Yaxın Şərq ölkələrindən yüzlərlə qaçqını daşıyan gəmi Aralıq dənizində ilişib qalıb. İtaliyanın yeni Daxili İşlər naziri Matteo Salvini bəyan edib ki, onun ölkəsi “Akvarius” gəmisində olan qaçqınları qəbul etməyəcək və İspaniya hökumətini qaçqınlara sığınacaq verməyə çağırıb. İspaniya isə bəyan edib ki, bu məsələdə İtaliya hökumətinin iradları yersizdir və “Akvarius”da olan 629 miqrantı Roma özü yerləşdirməlidir.
Yaxın Şərq qaçqınları Avropaya, adətən, İtaliya ərazisindən yayılırlar. Bu baxımdan, “qaçqın problemi” yaşamamaq üçün bir çox Avropa ölkəsi İtaliyanın bu qərarını dəstəkləyir, lakin heç bir ölkə taleyin ümidinə atılmış 629 qaçqına sığınacaq vermək istəmir. 629 insanın fəlakəti ümumilikdə “qaçqın problemi”nin nə qədər çətin olduğunu bir daha üzə çıxartdı.
Məsələ bundadır ki, Avropa İttifaqı Komissiyasının Yaxın Şərqdən olan qaçqınların Aİ ölkələri arasında bərabər paylanması təklifinə baxmayaraq, ölkələr bu mövzuda həvəsli deyil. Bir qrup mərkəzi Avropa dövləti məcburi kvotanın qəbulu üçün Avropa İttifaqının 22 üzvünün toplantısının çağırılmasını təkid edir. Lakin bu məsələdə kompromis əldə etmək mümkün olmur.
Beləliklə, miqrant böhranı Avropa dövlətləri arasında dərin fikir ayrılığına səbəb olub. Avropa ölkələri “qaçqın problemi”nə fərqli yanaşırlar. Məsələn, Macarıstan bəyan edir ki, Avropa sərhədləri təhlükə altındadır və qaçqın axını ümumi Avropa evinə ciddi problemlər yaradır. Macarıstan bildirir ki, Avropa miqrantlarla “dolub” və böhranla bağlı Avropanın birgə mövqeyi ortaya qoyulmalıdır. Almaniya və Fransa miqrantların Aİ ölkələri arasında bərabər bölüşdürülməsini istəyir. Məcburi kvotaya qarşı çıxan Polşa, Macarıstan, Çex Respublikası və Slovakiyanının xarici işlər nazirlərinin Praqada görüşləri də problemi həll etməyib.
Avropaya gələn miqrantların əsasını Suriyadakı münaqişədən canını qurtarmaq istəyən qaçqınlar təşkil etsə də, onların arasında digər Yaxın Şərq və Şimali Afrikanın əksər ölkələrinin sakinləri də var. Avropa qaçqınların üzünə qapıları bağlayır. Buna baxmayaraq, Yaxın Şərqdən olan mühacirlər Avropa ölkələrinə can atırlar.
Avropa ölkələri üçün yüz minlərlə qaçqını qəbul etmək problemdir. Lakin Qərb ölkələri də anlamalıdır ki, Yaxın Şərq və Şimali Afrika böhranı həll edilməyənə qədər “qaçqın problemi” də həll edilməyəcək. Belə bir acınacaqlı mənzərənin mövcudluğunda Avropa ölkələrinin təqsiri də az deyil. Məsələn, 2011-ci ildə NATO Liviyanı bombalayıb. Qəzzafini devirən Avropa dövlətləri bu ölkənin yenidən formalaşması, normal dövlət qurulması üçün faktiki olaraq heç nə etməyib. Nəticə göz önündədir: Liviya ən azı 3 hissəyə bölünüb, ölkədə faktiki olaraq xaos, anarxiya hökm sürür. Digər qonşu ölkələrdə də vəziyyət eynidir. Dinc sakinlərin yeganə edə bildikləri insan tacirlərinə sonuncu pullarını da verib, Aralıq dənizi üzərindən qayıqlarla Avropa çıxmaq olur. Bu yolda isə minlərlə insan mənzil başına çatmadan ölür. Mərkəzi Afrikada, Yaxın Şərqdə - İraq və Suriyada baş qaldıran böhranın həlli üçün faktiki olaraq heç nə etməyən, əskinə, bu ölkələrdə terrorun ayaq açmasına səbəb olan hərəkətlərə yol verən Avropa Şərqdə müharibə və xaosa rəvac verməklə özü üçün də bəla hazırladığının fərqində deyildi.
Artıq Yaxın Şərqin qan gölündə batması birbaşa Avropaya da təsir edir. Avropa ölkələri qaçqınların arasında terrorçu qruplaşmaların olduğunu bəyan edir və həbslər həyata keçirir. Dünyanın aparıcı mediası radikal qrupların qaçqınlar arasında Avropaya sızdığı barədə məlumatlar dərc edir. Bir sözlə, terrorçular Yaxın Şərqdən Avropanın mərkəzinə ayaq açır. Bu acı reallıq Yaxın Şərqdəki böhranların aradan qaldırılması üçün ciddi işlər görülməsini zəruri edir.
Əks təqdirdə Yaxın Şərqdə alovlanan savaşlar Avropanı da ağuşuna alacaq. Yaxın Şərq böhranı nəticəsində Avropa ölkələrində indiyə qədər müşahidə edilməyən mühacir dalğası yaşanır. Rəsmi mənbələrin məlumatına görə, bu gün vətənlərini tərk edərək mühacir həyatı yaşamağa məcbur olan insanların dünya üzrə ümumi sayı 60 milyon nəfərdir. Mühacirlərin böyük əksəriyyəti Liviya, Tunis, Suriya, Pakistan, Əfqanıstan, Banqladeş kimi xaos və anarxiyanın hökm sürdüyü ölkələrin vətəndaşlarıdır. Bu insanların üz tutduğu əsas regionlardan biri Avropa İttifaqı dövlətlərinin ərazisidir. Mühacirlərin mühüm bir qismi burada məskunlaşmaq istəyir və müəyyən qruplar halında Aralıq dənizi vasitəsilə Avropaya köç edir. Problem və vətəndaş müharibəsindən xilas yolu kimi onlar Avropada yaşamağı seçirlər. Qaçqınların Qərbdə üzləşdiyi ilk və ən ciddi problemlərdən biri sığınacaq problemidir. Yüz minlərlə insanı sığınacaqlarda yerləşdirmək olduqca çətindir.
Burada bir məqama diqqət yetirmək lazım gəlir. Avropaya axın edən qaçqınların əksəriyyəti müsəlmanlardır və Avropada müsəlmanların sayının kəskin artması Qərbin öz xristian dəyərlərini itirmək qorxusunu gücləndirir. Qərbin Yaxın Şərqdəki ssenarilərinin birbaşa nəticəsi olan terror qruplaşmalarının Avropada törətdikləri terror aktları da islamofobiya meyllərinin güclənməsinə səbəb olur. Son dövrlər bir sıra Avropa ölkəsində siyasətçilərin dilindən rasizm, ksenofobiya və islamofobiyanı təşviq edən fikirlər səslənir. Dünyada, o cümlədən Avropada terror hadisələrinin artdığı, onlarla günahsız insanın terrorun qurbanına çevrildiyi bir vaxtda dini ayrı-seçkiliyi alovlandıran, faşizmi təbliğ edən bu kimi çağırışlar, əlbəttə ki, qətiyyətlə pislənilməlidir, lakin qaçqın axını istər-istəməz ksenofobiyaya yol açır.
Son demoqrafik araşdırmalara görə, dünyada xristianların sayında sürətli azalma müşahidə olunur və 2025-ci ildə onlar planet əhalisinin cəmi 25%-ni təşkil edəcəklər. Ən böyük artım tempi isə müsəlmanlara aiddir (ildə təqribən 2,9%) və 2025-ci ildə 30% göstərici ilə onlar xristianları üstələyəcəklər. Müsəlmanların 60%-i Asiyada yaşayır. Son 30 ildə onların sayı 3 dəfə artıb. Proqnozlara görə, 2030-cu ilədək Avropada müsəlmanların sayının 58 milyon nəfərə çatacağı gözlənilir.
Göründüyü kimi, Qərbdə islamofobiya təkcə kulturoloji bəhanələrdən deyil, həm də demoqrafik proqnozlardan qaynaqlanır. Müsəlman icmaları dünyanın 120-dən çox ölkəsində mövcuddur. 35 ölkədə (Şimali Afrika və Qərbi Asiyada) müsəlmanlar əhalinin 80 faizdən çoxunu, İndoneziya, Hindistan, Pakistan və Banqladeşdə isə mütləq çoxluğu təşkil edirlər.
Qərbi Avropada da müsəlman icmalarının sayı sürətlə artmaqdadır. Bu gün Fransada müsəlmanların sayı demək olar ki, ilk yerlərdədir. Almaniyada qaçqınları nəzərə almasaq, 5 milyona yaxın, Böyük Britaniyada 3 milyona yaxın, İtaliyada 2, İspaniyada 1 milyon müsəlman yaşayır. Qaçqınları da bu siyahıya əlavə etsək, İslamın Avropa üçün əsas dinə çevrilməkdə olduğunun şahidi olarıq. Avropa ölkələrində millətçi əhvalın artdığı nəzərə alınsa, yüz minlərlə müsəlman qaçqının bu ölkələrə axınının doğurduğu təhlükəni anlamaq o qədər də çətin olmaz. Burada söhbət bir-birinə yad sivilizasiyaların toqquşmasından gedir və dünya Avropanın müsəlmanlaşmasını həzm edə bilmir. Bunun qarşısının alınmasının yeganə yolu Yaxın Şərqdə münaqişə ocaqlarını söndürməkdən keçir.
APA Analytics