İllər və reallıqlar dəyişsə də, Avropa Şurası Parlament Assambleyası (AŞPA) dəyişmir. Bu institut öz gücünü içərisində boğulduğu problemlərin həllinə yönəltməkdənsə, vaxtını yenə də Azərbaycana qarşı qərəzli mövqe tutan şəxslərin fikirləri əsasında reallıqla heç bir əlaqəsi olmayan sənədlər hazırlamağa sərf edir.
Təşkilatın iyunun 24-də Azərbaycana dair qəbul etdiyi son qətnamə də uzun illərdir davam etdirdiyi xəttinin növbəti təzahürüdür. Rəsmi olaraq insan hüquqları, ifadə azadlığı və vətəndaş cəmiyyətinin vəziyyətinə həsr olunan sənəd, əslində, Azərbaycana qarşı formalaşmış siyasi yanaşmanın davamı təsiri bağışlayır. Qətnamənin məzmunu, müzakirələrin gedişi və son illərdə qəbul olunan analoji qərarlar göstərir ki, burada hüquqi qiymətləndirmədən daha çox qərəzli siyasi mövqe üstünlük təşkil edir.
Qətnamədə Azərbaycanda jurnalistlərin, vətəndaş cəmiyyəti nümayəndələrinin və hökuməti tənqid edən şəxslərin guya təzyiqə məruz qalması, ifadə azadlığının məhdudlaşdırılması və siyasi məhbusların mövcudluğu ilə bağlı iddialar yer alır. Lakin sənəddə bu məsələlərə yalnız bir tərəfin prizmasından yanaşılıb, bəzi qeyri-hökumət təşkilatlarının, ayrı-ayrı siyasi qrupların və Azərbaycana qarşı sərt mövqeyi ilə tanınan deputatların iddiaları əsas götürülüb, rəsmi Bakının mövqeyi, Azərbaycan hökumətinin hüquqi arqumentləri və qanunvericilik çərçivəsi nəzərə alınmayıb. Bu isə sənədin balanslı deyil, birtərəfli hazırlandığı barədə qənaəti gücləndirir.
Əvvəldən formalaşmış siyasi mövqe
AŞPA bu sənəddə hüquqi obyektivlikdən daha çox siyasi yanaşmaya üstünlük verib, nəticədə qətnamə uzun illərdir Azərbaycana qarşı tənqidi mövqe nümayiş etdirən müəyyən siyasi dairələrin baxışlarını əks etdirən siyasi bəyanat kimi ortaya çıxıb.
Bu isə mühüm bir sual yaradır: əgər beynəlxalq təşkilat obyektiv hüquqi qiymətləndirmə aparmağa çalışırsa, niyə eyni məsələyə dair bütün tərəflərin arqumentləri eyni səviyyədə araşdırılmır? Hər hansı qətnamənin legitimliyi təkcə onun nəticələri ilə deyil, hazırlanma prosesinin nə dərəcədə qərəzsiz və inklüziv olması ilə də ölçülür.
Məhz bu səbəbdən AŞPA-nın son sənədi hüquqi ekspertizadan daha çox siyasi mövqenin məhsuludur. İnsan hüquqları ilə bağlı məsələlər beynəlxalq təşkilatlar üçün geosiyasi alətə çevrilməməli, bütün üzv dövlətlərə münasibətdə eyni hüquqi standartlar və eyni meyarlar tətbiq edilməlidir. Əks halda, beynəlxalq institutların obyektiv hakim rolundan çıxaraq müəyyən siyasi qrupların mövqeyini legitimləşdirən platformaya çevrildiyi barədə təsəvvür güclənir.
Bu qənaəti gücləndirən məqamlardan biri də son illər Azərbaycanla bağlı hazırlanan sənədlərin müəllifləri və təşəbbüskarları ətrafında formalaşan mənzərədir. Eyni siyasi dairələrin, eyni deputatların və eyni məruzəçilərin mütəmadi olaraq Azərbaycanla bağlı oxşar məzmunlu qətnamələrin hazırlanmasında iştirak etməsi bunun təsadüfi deyil, ardıcıl siyasi xətt olduğu qənaətini formalaşdırır. Bu baxımdan AŞPA daxilində ölkəyə münasibətdə artıq hüquqi qiymətləndirmədən daha çox əvvəlcədən formalaşmış siyasi yanaşmanın hökm sürdüyü şübhəsizdir.

Müzakirələr qərəzli atmosferi açıq şəkildə göstərdi
Qətnamənin müzakirələri zamanı baş verənlər də sənədin hansı mühitdə qəbul olunduğunu nümayiş etdirdi.
Azərbaycana qarşı qərəzli mövqeyi ilə tanınan Frank Şvabe çıxışı zamanı yalnız Azərbaycanı tənqid etməklə kifayətlənmədi, o, Azərbaycanın mövqeyini müdafiə edən deputata qarşı da aqressiv və sərt ritorikadan istifadə etməkdən də çəkinmədi.
Bu davranış isə AŞPA daxilində fərqli mövqelərə münasibətin necə formalaşdığını göstərən mühüm nümunədir. Parlament diplomatiyasının mahiyyəti fikir müxtəlifliyinin təmin olunmasıdır. Əgər fərqli mövqe nümayiş etdirən deputat emosional hücumlarla qarşılanırsa, bu, müzakirələrin obyektiv platformadan uzaqlaşdığını göstərir.
Belə hallar Assambleyada müəyyən siyasi dairələrin mövqeyinin dominant olduğunu və alternativ baxışlara kifayət qədər imkan verilmədiyini göstərir.

Jurnalistlər və fəallarla bağlı məsələyə selektiv yanaşılır
Qətnamənin əsas hissəsi jurnalistlər, bloqerlər və vətəndaş cəmiyyəti nümayəndələri ilə bağlı cinayət işlərinə həsr olunub. Lakin burada mühüm hüquqi məqam diqqətdən kənarda saxlanılır.
Həmin şəxslər jurnalist olduqları və ya hökuməti tənqid etdikləri üçün deyil, qanunvericiliyin pozulması ilə bağlı konkret ittihamlar əsasında istintaqa cəlb ediliblər.
Hüquqi dövlət prinsipi baxımından heç bir peşə sahibi toxunulmaz deyil. Jurnalist olmaq cinayət məsuliyyətindən azad olmaq mənasına gəlmir. Əgər konkret qanun pozuntusu ilə bağlı ittiham mövcuddursa, həmin iş hüquqi müstəvidə araşdırılmalıdır.
AŞPA isə bu fərqi nəzərə almadan məsələyə, əsasən, özünə lazım olan prizmadan yanaşır, bununla da, hüquqi qiymətləndirmə ilə siyasi qiymətləndirmə arasındakı sərhədi zəiflədir.
İkili standartlar etimad problemini dərinləşdirir
AŞPA-nın fəaliyyətində, xüsusilə Azərbaycana münasibətdə yol verdiyi əsas yanlışlıqlardan biri də uzun illərdir, davam edən ikili standartlardır.
Son illər Avropanın müxtəlif ölkələrində jurnalistlərin saxlanılması, media qurumlarına qarşı hüquqi tədbirlər, etiraz aksiyalarının dağıdılması və siyasi hüquqların məhdudlaşdırılması ilə bağlı kifayət qədər ciddi faktlar qeydə alınıb. Bununla belə, həmin ölkələrə münasibətdə AŞPA-nın reaksiyası heç vaxt Azərbaycana olduğu qədər sərt olmayıb.
Bu fərqli yanaşma istər-istəməz haqlı sual yaradır: əgər eyni hüquqi prinsiplər mövcuddursa, niyə onların tətbiqi müxtəlif dövlətlər üçün fərqli olur?
Məhz bu fərqliliyə görə AŞPA-nın qərarlar verərkən siyasi selektivliyə yol verməsi göz qabağındadır.

Qətnamə Azərbaycan əleyhinə ardıcıl siyasətin davamıdır
Son qətnaməyə ayrıca hadisə kimi baxmaq düzgün olmazdı. Bu addım Azərbaycana münasibətdə uzun illərdir müşahidə olunan ümumi siyasi xəttin davamıdır.
Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin təsdiqlənməməsi, ölkə ilə bağlı ardıcıl tənqidi qətnamələrin qəbulu, eyni şəxslərin və eyni siyasi qrupların davamlı şəkildə Azərbaycan əleyhinə qərəzli fəaliyyəti bu siyasətin sistemli xarakter daşıdığını göstərir.
Bu ardıcıllıq onu deməyə əsas verir ki, AŞPA daxilində Azərbaycan məsələsi artıq hüquqi müzakirə mövzusu olmaqdan daha çox siyasi gündəliyin elementinə çevrilib.

Oxşar tendensiya Avropa Parlamentində də müşahidə olunur
AŞPA-nın yanaşması Avropa Parlamentinin mövqeyi ilə də üst-üstə düşür.
Son beş il ərzində bu Avropa institutunda da Azərbaycanla bağlı qəbul edilən çoxsaylı qətnamə, əsasən, tənqidi və qərəzli xarakter daşıyıb. Hətta Avropa Parlamentində qəbul olunmuş qətnamənin adı “Ermənistanın dəstəkləməsi” olsa da, sənəddə Azərbaycan əleyhinə çoxlu müddəa yer alıb. Ermənistanın dəstəklənməsinə həsr olunmuş sənədlərdə belə Azərbaycana qarşı çoxsaylı müddəalara yer verilməsi bu tendensiyanın təsadüfi olmadığını ortaya qoyur.
Belə mənzərə onu göstərir ki, bəzi Avropa institutlarında Azərbaycana qarşı birtərəfli, qərəzli və açıq-aşkar düşmən münasibət formalaşıb.
Dialoq ittihamlardan daha səmərəli olardı
Avropa Şurasının yaradılmasının əsas məqsədi üzv dövlətlər arasında dialoqu, hüquqi əməkdaşlığı və ümumi standartların inkişafını təşviq etmək olub.
Lakin son illərdə AŞPA-nın qəbul etdiyi qərarlar daha çox ittihamedici xarakter daşıyır. Bu isə qarşılıqlı etimadın möhkəmlənməsinə deyil, əksinə, tərəflər arasında gərginliyin artmasına səbəb olur.
Əgər məqsəd həqiqətən insan hüquqlarının qorunması və hüquqi islahatların təşviqidirsə, bunun yolu birtərəfli qətnamələrdən deyil, bərabərhüquqlu dialoqdan keçir. Dialoq qarşı tərəfin mövqeyini dinləməyi, hüquqi arqumentləri nəzərə almağı və bütün üzv dövlətlərə eyni meyarlarla yanaşmağı tələb edir.
AŞPA-nın son qətnaməsi bir daha göstərir ki, təşkilatın Azərbaycana münasibətində siyasi amillər hüquqi obyektivliyi üstələyir. Sənədin birtərəfli hazırlanması, müzakirələr zamanı nümayiş etdirilən yanaşma, alternativ mövqelərin nəzərə alınmaması, ikili standartlar və son illərdə qəbul olunan oxşar qərarlar bu qənaəti gücləndirir.
Beynəlxalq təşkilatların nüfuzu yalnız bütün üzv dövlətlərə eyni hüquqi meyarların tətbiqi və dialoqun siyasi qarşıdurmadan üstün tutulması ilə qoruna bilər. Əks halda, qəbul edilən qətnamələr obyektiv hüquqi qiymətləndirmə kimi deyil, qərəzli siyasi sənədlər kimi qəbul olunacaq.
