Dünyada intihar hadisələrinin sayında artım və intihar yaşının cavanlaşması tendensiyası müşahidə olunmaqdadır. Dünyada hər 40 saniyədə bir insan intihar edir, hər il bu rəqəmdən 13 dəfə çox isə intihara cəhd olur. Hər 13 intihar cəhdindən 12-si uğursuz, biri isə ölümlə nəticələnir. İntihara cəhd edənlərin əksəriyyəti isə 15-34 yaş arasında olan gənclərdir. Təəssüflə qeyd etmək lazımdır ki, son statistikaya görə, hər il 1 milyon insan həyatına qəsd edir, 2020-ci ilədək bu rəqəmin 1,5 dəfə artacağı da proqnozlaşdırılır.
Bəs Azərbaycanda bu sahədə real durum necədir?
Həyat səviyyəsi yüksək olan ölkələrin bəlası
Dünya ölkələri ilə müqayisə Azərbaycanda bu sahədə durumu daha real qiymətləndirməyə imkan verir. Ümumdünya Səhiyyə Təşkilatının 2018-ci il üzrə açıqladığı statistikasına baxsaq, Avropa ölkələrində intihar hallarının sayı yüksəkdir. Məsələn, Belçikada əhalinin hər 100 min nəfərinə düşən intiharların sayı 20,7, Macarıstanda 19,1, Sloveniyada 18,6, Estoniyada 17,8, Fransada 17,7 İsveçrədə 17,2, Xorvatiyada 16,5, Polşada 16,2, Finlandiyada 15,9, Avstriyada 15,6, İsveçdə 14,8 Almaniyada 13,6 Danimarkada 12,8, Niderlandda 12,6 Norveçdə 12,2, İspaniyada 8,7, İtaliyada 8,2, Albaniyada 6,3 faktdır. Qardaş Türkiyədə bu göstərici hər 100 min nəfərə 7,3 fakt təşkil edir.
MDB ölkələri arasında Rusiyada hər 100 min nəfərə düşən intiharların sayı 31, Belarusda 26,2, Qazaxıstanda 22,5, Qırğızıstanda 8,3, Özbəkistanda 7,4, Türkmənistanda 6,7, Moldovada 4,7, Tacikistanda 2,5 fakt təşkil edir. Analoji müqayisədə həmin faktların sayı Ukraynada 22,43, Gürcüstanda 8,2 təşkil edir.
Azərbaycana gəlincə, 2014-2018-ci illərdə və cari ilin 7 ayında Azərbaycanda 2 min 831 intihar faktı qeydə alınıb. 2014-cü ildə 490, 2015-ci illərdə 499, 2016-cı ildə 507, 2017-ci ildə 498, 2018-ci ildə 521, 2019-cu ilin 7 ayında isə 316 intihar hadisəsi olub. 2014-2018-ci illərdə və cari ilin 7 ayı ərzində intihar edən 2 min 831 nəfərdən 66,4 faizi (1879) kişilər, 27,7 faizi (785) qadınlar, o cümlədən 5,9 faizi (167) yetkinlik yaşına çatmayanlardır. Bütövlükdə son 5 ildə Azərbaycanda əhalinin hər 100 min nəfərinə düşən intiharların sayı orta hesabla 5 fakt təşkil edib.
Dünyada və Azərbaycanda intiharın səbəbləri
Statistika göstərir ki, Azərbaycan da dünyada artan intihar hallarından kənarda qalmayıb. 2014-cü ildən sonrakı dövrdə cüzi də olsa, intiharların sayında artım qeydə alınıb. Ancaq ümumilikdə hər 100 min nəfərə düşən intiharların sayı baxımından Azərbaycan həm dünyada, həm də MDB-də sonuncu yerlərdə qərarlaşıb.
Dünyada və Azərbaycanda intiharların səbəblərinə gəlincə, sosial problemlərin bu səbəblər sırasında ilk sırada durmadığını elə statistik mənzərə ortaya qoyur. Ümumdünya Səhiyyə Təşkilatının 2018-ci il üzrə statistikasından da aydın görünür ki, intihar hallarının ən geniş yayıldığı ölkələr Avropa ölkələridir. Üstəlik, Avropa ölkələrinin siyahısında ilk pillələrdə qərarlaşan ölkələrin həyat səviyyəsi daha yüksək olanlardır. Həmin ölkələrlə müqayisədə həyat səviyyəsinin nisbətən aşağı olduğu, sosial problemlərin daha çox olduğu Albaniyada isə intihar halları daha azdır. MDB ölkələri arasında Tacikistanın son pillədə olması da diqqət çəkir. Bunun özü dünyada intiharların əsas səbəbinin sosial problemlər olduğunu istisna edir.
Araşdırmalar göstərir ki, Azərbaycanda, əsasən, sağalmaz xəstəliyi olan, o cümlədən ruhi xəstələr, ailə üzvlərinin vəfatından depressiya keçirən, narkomaniyaya düçar olmuş, ali məktəbə daxil ola bilməyən şəxslər intihar yolunu semir. Eyni zamanda, bəzi hallarda məcburi evləndirmə, ailə münaqişəsi, maddi durumun ağır olması, internetdə asılılıq səbəbindən özünə qəsd faktları da qeydə alınıb. Cari ildə qeydə alınmış intiharların yalnız 10 faizi maddi durumla bağlı olub.
Statistik mənzərənin ortaya qoyduğu reallıq bəzi qeyri-hökumət təşkilatı və media qurumlarının Azərbaycanda sosial durumun ağır olması və insanların bu səbəbdən intihar etməsi ilə bağlı iddialarının əsassız olduğunu ortaya qoyur. Son 6 ayın iqtisadi, sosial göstəriciləri əhalinin sosial rifahının yaxşılaşdığını bir daha təsdiqləyir. İqtisadi inkişafın nəticəsidir ki, bu il sosial sahədə inqilabi dəyişikliklər həyata keçirildi, pensiya, sosial müavinətlər və dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışanların əmək haqları 50 faiz və daha çox artırıldı.
Əsas vəzifələr…
Bütün dünya intiharların qarşısının alınması istiqamətində tədbirlər üzərində düşünür. Əsas tədbirlər sırasında yenə də maarifləndirmə dayanır. Bu işdə, ilk növbədə, vətəndaş cəmiyyəti institutlarının, o cümlədən hər bir fərdin üzərinə mühüm vəzifələr düşür. İntiharların çox yüksək faizlə olduğu ölkələrdə ayrı-ayrı QHT-nin depressiyada olanlara dəstək xətti fəaliyyət göstərir. Əlbəttə, hazırda Azərbaycandakı statistika buna ehtiyac yaratmır.
KİV necə davranmalıdır?
Qərbi Avropa ölkələrində isə intihar hadisələrinin media işıqlandırılmasına müəyyən məhdudiyyətlər var. Məsələn, İngiltərədə intihar hadisələri zamanı intihar edənin şəklinin, intihar formasının əks olunduğu görüntülərin yayılması qadağandır. Bu görüntülərin KİV-də işıqlandırılması təşviqetmə xarakteri daşıyır. Eyni zamanda intiharın stimullaşdırılması, intihara haqq qazandırılması, intihar edən şəxsin qəhrəmanlaşdırılması da yolverilməzdir.
Çox təəssüf ki, ölkəmizdəki bəzi media qurumlarında intihar hadisələrinin və ya bu hadisəni törədənlərin təşviq edilməsi ilə bağlı məlumatlar yer alır. İntiharla bağlı xəbərlərin yayılması və ya intiharı yaradan problemin müzakirə olunması isə normaldır.
Məsələn, bu yaxınlarda Zaqatala rayonunda 17 yaşlı bir qızın ailəsi tərəfindən zorla sevmədiyi şəxslə evləndirilməsi ilə bağlı intihar etməsi barədə məlumat yayıldı. Burda medianın, ictimai şəxslərin diqqət çəkməli olduğu məsələ ailə fərdinə təzyiq, onun istəyinin nəzərə alınmaması və bununla mübarizə tədbirləri olduğu halda, bəzi media qurumları intihar etmiş şəxsin ölümündən öncəki videolarını yaymaqla məşğul oldular. Eyni yaşda olan və eyni problemlə üzləşən şəxslərə mübarizə metodlarını təbliğ etməkdənsə, bu cür "dramatik videolar"ın seçilməsi yanlışdır və təşviqetmə mahiyyəti daşıyır.
QHT-lərin də bu sahədə fəallığı intihara yol açan səbəblərin aradan qaldırılması istiqamətində maarifçilik tədbirlərinin ardıcıl və davamlı təşkili formasında özünü büruzə verməlidir. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dəstək Şurası, Azərbaycan Gənclər Fondu bu sahədə QHT-ləri istiqamətləndirən qurumlar kimi çıxış etməli, qrant müsabiqələrində bu istiqamətlərə üstünlük verilməlidir.
Bu gün sosial şəbəkələrin özünüifadə məkanı kimi geniş imkanlar yaratması fonunda hər bir fərdin də üzərinə mühüm vəzifə düşür. Sosial şəbəkənin yaratdığı imkanlardan istifadə edərkən intiharın təşviqi deyil, yolverilməzliyi təlqin edilməlidir. İntiharı dinimiz də günah sayır. Digər tərəfdən, siyasi iddialar, hakimiyyət uğrunda mübarizə fonunda intiharların səbəblərinin cəmiyyətə yanlış çatdırılması, bundan siyasi məqsədlərə nail olmaq üçün bir vasitə kimi istifadə edilməyə çalışılması isə nə siyasi, nə də mənəvi dəyərlərə uyğundur.
APA Analytics