ABŞ Prezidenti Donald Tramp fransalı həmkarı Emmanuel Makronun Rusiyanı 2020-ci ildə keçiriləcək "Böyük yeddilik" (G7) sammitinə dəvət etmək təklifini qəbul edib. Əvvəl "Böyük səkkizlik" (G8) adlanan sammitə sonradan Rusiyanın çağırılmaması ilə bu format G7 adlanmağa başlayıb.
Rusiya G8 formatından 2014-cü ildə, Ukraynanın Krım vilayətini ilhaq edəndən sonra çıxarılıb. Artıq Vaşinqton bu məsələdə mövqeyini dəyişir və Moskva ilə anlaşmağa çalışır. D. Tramp Rusiyanın adıçəkilən formatdan keçmiş prezident Barak Obamanın təqsiri ucbatından çıxarıldığını bildirir. Maraqlıdır ki, D. Tramp əvvəllər Barak Obamanı Rusiyaya Krımı ələ keçirməyə “icazə verməkdə” ittiham edirdi.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putinin fransalı həmkarı Emmanuel Makronla baş tutmuş görüşü zamanı G7 ilə istənilən əlaqənin faydalı olduğunu bildirib və G8 formatının bərpasının mümkün olduğunu istisna etməyib. ABŞ prezidenti dərhal reaksiya verib və Rusiyaya “xeyirxah jest” edib.
D. Tramp yenə də çoxşaxəli oyun oynayır. Bu məsələdə Obama Administrasiyasını və digərlərini günahlandırır, məsuliyyəti də onların üzərinə atır. ABŞ prezidenti postunda fəaliyyətə başladığı dövrdən özünü bir biznesmen kimi göstərərək, iqtisadi maraqları önə çıxardır. Hələ Qüds böhranını başlatmazdan əvvəl onun "Bu ərazi kimin olursa olsun, axır ki, orda bir hakimiyyət olsun" kimi çıxışları da bunu sübut edir. Bu dəfə də Tramp bir biznesmen kimi davranır və Krımın kimə məxsus olmasının artıq onun üçün fərqi olmadığını ifadə edir. Bununla da, bir növ daxili təzyiqlərə görə Rusiyaya sanksiyalar tətbiq etmək məcburiyyətində olduğunu göstərir və əslində, Moskva ilə əməkdaşlıqda maraqlı olduğunu nümayiş etdirir.
Qeyd edək ki, G7 formatı daha çox iqtisadi birlik forması olsa da, Rusiyanın kənarda qalması ona siyasi çalar verir.
Xatırladaq ki, dünyanın ən sənayeləşmiş ölkələrinin liderləri arasında görüş keçirilməsi fikri ötən əsrin 70-ci illərinin əvvəllərində iqtisadi böhran fonunda formalaşmışdı. Həmin illərdə ABŞ, Qərbi Avropa, Yaponiya arasında iqtisadi və maliyyə məsələləri ilə bağlı münasibətlərin pisləşməsi müşahidə olunurdu. Fransanın səyləri nəticəsində ABŞ, Fransa, Britaniya, Almaniya, İtaliya və Yaponiya 1975-ci ildə bir araya gələrək, qlobal problemləri müzakirə etməyə başladı. Yəni sammit ilk dəfə “Böyük altılıq” (G6) adlanıb. 1976-cı ildə isə bu qrupa Kanada qoşulub. Beləliklə, G7 ("Böyük yeddilik") yaranıb.
Rusiya 1998-ci ildə Boris Yeltsinin rəhbərliyi dövründə bu formata qatılıb. G8 formatı Rusiyaya da dünyanın nəhəngləri ilə bir masada qlobal problemləri müzakirə etməyə və iqtisadi proseslərə qarışmağa şans verirdi. "Böyüklərin sammiti"ndə maraqlı məqam onun xüsusi strukturunun olmamasıdır. Yəni "Böyüklərin sammiti" hansısa beynəlxalq təşkilat deyil, beynəlxalq müqaviləyə əsaslanmır, nizamnamə və katibliyi yoxdur. Burada aparılan müzakirələr və əldə edilən ortaq nəticələr yalnız məsləhət xarakteri daşıyır. Heç bir dövlətin həmin qərarla bağlı sənəd və öhdəliyi yoxdur.
Əsas məqam ondan ibarətdir ki, artıq nə Rusiya, nə ABŞ əvvəlki nüfuza malikdir. Bununla belə, Rusiyanın G8 formatına qayıtması Trampın xarici siyasət kursundakı boşluqların da göstəricisi kimi qəbul edilə bilər. ABŞ Avropa ilə Ticarət Müqaviləsi bağlanmayıb və Moskva ilə yeni münasibətlər onun ən böyük uğursuzluqlarından biri kimi dəyərləndirilir.
Birləşmiş Ştatlar təkqütblü dünya qurmaq istəyir, Rusiya isə buna yol vermək niyyətində deyil. 2007-ci ildə Rusiya prezidenti Vladimir Putin Münhen Təhlükəsizlik Konfransında qlobal miqyasda birqütblü dünya siyasətinin iflasa uğradığını bəyan etmişdi. Bununla da Rusiyanın heç olmasa ikinci fövqəldövləti kimi formalaşmasına istiqamətlənmiş siyasət aparacağı hamıya bəlli oldu.
Rusiyanın G8 formatına qayıdacağı təqdirdə də Vaşinqton-Moskva qarşıdurmasının səngiyəcəyi ehtimalı azdır. Rusiya-ABŞ münasibətlərində qarşıdurmanın getdikcə kəskinləşəcəyi, bu münasibətlərin istər Yaxın Şərqdə, istər postsovet məkanında özünü qabarıq büruzə verəcəyi şübhə doğurmur.
Son 30 ilə yaxın müddət ərzində dünyanın yeganə fövqəlgücü ABŞ özünə rəqib yaranmaması üçün əlindən gələni edib. Ukrayna hadisələri, Yaxın Şərqdə, xüsusilə Suriyada Rusiyanın dirəniş göstərməsi bir çox məsələdə ABŞ-ın geosiyasi maraqlarına zərbə vurur və bu baxımdan, Vaşinqton və Moskva arasında dostluq münasibətlərinin yaranacağını gözləmək sadəlövhlük olardı.
Lakin yaxın illər ərzində həm ABŞ-ı, həm də Rusiyanı ciddi sosial və siyasi dəyişikliklər gözləyir. Bu dəyişiklər eyni zamanda hər bir ölkənin daxili və xarici siyasətinə, qarşılıqlı münasibətlərə təsir göstərəcək. Bu kontekstdə hər iki ölkədə baş verəcək dəyişikliklər Vaşinqton-Moskva münasibətlərinə də təsirsiz ötüşməyəcək.
Hava hücumundan müdafiə sistemləri məsələsində də iki ölkənin razılığa gələ biləcəyi ehtimalı azdır. ABŞ bu arzusundan əl çəkməyəcək, çünki bu, Vaşinqton üçün strateji məsələdir. Elə Rusiya üçün də həmçinin. ABŞ-ın Avropada yerləşdirmək istədiyi Raket Əleyhinə Sistemlər isə Rusiyanın maraqlarına ciddi zərbə vurur və bu məsələdə tərəflərin razılığa gələ biləcəyi ehtimalı azdır.
Suriya məsələsində də tərəflər razılığa gələ bilmir. ABŞ daha ciddi şəkildə Əsəd rejiminə qarşı çıxarsa, o zaman Rusiyanın vəziyyəti birmənalı şəkildə çox gərginləşəcək, Rusiya təkbaşına və ya İranla birlikdə ABŞ-a qarşı mübarizə aparmaq iqtidarında olmayacaq. ABŞ-ın Suriyada hərbi bazaları mövcuddur. Hərbi cəhətdən zəif də olsa, sünni ərəb dövlətlərinin, İsrailin ABŞ-a dəstəyi var. Rusiyanın isə Suriyada Əsədin başqa, ciddi dəstəyi yoxdur. Qarşıdurma üçün səbəblər çoxdur. Lakin böyük ehtimalla ABŞ və Rusiya öz aralarında qarşıdurmaya getməyəcək. Çünki iki nüvə dövlətinin qarşı-qarşıya gəlməsi üçüncü dünya müharibəsi anlamına gələ bilər. Bunu həm Tramp, həm də Putin gözəl başa düşür. Belə olan halda növbəti gedişlər maraq doğurur.
APA Analytics