Fransa Prezidenti Emmanuel Makronun təşəbbüsü ilə fevralın 4-də Fransanın Avropa İttifaqına sədrliyi qismində özünün, Azərbaycan Prezidenti İlham Əliyevin, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin və Ermənistanın Baş naziri Nikol Paşinyanın iştirakı ilə videoformatda keçirilən görüşün ən mühüm məqamlarından biri UNESCO-nun Azərbaycan və Ermənistana missiya göndərməsinə dair razılıq ifadə edilməsi oldu.
Görüşdə əldə olunmuş razılıqla bağlı UNESCO-nun mövqeyi maraq doğurduğundan APA təşkilatın baş ofisinə aşağıdakı sualları ünvanlayıb:
- UNESCO missiyasının səfərinə hazırlıq prosesi başlayıbmı? Missiyanın regiona səfərinin mümkün tarixi bəllidirmi?
- Missiyanın hansı ərazilərə göndəriləcəyinə artıq qərar verilibmi? Missiyanın azad edilmiş ərazilər və Azərbaycanın Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi ərazilərə səfəri nəzərdə tutulurmu?
- Səfər çərçivəsində missiyanın Ermənistan ərazisində Azərbaycana məxsus dini və mədəniyyət abidələrinin monitorinqini aparması ilə bağlı hər hansı plan varmı?
UNESCO-dan verilən cavab isə konkretlikdən uzaq, ümumi xarakter daşıyıb: “1954-cü il Konvensiyası çərçivəsində UNESCO-nun Müstəqil Texniki Missiyası üçün şərait yaratmaqla bağlı bütün tərəflərlə işləyirik. Bu məqsədlə UNESCO regional təşkilatlardan, eləcə də ayrı-ayrı ölkələrdən faydalı ola biləcək bütün ideyaları və təşəbbüsləri, alqışlayır. Fevralın 4-də keçirilən toplantıda irəli sürülən ideyalar bu baxımdan nəzərdən keçirilə bilər. Bu ideyalar UNESCO tərəfindən Ermənistan və Azərbaycanla tam əməkdaşlıq şəraitində qiymətləndiriləcək".
Cavabdan da göründüyü kimi, UNESCO ənənəvi olaraq ümum, dəqiq olmayan cavabla kifayətlənib. Bir müddətdir ki, UNESCO guya regiona missiya göndərmək istədiyini, Bakının buna imkan vermədiyini bildirirdi. Lakin proseslər göstərir ki, UNESCO-da bu məsələ ümumiyyətlə gündəmdə deyil. UNESCO-nun “Fevralın 4-də keçirilən toplantıda irəli sürülən ideyalar bu baxımdan nəzərdən keçirilə bilər” cavabından çıxan nəticə budur. Görünən odur ki, UNESCO vaxt udmaqla məşğuldur, yaxud hansısa bizə bəlli olmayan planlar qurur. Missiyanın hansı ərazilərdə işləyəcəyi də bəlli deyil. Azad edilmiş ərazilər, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi ərazilərdə tamamilə fərqli yanaşmalar lazımdır. Missiyanın fəaliyyət proqramının olub-olmadığının özü də sual altındadır. Qurumdan hələ də belə bir sadə suala cavab verə bilməyiblər - səfər çərçivəsində Qarabağdakı və Ermənistan ərazisindəki Azərbaycana məxsus dini və mədəniyyət abidələrinin monitorinqi aparılacaqmı, bununla bağlı hər hansı plan varmı?
Belə təəssürat yaranır ki, Azərbaycanın mədəni irsinin dağıdılması UNESCO-nu maraqlandırmır, onlar ancaq erməni tərəfinin böhtançı iddialarını araşdırmaq niyyətindədir.
Belə olmasaydı, Azərbaycan əraziləri işğal altında olanda Bakının dəfələrlə müraciəti qarşılığında UNESCO həmin ərazilərə heç olmasa bir dəfə missiya təşkil edərdi. Hətta bunu siyasi məsələ hesab etdiklərini deyirdilər. Amma necə olubsa, indi məsələ siyasilikdən çıxıb, mədəni və dini irsin qayğısına qalmalı olduğu UNESCO-nun yadına düşüb.
Birinci Qarabağ müharibəsi zamanı Azərbaycan ərazilərini işğal edən Ermənistan bəşəriyyətin ulu əcdadlarının beşiklərindən biri olan Azıx mağarası ermənilərin hərbi sursat anbarına çevirib. İnsanlığın ən qədim dövr mədəniyyət nümunələrinin toplandığı Azıx mağarasında Ermənistan hərbiçiləri azıxantropa aid əşyaları - gildən və daşdan məişət əşyaları və əmək alətlərini məhv etdiklərini pərdələmək üçün yeni tədqiqatlar təşkil ediblər. Yeni aşkar etdikləri artefaktları dəvət etdikləri xarici arxeoloqlar vasitəsilə ərazidən kənara çıxararaq təbliğat alətinə çeviriblər. UNESCO susub.
Erməni işğalçıları məşhur Xocalı kurqanlarını yer üzündən siliblər. İşğal altında saxladıqları İslam abidələri, xüsusilə məscidlər, türbələr və qəbiristanlıqları dağıdıblar, alban xristian abidələri isə tamamilə saxtalaşdırıb, erməniləşdiriblər. Xalqımızın tarixi yadigarı olan Yelisey məbədi, Həsənriz məbədi və digər abidələrdə olan alban yazıları silinib. Həmin abidələrin albanlara məxsus olan əşyaları dağıdılıb. Yelisey məbədində Alban hökmdarı III Vaçaqanın qəbri və yazı tamamilə məhv edilib. UNESCO görməyib.
İşğal olunmuş ərazilərdə Azərbaycanın mədəni irsini təşkil edən mədəniyyət obyektləri xüsusi qəddarlıqla yer üzündən silinib. Ermənilər ələ keçirdikləri ərazilərdə 12 muzey, 6 rəsm qalereyası, tarixi əhəmiyyətli 9 sarayı yandırıblar. UNESCO göz yumub.
Nadir tarixi əhəmiyyətli 40 min muzey sərvəti və eksponatı talan olunub. 192 ziyarətgah, 144 məbəd, 67 məscid erməni təcavüzünün qurbanına çevrilib. Laçındakı Ağoğlan kilsəsi, Kəlbəcərdəki Xudavəng, Gəncəsər məbədinin albanlara məxsusluğunu göstərən elementlər silinib, erməniləşdirilib. UNESCO sükutla qarşılayıb.
İşğal olunmuş ərazilərdə 40 mindən artıq əşyanın toplandığı 22 muzey, 4,6 milyon kitab fondu olan 927 kitabxana, 808 klub, 4 teatr və 2 konsert müəssisəsi, 8 mədəniyyət və istirahət parkı, 4 rəsm qalereyası, 85 musiqi məktəbini qarət edən ermənilər 103,2 min ədəd mebel avadanlığı, 5640 musiqi aləti, 481 kinoqurğu, 20 ədəd kinokamera, 423 videomaqnitofon, 5920 dəst milli kişi və qadın geyimləri, 40 komplekt səsgücləndirici, 25 iri və 40 kiçik həcmli attraksionu yalan edərək, Ermənistana aparıblar. UNESCO vandallığa səsini çıxarmayıb.
Keçmiş SSRİ-də yeganə Ağdamda olan Çörək Muzeyi şəhərin bombardmanı zamanı yerlə yeksan edilib, dünya şöhrətli Kəlbəcər Tarix-Diyarşünaslıq Muzeyinin 13 minədək, Laçın Tarix-Diyarşünaslıq Muzeyinin 5 mindən çox qiymətli və nadir əşyası Ermənistana daşınıb. Şuşanın zəbt edilməsi nəticəsində mənəviyyatımıza ağır zərbə endirilib.
Təkcə Şuşa şəhərində 8 muzey, 31 kitabxana, 17 klub, mədəniyyət evi dağıdılıb.
Şuşa şəhərinin tarixi muzeyinin 5 minədək əşyası, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi Şuşa filialının, Dövlət Qarabağ Tarixi muzeyinin 1000-dək əşyası, professional Azərbaycan musiqisinin banisi, bəstəkar Üzeyir Hacıbəyovun evinin 300-dən çox əşyası talan olunub. Azərbaycan vokal sənətinin əsasını qoymuş Bülbülün, görkəmli musiqiçi və rəssam Mir Mövsüm Nəvvabın, Qubadlı Tarix-Diyarşünaslıq Muzeyinin, Zəngilan Tarix-Diyarşünaslıq Muzeyinin fondları erməni təcavüzkarları tərəfindən qarət edilib. O cümlədən, görkəmli Azərbaycan musiqiçisi Qurban Pirimovun Ağdam rayonundakı xatirə muzeyi, Cəbrayıl, Füzuli, Xocalı rayonlarının tarix-diyarşünaslıq muzeyləri də dağıdılıb. Erməni təcavüzkarlarının qarət etdikləri muzeylərdə Azərbaycan xalqının tarixi və mədəniyyəti ilə bağlı qiymətli əşyalar, rəsm və heykəltəraşlıq əsərləri, dünya şöhrətli Azərbaycan xalçaları, xalça məmulatları, Azərbaycanın görkəmli şəxsiyyətlərinin xatirə əşyaları, digər qiymətli materialları oğurlanıb. UNESCO vəhşiliyə dur deməyib.
Bəyəm bunlar tarixi, mədəni, dini abidələrin dağıdılması, yer üzündən silinməsi, bütöv bir xalqın mədəni irsinə qarşı vandalizm, vəhşilik deyil? Mədəni, dini, tarixi abidələrin, mədəni irsin qayğısına qalmaq vəzifəsi daşıyan UNESCO bu aktlara görə niyə bir dəfə Ermənistana və erməni terrorçularına qarşı hər hansı bəyanatla çıxış etmədi? Yoxsa yuxarıda sadalananları mədəni, tarixi, dini irs hesab etmir? Bu irs ancaq ermənilərdə olur? UNESCO belə düşünür?
UNESCO indiyə kimi bir dəfə də olsun Ermənistan ərazisində olan Azərbaycan abidələrinin aqibəti ilə maraqlanmayıb. Tarixi Azərbaycan torpağı olan Qərbi Azərbaycanda (indiki Ermənistan) çoxlu sayda tarixi-memarlıq abidəsi, karvansaralar, imarətlər, məscidlər, mavzoleylər, qəbiristanlıqlar, məqbərələr, qəbirüstü abidələr və s. ermənilər tərəfindən viran edilib. Rəsmi məlumatlara görə, XX əsrin əvvəllərində İrəvan quberniyasının ərazisində hər biri bir memarlıq əsəri olan 310 məscid mövcud olub. 1918-ci ildə tarixi Azərbaycan torpaqlarında ilk erməni dövləti – Ermənistan Respublikası qurulduqdan sonra azərbaycanlılara məxsus maddi-mədəni irsə qarşı vandalcasına, dağıdıcı münasibət göstərilib, yer üzündən silinib. İrəvan qalasındakı bütün tarixi abidələr, o cümlədən də Xan sarayı və möhtəşəm Sərdar (Abbas Mirzə) məscidi məhv edilib. Bu gün Ermənistan ərazisində azərbaycanlılara məxsus yalnız iki tarixi-memarlıq abidəsi qalıb - İrəvan şəhərindəki Göy məscid (onu da ermənilər “fars məscidi” kimi təqdim edir) və İrəvan yaxınlığındakı Əmir Səəd məqbərəsi (bunu isə “türkmən abidəsi” kimi qələmə verməyə çalışırlar).
Ermənistan hökumətinin qərarı ilə “heç bir əhəmiyyət daşımadığı üçün” azərbaycanlıların qəbiristanlıqlarının qorunmaması qərara alınıb, bu qərardan sonra erməni vandalları azərbaycanlıların qəbiristanlıqlarını ucdantutma dağıdıblar. Erməni vandalları azərbaycanlıların tarixi-etnik torpaqlarındakı izlərini silməklə yanaşı, onlara məxsus toponimlərə qarşı da soyqırımı həyata keçiriblər. Monoetnik erməni dövlətində əvvəllər azərbaycanlıların yaşadıqları 703 yaşayış məntəqəsinin adını dəyişdirərək erməniləşdirilib.
Özlərini dünyaya “qədim xalq”, “mədəni xalq” kimi təqdim edən ermənilər azərbaycanlıların mədəni irsinə qarşı əsl barbarlıq və vandallıq nümunəsi göstərirlər.
Ermənistan bu əməllərinə görə cavab verməlidir. UNESCO və digər beynəlxalq təşkilatlar Ermənistandan bu cavabı istəməlidir, əməllərinə görə cəzalandırmalıdır. İnsanlığa qarşı cinayət cəzasız qalmamalıdır.
UNESCO isə bütün bunları görmür, Azərbaycan abidələrinin dağıdılması, azərbaycanlıların qəbiristanlılarının yer üzündən silinməsi onlar üçün əhəmiyyətsizdir. İşğaldan azad edilmiş ərazilərdəki xristian abidələrinin taleyi isə heç bir əsas olmadığı halda nədənsə UNESCO rəhbərliyini narahat edir.
Azərbaycan ölkədə olan bütün dinlərə aid abidələrə böyük hörmətlə yanaşır və onları mühafizə edir, bütün dünya buna şahiddir. UNESCO-nun reaksiyasından isə belə təəssürat yaranır ki, sanki xristian abidələri müsəlman abidələrindən daha önəmlidir. Mənsubiyyətindən asılı olmayaraq bütün dini, mədəni abidələr qorunmalı olduğu halda UNESCO və bəzi siyasi dairələr tərəfindən açıq-aşkar dini zəmində ayrı-seçkilik edilir. Bütün bunlar siyasi riyakarlığın və ikili standartların bariz nümunəsidir.
Azərbaycanın tarixi abidələrinin dağıdılması barədə Bakı daim UNESCO-nu və digər beynəlxalq qurumları məlumatlandırıb. Hələ 2007-ci ildə “Azərbaycana qarşı müharibə - mədəni irsə hücum” adlı kitab hazırlanıb və UNESCO-ya təqdim edilib. Kitabda ölkəmizin işğal edilmiş ərazilərində Ermənistan tərəfindən dağıdılmış mədəni və dini abidələrin siyahısı, onların qəsdən erməniləşdirilməsi, alban kilsələrinin erməni kilsələri kimi təqdim edilməsi barədə geniş məlumatlar yer alıb. UNESCO buna da adekvat reaksiya verməyib.
Qarabağda və Qərbi Azərbaycanda (İndiki Ermənistanda) tanınmış tarix və mədəniyyət abidələrinin dağıdılması, ermənilərin özbaşınalığı "Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında" 1954-cü il Haaqa Konvensiyasına, "Arxeoloji irsin mühafizəsi haqqında" 1992-ci il Avropa Konvensiyasına, Ümumdünya mədəni və təbii irsin mühafizəsi haqqında" UNESCO-nun 1972-ci il konvensiyasına ziddir. UNESCO bunu bilmir?
UNESCO və bəzi dövlətlərin Azərbaycanın qələbəsindən sonra missiya məsələsini qabartması haqlı suallar doğurur: UNESCO bölgəyə əvvəllər niyə missiya göndərmirdi? İşğal edilmiş Azərbaycan ərazilərində məscidlər dağıdılanda, orada donuz, inək saxlanılanda UNESCO niyə reaksiya vermirdi?
Cavab ortadadır. Aydın şəkildə sezilir ki, Azərbaycanın əldə etdiyi Zəfər nəticəsində regionda yaranmış yeni reallıq bir çox siyasi dairələri narahat edir və onlar bununla barışa bilmirlər. Təəssüf doğuran haldır ki, UNESCO da bu prosesə cəlb olunub. Halbuki UNESCO hökumətlərarası təşkilatdır və öz fəaliyyətini mandatına uyğun olaraq obyektiv, qərəzsiz həyata keçirməlidir. UNESCO rəsmiləri vətəndaşı olduqları dövlətlərin milli gündəliyini önə çəkməklə məşğul olmamalı, təşkilat hansısa dövlətin siyasi təsir alətinə çevrilməməlidir. Bu onun imicinə, müstəqilliyinə çox böyük zərbədir. Mədəni irsin qorunması ümumbəşəri öhdəlikdir və siyasi məqsədlər üçün istifadə olunmamalıdır. Azərbaycanın mövqeyi haqlı və davamlıdır. Bakı dünən olduğu kimi, bu gün də UNESCO missiyasının təşkilinə qarşı çıxmır, sadəcə, ədalətli olmağa çağırır.
APA Analytics