Prezident İlham Əliyev avqustun 24-də BMT-nin ölkəmizdə yeni təyin olunmuş rezident əlaqələndiricisi, xanım Vladanka Andreyeva ilə görüşündə digər beynəlxalq platformalarda olduğu kimi, bu dəfə də ölkəmizin haqq səsini, regiondakı reallığı qonağın və onun təmsil etdiyi təşkilatın diqqətinə çatdırdı.
Dövlət başçısı çıxışı zamanı BMT-Azərbaycan əlaqələrinə toxundu və Ermənistanın bu illər ərzində qurumun verdiyi qətnamələri yerinə yetirmədiyini xüsusilə vurğuladı. Prezident 1993-cü ildə BMT Təhlükəsizlik Şurasında Ermənistanın hərbi təcavüzünə dair qətnamələrinin qəbul edildiyini, lakin bu illər ərzində ərazilərin işğalı ilə bağlı qəbul edilən 4 qətnamənin icra olunmadığını qeyd etdi.
Doğrudan da, BMT kimi nəhəng təşkilatın 5 fövqəl üzvünün qəbul etdiyi qətnamələrin cırtdan Ermənistan tərəfindən icra edilməməsi təşkilatdakı islahatların labüdlüyünü göstərən ən ciddi faktorlardan biridir. Çünki Azərbaycan və Ermənistan arasında baş verənlər, 1 milyona yaxın qaçqın və məcburi köçkünlərin yurdlarından didərgin düşməsi, insanlığa qarşı aşkar cinayətlərin bu illər ərzində davam etməsi və cəzasız qalması çağdaş dünyanın qabaqcıl beynəlxalq aktorları adına utancverici idi. BMT Təhlükəsizlik Şurasının beş üzvündən üçünün ATƏT-in Minsk qrupunun həmsədr dövləti olduğunu da nəzərə alsaq, 30 il ərzində Cənubi Qafqazda beynəlxalq hüququn pozulmasında Ermənistanla yanaşı, həmin dövlətlərin də məsuliyyət daşıdığını söyləmək olar.
Bu məsələyə toxunan Prezident İlham Əliyev BMT Təhlükəsizlik Şurasına üzv dövlətlərin həm də Minsk qrupunun həmsədrləri kimi qətnamələrin icrası üçün lazımi mandatlarının olduğunu, lakin 28 il ərzində bu imkanlar çərçivəsində heç bir əməli iş görmədiyini qeyd etdi. Dövlət başçısı nitqində “Əgər Ermənistana qarşı vaxtında sanksiyalar tətbiq edilsəydi, əgər Minsk qrupunun həmsədrləri, dünyanın üç aparıcı ölkəsi potensialının 5 faizini Ermənistanı öz işğalçı qüvvələrini geri çəkməyə inandırmağa və ya məcbur etməyə istifadə etsəydi, müharibə baş verməzdi. Odur ki, müharibəyə görə məsuliyyət yalnız Ermənistanın üzərində deyil, həmçinin onu beynəlxalq hüquqa riayət etməyə məcbur edə bilməyən və ya bunu etmək istəməyənlərin üzərinə düşür. Nəticədə Azərbaycan bu qətnamələri beynəlxalq hüququn normaları çərçivəsində özü həyata keçirdi. Biz ədaləti, beynəlxalq hüququn normalarını bərpa etdik. Biz Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qətnamələrini özümüz yerinə yetirdik. Biz BMT-nin Nizamnaməsini rəhbər tutaraq hərəkət etdik. 51-ci maddə hər bir ölkənin özünümüdafiə hüququnu tanıyır. Beləliklə, biz bütün beynəlxalq alətlərdən istifadə edərək, öz ərazi bütövlüyümüzü bərpa etdik”, - deyə bəyan etdi.
Müharibənin baş verməsinə görə məsuliyyəti həm də Minsk qrupuna şamil edən dövlət başçısı bu çıxışıyla həmin dövlətlərə vacib icmarıclar verdi. Nəzərə alsaq ki, son dövrlərdə Minsk qrupunun hər üç dövləti tərəfindən Qarabağın dağlıq hissəsi ilə bağlı sərsəm bəyanatlar səsləndirilir, o zaman bu çıxış onlar üçün ciddi xəbərdarlıq kimi başa düşülməlidir. Belə ki, müharibənin başa çatdığını qeyd edən Azərbaycan Prezidenti, “İndi müharibə bitib, münaqişə həll olunub, bu baş verənlər haqda danışılası heç bir məsələ qalmayıb” deyərək, Azərbaycanın humanitar vəziyyətlə bağlı məsələlərdə, işğaldan azad olunmuş ərazilərin bərpasına dair məsələlərdə BMT ilə əməkdaşlıqda maraqlı olduğunu qeyd etdi.
Çıxışının sonunda Prezident İlham Əliyev hazırda Ermənistanın Azərbaycana qarşı istifadə etmək istədiyi UNESCO məsələsinə də toxundu. Dövlət başçısı Bakının UNESCO ilə təmasda olduğunu, təşkilatı buraya səfər etməyə və bizim ərazilərdə nələrin törədildiyini görməyə dəvət etdiyimizi qeyd etdi: “Biz UNESCO-nu, demək olar ki, 30 ilə yaxındır gözləyirik. Bilmirəm bunu bilirsiniz, ya yox, biz bir neçə il bundan öncə - hələ işğal dövründə UNESCO-nu buraya səfər etməyə və bizim ərazilərdə nələrin törədildiyini görməyə dəvət etmişdik. Çünki ATƏT-in Minsk qrupu işğal olunmuş ərazilərə artıq iki faktaraşdırıcı missiya göndərmişdi. Biz onlardan yenidən bir missiya göndərməyi xahiş etdik, lakin onlar göndərmədilər. Biz UNESCO-dan tarixi abidələrimizə erməni təcavüzkarları tərəfindən dəymiş ziyanı gəlib görməyi xahiş edirdik, lakin onlar imtina etdilər. UNESCO rəsmiləri dedilər ki, UNESCO siyasi məsələlərə qarışmır. Lakin müharibə bitdikdən sonra UNESCO tərəfindən onların gəlmək istədiyinə dair siqnallar aldıq. Əlbəttə, biz öz təəccübümüzü bildirdik. Çünki demək olar, 30 il idi ki, biz onları çağıranda gəlmirdilər. Müharibədən sonra isə gəlməyə qərar verdilər. Buna görə biz buna razılaşdıq və mənim də bildiyim qədər son məlumat belə idi ki, missiya artıq yaradılıb, amma indi Ermənistan yenə etiraz edir. Buna görə yenə də missiya gecikir”.
Prezidentin yuxarıda sadaladığı qeydlər 30 il ərzində Azərbaycanın üzləşdiyi real ikili standartları tam çılpaqlığı ilə ortaya qoyur. Azərbaycanın torpaqları işğal altında olarkən bölgəyə səfər etməkdən imtina edən UNESCO belə çıxır ki, hazırda torpaqların geri alınmasından sonra heç bir tarixi irsi olmayan hansısa erməni abidələri haqqında narahat olub. Əks təqdirdə, özlərinin də qeyd etdiyi kimi, “siyasi məsələlərə” qarışmayan təşkilatın birdən-birə regiona marağının artmasını nə ilə izah etmək olar?
Prezident İlham Əliyevin UNESCO barədə söylədikləri təkcə bu qurumun rəhbərliyinin yox, eləcə də digər beynəlxalq qurumların da üzünə söylənmiş acı həqiqətdir. Dövlət başçısı Azərbaycana qarşı ikili yanaşmalara bir müddət əvvəl də toxunmuşdu.
“İki il əvvəl UNESCO-nun yeni rəhbərliyinə də belə təklif verildi ki, missiya göndərin. İşğal edilmiş torpaqlara missiya gəlsin, baxsın ki, nə günə qoyublar bizim tarixi abidələrimizi? Nə oldu UNESCO-nun rəhbərliyinin cavabı? Dedilər ki, biz məsələni siyasiləşdirmək istəmirik. Yaxşı, iki il bundan əvvəl məsələni siz siyasiləşdirmək istəmirdiniz, bəs indi niyə siyasiləşdirmək istəyirsiniz? Cavab versinlər, çox sadə bir cavab, məntiqli bir cavab. Cavab yoxdur. Zəngilanda mən onlara müraciət etdim. Dedim açın gözünüzü baxın nə günə salıblar ermənilər bizim məscidimizi. Bir reaksiya gəldimi oradan? Yox! Budur ermənilərin dağıtdığı. Yaxşı biz nəyi dağıtmışıq? Biz nə etmişik? Ancaq təmir etmişik, qorumuşuq. Ona görə, bilirsiniz, biz belə əsassız yanaşmanı, sadəcə olaraq, diqqətsiz qoya bilmərik”, - deyə dövlət başçısı həqiqəti bir daha açıq şəkildə bütün dünyaya bəyan etmişdi.
Öz növbəsində, xanım Vladanka Andreyeva dünənki görüşdə gələn il BMT-nin Bakıda nümayəndəliyinin açılmasının 30 illiyi olacağını qeyd etdi və Azərbaycan Prezidenti İlham Əliyevə son illər dünyadakı proseslərə verdiyi töhfəyə görə təşəkkürünü bildirdi. V. Andreyeva Prezident İlham Əliyevin hazırda bəşəriyyət üçün qlobal bəlaya çevrilən COVİD-19 pandemiyasına qarşı mübarizədə dünyaya verdiyi töhfəyə görə dərin minnətdarlığını qeyd edərək, aşağıdakıları bildirdi: “Mən COVID-19-a qarşı çox qətiyyətli milli cavab tədbirlərinin görülməsində Sizin və hökumətinizin göstərdiyi səyləri alqışlamaq istəyirəm. Bununla belə, Siz də qeyd etdiniz ki, bu dövrdə biz çoxtərəfliliyə, ümumi məsuliyyətə daha güclü sadiqliyimizi nümayiş etdirməli olduq. Biz, ilk olaraq, COVID-19-a qarşı cavab tədbirlərinin müzakirəsinə həsr olunmuş Qoşulmama Hərəkatının Zirvə görüşünün keçirilməsi, sonra isə, BMT-nin Baş Assambleyasında xüsusi sessiyanın təşkil olunması üçün göstərdiyiniz səylərə görə minnətdarıq”.
Xanım Andreyevanın qeyd etdiyi, Prezident İlham Əliyev tərəfindən COVID-19-a qarşı cavab tədbirlərinin müzakirəsinə həsr olunmuş Qoşulmama Hərəkatının Zirvə görüşünün keçirilməsi, daha sonra isə BMT Baş Assambleyasında pandemiya ilə bağlı Xüsusi Sessiyanın keçirilməsi təklifini verməsi, sözsüz ki, coğrafi cəhətdən kiçik Azərbaycan dövlətinin lideri İlham Əliyevin planetar miqyaslı siyasətçi olduğunun bariz göstəricisidir. Hazırda BMT-də 200-ə yaxın dövlət, onlarla beynəlxalq təşkilat, G7, G20 kimi beynəlxalq platformalar mövcud olduğu halda, məhz Qoşulmama Hərəkatı vasitəsilə Azərbaycan liderinin çıxışı qlobal çağırışlara qarşı dünya ölkələrinin daha sıx inteqrasiyasına gətirib çıxardı. Ölkə başçısının son il yarım ərzində pandemiya və peyvəndləşmə ilə bağlı söylədiyi həqiqətlər, peyvəndlərin bərabər bölgüsünün zəruriliyi haqqında etdiyi çıxışlar dünya mediası, xalqları və siyasətçiləri tərəfindən yüksək qiymətləndirilir. Unutmayaq ki, COVİD-19 bəlasına qarşı BMT kimi nəhəng təşkilat Xüsusi Sessiyanı məhz Prezident İlham Əliyevin təklifi əsasında çağırdı. Təsadüfi deyil ki, başda BMT Baş katibi olmaqla, dünyanın ən müxtəlif liderləri Azərbaycan Prezidentinin qlobal bəla olan COVİD-19-a qarşı apardığı mübarizəsini, verdiyi təklifləri yüksək qiymətləndirməyə davam etməkdədirlər.
Eyni zamanda çıxışı zamanı BMT-nin nümayəndəsi regionda baş verən siyasi proseslərə toxunaraq qeyd etdi ki, “Biz əvvəlki təmas xətti boyu 6 rayonda minaların təmizlənməsi üçün ANAMA-ya yardım məqsədilə dərhal 1 milyon dollar topladıq. Biz məcburi köçkünlərin həmin bölgəyə təhlükəsiz və ləyaqətli şəkildə qayıdışı üçün göstərilən səylərin dəstəklənməsinə tam sadiq qalırıq. İrəliyə doğru addım ataraq, martın 1-də biz BMT ilə Azərbaycan arasında əməkdaşlığa dair yeni Çərçivə sənədini, yeni paktı imzalamışıq. Növbəti beş il ərzində qarşımızda çox böyük vəzifələr qoymuşuq”.
Bu açıqlamalar bir daha onu göstərir ki, dünyanın bir nömrəli təşkilatı olan BMT də Azərbaycanı layiqli tərəfdaş kimi görür, qəbul edir və onunla əməkdaşlıqda maraqlıdır.
Prezident yanında Dövlət İdarəçilik Akademiyasının baş müəllimi, Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov