Mayın 4-də Prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında videokonfrans vasitəsilə koronavirusla mübarizəyə həsr olunmuş “COVID-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə görüşü keçirildi. Beləliklə, çox qısa bir vaxt ərzində Azərbaycan dövlət başçısı Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə zirvə görüşündən sonra ikinci dəfə dünya liderlərini bir araya toplamağa müvəffəq oldu.
Ötən ilin payızından Qoşulmama Hərəkatına sədrlik edən ölkəmiz üçün Qoşulmama Hərəkatı milli və dövlət maraqlarımızın həyata keçirilməsi üçün müstəsna əhəmiyyətli kürsülərdən biridir.
Zirvə görüşünə BMT Baş Assambleyası sədrinin, Ümumdünya Səhiyyə Təşkilatının baş direktorunun, Afrika İttifaqı Komissiyası sədrinin qatılması, BMT baş katibi cənab Antonio Quterreşin və Avropa İttifaqının ali nümayəndəsi və Avropa Komissiyasının vitse-prezidenti cənab Cozef Borrellin videomüraciət ünvanlaması, habelə Zirvə görüşünü təşkil etdiyi və pandemiya ilə mübarizəyə ciddi əməli töhfələr verdiyinə görə Azərbaycan Prezidentinin fəaliyyətinin təqdir olunması, dövlət başçımıza çoxsaylı təşəkkürlərin bildirilməsi ölkəmizin və onun liderinin beynəlxalq arenada yüksək nüfuzunun əyani göstəriciləridir. Təsadüfi deyil ki, BMT Baş katibi videomüraciəti zamanı koronavirus pandemiyasına qarşı yeganə cavabın cəsarətli, uzaqgörən və birgə rəhbərlik olduğunu bildirib. Eyni zamanda, o, Azərbaycan Prezidentinə belə bir görüşü çağırmasına görə təşəkkür edərək, BMT-nin Prezidentimizin səylərini dəstəklədiyini xüsusi vurğulayıb.
Xüsusilə qeyd olunmalıdır ki, dünən həm də Qoşulmama Hərəkatının tarixində ikinci ilk hadisə baş verdi. Hərəkat tarixində ilk dəfə idi ki, Avropa İttifaqı rəsmisi bu təşkilatın zirvə toplantısında iştirak edərək nitq də söylədi. Beləliklə, Azərbaycan Prezidenti İlham Əliyev həm də Avropa İttifaqı və ümumilikdə Qərb dünyasına qarşı “əks qütbdə yerləşən” Qoşulmama Hərəkatı ilə Avropa İttifaqının koronavirus təhlükəsi zamanı bir araya gətirməyə müvəffəq olub.
Beynəlxalq aləmdə baş verən proseslərin məntiqi elədir ki, məhz indiki vaxtda, dünyanın çoxqütblü olduğu, geosiyasi xəritədə yenidən qarşıdurma vəziyyətində olan bloklar və koalisiyalar yarandığı şəraitdə soyuq müharibə başa çatandan sonra bir qədər zəifləmiş Qoşulmama Hərəkatının rolu yenidən Prezident İlham Əliyevin apardığı xarici siyasət kursu sayəsində artmaqdadır. Bu gün dünyada formalaşmış dünya nizamı yenidən pozulur, yeni güc mərkəzləri yaranır, dövlətlər arasında münasibətlərin xüsusiyyətləri dəyişir, köhnə ziddiyyətlər dərinləşir, ənənəvi tərəfdaşlar barrikadanın müxtəlif tərəflərində qalır, çoxillik rəqiblər isə geosiyasi və iqtisadi maraqların üst-üstə düşməsi zəminində ortaq dil tapırlar. Yeni lokal münaqişə ocaqlarının genişmiqyaslı müharibələrə çevrilməsi təhlükəsi yaranır, demokratiya bayrağı altında bir sıra ölkələrin dövlətçiliyi sarsıdılır. Bu şəraitdə Qoşulmama Hərəkatı dünya arxitekturasında tarazlaşdırıcı və çəkindirici amil kimi öz yerini tapmalıdır. Məhz bu missiyanı coğrafi cəhətdən kiçik, lakin dünya siyasətində kifayət qədər güclü mövqeyi olan Azərbaycan yerinə yetirməkdədir.
1991-ci ildə müstəqillik qazanan dövlətimiz qarşısında digər keçmiş sovetlər respublikaları kimi bir neçə yol var idi. Birincisi, Rusiya başda olmaqla, postsovet dövlətləri ilə inteqrasiya olmaq. İkincisi, Avropa İttifaqı, Avropa Şurası və NATO ilə inteqrasiya yolunu seçərək Qərbə istiqamət almaq. Bu iki seçimdən birini seçən MDB dövlətindən fərqli olaraq Azərbaycan fərqli yola üstünlük verdi. Cənab Prezident hər yerdə açıq-aşkar Azərbaycanın strateji xəttini elan edib. Müstəqil Azərbaycan dövlətinin öz yolu var. Bu yolun mahiyyəti Azərbaycan xalqının maraqları üzərində köklənmiş, onun mədəniyyətini, dilini, mentalitetini, milli maraqlarını təmin edən bir dövlət olmaq və başqa dünya ölkələri ilə qarşılıqlı faydalı münasibətlərə malik olmaqdan ibarətdir. Rəsmi Bakı neytral və balanslaşdırılmış xarici siyasət kursunu seçmiş oldu. Daha çox neytral siyasət yürüdərək, bölgədə və dünyada Azərbaycanın maraqlarını təmsil etməyi.
Azərbaycanın yerləşdiyi Xəzər-Qara dəniz hövzəsi və Cənubi Qafqaz bölgəsində dövlətlərin ümumi hərbi təhlükəsizliyini təmin edən iki sistem - Rusiyanın rəhbərlik etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT), ABŞ və onun Avropa müttəfiqlərinin yaratdığı Şimali Atlantika Hərbi Alyansı - NATO bloku mövcuddur. Belə şəraitdə, kənar təsir və təzyiqlərdən qorunmaq, öz hərbi təhlükəsizliyini və suveren hüquqlarını təmin etmək, xarici hərbi müdaxilələrin qarşısını almaq üçün hansısa formada beynəlxalq təminatın qazanılması vəzifəsi ölkənin xarici siyasət prioritetlərindən birinə çevrilmişdi.
2011-ci ildə olduqca ciddi geosiyasi proseslərin getdiyi bir vaxtda ölkəmiz Qoşulmama Hərəkatına üzv oldu. Bu üzvlük müəyyən mənada Azərbaycanın heç bir bloklara qoşulmaq niyyətinin olmadığını və öz ərazisində xarici ölkələrin hərbi bazalarının saxlanmasına yol vermək istəmədiyini bölgədə marağı olan irili-xırdalı bütün dövlətlərə göstərmiş oldu. Qısa müddət ərzində Hərəkata üzv olmağımıza baxmayaraq, Azərbaycan 2019-cu ilin payızından başlayaraq dünyanın ən böyük təşkilatına sədrlik etməkdədir.
Beynəlxalq arenada əsas prioriteti həm də Ermənistana qarşı informasiya müharibəsi və Dağlıq Qarabağ münaqişəsinin həlli olan rəsmi Bakı bu Hərəkatın imkanlarından milli və dövlət maraqlarının reallaşması üçün geniş şəkildə istifadə etməkdədir.
Ötən ilin oktyabr ayında 120 dövləti birləşdirən Qoşulmama Hərəkatının dövlət və hökumət başçılarının Bakı Sammiti baş tutdu. Bu sammit, bizə həm də Azərbaycan tarixinin və Qarabağ ətrafında baş verən hadisələri 120 ölkənin elitalarına çatdırmaq imkanı verdi.
Qoşulmama Hərəkatında iştirakın Azərbaycana verdiyi xarici siyasət dividentlərindən danışarkən, Prezident İlham Əliyevin də dəfələrlə bildirdiyi kimi, “Hərəkatın üzvü olmaq ölkəmizin beynəlxalq sülh, təhlükəsizlik və əməkdaşlıq proseslərinə daha fəal cəlb edilməsi, müxtəlif dövlətlərlə, o cümlədən Latın Amerikası, Asiya və Afrika ölkələrinin çoxu ilə ikitərəfli və çoxtərəfli münasibətlərin inkişafı üçün əlverişli şərait yaradıb”.
Azərbaycanın Qoşulmama Hərəkatında üzvlüyünün lap əvvəlindən bu təşkilat respublikamızın suverenliyini, ərazi bütövlüyünü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını birmənalı surətdə dəstəklədiyini bildirib, qəbul edilmiş bütün sənədlərdə ölkəmiz üçün ən ağrılı problem olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini məhz bu prinsiplər əsasında nizamlamağa çağırıb. Bu fakt ötən ilin iyul ayında Qoşulmama Hərəkatı təşkilatının Nazirlər Şurasının Venesuelanın paytaxtı Karakasda keçirilmiş iclasında qəbul olunmuş yekun sənəd də aydın şəkildə təsdiq edilib. Həmin sənəddə Azərbaycanın mövqeyini dəstəkləyən ayrıca bir bənddə qeyd edilir ki, BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul olunmuş müvafiq qətnamələrə baxmayaraq, Ermənistanla Azərbaycan arasında münaqişənin hələ də nizamlanmaması beynəlxalq və regional təhlükəsizliyə, sülhə təhdid mənbəyi olaraq qalır. Qoşulmama Hərəkatının nazirləri BMT Nizamnaməsində göstərilmiş güc tətbiq edilməməsi prinsipinin əhəmiyyətini bir daha təsdiq edərək münaqişənin Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində danışıqlar vasitəsilə nizamlanması yollarını axtarmağa çağırıblar.
Eyni zamanda, bu ilin oktyabr ayında baş tutan Bakı sammiti çərçivəsində, artıq bu dəfə daha da irəli gedərək Hərəkatın üzvləri Ermənistanı adı ilə İŞĞALÇI adlandırdılar! Bu, dünyanın 120 dövlətinin, yəni, planetin təqribən üçdə iki hissəsinin mövqeyidir!
Beləliklə, dünyada hökm sürən böhran və münaqişələrin, soyuq müharibə dövrü üçün xarakterik geosiyasi çəkişmələrin gərginləşməsi, terrorizmin yeni forma və təzahürlərinin meydana çıxması, habelə asimmetrik hədə və təhdidlər, son zamanlar isə koronavirus pandemiyası bəlası fonunda dövlətimizin başçısı tərəfindən xarici siyasət sahəsində müəyyən olunan strateji hədəflər dövrün tələblərini özündə ehtiva edir və uzunmüddətli perspektivdə ölkəmizin davamlı inkişaf və təhlükəsizliyinin təmin edilməsi məqsədi daşıyır.
Mayın 4-də baş tutan Qoşulmama Hərəkatının koronavirusa qarşı Təmas Qrupunun Zirvə Görüşü də bunun bir hissəsi idi...
Zaur Məmmədov
Prezident yanında Dövlət İdarəçilik Akademiyasının baş müəllimi
Bakı Politoloqlar Klubunun sədri