinin Xarici işlər nazirləri Putin-Ərdoğan görüşündən sonra İdlibə dair əldə olunan atəşkəsi yüksək qiymətləndirsələr də, qaçqın məsələsində Yunanıstan və Bolqarıstanın mövqeyini bir daha dəstələdilər. Eyni zamanda Türkiyə ilə işbirliyinin qurulmasını, Ərdoğanı razı salmaq üçün siyasi həll variantlarını dilə gətirdilər. Bu da özü-özlüyündə bir daha göstərir ki, Suriyada, o cümlədən bölgədə yaranan və ya yaratdıqları faciəvi durum onlar üçün heç bir məna kəsb etmir. Əksinə, bölgədə cərəyan edən hadisələr tam olaraq onların maraqları çərçivəsindədir. Bu xüsusda Türkiyə-Rusiya münasibətlərinin də gərginləşməsin qərbin tam marağındadır. Ona görə də həm Türkiyə, həm də Rusiya qərbin məlum münasibət və istəklərini nəzərə almalı, imkan verməməlidirlər ki, üçüncü qüvvələr bu iki dövlətin son zamanlar əldə etdikləri iqtisadi, siyasi, mədəni və hərbi əməkdaşlığına kölgə salsın.
APA Analytics