Bakıdan Füzuli Beynəlxalq Hava Limanına sərnişin təyyarəsi ilə sınaq uçuşu həyata keçirilib
  • QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZUR

  • 11:27 05 Sentyabr 2021

Bakıdan Füzuli Beynəlxalq Hava Limanına sərnişin təyyarəsi ilə sınaq uçuşu həyata keçirilib

Bu gün Bakıdan Füzuli Beynəlxalq Hava Limanına sərnişin təyyarəsi ilə sınaq uçuşu həyata keçirilib.

APA-nın əməkdaşı xəbər verir ki, Heydər Əliyev adına Beynəlxalq Hava Limanından havaya qalxan “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus nəhəng “Qarabağ” sərnişin təyyarəsi Füzuli Beynəlxalq Aeroportuna eniş edib.

Uçuş təxminən 35 dəqiqə çəkib.

Bundan əlavə, Azərbaycanın “Silk Way” aviaşirkətinə məxsus ən böyük yük təyyarələrindən biri olan “Boeing 747-400” tipli hava gəmisi də bu gün Füzuli Beynəlxalq Hava Limanına eniş icra edib. Bu təyyarə ilə Qarabağa ilk dəfə hava yolu vasitəsi ilə yüklər çatdırılıb.

AZAL prezidenti Cahangir Əsgərov deyib ki, bütün bunlar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tikinti işlərinə birbaşa nəzarəti sayəsində mümkün olub: “Dövlət başçısının qeyd etdiyi kimi, bu hava limanı Qarabağın hava qapısı olacaq. Qeyd etmək istəyərdim ki, qısa müddətə baxmayaraq, Füzuli Hava Limanı beynəlxalq hava limanlarına münasibətdə irəli sürülən bütün yüksək tələblərə və uyğun şəkildə inşa edilmişdir”.

Qeyd edək ki, Füzuli Beynəlxalq Hava Limanı ən müasir səviyyədə inşa olunur. Baqaj konveyerlərinin, qeydiyyat və digər sistemlərin işə salınması nəzərə alınmaqla, sentyabr ayının sonuna qədər sərnişin terminalının istismara verilməsi işləri tam başa çatdırılacaq.

Hava limanında uzunluğu 3000 metr, eni 60 metr olan uçuş-enmə zolağı istismara verilib. Aeroport istənilən tip hava gəmisini qəbul etmək imkanına malikdir.

Aeroportda perron da inşa edilib. Avtomatlaşdırılmış sistemlərlə təchiz olunan Hava Hərəkətini İdarəetmə (HHİ) qülləsinin tikintisi başa çatdırılıb. Bunun sayəsində Füzuli hava limanına ICAO və IATA standartlarına müvafiq qaydada uçuşlar həyata keçirmək mümkündür.

Sərnişinlərin rahatlığını təmin etmək məqsədilə terminalın qarşısında 150 avtomobil üçün nəzərdə tutulmuş dayanacaq inşa olunub.

ONA

Teqlər:

OXŞAR XƏBƏRLƏR