• QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZUR

    17:40 5 mart 2019

Azərbaycanın arzuolunmaz şəxslər siyahısına 96 əcnəbinin adı daxil edilib

2018-ci ildə Azərbaycanın xəbərdarlığına məhəl qoymadan işğal edilmiş ərazilərə qanunsuz səfər etmiş 96 xarici ölkə vətəndaşının adı “Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş xarici ölkə vətəndaşlarının siyahısı”na daxil edilib.

ONA-nın xəbərinə görə, Nazirlər Kabinetinin 2018-ci ildə fəaliyyəti haqda hesabatında bildirilib ki, görülən işlər nəticəsində bir sıra xarici vətəndaşlar Azərbaycan tərəfinə müraciət edərək, işğal olunmuş ərazilərə səfər etdiyinə görə üzr istəyib. Eyni zamanda, onlar Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə hörmətlə yanaşdığını, ölkəmizin qanunvericiliyinə bələd olmadıqlarını bildirərək, adlarının Xarici İşlər Nazirliyinin tərtib etdiyi siyahıdan çıxarılmasını və ya daxil edilməməsini xahiş ediblər.

Ümumiyyətlə, daxil olmuş müvafiq müraciət və məlumatlar əsasında 2014-2018-ci illər ərzində 40 şəxsin adı sözügedən siyahıdan çıxarılıb.

Hesabat dövrü ərzində Azərbaycanın işğal edilmiş ərazilərinə qanunsuz səfərlər, qeyri-qanuni iqtisadi və digər fəaliyyət ilə bağlı Xarici İşlər Nazirliyi tərəfindən təqdim edilmiş material üzrə Azərbaycan Baş Prokurorluğunda 2 xarici ölkə vətəndaşı və hüquqi şəxslər – “Base Metals”, “Vallex Group” və digərlərinə qarşı cinayət işi başlanılıb.

Qeyd edək ki, Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb.

1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. Qrup ATƏM (1994-cü ilin dekabrında keçirilmiş Budapeşt sammitindən sonra ATƏT) Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılıb. Qrupun üzvləri Azərbaycan, Ermənistan, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa, İtaliya, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveçdir.

1996-cı ilin dekabrından onun Rusiya, ABŞ və Fransadan ibarət həmsədrlik institutu fəaliyyət göstərir.

Ermənistan qoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qısa fasilələrlə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri, o cümlədən BMT Baş Assambleyası, AŞPA, ATƏT, İƏT və digər təşkilat və qurumların qətnamələri mövcuddur.

Fərid

Teqlər:

SON XƏBƏRLƏR