Dağlıq Qarabağın azərbaycanlı icmasının üzvləri ABŞ konqresmenlərinin köməkçiləri ilə görüşüblər
  • DAĞLIQ QARABAĞ

  • 18:32 29 May 2019

Dağlıq Qarabağın azərbaycanlı icmasının üzvləri ABŞ konqresmenlərinin köməkçiləri ilə görüşüblər

"Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması" İctimai Birliyində ölkədə səfərdə olan ABŞ Konqresinin aşağı palatası üzvlərinin köməkçiləri ilə görüş keçirilib. 

ONA-nın xəbərinə görə, görüşdə icmanın İdarə Heyətinin sədri Tural Gəncəliyev Konqres əməkdaşlarına Ermənistan-Azərbaycan münaqişəsi və bu münaqişə nəticəsində Azərbaycanın 20 faiz torpaqlarının işğal olunduğu, 1 milyondan çox azərbaycanlının etnik təmizləməyə məruz qaldığı, bu insanların 30 ilə yaxındır qaçqın və məcburi köçkün vəziyyətində yaşadıqları haqda məlumat verib. Konqres üzvlərinin köməkçiləri slayd vasitəsilə işğal altında olan ərazilərimizdə ermənilər tərəfindən məhv edilən dini və mədəniyyət abidələrinin vəziyyəti ilə tanış ediliblər.

Tural Gəncəliyev qeyd edib ki, Ermənistan qoşunlarının işğal etdiyi ərazilərdən çıxarılmasını nəzərdə tutan BMT TŞ-nin 4 qətnaməsi dünyada mövcud olan ikili standartlar nəticəsində 27 ildən çoxdur yerinə yetirilmir. O, həmçinin vurğulayıb ki, Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının 87  000 üzvü var.

T.Gəncəliyev Dağlıq Qarabağ münaqişəsinin tezliklə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə həllinə ümid etdiyini bildirib.

OXŞAR XƏBƏRLƏR