• QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZUR

    11:42 6 aprel 2019

Lənkəranda aprel döyüşlərində şəhid olmuş Rusif Ağayev anılıb

Lənkəranda 2016-cı ilin aprelində təmas xəttində baş verən döyüşlər zamanı həlak olmuş gizir Rusif Ağayevin anım mərasimi keçirilib.

ONA-nın cənub bürosunun verdiyi məlumata görə, əvvəlcə şəhidin yaxınları, rayon rəhbərliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lənkəran rayon şöbəsinin şəxsi heyəti, veteranlar, ictimaiyyət nümayəndələri və kənd sakinləri şəhidin məzarını ziyarət ediblər. Sonra Hirkan kəndinin mərkəzi meydanında anım tədbiri davam edib. Məktəblilərin ifasında “Qarabağ bizimdir, bizim olacaq!” ədəbi-bədii kompozisiyası nümayiş olunub.

Qeyd edək ki, Rusif İbrahim oğlu Ağayev 1987-ci ilin aprelin 16-da Lənkəran rayonunun Hirkan kəndində anadan olub. O, orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanıb. Hərbi xidmətini başa vurduqdan sonra isə könüllü olaraq xidmətini davam etdirib. Rusif Ağayev 2016-cı ilin aprelində Talış yüksəklikləri uğrunda gedən döyüşlərdə öz əsgər yoldaşlarını xilas edən zaman başından aldığı snayper gülləsi nəticəsində şəhid olub.

Rusif Ağayev göstərdiyi qəhrəmanlığa görə Prezident İlham Əliyevin sərəncamı ilə ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib. Lənkəranda küçələrdən birinə Rusif Ağayevin adı verilib.

Tural Kərimov

Məlahət

Teqlər:

SON XƏBƏRLƏR