• TƏHLİL

    11:17 28 sentyabr 2022

Ukrayna-Rusiya müharibəsinin Qafqaza iqtisadi təsiri və ya Ermənistanın növbəti “məhkumluğu” - TƏHLİL

Qarabağ münaqişəsinin tarixə qovuşduğunu rəsmi olaraq bildirən 10 noyabr anlaşması yalnız müharibəni dayandırmaqla deyil, həm də regionun gələcək inkişafına yeni perspektivlər açmaqla tarixə düşdü. Bu gün artıq ölkə rəhbərləri və müxtəlif işçi qruplar səviyyəsində post-konflikt dövrünün iqtisadi perspektivləri müzakirə edilir. Beləliklə, Zəngəzur dəhlizinin açılması ilə regionun mənzərəsi ciddi şəkildə dəyişəcək.

Uzun illərdir, Ermənistanın qonşuları ilə arasında nəqliyyat, logistika əlaqələri keyfiyyətcə aşağı, dayanıqlılığı isə qeyri-stabil olaraq qalır. Belə ki, Azərbaycanla müharibə şəraiti və Gürcüstanın Abxaziya bölgəsindəki separatizm nəticəsində baş vermiş müharibə Rusiya-Ermənistan arasında hər iki dəmiryolu xəttinin istifadəsiz qalması (Sovet dövründə istifadə edilirdi) ilə nəticələndi.

Hazırda Ermənistanın şimal istiqaməti ilə quru əlaqəsi yalnız Gürcüstanın Yuxarı Lars sərhəd keçid məntəqəsi üzərindən aparılmaqdadır. Ukraynada davam edən müharibə səbəbindən Rusiya Federasiyası ilə Qərb ölkələri arasında ticarətin aparıldığı (Belarus və Ukrayna Respublikalarında yerləşən) dəhlizlərin və buraxılış məntəqələrinin fəaliyyətini dayandırması Yuxarı Lars keçid məntəqəsinin Rusiya Federasiyası üçün xarici ticarət əməliyyatlarında əhəmiyyətini olduqca artırıb. Buraxılış məntəqəsinin həddindən artıq yüklənməsi nəticəsində son aylarda Ermənistandan daşınan yüklərin yollarda qalması, vaxtında sərhədi keçə bilməməsi müşahidə edilir. Lakin bu bölgənin dağlıq relyefi və havanın qarlı-şaxtalı keçməsi də ilin müəyyən aylarında məntəqədə fəaliyyətin iflic olmasına səbəb olur. Cari ilin yay aylarında mövsümi iqtisadi aktivlik səviyyəsinin (Ermənistandan Rusiyaya ixrac olunan kənd təsərrüfatı mallarının həcminin kəskin artması) keçid məntəqəsinin buraxılış gücü ilə qeyri-bərabər olması iri maşın tıxaclarının yaranması ilə müşahidə olunurdu. Qeyd edilən bu səbəblər dayanıqlı nəqliyyat-logistika əlaqələrinin aparılmasına əngəldir. Həmçinin son günlərdə Rusiya Federasiyasında qismən səfərbərliyin elan edilməsindən sonra Yuxarı Lars keçid məntəqəsində kilometrlərlə ölçülən avtomobil tıxacları Ermənistan üçün bu problemi yenidən gündəmə gətirib.

Problemin aradan qaldırılması məqsədi ilə Rusiya, Ermənistan və Gürcüstan hökumətləri arasında son vaxtlarda bir sıra ssenarilər müzakirə edilib.

- İlk olaraq Ermənistan Respublikası ilə Rusiya Federasiyasının aidiyyəti orqanlarının apardığı danışıqlar nəticəsində Yuxarı Lars keçid məntəqəsində ikinci gömrük rəsmiləşdirilməsi zonasının yaradılması qərara alınıb. Ermənistanın iqtisadiyyat naziri Vahan Kerobyanın fikrincə, yeni məntəqənin açılması ilə buraxılış qabiliyyətinin 30% (günlük 400-450 maşın keçidini 600-700 səviyyələrinə çıxarmaq) artırılması nəzərdə tutulur. Qeyd edək ki, yeni yaradılacaq avtomobil buraxılış məntəqəsi hazırkı ərazidən 3-4 km kənarda yerləşəcək.

- Digər həll yolu isə erməni mallarının Gürcüstanın Poti limanı vasitəsi ilə Rusiyanın Qara dənizdə yerləşən Qafqaz limanına gəmi-bərə xidməti ilə çatdırılmasını nəzərdə tutur. Əslində bu tip daşımaçılıq adi vəziyyətlərdə 2-3 gün müddət alması və əlavə xərclər yaratması səbəbindən səmərəli sayılmır. Lakin Yuxarı Larsda baş verən tıxanma halları nəzərə alındıqda hazırda bu yeganə “sürətli daşımaçılıq” yolu olaraq göstərilir. Ermənistan hökuməti hələ iyun ayının 15-dən etibarən gəmi-bərə nəqliyyatını başlatmaq üçün Gürcüstanın Poti limanının operatoru olan Hollandiyanın APM Terminals Poti şirkəti ilə danışıqlara başlasa da, şirkətin Rusiyaya qarşı sanksiyalar tətbiq etməsi səbəbindən layihə hələ də başlamayıb. Məlumat üçün bildirək ki, bərə reysləri fəaliyyətə başladıqdan sonra 6 ay ərzində daşınma xərclərinin Ermənistan dövləti tərəfindən tam subsidiyalaşdırılması planlaşdırılırdı.

Cari ilin 9-cu ayı artıq bitməkdədir və Ermənistan hökuməti tərəfindən Yuxarı Lars yoluna alternativ istiqamətlərin fəaliyyətə keçməsi haqda hələ heç bir xəbər yoxdur. Bu gün Ermənistanın nəqliyyat-logistika şəbəkəsi olduqca acınacaqlı durumdadır. Hazırda problem yalnız erməni nəqliyyat vasitələrinin hərəkətində yaranan tıxac deyil, həm də ölkə iqtisadiyyatının kiçik və orta sahibkar adlanan kəsiminin maddi ziyanla üzləşməsidir. Bu qrup əhali ölkə iqtisadiyyatının ən mühüm və kövrək hissəsidir. Həmçinin, daşınan malların əksəriyyətinin kənd təsərrüfatı məhsulları olması Ermənistan regionlarında yaşayan əhalinin müəyyən həcmdə gəlirdən kənar qalması deməkdir. Ermənistan hökumətinin yaşanan problemi həll etmək üçün təqdim etdiyi strategiya isə dayanıqlı deyil. Çünki Yuxarı Lars keçid məntəqəsində gömrük məntəqələrinin artırılması kəskin hava şəraiti və ağır coğrafi relyeflə bağlı problemləri aradan qaldırmır. Həmçinin, baş verə biləcək forsmajor hallardan (Rusiya əhalisinin kütləvi sürətdə Gürcüstana daxil olması) da sığortalamır. Digər tərəfdən, Qara dəniz vasitəsi ilə gəmi-bərə nəqliyyatının aparılması əlavə xərclər tələb edir ki, bu da kiçik və orta sahibkar üçün əlverişli sayılmır. Məhz buna görə hökumət qısa müddətlik (6 ay ərzində) daşınma xərclərini qarşılamaq niyyətindədir. Nəticədə xərclər erməni vergi ödəyicilərindən formalaşan dövlət büdcəsi hesabına təmin ediləcək. Çünki əks təqdirdə erməni sahibkarlar üçün gəmi-bərə vasitəsi ilə malların daşınması maliyyə yükü səbəbindən uyğun deyil.

Azərbaycanla nəqliyyat-kommunikasiya əlaqələrinin bərpası isə Ermənistanın nəqliyyat əlaqələrini dayanıqlı və stabil vəziyyətə gətirməklə yanaşı, həm də Ermənistanı əlavə xərclərdən azad edə bilər. Azərbaycanın müasir infrastrukturu və daha əlverişli coğrafi relyefi sürətli və kəsintisiz ticari əlaqələr yarada bilər. Beləliklə, Zəngəzur dəhlizi fəaliyyətə başlaması ilə region ölkələri arasında əməkdaşlıq münasibətlərinin inkişafına şərait yaradacaq.

ONA

Teqlər:

SON XƏBƏRLƏR