• QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZUR

    20:24 30 may 2019

Həmsədrlər Dağlıq Qarabağın azərbaycanlı icması ilə görüşüblər - YENİLƏNİB

Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcmasının İdarə Heyətinin üzvləri ilə ATƏT-in Minsk Qrupunun həmsədrləri Stefan Viskonti (Fransa), İqor Popov (Rusiya), Endrü Şofer (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik arasında icmanın binasında görüş keçirilib.

ONA-nın verdiyi məlumata görə, görüşdə icma üzvləri bildiriblər ki, Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı və erməni icmalarının ləyaqətli şəkildə mövcudluğu və sülh şəraitində birgə yaşayışının təmin edilməsi Azərbaycanın beynəlxalq tanınmış sərhədlərinin bərpası, işğalçı Ermənistan qüvvələrinin oradan çıxarılması və torpaqlarından qovulmuş azərbaycanlıların geri dönüşü ilə mümkündür.

Qeyd olunan şərtlər daxilində bölgədə dayanıqlı və ədalətli sülhün bərqərar ola biləcəyi icma üzvləri tərəfindən bəyan edilib.

İcma üzvləri həmsədrlərin regiona səfər etdikləri bir dövrdə qoşunların təmas xəttində Ermənistanın hərbi birləşmələri tərəfindən açılan atəşi nəticəsində hərbi qulluqçumuzun öldürülməsindən ciddi narahatlıqlarını ifadə ediblər. Bildirilib ki, bu Ermənistanın münaqişənin danışıqlar yolu ilə həllində maraqlı olmadığını və hər vəclə danışıqları pozmağa çalışdığını göstərir.

Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması işğal altında olan ərazilərimizdə tarixi və mədəni irsimizin məhv edilməsi və dəyişdirilməsinə yönələn hərəkətlərin dərin narahatlığa səbəb olduğunu bildirməklə, bunun qəbuledilməz olduğunu vurğulayıb.

***

Saat 16:56

Azərbaycanda səfərdə olan ATƏT-in Minsk qrupu həmsədrləri Dağlıq Qarabağın azərbaycanlı icması ilə görüşüblər. ONA-nın məlumatına görə, görüşdə Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması” İB-in rəhbəri Tural Gəncəliyev və icmanın idarə heyətinin üzvləri iştirak edib.

Qeyd edək ki, ATƏT-in Minsk qrupu həmsədrləri İqor Popov (Rusiya Federasiyası), Stefan Viskonti (Fransa), Endrü Şofer (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik mayın 27-də Ermənistana səfər ediblər.

Rəna

Teqlər:

SON XƏBƏRLƏR