“Bakı Enerji Həftəsi”ndə qlobal enerji təhlükəsizliyi, “yaşıl enerji” keçidi, regional əməkdaşlıq və gələcəyin iqtisadi modeli müzakirə olunur. Bu isə Azərbaycanın artıq regional enerji istehsalçısından qlobal enerji gündəliyinin fəal iştirakçısına çevrildiyini göstərir.
Otuz il bundan əvvəl Xəzər Neft və Qaz Sərgisi başlananda Azərbaycan özünün ilk addımlarını atırdı. Bu gün isə “Bakı Enerji Həftəsi” dünyanın aparıcı enerji platformalarından biridir. Təsadüfi deyil ki, bir vaxtlar yalnız region üçün əhəmiyyət daşıyan enerji tədbiri bu gün qlobal enerji siyasətinin müzakirə olunduğu nüfuzlu beynəlxalq platformalardan birinə çevrilib.
Bu inkişaf yolu təkcə bir sərginin böyüməsini deyil, Azərbaycanın enerji strategiyasının keçdiyi tarixi transformasiyanı da əks etdirir. Prezident İlham Əliyevin vurğuladığı kimi, Xəzər Neft və Qaz Sərgisi müasir Azərbaycanın enerji inkişafının bünövrəsini qoydu: “Vaxt ötdükcə o dəyişdi, daha böyük vüsət aldı və hazırda çoxsaylı tədbirlər və xeyli faydalı mərasimlərlə yadda qalan “Bakı Enerji Həftəsi” adlanır. Haqlı olaraq bildirildi ki, dünyanın ən iri qaz yataqlarına aid “Şahdəniz” müqaviləsi dəqiqliklə 30 il əvvəl, 1996-cı ilin iyununda imzalanıb. Beləliklə, sayı artan ölkələrin enerji təhlükəsizliyinə töhfə verən Azərbaycanın müasir qaz hasilatında yeni səhifə açıldı".

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rövşən Muradov hesab edir ki, Prezident İlham Əliyevin “Bakı Enerji Həftəsi”ndə verdiyi mesajlar Azərbaycanın enerji resurslarını təkcə iqtisadi gəlir mənbəyi deyil, həm də milli inkişafın və geosiyasi gücün əsas alətlərindən birinə çevirdiyini göstərir:
“Prezident İlham Əliyevin “Bakı Enerji Həftəsi”ndə səsləndirdiyi mesajlar Azərbaycanın enerji siyasətinin artıq klassik xammal ixracı modelindən kənara çıxaraq daha geniş strateji məzmun qazandığını nümayiş etdirir. Ölkə enerji resurslarından yalnız iqtisadi gəlir mənbəyi kimi deyil, həm də milli inkişafın, geosiyasi təsir imkanlarının və beynəlxalq mövqelərinin gücləndirilməsinin əsas alətlərindən biri kimi istifadə edir".
Dövlət başçısının bu fikirləri Azərbaycanın enerji tarixində mühüm mərhələləri bir daha xatırladır. Məhz həmin dövrdə əsası qoyulan strateji enerji siyasəti sonrakı illərdə ölkənin iqtisadi inkişafının, beynəlxalq tərəfdaşlıq əlaqələrinin və geosiyasi mövqeyinin güclənməsinin əsas dayaqlarından birinə çevrildi. Bu gün Azərbaycanın qazı və nefti təkcə iqtisadi resurs deyil, eyni zamanda beynəlxalq əməkdaşlığı möhkəmləndirən, enerji təhlükəsizliyinə töhfə verən və ölkənin qlobal nüfuzunu artıran mühüm strateji alət kimi çıxış edir.
Regional layihədən qlobal enerji mərkəzinə
1994-cü ildə imzalanmış "Əsrin müqaviləsi" Azərbaycanın müasir tarixində dönüş nöqtəsi oldu. Sonrakı dövrdə Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TANAP, TAP və Cənub Qaz Dəhlizi kimi layihələr ölkənin beynəlxalq enerji xəritəsindəki yerini möhkəmləndirdi.
Rövşən Muradov qeyd edib ki, son otuz ildə Azərbaycanın ən mühüm nailiyyətlərindən biri zəngin enerji ehtiyatlarını real dövlət gücünə çevirməsi olub: “Bir çox ölkələr neft və qaz resurslarına malik olsa da, bu potensialı müstəqil xarici siyasətə, dayanıqlı iqtisadi inkişafa və beynəlxalq etimada transformasiya etmək hər dövlətə nəsib olmur. Azərbaycan isə “Əsrin müqaviləsi” ilə əsası qoyulan enerji strategiyasını Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TANAP, TAP və Cənub Qaz Dəhlizi kimi qlobal əhəmiyyətli layihələrlə uğurla davam etdirib".

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rövşən Muradov
ABŞ Prezidenti Donald Trampın, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Böyük Britaniyanın Baş naziri Kir Starmerin “Bakı Enerji Həftəsi”nə ünvanladıqları məktublar Azərbaycanın enerji təhlükəsizliyi sahəsində etibarlı tərəfdaş kimi qəbul edildiyini bir daha nümayiş etdirdi.
Dünyanı yalnız ideologiya ilə işıqlandırmaq mümkün deyil
Son illərdə qlobal enerji siyasətində enerji keçidi anlayışı bəzən neft və qazdan tam imtina kimi təqdim olunurdu. Bir sıra beynəlxalq platformalarda ənənəvi enerji istehsalçıları tənqid hədəfinə çevrilir, karbohidrogen resurslarına malik ölkələrin qlobal iqlim problemlərində əsas məsuliyyət daşıdığı iddia edilirdi. Lakin son illərdə yaşanan enerji böhranları, təchizat zəncirlərində yaranan problemlər və geosiyasi qarşıdurmalar göstərdi ki, dünya iqtisadiyyatı yaxın perspektivdə neft və qaz olmadan fəaliyyət göstərə bilməz.
"Uzun illər neft və qaz hasilatı ilə məşğul olan ölkələr və şirkətlərə damğa vurulurdu, bəzən qarayaxma obyektinə çevrilirdilər, planetin dağıdılmasında ittiham olunurdular. Hər hansı əsas olmadan, ictimai rəylə küncə sıxışdırılırdılar”, - Prezident İlham Əliyev bu məsələyə toxunaraq bildirib.
Dövlət başçısının da dediyi kimi, son dövrlərdə qlobal enerji bazarında baş verən hadisələr daha praqmatik yanaşmanın vacibliyini ortaya qoyub. Enerji təhlükəsizliyi ilə “yaşıl keçid” arasında balansın qorunması artıq beynəlxalq gündəliyin əsas mövzularından birinə çevrilib.
Azərbaycanın enerji siyasəti də məhz bu prinsip üzərində qurulub. Ölkə bir tərəfdən neft və qaz sektorunun inkişafını davam etdirərək tərəfdaş ölkələrin enerji təhlükəsizliyinə töhfə verir, digər tərəfdən isə bərpaolunan enerji mənbələrinin inkişafına milyardlarla dollar investisiya yatırır. Bu yanaşma Azərbaycanın enerji strategiyasının ideoloji yanaşmalardan deyil, iqtisadi reallıqlardan və uzunmüddətli milli maraqlardan qaynaqlandığını göstərir.
Enerji gəlirləri necə dövlət gücünə çevrildi?

Azərbaycan modelinin əsas xüsusiyyəti enerji gəlirlərinin strateji məqsədlərə yönəldilməsidir.
Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan enerji resurslarından əldə etdiyi gəlirləri insan kapitalına, təhsilə, səhiyyəyə, infrastruktur layihələrinə və güclü ordu quruculuğuna yönəltdi.
Bu siyasət nəticəsində ölkədə geniş infrastruktur layihələri həyata keçirilib, sosial rifah yüksəlib, müdafiə potensialı güclənib və Azərbaycan iqtisadi cəhətdən daha dayanıqlı dövlətə çevrilib.
1990-cı illərin Azərbaycanı və bugünkü Azərbaycan
Azərbaycanın son otuz ildə keçdiyi inkişaf yolunu daha aydın görmək üçün 1990-cı illərin əvvəllərindəki vəziyyətlə bugünkü reallığı müqayisə etmək kifayətdir. Bir zamanlar enerji çatışmazlığı, yüksək yoxsulluq və iqtisadi çətinliklərlə üzləşən ölkə bu gün enerji ixrac edən, böyük maliyyə ehtiyatlarına malik və beynəlxalq investisiya layihələrində iştirak edən dövlətə çevrilib.
Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Azərbaycanın heç bir vəsaitimiz yox idi: “Elektrik enerjisini idxal edirdik. Biz hətta təbii qazı idxal edirdik. Yoxsulluq səviyyəsi 50 faizdən artıq idi. İşsizlik geniş yayılmışdı. Müstəqil ölkə kimi yaşamaq və irəliyə getməkdə bizim üçün yeganə yol sahib olduğumuz təbii sərvətlərdən istifadə idi. Azərbaycan ilk ölkə idi ki, Xəzərin ehtiyatlarını beynəlxalq neft şirkətlərinə açıq etdi. Həmin vaxtdan etibarən çox hadisələr oldu".
Məhz həmin dövrdə qəbul edilən strateji qərarlar Azərbaycanın inkişafının əsasını qoydu. Enerji sektoruna cəlb edilən investisiyalar ölkənin iqtisadi dirçəlişini sürətləndirdi, yoxsulluğun səviyyəsi kəskin şəkildə azaldı, dövlət ehtiyatları formalaşdı və Azərbaycan regional enerji istehlakçısından beynəlxalq enerji ixracatçısına çevrildi. Bu gün SOCAR müxtəlif ölkələrdə investisiya layihələri həyata keçirir, Azərbaycan isə qlobal enerji təhlükəsizliyinə töhfə verən mühüm tərəfdaş kimi çıxış edir.
Güclü iqtisadiyyat güclü ordunun təməlidir

Enerji gəlirləri Azərbaycanın müdafiə potensialının gücləndirilməsində də mühüm rol oynayıb. İqtisadi imkanlar müasir ordu quruculuğuna yönəldilib və nəticədə Azərbaycan ərazi bütövlüyünü bərpa edib.
Bu gün Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı bərpa proqramları da həmin iqtisadi gücün nəticəsi kimi qiymətləndirilir.
“Yaşıl enerji” artıq alternativ deyil
Azərbaycanın enerji strategiyası artıq yalnız neft və qaz hasilatı ilə məhdudlaşmır. Ölkə ənənəvi enerji sahəsində əldə etdiyi üstünlükləri qorumaqla yanaşı, bərpaolunan enerji istiqamətində də yeni mərhələyə qədəm qoyur. Bu gün “yaşıl enerji” Azərbaycanın uzunmüddətli inkişaf strategiyasının əsas istiqamətlərindən birinə çevrilib.
Milli Məclisin deputatı Rövşən Muradov hesab edir ki, Azərbaycanın enerji siyasətinin hazırkı mərhələsini fərqləndirən əsas xüsusiyyət ənənəvi enerji resursları ilə “yaşıl enerji” strategiyasının paralel şəkildə inkişaf etdirilməsidir: “Dünya iqtisadiyyatının uzun müddət neft və qaza ehtiyac duyacağı reallığı nəzərə alınmaqla, Azərbaycan bir tərəfdən mövcud enerji üstünlüklərini qoruyur, digər tərəfdən isə bərpaolunan enerji, təmiz elektrik ixracı və “yaşıl enerji” dəhlizləri istiqamətində mühüm layihələr həyata keçirir".
Həqiqətən də son illər həyata keçirilən layihələr göstərir ki, Azərbaycan enerji keçidinə sadəcə gələcək perspektiv kimi deyil, artıq praktik reallıq kimi yanaşır. Prezident İlham Əliyevin sözləri ilə desək “artıq bir sıra layihələr istismar mərhələsindədir”.
“Gələn ilin sonunadək Günəş və külək enerjisi üzrə ümumi gücümüz 2 giqavata çatacaq. 2032-ci ilin sonunadək isə bu göstərici 8 giqavat təşkil edəcək. Əgər fəal şəkildə inkişaf etdirdiyimiz hidroenerji potensialını da nəzərə alsaq, xüsusilə Qarabağda və Şərqi Zəngəzurda artıq 300 meqavatdan çox güc istifadəyə verilmişdir. Bu da ölkəmiz üçün əlavə enerji potensialı yaradır. Həmin potensial neft və qaz ixracımızı tamamlayan bir mənbəyə çevriləcəkdir", - dövlət başçısı vurğulayıb.
Bu hədəflər Azərbaycanın gələcəkdə yalnız karbohidrogen ixracatçısı deyil, həm də “yaşıl enerji” istehsalçısı və ixracatçısı kimi beynəlxalq enerji bazarında mühüm mövqeyə sahib olacağını göstərir. Xüsusilə Qarabağ və Şərqi Zəngəzurun “yaşıl enerji” zonası kimi inkişaf etdirilməsi ölkənin enerji strategiyasında yeni mərhələnin formalaşdığını təsdiqləyir.
Azərbaycanın qazı artıq geniş coğrafiyanın enerji təhlükəsizliyidir

Bu gün Azərbaycan qazı təkcə ölkənin ixrac məhsulu deyil, eyni zamanda, Avrasiyanın enerji təhlükəsizliyinin mühüm elementlərindən birinə çevrilib. Hazırda Azərbaycan qazı 16 ölkəyə ixrac olunur və enerji əməkdaşlığının coğrafiyası ildən-ilə genişlənir. Bu isə ölkənin qlobal enerji bazarındakı rolunun və strateji əhəmiyyətinin artdığını göstərir.
Milli Məclisin deputatı Rövşən Muradovun sözlərinə görə, Azərbaycanın həyata keçirdiyi enerji layihələri sırf iqtisadi xarakter daşımır, eyni zamanda, mühüm geosiyasi məna kəsb edir: "Bu layihələr yalnız enerji infrastrukturunu deyil, Azərbaycanın siyasi iradəsini, strateji baxışını və diplomatik imkanlarını əks etdirən mühüm geosiyasi alətlərdir. Azərbaycan qazının Avropanın enerji təhlükəsizliyində oynadığı rol ölkənin beynəlxalq əhəmiyyətini daha da artırır. Xüsusilə SOCAR-ın Almaniya və Avstriya bazarlarına çıxışı Azərbaycanın enerji əməkdaşlığının coğrafiyasını genişləndirən mühüm addım kimi qiymətləndirilməlidir".
Bu gün Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya çatdırılan Azərbaycan qazı bir çox ölkələr üçün alternativ və etibarlı enerji mənbəyi rolunu oynayır. Məhz bu amil Azərbaycanın enerji siyasətini regional layihə çərçivəsindən çıxararaq qlobal enerji təhlükəsizliyinin vacib komponentlərindən birinə çevirib.
Enerjidən nəqliyyata: Zəngəzur dəhlizi yeni mərhələ açır
Azərbaycanın geosiyasi əhəmiyyəti bu gün artıq yalnız enerji layihələri ilə ölçülmür. Son illərdə formalaşan yeni regional reallıqlar ölkənin nəqliyyat, logistika və ticarət sahələrində də strateji mövqeyini əhəmiyyətli dərəcədə gücləndirib. Bu baxımdan Zəngəzur dəhlizi təkcə Azərbaycanın deyil, bütövlükdə regionun iqtisadi və geosiyasi xəritəsini dəyişə biləcək layihələrdən biri hesab olunur.
Şərqlə Qərbi, Asiya ilə Avropanı birləşdirəcək bu marşrut yükdaşımaların sürətlənməsinə, tranzit imkanlarının genişlənməsinə və regional iqtisadi inteqrasiyanın dərinləşməsinə xidmət edəcək. Eyni zamanda, dəhliz enerji, nəqliyyat və ticarət marşrutlarının kəsişdiyi yeni strateji platformanın formalaşmasına şərait yaradır.

Rövşən Muradovun fikrincə, Zəngəzur dəhlizi regionda əməkdaşlığın yeni mərhələsini başlada bilər: "Türkiyə ilə elektrik enerjisi bağlantılarının yaradılması təşəbbüsləri və Zəngəzur dəhlizinin formalaşdırdığı yeni imkanlar regionda enerji, logistika və ticarət inteqrasiyasını daha da gücləndirə bilər. Bu baxımdan Zəngəzur dəhlizi yalnız nəqliyyat marşrutu deyil, həm də enerji təhlükəsizliyi və regional əməkdaşlıq baxımından strateji əhəmiyyət daşıyan layihə kimi qiymətləndirilməlidir".
Məhz buna görə Zəngəzur dəhlizi yalnız yük və sərnişin daşımalarını təmin edəcək kommunikasiya xətti deyil, həm də enerji axınlarını, ticarət əlaqələrini və regional əməkdaşlığı gücləndirən mühüm geoiqtisadi layihə kimi dəyərləndirilir. Layihənin reallaşması Azərbaycanın Orta Dəhlizdəki mövqeyini daha da gücləndirməklə yanaşı, ölkəni Avrasiyanın əsas logistika və nəqliyyat qovşaqlarından birinə çevirə bilər.
Azərbaycanın əsas üstünlüyü nədir?
Prezident İlham Əliyevin “Bakı Enerji Həftəsi”ndəki çıxışının əsas mesajlarından biri ondan ibarət idi ki, təbii sərvətlər özlüyündə inkişaf zəmanəti deyil. Əsas məsələ həmin resurslardan necə istifadə olunması, əldə edilən gəlirlərin hansı məqsədlərə yönəldilməsi və onların dövlətin uzunmüddətli inkişaf strategiyasına necə inteqrasiya edilməsidir. Azərbaycanın son otuz ildə əldə etdiyi nəticələr də məhz bu yanaşmanın uğurunu nümayiş etdirir.
Ölkə enerji resurslarından əldə olunan gəlirləri sadəcə iqtisadi göstəricilərin yaxşılaşdırılmasına deyil, güclü dövlət institutlarının formalaşdırılmasına, müasir infrastrukturun qurulmasına, insan kapitalının inkişafına, müdafiə qabiliyyətinin gücləndirilməsinə və beynəlxalq mövqelərinin möhkəmləndirilməsinə yönəldib. Nəticədə enerji sərvətləri iqtisadi resurs olmaqla yanaşı, milli güc amilinə çevrilib.

Milli Məclisin deputatı Rövşən Muradov qeyd edib ki, Azərbaycanın son illərdə həyata keçirdiyi enerji siyasəti ölkənin regional enerji istehsalçısından qlobal enerji təhlükəsizliyinə töhfə verən strateji tərəfdaşa çevrilməsində həlledici rol oynayıb: "Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən enerji siyasəti Azərbaycanı təkcə neft və qaz ixrac edən ölkə statusundan çıxararaq, qlobal enerji təhlükəsizliyinə töhfə verən və “yaşıl transformasiya” prosesində fəal iştirak edən mühüm dövlətlərdən birinə çevirir. Bu strategiya ölkənin həm regional, həm də beynəlxalq səviyyədə mövqelərinin daha da möhkəmlənməsinə xidmət edir".
Prezident İlham Əliyev də çıxışında Azərbaycanın inkişaf modelinin mahiyyətini izah edərək bildirib ki, hazırda qlobal enerji səhnəsində baş verən hallar ABŞ Prezidentinin çox müdrik və praqmatik siyasəti sayəsində ərsəyə gəlib: “Hamımız ona bir daha minnətdarıq. Ölkələr neft və qazın mövcud olmasına görə günahlandırılmalı deyil, çünki neft və qaz digər adi əmtəə kimidir. Hər bir ölkə torpağının təkində və ya dənizinin dibində olanı öz inkişafı üçün istifadə edir. Öz müstəqilliyinin əvvəlində Azərbaycanda məhz belə hal idi. Neft və qaz bizim üçün müstəqil ölkə kimi yaşamağın yeganə yolu oldu. Beləliklə, ölkələr neftin olub-olmaması ilə deyil, gəlirlərdən necə istifadə etdiklərinə görə mühakimə edilməlidir. Diqqət yetirilməlidir ki, öz ölkəsinin inkişafı, xalqının daha yaxşı yaşayış şəraitinin təminatı, “yaşıl gündəlik” məsələlərinə enerjinin istehsalından əldə edilən vəsaitləri onlar necə sərmayə kimi yatırırlar. Düşünürəm ki, Azərbaycan çox bariz nümunədir. Bütün bunlar göstərir ki, ölkənizi beynəlxalq sərmayələrə açıq edəndə, milli maraqlara əsaslanan müdrik siyasət aparanda siz uğur qazanırsınız".
Dövlət başçısının bu fikirləri Azərbaycanın enerji strategiyasının əsas fəlsəfəsini ortaya qoyur. Bu modelin mərkəzində resursların mövcudluğu deyil, onların milli maraqlara uyğun və uzaqgörən şəkildə idarə olunması dayanır. Məhz buna görə Azərbaycan enerji resurslarını iqtisadi asılılıq mənbəyinə deyil, dayanıqlı inkişafın, siyasi müstəqilliyin və beynəlxalq nüfuzun əsas sütunlarından birinə çevirə bilib.
Bu gün Bakı yalnız enerji istehsal edən paytaxt deyil. Bakı qlobal enerji təhlükəsizliyinin, regional əməkdaşlığın, yaşıl keçid prosesinin və yeni geoiqtisadi reallıqların müzakirə olunduğu mühüm beynəlxalq platformadır. Azərbaycanın son otuz ildə keçdiyi yol isə göstərir ki, düzgün idarə olunan təbii sərvətlər ölkəni sadəcə enerji istehsalçısından beynəlxalq proseslərə təsir göstərən mühüm geosiyasi aktora çevirə bilər.