• TƏHLİL

    15:39 29 yanvar 2020

Ölkə seçki ərəfəsində: iddialar, reallıqlar - TƏHLİL

Azərbaycanda keçiriləcək növbədənkənar parlament seçkilərinə sayılı günlər qalıb və təbii olaraq seçkilər hazırda ölkənin əsas gündəm mövzusudur.

Xatırladaq ki, Davos İqtisadi Forumunda Milli Məclisə seçkilərə münasibət bildirən Prezident Əliyev də vurğulamışdı ki, bu seçkilərin məqsədi insanlara etimad göstərdikləri namizədləri seçmək üçün imkan vermək idi: “Əminəm ki, seçkilərdən sonra parlament də islahatların davamının mühüm hissəsi olacaq".

Ölkə rəhbəri onu da vurğulayıb ki, parlament seçkiləri əhaliyə etimad etdikləri şəxsləri seçmək üçün imkan verir: “Seçkilərdən sonra isə parlament islahatların vacib hissəsi olacaq”.

Göründüyü kimi, ölkə rəhbəri qarşıdan gələn parlament seçkilərinin demokratik olacağını və ölkədə aparılan islahatlara xidmət edəcəyini xüsusilə qeyd edib və bu bəyanat siyasi dairələrdə xoşməramlı çağırış kimi dəyərləndirilib.

Bu gün ölkədə seçki təbliğatının ən qızğın dövrüdür. Deputatlığa namizədlər az qala “hər seçici ilə görüş” taktikasına üstünlük verirlər. Namizədlər ölkədə aparılan islahat dalğasının qanunverici orqana da təsir edəcəyini və parlamentin özünü buraxmasının özəyində məhz bu amilin durduğunu da dərk edirlər, odur ki, seçki prosesinə daha fəal şəkildə qoşulublar.

Siyasi müşahidəçilər vurğulayırlar ki, son illər ərzində Azərbaycanda ən çox maraq doğuran və bu qədər seçici fəallığa səbəb olan parlament seçkiləri keçirilməyib.

Bununla belə, hələ indidən seçkilərin qeyri-demokratik keçiriləcəyini iddia edənlər meydana çıxır. Bu sırada ayrı-ayrı şəxslər bir yana, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) mövqeyi təəccüb doğurur. AŞPA-nın Azərbaycanda parlament seçkilərini müşahidə etmək üçün yaradılmış xüsusi komitəsinin üzvlərinin ötən həftə Azərbaycana səfərdən sonra yaydıqları bəyanat belə düşünməyə əsas verir. Bəyanatda Azərbaycanda seçki mühiti ilə bağlı bir müsbət məqam belə nəzərə alınmayıb, hər şey “qara rəngdə” göstərilib. Avropa Şurasının parlament seçkiləri keçirilməmiş, deputatlığa namizədlərin ciddi problemlərlə üzləşmədiyi halda mənfi rəylər paylaşması isə qəbuledilməzdir və seçkinin sonunda hansı bəyanatın ortaya çıxacağını indidən proqnozlaşdırmağa imkan verir.

Qeyd edək ki, parlament seçkilərə qatılan bəzi siyasi partiyalar və şəxslər təbliğat-təşviqat mərhələsində bir sıra pozuntuların olmasını iddia edirlər. Bu iddialar sırasına bərabərlik prinsipinin pozulması, görüşlərin təşkilində inzibati resurslardan istifadə olunması, seçicilərlə görüşlərə maneçilik törədilməsi, plakatların cırılması, seçicilərin ələ alınması və s. daxildir.

Nəzərə alınmalıdır ki, seçkilər elə prosesdir ki, heç bir ölkədə bu prosesi qüsursuz icra etmək mümkün deyil, bu və ya digər şəkildə namizədlər tərəfindən prosedur qaydalarının pozulması, müxtəlif qeyri-qanuni üsullardan istifadə olunması və s. pozuntular və neqativ hallar müşahidə olunur.

Azərbaycanda da belə faktlara rast gəlindiyi inkar olunmur, hətta MSK sədri Məzahir Pənahov belə halların aradan qaldırılması üçün bəzi DSK-ya dəfələrlə xəbərdarlıq edib. Bundan başqa, bəzi namizədlər DSK-nın qərarından MSK-ya müraciət edib, MSK-nın qərarları isə əsasən bir sıra namizədlərin xeyrinə olub. Seçki prosesində namizədin hüququnu poza biləcək heç bir şikayət diqqətdən kənarda qalmayıb.

Hər hansı bir seçki dairəsində müşahidə edilən və MSK-nın xəbərdarlığından sonra öz həllini tapan problemlər isə istənilən ölkədə müşahidə edilən məsələdir. Demokratiyanın beşiyi hesab edilən ölkələrdə belə bu kimi faktlar kifayət qədərdir.

Məsələn, ABŞ-da son prezident seçkilərinin qanun pozuntusu ilə həyata keçirildiyi, hətta Rusiyanın seçkiyə açıq müdaxiləsi barədə dünyanın aparıcı mediası hələ də yazır.

ABŞ Prezidenti Donald Tramp özü də şəxsi “Twitter” səhifəsində Virciniya, Nyu-Hempşir və Kaliforniyada ciddi pozuntulara yol verildiyini yazmışdı. Qeyd edək ki, Yaşıllar Partiyasının namizədi Cil Stayn Viskonsin ştatında seçici səslərinin yenidən sayılmasına dair seçki komissiyasına müraciət etmiş, Donald Tramp isə seçici səslərinin yenidən sayılması cəhdlərini dələduzluq adlandırmışdı.

Ümumiyyətlə, ABŞ seçkilərində seçkilərin nəticəsinə birbaşa təsir göstərə bilən ciddi pozuntular barədə Qərb mətbuatında məqalələrin dərc olunması bu gün də davam edir. Məsələn, 24 milyon seçicinin göstəricilərinin dəqiq olmadığını və nəticədə seçici siyahısında 1,8 milyon "ölü canlar" meydana çıxdığı faktına bu günə qədər tutarlı cavab verilməyib. İddialara görə, hər 5 amerikalıdan biri seçici siyahısında qeydə alınmayıb. 24 milyonluq seçici siyahısı isə dəqiq olmayıb. ABŞ vətəndaşlarının çoxu başqa yerə köçərkən, ünvanlarının dəyişdirən şəxslər olub. 2,75 milyon vətəndaş eyni zamanda ölkənin bir neçə ştatında qeydə alınıb. Onların 6 ştatda birdən qeydə alınması ilə bağlı məlumatlar var. Digər tərəfdən, ABŞ-da prezidenti seçiciləri deyil, 280 nəfər müəyyən edir. Bununla yanaşı, seçənlər namizədi dəstəkləmir, kimi deyilibsə ona səs verirlər. Bununla da orta statistik amerikalı prezident seçmək hüququndan tam məhrumdur.

Bir sözlə, Trampın prezidentlik dönəmi az qala başa çatmaqdadır, seçki saxtakarlığı ilə bağlı iddialar və müzakirələr isə hələ də səngimir.

Şübhəsiz ki, bir sıra pozuntulara Azərbaycanda da yol verilir. Lakin başlıca məsələ pozuntuların sistemli hal almaması və nöqsanların anındaca həll edilməsidir.

Azərbaycanda Milli Məclis deputatlığına namizədliyin irəli sürülməsi, qeydiyyatı və təşviqat mərhələlərində heç bir ciddi pozuntuya yol verilməyib və bu faktı müxalifəti təmsil edən namizədlər də etiraf edirlər.

Əgər namizədlərin siyasi mənsubiyyətləri təhlil edilərsə, seçkilərin çoxpartiyalı əsasda keçirildiyini qeyd edə bilərik. Ümumilikdə, seçkilərdə iştirak üçün 2431 nəfər müraciət edib, seçkilərdə qeydiyyata alınan namizədlərin sayı 1374 nəfərdir (prosesin gedişində namizədlərin sayı dəyişə bilər), onlardan 248 nəfəri 19 siyasi partiyanın nümayəndəsidir. Elə bu faktın özü parlament seçkilərinə cəmiyyətdə böyük maraq olduğunu, rekord sayda namizədlərin seçki prosesinə qatıldığını əyani şəkildə təsdiq edir.

Namizədlərin təşviqatla bağlı da heç bir problemi qeydə alınmayıb. KİV-in və sosial medianın hətta səthi monitorinqi onu deməyə əsas verir ki, namizədlər fəal təşviqat kampaniyası aparırlar və onlara bu istiqamətdə əngəl törədilmir.

Digər tərəfdən, bütün yaşayış məntəqələrində seçicilərlə görüş üçün ən münasib yerlər ayrılıb, namizədlər öz seçiciləri ilə görüşmək imkanına malikdirlər, bu imkanlardan yetərincə yararlana bilirlər.

Düzdür, bu məsələdə bir sıra problemlər də mövcuddur. Bəzi hallarda namizədlərin plakatların cırılması müşahidə edilir, bu, əlbəttə ki, yolverilməz haldır. Lakin nəzərə alsaq ki, bir dairədən orta hesabla 15-20 nəfərin namizədliyi qeydə alınıb və heç də namizədlərin hamısı sivil mübarizə aparmır, belə halların səbəbi də bəllidir. Bu kimi hallarda MSK-ya müraciət etməklə problemi aradan qaldırmaq mümkündür.

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov da dəfələrlə bildirib ki, hər hansı neqativ halla bağlı MSK-ya müraciət daxil olsa, baxılacaqdır.

Onu da qeyd edək ki, 40-dan artıq media orqanı ödənişli təşviqatda iştirak etmək üçün MSK-ya müraciət edib. Hazırda mediada namizədlərin intensiv təşviqat materiallarının getdiyini açıq müşahidə etmək olar. Onu da nəzərə alaq ki, seçkiləri 41 beynəlxalq qurumdan, 44 ölkənin vətəndaşlarından ibarət 409 nəfər beynəlxalq müşahidəçi izləyəcək. Yerli müşahidəçilərin sayı isə 54 min 292 nəfərdir. Bu da seçkilərə həm beynəlxalq aləmin, həm ictimaiyyətin böyük marağının olduğunu göstərməklə yanaşı, həm də ciddi ictimai nəzarət mexanizminin təmin edildiyini təsdiqləyir.

Bir mühüm məqama da diqqət yetirək ki, Milli Məclisə seçkilərdə iştirak edən namizədlərin potensialı müvafiq qurumlar tərəfindən istənilən halda araşdırılır, onlar ehtiyat kadr bankına əlavə edilir və qarşıdan gələn dövrdə də ictimai rəydə özlərini təsdiq etmiş, lakin parlamentə üzv seçilə bilməyən şəxslərin potensialından yararlanmaq niyyəti var.

Bu yerdə xatırladaq ki, Prezident İlham Əliyev də kadr islahatlarının davam edəcəyini bildirib: ”Hökumətdə yeni adamlar var. Onlar yüksək səviyyədə təhsil almış və müasir dünyagörüşləri olan gənclərdir. Mən dəfələrlə demişəm ki, XXI əsrdə uğur qazanmaq yalnız XX əsrin baxışlarına riayət etmədən mümkündür. Bu səbəbdən, nəinki hökumətdə, həm də Prezident Administrasiyasında yeni adamlar lazımdır. Burada da böyük dəyişikliklər baş verib”.

Göründüyü kimi, Azərbaycan siyasi elitası yeni kadr axtarışındadır və parlament seçkiləri zamanı öz potensialını nümayiş etdirə bilən şəxslər də kənarda qalmayacaq. Bu baxımdan parlament seçkiləri yalnız deputat mandatı uğrunda mübarizə deyil, eyni zamanda hər kəsə öz potensialını nümayiş etdirmək şansıdır.

APA Analytics

ONA

Teqlər:

SON XƏBƏRLƏR