“Çiçəklənən Ermənistan” partiyasının sədri, “Sarukyan” deputat fraksiyasının lideri, milyonçu Qaqik Sarukyanın deputat toxunulmazlığının iyunun 16-da Ermənistan parlamenti tərəfindən ləğv edilməsi siyasi proseslərdə dönüş nöqtəsi kimi qiymətləndirilir. Seçki cinayətində, seçiciləri pulla ələ almaqda günahlandırılan Q. Sarukyan sırf siyasi motivlərlə ölkənin təhlükəsizlik qüvvələri tərəfindən istintaqa cəlb edilib.
Q. Sarukyanın məhz N.Paşinyan hakimiyyətini tənqid etməsindən sonra təzyiqlərə məruz qalması baş verənlərin siyasi təqib olduğunu göstərir. Q. Sarukyanın həbs ediləcəyi istisna olunmur.
İstər son vaxtlar Ermənistanda baş verən repressiyalar, istərsə də Q. Sarukyanla bağlı hadisələr fonunda Qərb təşkilatlarının səssizliyi isə maraq doğurur. Q. Sarukyanın tərəfdarları Ermənistan parlamentinin önündə etiraz aksiyası keçirməyə cəhd göstərsə də, ölkənin təhlükəsizlik qüvvələri tərəfindən aksiyanın qarşısı amansızlıqla alınıb, yüzlərlə adam saxlanılıb.
Bu yerdə xatırladaq ki, bu, Qərbin Ermənistanda insan haqlarının pozulmasını görməzliyə vurduğunu ilk hal deyil. Ermənistanda müxalif siyasətçi və jurnalist Mqer Yeqizaryan həbsxanada aclıqdan vəfat edib. N. Paşinyanın hakimiyyətə gəldikdən sonra demokratiya adı altında ölkənin tanınmış siyasi və ictimai xadimlərinə qarşı olan reqressiv vasitələrdən geniş istifadə etməsi və onları bir-bir sıradan çıxararaq zərərsizləşdirməsi heç kimə sirr deyil. Ermənistanın Baş Naziri siyasi rəqiblərini bir-bir həbsə atır, onları “asfalta uzatmaqla” hədələyir və bunu edir. N. Paşinyan tərəfindən indiyədək Ermənistanın keçmiş rəhbərliyinə qarşı silsilə cinayət işləri açılıb, bəziləri həbs olunub, hazırda istintaq davam edir. N. Paşinyan ölkədə avtoritar rejim yaratmağa cəhd göstərir. Gələcəkdə özünə rəqib olacaq və ya rəqib olma ehtimalı yaranan istənilən şəxsi korrupsiya ilə mübarizə ittihamı ilə həbs etməsi və bunun fonunda Qərbin sükutu isə N. Paşinyanın əl-qolunu daha da açır.
Qərbin ikili standartlarının digər bariz nümunəsi Ermənistanda keçirilmiş seçkilərə reaksiyalarıdır. Belə ki, 2017-ci ildə Ermənistanda parlament seçkiləri keçirildi. Seçkiləri müşahidə edən Qərb təşkilatlarının rəyində Ermənistanda bütün başlıca azadlıqlara əməl edildiyi göstərilmişdi. Lakin az sonra Ermənistanda inqilab baş verdi və seçkiləri uduzmuş indiki Baş Nazir inqilab yolu ilə hakim partiyanı devirdi. 2019-cu ildə BMT Baş Assambleyasında çıxış edən N. Paşinyan 2018-ci ilin dekabrında keçirilmiş yeni seçkilərə toxunaraq demişdi: “25 il ərzində ilk dəfə bu seçkilər və onun nəticələri hamılıqla qəbul edilib və heç bir siyasi partiya tərəfindən şübhə altına alınmayıb”.
Son hadisələrdən sonra Ermənistanda N. Paşinyanı diktator hesab edənlərin sayı durmadan artır. Hazırda Ermənistanda təkcə pandemiya böhranı deyil, həm də siyasi böhran yaşanır. Ölkədə siyasi repressiyalar güclənib. N. Paşinyanın yeganə məqsədi hakimiyyətinin müddətini uzatmaqdır. Ermənistanda totalitar inqilabi diktatura qurulub. N. Paşinyanın erməni oliqarx Samvel Aleksanyanla qohumluq əlaqələri qurması isə onun əsil niyyətindən xəbər verir. Artıq erməni mətbuatında hakimiyyətdən öz şəxsi maraqları üçün istifadə edən N. Paşinyan və onun ailə üzvlərinin dövlət büdcəsindən öz şəxsi məqsədləri üçün istifadə etməsi barədə silsilə məqalələr dərc edilir.
Ermənistanın hazırkı hakimiyyəti ilə kilsə arasında da ciddi fikir ayrılıqları mövcuddur. N. Paşinyanın təsiri altında olan KİV bunu daha çox kilsənin hazırkı rəhbərliyində təmsil olunan şəxslərin əvvəlki hakimiyyətlərlə sıx işləməsini əsas gətirsə də, əslində, məsələnin məğzi tam başqadır. Məlumdur ki, ermənilərin yaşadıqları bütün ölkələrdə kilsələr fəaliyyət göstərir və icma üzvləri kilsəyə böyük miqdarda maliyyə yardımı edirlər. Pul axınının böyük hissəsinə nəzarət etmək istəyən N. Paşinyanın “yağlı tikə”ni kilsəyə güzəştə getməməsi də təbiidir. Heç kimə sirr deyil ki, koronavirusun Eçmədzində yayıldığı ərəfədə kilsə rəhbərinin qaçması şəklini mətbuata məhz N. Paşinyan özü ötürmüşdü.
Bu gün Ermənistan cəmiyyəti parçalanıb. Ümumi götürdükdə, N. Paşinyan birləşdirici fiqur deyil. O, yalnız dağıdıcı imicə malikdir, iqtisadiyyat barədə isə məlumatı belə yoxdur. Xüsusən də Rusiyaya münasibətdə xarici siyasət kursunu dəqiqləşdirmək N. Paşinyana asan başa gəlməyəcək.
Qarabağ məsələsində də N. Paşinyanın heç bir planı mövcud deyil. N. Paşinyan “savaş baltası” qaldırıb, lakin real addım ata bilmir. Hazırda Ermənistan iqtisadi blokadadır. Bunun nəticəsi olaraq Ermənistan bölgədə reallaşdırılan layihələrdən kənarda qalıb. N. Paşinyan isə vədlərini, ölkəsini tənəzzüldən o zaman xilas edə bilərdi ki, Qarabağ problemində ortaq məxrəcə gələ bilsin. Baş Nazir yaranmış bu fürsətdən istifadə edə bilmədi.
Hazırda N. Paşinyanın qarşısında iki yol var. Ermənistan danışıqlar yolu ilə dil tapmağı bacarmalı, danışıqlar masası ətrafında konstruktiv mövqe sərgilənməlidir. Əks halda, Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etmək üçün hərbi əməliyyatlara hazır olmalıdır. Əlbəttə, bütün bunlar Ermənistan üçün çətin dilemmadır. N. Paşinyanın və ətrafındakıların qatı millətçi olması, danışıqlar haqqında o qədər də nikbin rəy yaratmır.
Ermənistan üçün həyati əhəmiyyətə malik iqtisadi problemlərin aradan qaldırılmasının yolu ilk növbədə Qarabağ probleminin həllindən keçir. Danışıqlar prosesinin reallaşmasının özü də sual altındadır. Ermənistan anlamalı, danışıqlar prosesində necə lazımdırsa, elə də hərəkət etməlidir. Bu baş verəcəksə, N. Paşinyan xalqına verdiyi digər vədləri də yerinə yetirmək üçün imkanlar açılacağını söyləmək mümkündür. Əksinə, yenə də qarşıdurma, siyasi manevrlər, “status-kvo”nun saxlanmasına cəhdlər Ermənistana baha başa gələcək.
Paşinyanın ən böyük problemlərindən biri də odur ki, o, azad, müstəqil ölkənin rəhbəri deyil. Xarici sərhədlərini belə rus hərbçilərinin qoruduğu, təhlükəsizliyi bilavasitə Rusiyadan asılı olan bir ölkənin qərbpərəst lider imicini qazanması elə də sadə deyil. Hərbi sferadan tutmuş iqtisadi sferaya qədər Rusiya Ermənistandakı bütün sahələrdə dominantlıq edir.
Qərb isə yenə də özünü ikiüzlü aparır. Bu siyasət Paşinyanı qorumaq məqsədlidir, əslində isə Ermənistanın, erməni xalqının əleyhinədir. Çünki bu yanaşma Ermənistanda həqiqi demokratiyanın qurulmasına təkan verə bilməz. Qərb institutlarının Ermənistanda baş verən qanunsuzluqlara, siyasi repressiyalara, həbslərə, təqiblərə, polis zorakılığına bir dəfə də olsun münasibət bildirməməsi, hansısa bəyanat səsləndirməməsi onların öz fəaliyyətlərində, əsasən, ikili standartlara üstünlük verdiyini bir daha aydın göstərir. “Əgər mənim adamımsansa və mənə işləyirsənsə, deməli demokratsan” - görünür, onların demokratiyasının fəlsəfəsi budur.
APA Analitics