Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurası parlamentdə təmsil olunan üzvlərinə parlamentin buraxılması ilə bağlı təşəbbüslə çıxış etməyi tövsiyə edən qərar qəbul edib. Siyasi Şura bu qərarını Prezident İlham Əliyevin islahatlar kursuna və kadr islahatlarına dəstək məqsədilə verildiyini qeyd edib. Artıq hakim partiyanı təmsil edən deputatlar da Milli Məclisə müraciət etmək barədə qərar qəbul ediblər.
Əslində, YAP-ın bu qərarı ictimaiyyət üçün gözlənilməz olsa da, siyasi ekspertlər xeyli əvvəldən başladılmış bəzi proseslərin növbədənkənar parlament seçkilərinə işarə olduğunu qeyd edirdilər.
Ölkədə ciddi islahatlara start verilib. Elə bu islahatlar fonunda iqtisadi və siyasi müstəvidə müsbət dəyişikliyə nail olmaqdan ötrü icra strukturu ilə yanaşı, qanunverici orqanın da yenidən formalaşmasının zərurəti yaranmışdı. Milli Məclisin mövcud tərkibi heç bir halda islahatlara yardım missiyası ilə çıxış edə bilmirdi. Nəzərə almaq lazımdır ki, Prezident Administrasiyası, Nazirlər Kabineti ilə bağlı aparılan dəyişikliklər fonunda parlamentdəki sükunət diqqət çəkirdi.
Məsələ ondadır ki, Prezident İlham Əliyev şəxsən özü ölkədəki proseslərə tənqidi yanaşa bilir və heç kəsin reaksiyasını gözləmədən problemlərin ünvanını göstərir, sərt tənqid edir. Əslində, ölkə rəhbərinin son çıxışlarının ritorikası cəmiyyət, ictimai fikir tərəfindən çox müsbət qarşılanır. Prezident hakimiyyətə opponentlik etmək istəyənlərdən fərqli olaraq konkret problemlərə toxunur, çatışmazlığı qeyd edir, həlli yolları ilə bağlı tapşırıq verir.
Bir sözlə, ölkə yenilənir və bu yenilənmə qanunverici orqanın real yardımı olmadan tam mənada həyata keçirilə bilməzdi. Milli Məclis yeni şəraitə uyğun qanunverici təşəbbüslə çıxış edə bilmirdi. Heç də təsadüfü deyil ki, beynəlxalq tənqidlərin əksəriyyəti məhz parlamentin zəif olması ilə bağlı idi. Parlamentdə təmsil olunan deputatların içərisində məsuliyyətini dərk edənlərlə yanaşı, nə baş verdiyinin fərqinə varmadan qıcıqlandırıcı açıqlamalar verənlər, adekvat olmayanlar da kifayət qədərdir.
Bu baxımdan, ciddi və adekvat deputatlar üçün yeni seçkilər heç bir təhlükə yaratmır. Onlar yenidən seçkilərdə qalib gəlmək şansına malikdirlər.
Adı daim parlamentdən kənar qalmaqallarda hallanan deputatlar üçün isə artıq Milli Məclis bir keçmiş olacaq. Onu da vurğulayaq ki, etimad limitini bitirən deputatlarla heç bir halda ciddi islahatlar həyata keçirmək mümkün olmayacaqdı. Belə ki, islahatlar üçün bir çox yeni qanunun da qəbulu vacibdir.
Burada bir məqama da diqqət yetirmək lazım gəlir. Əslində, yeni parlament seçkiləri ilə bağlı söhbət çoxdan gedirdi. Belə ki, son - növbədənkənar prezident seçkisindən sonra belə tezislər səslənirdi. Aydındır ki, bölgədə sosial-siyasi durum getdikcə gərginləşir. Bu proses Azərbaycana da müəyyən mənada təsir edir. Azərbaycan parlamenti isə gözlənilməz situasiya hazır deyil. Ekspertlər çıxış yolu kimi Milli Məclisə yeni, etimadlı seçkilər keçirilməsini təklif edirdi. Ümumiyyətlə, bölgədəki sosial-siyasi durumun analizi göstərir ki, struktur və kadr islahatları ilə yanaşı, yeni parlament zərurəti də yaranıb.
Prezident İlham Əliyev tamamilə yeni siyasi kurs nümayiş etdirir - hüquq müdafiəçilərinin siyasi məhbus adlandırdığı şəxsləri əfv edir, xalqla birbaşa təmaslara daha çox vaxt ayırır, hakimiyyətə etimad limitinin formalaşdırılmasına nail olur. Bu yüksəliş dalğasında seçki keçirmək daha məntiqli görünür və yeni parlament seçkilərində ölkə başçısının rəhbərlik etdiyi təşkilata uğur vəd edir.
Digər tərəfdən, hakimiyyət bu dəfə də müxalifəti hazırlıqsız yaxaladı.
Başı daxili çəkişmələrə qarışan müxalifət seçkilərə lazımı səviyyədə hazırlaşa bilməyəcək. Əslində, reallıq budur ki, müxalifətin “lazımi səviyyədə hazırlaşmaq” potensialı da yoxdur. Yalnız qeybət və dedi-qodularla sosial media gündəmində olan müxalifətçilərin seçki kimi ağır və sistemli prosesdə təşkilatlanıb iştirak edəcəkləri real görünmür. Siyasi partiyanın əsas məqsədi seçkilərə hazırlıqdır. Əgər partiya seçkiyə hazırlaşa bilmirsə, bu artıq iqtidarın təqsiri deyil. İstənilən halda, yeni parlament seçkisi islahatlara dəstək olmaqla yanaşı, siyasi münasibətləri də tənzimləyəcək. Demokratik mübarizə baxımından, yeni parlament seçkiləri önəmlidir. Azərbaycan bütün inkişafında təkamül yolunu seçib və yeni parlament bu prosesə yaxından yardım etməlidir.
APA Analytics